525.Az

Qıfıl - Hekayə


 

Qıfıl - <b style="color:red">Hekayə </b>

Bir gündə nə qədər yol qət eləmişdilər. İndi balaca bir kənddə düşərgə salıb, yarım saatlıq fasilə vermişdilər.

Ayaqlarını əsgər çəkməsindən çıxarıb çayın ilıq suyunda yuyan əsgərlərə yemək yemələrini tapşırdı. Kəndin iz itmiş dolayı küçələrini iti addımlarla keçərək, balaca bir həyətə yaxınlaşdı. Ürəyi sürətlə döyünürdü. Çəpərsiz, divarsız həyət onu iyirmi yeddi il uzağa götürdü. Sanki atasının səsini eşidər kimi oldu.  Üzünü əlləri ilə qapayıb, yerə oturdu.....

***

Arif çiynindəki ov tüfəngini arxaya itələyib dizi üstə çökdü. Oğlunun gözlərinə dolmuş yaşı iki əlinin baş barmağı ilə yana sığalladı, alnından öpdü, əlini ərklə çiyninə qoydu:

- Ağlama, yekə kişisən, bu nədir, gözünün suyunu axıdırsan? Bu gündən evimiz sənə əmanət. Sən ağlasan, mən arxayın gedə bilmərəm axı...Ağlama, kişi ağlamaz!

Ceyhun körpə dodaqlarını büzüb, boğazına dolmuş qəhəri uddu. Atası ona, kişi balam deyəndə, xoşuna gəlirdi, uşaq qüruru ilə qoltuğunun altı şişirdi. Amma indi əlində deyildi. Atası onu qoyub gedirdi. Müharibəyə gedirdi. Uşaq da olsa, bunun yaxşı bir şey olmadığını başa düşürdü. Bu nə dənizdə neft çıxarmağa, nə də rayonda yol çəkməyə bənzəyirdi. Atası evi ona tapşırırdı.  Dostlarının da ataları gedirdi. Arif onu qucaqlayıb bağrına basdı, nigaran gözləri ilə onun üçün əziz olan nimdaş evini nəzərdən keçirdi, qalxıb yeyin-yeyin daş cığırla həyət qapısına yönəldi. Küçəyə çıxdı, alçaq barıdan Ceyhuna gülərək əl elədi. Köhnə “Zil” maşın kişilərlə dolu idi. Kimin gücü nəyə çatmışdı, onunla silahlanmışdı. Elə bil, müharıbəyə yox, quş ovuna gedirdilər. Amma ürəklərindəki qətiyyət gözlərindən oxunurdu. Getməliydilər. Yoldaşları əl atıb Arifə maşına minməyə kömək etdilər. Uğuldayıb torpaq yolun tozunu göyə sovuran maşın siqnal verərək kəndarası yolla uzaqlaşdı. Uşaqlar hay-küylə maşının dalınca qaçdılar. Arxadan gözləri ilə maşını izləyən Ceyhunun içindən birdən dəli bir hayqırtı qopdu:

- Ata!!!

Tozla örtülmüş yoldan küləyin gətirdiyi, adamların səsi, maşının uğultusu arasından güclə eşidilən bu sözlər Ceyhunun qulağında əks-səda verdi:

- Mən qayıdacağam, oğlum!

*** 

Deyir, yetim böyüyər, fələyin pisliyi özünə qalar. Doğulanda anasını itirən, yeddi yaşında atasını müharibənin dəhşətlərinə gömən Ceyhun qonşulardan, qohumlardan atalı-analı oldu. Onların əl tutması ilə yaşadığı altı il onun körpə ürəyini həm kövrək, həm də qaya kimi sərt elədi. Həyatın girdabında boğulmadı, əksinə, pisliklərə inad böyüdü. Atası döyüşə getməmişdən həyətlərinə bir nar ağacı əkmişdi. Ceyhun onun üstünə bıçaqla ata-anasının adını yazmışdı. Ona gecə-gündüz qulluq eləyirdi ki, tez böyüsün. Ilk barını gətirən ili Ceyhun ata ocağını da, nar ağacını da qonşuları Talıb kişiyə tapşırıb, Bakıya oxumağa getdi. Bu gedişinin çox uzun çəkəcəyini heç ağlına belə gətirmədi. Doğulduğu torpaq, ata yurdu, uşaqlarla çiling-ağac, futbol, yeddidaş oynadığı məhəllələri, ilk barını yeyə bilmədiyi nar ağacı –uşaqlıq xatirələri alçaq ermənilərin, terroristlərin tapdağında, zülmündə illərlə inlədi.

Ceyhun oxumağını bitirib işləməyə başlamışdı. Öz istəyi ilə düşmənlə üz-üzə postda zastava rəisi  getmişdi. Hər gün əlindəki binoklla daşı-daş üstə qalmayan evlərə, ağacları kökündən baltalanmış həyətlərə baxır, ürəyindəki nifrət daha da böyüyürdü. Gözünün önünə budaqlarından qıpqırmızı meyvələri sallanan sevimli nar ağacı gəlirdi. “Görəsən, onu da baltalayıblar? Yazdığım adlar silinibmi ağacın üstündən?” Səbirsizliklə o yerlərə ayaq basacağı günü gözləyirdi. Hərdən az qalırdı, qaça-qaça getsin. Heç nəyə baxmadan, təhlükəni düşünmədən. Öz kəndlərinə yaxın olan zastava da vardı. Amma oraya getmək ona təklif olunsa da ürək eləməmişdi. Doğulduğu yerləri görərsə, bu qədər səbirli olmayacağını bilirdi.

***

Ailə qurmuş, ev-eşik sahibi olmuşdu. Vəzifəsi, rütbəsi artmışdı. Kənardan baxanlar ona bəxtəvərlik verirdi. İçindəki ağrılar daş kimi ürəyinə oturmuş, üstü qalın qaysaq bağlamışdı. Amma iki qaşının ortasına iz salmış düyünün açılması üçün nəsə olmalıydı. Günlər, aylar arxada qaldıqca,  əzizlərinə, əli çatmadığı yurd yerlərinə yaxınlaşdığını ürəyində hiss edirdi. Hərdən dünyanı lərzəyə gətirəcək ən müasir silahlarla əsgərlərə təlim keçəndə atasının çiyninə asıb, vuruşmağa getdiyi ov tüfəngini xatırlayırdı. Və ürəyindən yanıqlı bir “ kaş ki..”- səsi çıxaraq, dişlərinin arasında əzilirdi.

***

Ağacın budaqlarından qıpqırmızı nar qopartdı, cibindəki bıçaqla kəsib başının üstünə qaldırdı. Nar dənələrinin payız günəşinin şuaları altında necə bərq vurduğuna baxmağa başladı. Bağın hər tərəfi nar ağacı idi. “Bəs, atam tikdiyi ağac hanı?- deyə, ətrafına baxınmağa, başladı. Hə, su quyusuna yaxın bir yerdəydi. Bir az da irəli yeridi. Elə bil meşədə, cəngəllikdə idi. Ayağı nəyəsə ilişdi. Əyilib əliylə çürümüş yarpaqları, kol-kosu təmizlədi. Atasının quyularının ağzına görə düzəltdiyi dəmir parçası idi. Paslanmış, mor yemişdi. Bir-iki təkanla qapağı qaldırdı. Indiyə quyumu qalardı? Baxımsızlıqdan içi dolmuş üstünu kol-kos basmışdı. Boğazına tıxanmış qəhəri udub, quyunun ətrafına göz gəzdirdi. Gözünə cavan nar kollarının arasında bir metr hündürlüyündə baltayla boynu vurulmuş ağacı görəndə, sanki ürəyinə bıçaq saplandı. Ağacın dibinə çöküb, onu tumarladı, gövdəsinə göz gəzdirməyə başladı. Birdən gözlərinin içi parladı. Bıçaq tiyəsilə yazdığı adlar ona baxaraq ,- bax biz buradayıq, bizi yox edə bilmədilər. Adımızı yazdığın bu ağacın kökündən həyətdə onlarla nar ağacı baş qaldırdı, bar verdi. Sənin bir gün gələcəyini bilirdik, oğlum. Bu meyvələri sənin bir gün yığacağını, bizə sahib çıxacağını bilirdik...-deyə, sanki dil açıb danışırdılar.

Ceyhunun boğazındakı qəhər göz yaşlarına dönüb üzaşağı axır, ağacdakı balta izlərinin arasına dolurdu. Qoyub getdiyi evlərindən əsər-əlamət yox idi. Gündən, yağışdan, qardan bozarmış, evin qapısı yarısı yerdə, yarısı daş-kəsəyin arasında boynubükük durmuşdu. Söykəndiyi torpaq onu yıxılmağa qoymamışdı. Qıfıl yerini qanqal kolu örtmüşdü. Əlini atıb onu kökündən çıxardı, kənara tulladı. Bu həyətə girəndən Tanrı ikinci dəfə onu sevindirmək istəyirdi deyəsən. Qapının üstündəki qıfıl paslı gözləri ilə ona baxırdı. Yaşdan toranlaşmış gözlərini silib, bir də baxdı. Həmin qıfıl idi, öz əlilə qapıya salıb bağlamışdı. Açarın birini Talıb kişiyə vermiş, birini də... Qeyri-ixtiyarı əlini döş cibinə apardı. Amma bu qıfıl açarla açılmazdı. Illərin acısı, nifrəti, həsrəti yığılmışdı onun içinə. Çiynindəki avtomatın qundağını sıxdı. “Bu qıfıl açılmalıdı! Mütləq açılmalıdı! Açar açmazsa, güllə açar!” Avtomatdan atəş çıxmasıyla paslı qıfılın açılması bir oldu. Eyni anda vəhşi  bir zingilti eşidildi. Gözləri ilə zingiltinin sahibini axtardı. Dodağında nifrət dolu təbəssüm göründü. Qıfılı açan güllə sınıq-salxaq qapının arxasında gizlənən sahibsiz donuz balasının düz ürəyindən dəymişdi...

 





31.10.2020    çap et  çap et