525.Az

"Fəxrim əsgər"


 

"Fəxrim əsgər" <b style="color:red"></b>

Burda hava bir az var qaralıb, evə yenicə gəlib çatmışam. Sən döyüşlərə başlayandan bəri yeməyi konülsüz yeyirəm, ona görə elə indi də yemək boğazımdan keçmədi. Səni düşünürəm.
Səhər ilk oyandığımda əvvəllər başqa şeylər haqda düşünərdim. Amma son günlər, yalnız səni düşünürəm: Görəsən bu gecə o neynədi? Görəsən yata bildi? Görəaən harda yatdı?...

O relyefdə, o dağlarda bir vaxtlar olduğum üçün sənin hansı şəraitdə döyüşdüyünü gözəl anlayıram. Yəqin indi orda da hava qaralıb, mərmilərin yaratdığı işiqda parıldayan gözlərin atdığın mərminin dalınca baxır...

Ya da 120-lik minamyotun tavasını yeni mövqeyə yerləşdirirsən. Beynin - düşüncən yeni koordinatlara səfərbər olunduğu üçün kürəyindən axan qaynar tərin nə zaman soyuduğunun fərqinə varmırsan.

Ya da komandirin növbəti döyüş tapşırığını verənə qədər dincəlmək üçün soyuq bir daşın üzərində oturmusan. Gözlərini 7.62 ilə dolu darağa zilləyib xəyallarında müharibədən sonrakı həyatını canlandırırsan, zəfərlə qayıdıb sevgilinə necə sarılacağınla bağlı xəyallar qurursan. Amma sag ayağının baldırında oğrun-oğrun axıb, özü quruyan qanından xəbərin yoxdur.

Ya da Qırat hesab etdiyin tankını Laçın dəhlizinə doğru sürüb, yenicə qardaşlaşdığın, amma dünən şəhid olmuş döyüş yoldaşının qısasını almağa tələsirsən. Onu xilas etmək istəyərkən sol yanağından aldığın zədənin fərqinə varmırsan. Hərdən əlinin arxasilə silib, əmrin icrası üçün bütün sürətinlə irəli gedirsən.

Kim bilir, bəlkə də indi kəşfiyyatçı kimi Xankəndinin boşalmış küçələrində məxvi tapşırığın icrasındasan. Gecənin dərinliklərinə doğru isə yolun Şuşayadır.

Ya da yox. Bəlkə də sən indı Qubadlının Aşağı Mollusundasan. Heç özün də bilmirsən ki buralar Qaçaq Nəbinin oylağı olub. Gecə olduğundan təbiətin gözəlliyini hiss edə bilmirsən. Yarpaqlarının bir hissəsi tökülmüş qoca vələsə söykənib "onu bir də görə biləcəmmi, görəsən?" -deyə yataqda xəstə qoyub gəldiyin ananı düşünürsən.

Ya da səni axşama doğru Bərdə ilə bağlı eşitdiyin pis xəbər üzür . Dostunun ölümünü belə həzm edə bilirsən, amma qulağına çatan uşaq qətllərini həzm edə bilmirsən. Eşidən kimi yumruğumu uçuq divara vurub barmağını qırmısan. Evdə qoyub gəldiyin və qoxusu üçün darıxdığın öz balaların gözlərin önünə gəlir, coşursan.

Fəxrim əsgər, bəlkə heç təxmin edə bilmədiyim bir durumdasan. Ovucunu sol yanağına sıxıb diş ağrını azaltmağa çalışırsan. Bu zəhrimar diş düz 2 aydır ki, səni incidirdi. Atan demişdi ki bir təhər döz, gələn ayın maaşını alarıq, Mahmud doktorun yanına gedərsən. Amma müharibə başladı, maaş almadan döyüşlərə qatıldın, diş də qaldı. Səhər açılandan axşama kimi başın qanlı döyüşlərə qarışır, deyə ağrı-zad hiss eləmirsən. İndi gecə düşüb, nisbətən sakitlik olduğu üçün zəhrimar ağrı özünü biruzə verir...

Amma yox, sənin kimi oğulları diş-falan məşğul edə bilməz... ağrı sənin ürəyindədir. Çünki özünlə dünyanın ən böyük şərəfini gəzdirirsən.

Elə dünyanın ən gözəl anası da sənindir.

Balan var ha, bax o da, sənin kimi iğidin övladı olduğu üçün dünyanın ən şanslı uşağıdır.
Sevğilində dünyanın ən gözəl və ən xöşbəxt xanımıdır.

Hələ atanı demirəm. Kişi səninlə elə fəxr edir ki, yumruq boyda ürəyi dağ boyda bədəninə sığmır.

Bax gör sən nələrə sahibsən... indi bütün bu sahib olduqların sənin yolunu ğözləyir.

Lap az qalıb... Tezliklə dönəcəksən. Biri belinə, biri boynuna, biri də ayağına sarılacaq... Və bir də heç vaxt ayrılmayacaqsız...

Eldəniz ƏMİROV

İqtisadçı ekspert
 

 





28.10.2020    çap et  çap et