525.Az

"Sənət orqanizmin yox, ruhun məhsuludur" - Müsahibə


 

ŞƏMSƏDDİN BÖYÜKDÜZLÜ: "ŞƏHİDLƏRİN RƏSMİNİ ÇƏKƏRKƏN SANKİ DÜNYAYA KƏNARDAN BAXIRAM"

"Sənət orqanizmin yox, ruhun məhsuludur" - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Rəsm - iman deməkdir, onu təkcə əllər yox, həm də ruhumuzun dərin bir mənbəyi yaradır.

Bu sözləri Qarabağ müharibəsi veteranı, vətənpərvər rəssam Şəmsəddin Böyükdüzlünün yaradıcılığına da aid etmək olar.

O, 1990-1993-cü illərdə Ağdərə və Kəlbəcərdə döyüş yolu keçib. Elə əsərlərinin də bir hissəsinin motivi də müharibə, vətənpərvərlik və mənzərə ilə bağlıdır. Ancaq bu ərəfələrdə daha çox portret janrına üstünlük verir.

Qarabağ müharibələrində şəhid olan hərbçilərin portretini yaradan müsahibimiz qısa müddətdə bu təşəbbüsü ilə sosial mediada da məşhurlaşıb. 
 

- Şəmsəddin bəy, çəkdiyiniz rəsmləri sosial şəbəkələrdə paylaşmağa nə zamandan başlamısınız?

- Mart ayından başlayaraq şəhidlərin portretini yaratmağa qərar vermişəm. O vaxtdan bəri çəkdiyim rəsmlərin sayı 43-ü ötüb.

- Necə qərara aldınız ki, belə bir səhifə açıb paylaşım edəsiniz?

- Rəsmlərin satışı və sifarişi ilə əlaqədər tələbələrim mənim üçün sosial media hesabı açdılar. Ancaq müharibə başlayan gündən sifariş əvəzinə, daha çox ailələrindən gələn istəklər üzərinə şəhidlərin portretini yaradıram.

- Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Bir sənət adamı kimi sosial medianın imkanlarından razıyam. Bizə əsərlərimizi daha böyük auditoriyaya çatdırmaq üçün əhəmiyyətli imkanlar təqdim olunur. Ancaq təəssüf ki, mənasız paylaşım edənlər də çoxdur. Belə hallar məni narahat edir. Bacardığımız qədər sosial mediadan öz inkişafımız üçün istifadə etməliyik.

- Şəhidlərimizin portretini çəkərkən hansı hissləri keçirirsiniz?

- 1990-cı illərdən bu yana şəhid olan qəhrəmanlarımızın, zabitlərimizin rəsmlərini çəkirəm. Hər şəhidin portretini yaradanda eyni hissləri, duyğuları yaşayıram. Ancaq general-mayor Polad Həşimovun şəhidliyi mənə daha çox təsir etdiyindən onun portretini çəkərkən də hədsiz dərəcədə duyğulandım. Buna görə də Polad Həşimovun iki portretini yaratmışam. Şəhidlərin portretini çəkəndə sanki ilahi bir güc gəlir və bəzən 5 şəhidin rəsmini 10 günə bitirirəm. Bəzən bu olanlara özüm də heyrətlənirəm. Şəhidlərin rəsmini çəkərkən sanki dünyaya kənardan baxıram. Qəribə  və möcüzəvi hisslərdir.

- Şəhid ailələri necə, onlar da bəyənirmi bu təşəbbüsünüzü?

- Hərdən şəhid ailələrindən mənə zənglər gəlir, təşəkkür edirlər. Bunlar mənim üçün ən böyük qazancdır. Özümü çox qürurlu hiss edirəm. Onlar da şəhidlərin rəsmlərindən ibarət sərgi təşkil olunmasını istəyirlər. Mən isə öz növbəmdə kredit götürüb bu işi həll etməyə çalışıram. Sanki bununla özümü bir növ müalicə edirəm.

- Bildiyimiz qədərilə barmaqlarınızdan ikisini emalatxanada itirmisiniz. Bu, sizə rəsm çəkməkdə çətinlik yaratmır ki?

- Mən Qarabağ müharibəsi veteranıyam, barmaqlarımı da o döyüşlərdə itirmişəm. Əvvəllər bir neçə il müəyyən təsirləri olurdu. Ancaq getdikcə bu vəziyyətə öyrəşməyə başladım. Bu, mənim üçün sənətdə irəliləməyə mane olmadı. Sənət orqanizmin yox, ruhun məhsuludur.

- Nə vaxtdan rəsm çəkməyə başlamısınız?

- Rəssamlığa orta məktəb çağlarından başlamışam. Təhsilimi də Rusiyada Krasnoyarsk rəssamlıq institunda almışam. 1988-ci ildə  Azərbaycana qayıtdım. O vaxtlar ölkədə vəziyyət qarışıq idi. Milli azadlıq hərəkatına qoşuldum və könüllü olaraq Qarabağ döyüşlərində daxili qoşunlar batalyonunda vuruşdum. Məlumdur ki, bu ərəfələrdə sənəti davam etdirməyə o qədər də imkan olmadı.

- Ailənizdə sizdən başqa incəsənətlə məşğul olan varmı?

- Bəli, bizdə incəsənətə meyllilik genetikdir. Oğlum da ssenaristdir. Həm də yaxşı qəzəllər yazır. Ancaq onun istedadını sonradan öyrəndim. Hətta ssenarilərinə Türkiyədən təklif də gəldi, amma oğlum onları satmaq istəmədi.

- Bu günə qədər yaratdığınız əsərlərdən hansını şah əsəriniz hesab edirsiniz?

- Əslində, öz düşüncələrimlə yaratdığım fəlsəfi əsərlər çoxdur. Dəfələrlə böyük məbləğdə pul təklif etsələr də, onları satmamışam. Əsərlərim mənim üçün çox dəyərlidir və o dəyəri qiymətlə ölçə bilmərəm. Onların içində ən müxtəlif janrlarda olan əsərlər var. Həmin əsərləri emalatxanamda saxlayıram. Bilirəm ki, nə vaxtsa, onlar öz əsl qiymətini alacaq. Bəzən şair dostlarım baxanda deyirlər ki, bu əsərlərdən böyük dastanlar yaranar.

- Yəqin, Böyükdüz ləqəbini doğulduğunuz kəndin adından götürmüsünüz...

- Bəli, mən Naxçıvanın Böyükdüz kəndində doğulmuşam. Bu kəndin adı qədim oğuz türkləri ilə bağlı olduğu üçün özümə ləqəb götürmək qərarına gəldim. Bununla həmçinin, öz kəndimin də adını duyurmağı planlamışdım.

- Gənclərin rəssamlıq sahəsindəki rəqabəti necədir?

- Gənclərin də aralarında gözəl rəssamlar var. Amma əksəriyyəti köçürmə ilə məşğuldur. Bu isə sənəti çox zəiflədir. Rəssam öz ideyalarını gələcəyə mesaj kimi ötürməlidir. Məncə, gənclərin bu addımı tamamilə maddiyyatla əlaqədardır. Bizdə dövlət səviyyəli sərgilər çox az keçirilir. Bu sərgilərin sayı və rəssamların əsərlərinin satışı artsa, sənət də öz axarına düşəcək.

- İncəsənət sahəsində daha hansı planlarınız var?

- Hazırda altmış illik yubiley sərgimə hazırlaşıram. Həmin sərgidə nümayiş olunan şəhid portretlərini şəhidlərimizin  valideynlərinə, ailələrinə hədiyyə edəcəyəm. O vaxta qədər çalışacağam ki, bu portretlərin sayını bir az da çoxaldım. Nə qədər ki, gözlərim görür və bu sənətdəyəm, şəhidlərin portretini çəkib ailələrinə bağışlayacağam.

Günel ABBAS

 





28.10.2020    çap et  çap et