525.Az

Beynəlxalq hüququn süqutu - Xaqani Cəfərli yazır


 

Beynəlxalq hüququn süqutu - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Beynəlxalq hüququn əsasını təşkil edən qanunvericilik aktı -  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi 75 il öncə, 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Tərəddüd etmədən demək olar ki, gələcəkdə tarixçilər BMT Nizamnaməsinin cəmi 75 il sonra süquta uğramağa başladığını qeyd edəcəklər.

Bir neçə gün öncə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağıraraq Qarabağla bağlı hansısa qətnamənin qəbuluna cəhd ediblər. Bu olayın ilginc tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ali qurumun işğal olunmuş Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən qeyd-şərtsiz azad etməsi ilə bağlı 4 qətnaməsinə ziddiyyət təşkil edən sənədin qəbuluna cəhd göstəriblər. Azərbaycanın maraqlarının və hüququların əleyhinə yönəlmiş bu sənəd BMT Təhlükəsizlik Şurasının hazırda üzvü olan İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası, Sent-Vinsent və Qrenadının müqaviməti nəticəsində qəbul olunmayıb.

Prezident İlham Əliyev bu ölkələrin dövlət və hökumət başçılarına məktub göndərərək prinsipial mövqelərinə görə təşəkkürünü bildirib. Azərbaycanın maraqlarına zidd sənədin qəbulunun qarşısının alınması təşəkkürə layiq hərəkətdir. Əslində, bu dövlətlərin prinsipial mövqeyi bütün ölkələr tərəfindən təqdir olunmalıdır. Çünki bu ölkələr faktiki olaraq beynəlxalq hüququn ən kobud şəkildə pozulmasının qarşısını alıblar. Ancaq bu, beynəlxalq hüququn tam süqutunun qarşısını müvəqqəti alsa da, prosesi dayandırmaq gücündə deyil. Çünki beynəlxalq hüququn süqutu BMT Təhlükəsizlik Şurasının daimi üzvü və veto hüququ olan ölkələrin fəaliyyətindən qaynaqlanır və bunu dayandırmaq mümkün deyil.

BMT-də, xüsusilə də qurumun Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti Sovet İttifaqı dağıldıqdan dərhal sonra gündəmə gəlməyə başladı. Təxminən 15 il öncə isə bu istiqamətdə təkliflər müzakirəyə təqdim edildi. Almaniya, Yaponiya, Braziliya və Hindistan BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının 25-ə, daimi üzvlərinin sayının 11-ə çatdırılmasını təklif edirdilər. Lakin dünyanın ən böyük dövlətlərindən olan bu 4 ölkənin təklifi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnu aşa bilmədiyindən təklif olaraq qaldı. İtaliya, Meksika və Pakistanın da oxşar təklifləri vəziyyəti dəyişə bilmədi.

Almaniya, Yaponiya, Braziliya və Hindistanla yanaşı, Afrika ölkələrinin bir qrupu da BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə çıxış etmişdi. Afrika ölkələri Təhlükəsizlik Şurası üzvlərinin sayının 26-a çatdırılmasını və 4 yerin onlara verilməsini təklif edirdilər. Afrika ölkələrinin fikirincə, 53 ölkənin Təhlükəsizlik Şurasında bir daimi üzvünün olmaması böyük ədalətsizlikdir.

Eyni zamanda, Təhlükəsizlik Şurasının hüquq və səlahiyyətlərinin bir hissəsinin BMT-nin digər strukturlarına verilməsi ilə bağlı təkliflər də vardı. Təəssüf ki, nə o zaman, nə də ondan sonrakı müddətdə BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq mümkün olmadı. Çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin razılığı olmadan heç bir islahat həyata keçirmək mümkün deyil. Baxmayaraq ki, dünyanın BMT Təhlükəsizlik Şurasındakı beşlikdən böyük olması gerçəkliyini hər kəs dərk edir. Artıq hər kəs cəsarətli islahatların zərurət olduğunun fərqindədir.

İkinci Dünya müharibəsinin yekunlarının siyasi nəticələrindən biri olan bu format isə artıq müasir dünyanın tələblərinə cavab vermir. Müasir dövrün tələblərinə cavab verməyən, ikili standartlarla qərarların qəbul edilməsinin normaya çevrildiyi bir təşkilatda islahatların aparılmaması isə onun tədricən deqradasiyasına səbəb olur. Bir təşkilatın deqradasiyası onun təşkil etdiyi hüququn süqutunu qaçılmaz edir. Beynəlxalq hüququn süqut etməyə başladığını isə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etməyə çalışdığı qətnamə ilə bağlı olay bariz şəkildə üzə çıxardı. Bu olay həm də onu göstərir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri beynəlxalq hüququn ziddinə addımlar atmaqda davam edəcəklər. Belə bir şəraitdə dövlətlər öz maraq və mövqelərini ya öz ordularının gücü, ya da başqa dövlətlərlə ittifaq yaradaraq qorumağa çalışacaqlar. Bunun ilk əlamətləri aydın görünür. Bütün ölkələr hərbi xərclərini artırmağa başlayıblar. Əgər tarixən bitərəf dövlət kimi tanınan İsveçrə də hərbi xərclərini artırmağa başlayıbsa, bu, bütün dövlətlərin narahatlığının aydın göstəricisi kimi qəbul edilməlidir. İsveç, Norveç və Finlandiya kimi ölkələrin də hərbi xərclərini artırması bütün dövlətlərin beynəlxalq hüquqa etibar etmədiyini, özlərinin maraq və mövqelərini qorumağın başqa yolu olmadığını dərk etdiklərini göstərir.

Beynəlxalq hüququn süqutu və dövlətlərin özlərini qorumaq üçün hərbi xərclərini artırması isə müharibə ehtimallarının artırır. Buna görə də bir çox təhlilçilər müharibələrin artacağını proqnozlaşdırırlar. Çox yaxın zamanlarda dünyanın müxtəlif bölgələrində lokal silahlı toqquşmalar və hətta böyük müharibələr reallığa çevrilə bilər.

 





28.10.2020    çap et  çap et