525.Az

Polşa səfiri Ədəbiyyat İnstitutunda


 

Polşa səfiri Ədəbiyyat İnstitutunda <b style="color:red"></b>

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski və birinci konsul Bartoş Muşyaloviç Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Görüşdə Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixi, görülmüş işlər və gələcək perespektivlər müzakirə edilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq ilk öncə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında Ordumuzun əzəli torpağımız Qarabağı işğalçalardan azad etməsi, düşmənin isə bütün beynəlxalq konvensiyalara zidd olaraq mülki yaşayış yerlərini atəşə tutması barədə məlumat verib. Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixinə toxunan akademik İsa Həbibbəyli bu istiqamətdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük işlər görüldüyünü səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan və Polşa akademiyaları və eləcə də Ədəbiyyat İnstitutları qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində Polşa ədəbiyyatı tədqiq edilir. Akademik İsa Həbibbəyli bu istiqamətdə şöbənin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyovanın, sosiologiya üzrə ictimai elmlər doktoru  Samir Səttarovun fəaliyyətini xüsusi vurğulayıb. Samir Səttarovun rus dilində nəşr olunan "Adam Miçkeviç və Azərbaycan" kitabı son illərdə ədəbi əlaqələrimizin uğurlu nişanəsi kimi vurğulanıb. Ədəbiyyat İnstitutunun Polşanın Byalistok Universiteti ilə birgə Horizon 2020 proqramının qalibi olması gələcək əlaqələr üçün böyük perspektivlər açması diqqətə çatdılıb.

Səfir Rafal Poborski dəvətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın mülki əhalisinin atəşə tutulması beynəlxalq qanunvericiliyə ziddir.  Azərbaycan-Polşa ədəbi əlaqələrinə toxunan səfir bu əlaqələrin zəngin tarixinin olmasının sevindirici olduğunu diqqətə çatdırıb. Rafal Poborski Azərbaycanla Polşanın birgə Horizon-2020 proqramının qalibi olmasının olduqca mühüm hadisə olduğunu və səfirliyin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra çıxış edən İnstitutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova Azərbaycan-Polşa ədəbi əlaqələrinin tarixinə dair maraqlı faktları görüş iştirakçılarının diqqətinə çatdırıb. O, İnstitutda Stanislav Rimkeviçin görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı tədqiqatının Azərbaycan dilinə tərcümə olunduğunu və tezliklə çap ediləcəyini bildirib.

 





25.10.2020    çap et  çap et