525.Az

"Sosial şəbəkələr geniş kütləyə çıxış imkanı yaradan böyük vasitədir" - Müsahibə


 

TALEH SULTAN: "MƏQSƏDİMİZ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ HAQQINDA ƏSL HƏQİQƏTLƏRİ BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇATDIRMAQDIR"

"Sosial şəbəkələr geniş kütləyə çıxış imkanı yaradan böyük vasitədir" -<b style="color:red"> Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Dağlıq Qarabağ uğrunda döyüşlər başlayan gündən bir qrup gənc Azərbaycan həqiqətlərini müxtəlif platformalar üzərindən beynəlxalq ictimaiyyətə çatdırmağa başladılar. Belə gənclərdən biri də "Voice of Karabagh" platformasının qurucusu Taleh Sultandır. O, yaratdığı platforma üzərindən marafonlar təşkil edir, ermənilərin həm cəbhə bölgəsində, həm də cəbhədən kənar bölgələrdə törətdiyi terror aktlarını xarici media qurumlarına çatdırır.

- Taleh bəy, necə oldu ki, belə bir platforma yaratmağa qərar verdiniz?

- Ermənistanın aktiv döyüş əməliyyatlarının getdiyi ərazilərdən yüzlərlə kilometr aralıda yerləşən sivil yaşayış məntəqələrini hədəfə alması müharibə cinayətidir. Beynəlxalq ictimaiyyətin bu əməllərə səssiz qalması, görməzdən gəlməsi bizi çox narahat edirdi.  Bu səbəbdən bir qrup sosial aktiv gənclə birlikdə "Voice of Karabagh" platformasını yaratmağı qərara aldıq. Məqsədimiz beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ konflikti haqqında reallıqları çatdırmaq, alternativ məlumat profili formalaşdırmaqdır.

- Artıq bir neçə müddətdir Feysbukda marafona başlamısınız. Müxtəlif ölkələrə və qurumlara Qarabağ həqiqətlərini çatdırırsınız. Bu müddətdə hansı irəliləyişlər əldə edə bilmisiniz?

- Biz sosial şəbəkələrin bütün platformalarından istifadə etsək də, əsasən mail vasitəsilə rəsmi müraciətlərə üstünlük veririk. Yeni fəaliyyətə başlamamıza, internetə gətirilən məhdudiyyətlərə baxmayaraq, bu qısa müddət ərzində gözlədiyimizdən daha geniş kütləyə çıxmağı, aksiyalarımızın daha effektiv alınmasına nail olmağı bacardıq. Artıq bir neçə beynəlxalq təşkilat və məşhur media qurumları tərəfindən müsbət geri dönüş almışıq.

- Bu platforma üzərindən hansısa bir sayt açmağı düşünürsünüzmü?

- Hazırda platofrmamızla eyniadlı saytımızın hazırlanması prosesi gedir. Sayt əsasən konflikt və fəaliyyətimiz haqqında məlumatlandırıcı xarakter daşıyacaq. Bundan əlavə, bir neçə maarifləndirici funksiyaları əlavə etməyi də nəzərdə tutmuşuq.

- Ali təhsiliniz də siyasətə və mətbuata yaxındırmı?

- İstanbul Universitetinin Siyasi elmlər və benyəlxalq münasibətlər fakültəsində təhsil alıram. Həmçinin, konfliktologiya da maraq dairəmdə olan bir sahədir.

- Gənclərin bu müddətdə sosial şəbəkədəki fəaliyyətindən nə qədər razısınız?

- Sosial şəbəkələrə girişlə bağlı məhdudiyyətlərə baxmayaraq, istər bizim platformada, istər digər komandalarda gənclər çox aktiv fəaliyyət göstərirlər. Bizimlə bir istiqamətdə fəaliyyət göstərən komandaların birgə səyi nəticəsində bir neçə gün öncə 1 milyondan çox tvitlə dünya trendinə daxil olduq. Gəncləri fərdi təşəbbüslərdən daha çox, Qarabağ motivində fəaliyyət göstərən komandalarla birgə çalışmağa dəvət edirəm. Belə olduqda daha kütləvi və təsir qüvvəsi geniş olan aksiyaları həyata keçirə, real nəticələr əldə edə bilərik.

- Bu gün müharibə təkcə döyüş meydanında yox, həm də informasiya sahəsində gedir. Sosial şəbəkələrin bu proseslərdəki rolu haqda nə deyə bilərsiniz?

- Sosial şəbəkələr bizə hədəf qrupumuza, geniş kütləyə çıxış imkanı yaradan ən böyük yardımçılardan biridir.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Biz və bizim kimi təməli maarifləndirmə və konflikt reallıqlarını çatdırmaq üzərində qurulan platformalar hər iki dövrdə (işğal və işğalın sonlanması) apardıqları informasiya mübarizəsində vacib rola sahibdirlər. Mübarizə hər iki dövrdə eyni xətt üzərindən gedir. Dünya praktikasından da göründüyü kimi, bəzən ikinci hissədə bu mübarizəyə daha çox ehtiyac duyulur. Hər şeyin planladığımız və nəzərdə tutduğumuz kimi gedəcəyi təqdirdə, daha uzunmüddətli fəaliyyət göstərməyi düşünürük. Bundan əlavə, sadəcə sosial şəbəkələr üzərindən fəaliyyət göstərmək deyil, müxtəlif seminarlar, təlimlər, müzakirələr, layihələr, aksiyalar keçirməyi düşünürük.

Günel ABBAS

 





25.10.2020    çap et  çap et