525.Az

Erməni tələsi - Xaqani Cəfərli yazır


 

Erməni tələsi - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Ermənistanın hərbi təxribatına qarşı Azərbaycan Ordusunun sentyabr ayının 27-dən başlatdığı əks-hücum kampaniyasının ilk günlərindən ermənilərin Rusiyanı münaqişəyə cəlb etmək niyyətləri açıq-aydın görünməyə başladı.

Ermənistanın Baş Naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə, Xarici İşlər naziri Z.Mnasakanyan rusiyalı həmkarı Sergey Lavrova və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasa zəng edərək hərbi kömək istəməyə başladılar. Rusiya Prezidenti V.Putin dəfələrlə hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyi üçün KTMT-nin bu münaqişəyə müdaxilə etmək haqqına sahib olmadığını açıqlasa da, ermənilər bu günə kimi Moskvanın münaqişəyə qoşulması üçün hər cürə addımlar atır. Azərbaycan Ordusu ilə birlikdə Türkiyənin, Pakistanın xüsusi təyinatlılarının, Suriyadan gətirilmiş muzdluların döyüşməsi ilə bağlı böhtan kampaniyası da Rusiyanın hərbi münaqişəyə cəlb edilməsi məqsədi daşıyır. Hərbi münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərini ballistik raketlərlə vurmaqla İrəvan Azərbaycanı təxribata çəkərək Bakının cavab tədbiri olaraq Ermənistan ərazisinə zərbə endirməsinə və bununla da KTMT-nin, yəni Rusiyanın münaqişəyə cəlb edilməsinə nail olmaq istəyir. İrəvanda hər kəs anlayır ki, Ermənistan təkbaşına müzəffər Azərbaycan Ordusunun yürüşünü dayandırmaq gücündə deyil.

Rusiya dünyanın ən böyük hərbi gücündən biri olsa da, bir çox ekspertlər hesab edir ki, Moskvanın hazırkı şəraitdə böyük hərbi münaqişəyə cəlb olması Kreml üçün sürpriz nəticələr doğura bilər. Sovet İttifaqının dağılmasını tətikləyən səbəblərdən biri kimi erməni separatizmini qeyd edən ekspertlər Rusiyanın Qarabağ münaqişəsinə qoşulmasını Moskvanın ikinci dəfə eyni tələyə düşməsinə səbəb olacağını bildirirlər. Rusiyalı ekspertlər Ukrayna ilə münaqişəli durumda, Belarus və Moldovada Qərbyönümlü qüvvələrin rusiyayönümlü hakimiyyətləri devirmək üçün çox fəal olduqları bir vəziyyətdə Rusiyanın Qarabağ münaqişəsinə cəlb edilməsinin yolverilməz olduğunu vurğulayırlar. Ekspertlər Rusiya təhlükəsi qarşısında Böyük Britaniyanın hərbi strategiyasını tamamilə yeniləməsi, İsveçin hərbi xərclərini 40 faiz artırması və hərbi qüvvələrini uzun illərdən sonra Baltik dənizindəki strateji əhəmiyyətə malik Gutland adasına yerləşdirməsi, Norveçin hərbi siyasətinin tamamilə dəyişdirilməsi, ötən 5 ildə kifayət qədər güclənən Ukrayna ordusunun Donbası və Krımı işğaldan hərbi yolla azad etmək üçün əlverişli vəziyyət gözlədiyi bir zamanda Ermənistanın təhriki ilə Qarabağ münaqişəsinə qoşulmağın qatı əleyhinə çıxırlar. Ekspertlərə görə, Türkiyənin Azərbaycanı yalnız buraxmayacağı, Pakistanın da dəstək vermə ehtimalının ortada olduğu bir zamanda Rusiya Qarabağ münaqişəsindən uzaq durmalıdır. Onlar Rusiyanın Cənubi Osetiya bölgəsinə əlavə hərbi qüvvələr göndərməsindən və Azərbaycanın dinc şəhərlərinin raket atəşinə tutulmasında rus hərbçilərinin iştirakı ilə bağlı məlumatlardan narahatlıqlarını ifadə edirlər. Yeri gəlmişkən, Azərbaycanın dinc əhalisinin raket atəşinə tutulmasında rus hərbçilərinin iştirakı ilə bağlı Ukrayna və İsrail ekspertlərinin fikirləri Rusiya tərəfindən təkzib olunmur.

Rusiyalı ekspertlər hesab edirlər ki, Kremldə Qarabağla bağlı ciddi fikir ayrılığı mövcuddur. Prezident V.Putin Qarabağ münaqişəsinə müdaxilənin əleyhdarı olsa da, Xarici İşlər naziri S.Lavrov başda olmaqla bir qrup Ermənistana hərbi dəstək verilməsində israrlıdırlar. Ermənistandakı rus hərbçilərinin bəzilərinin də bu fikirdə olduğu iddia edilir. Ermənistana hərbi yardım edilməsinin tərəfdarları xüsusi ilə mətbuatda güclüdürlər. Onlar Rusiya ictimaiyyətini Azərbaycan əleyhinə yönləndirməklə yanaşı, yalan məlumatlarla rəhbər şəxsləri də çaşdırmağa çalışırlar. Ekspertlər hesab edirlər ki, Prezident V.Putinin ölkəsinin Qarabağdakı hərbi münaqişədə iştirak etməsinin əleyhinə bir neçə dəfə açıq və birmənalı fikirlər bildirməsi də, müdaxilə tərəfdarlarının qarşısını almağa yönəlib. Ekspertlər V.Putinin bu açıqlamalarından sonra Rusiya mediasında antiazərbaycan ritorikasının bir qədər azaldığını da bildirirlər. Yeri gəlmişkən, qeyd edək ki, birinci Qarabağ müharibəsi zamanı da oxşar vəziyyət mövcud idi. O zaman Kremldə Ermənistana hərbi dəstək verilməsinin tərəfdarları qalib gəldiyi üçün 1993-cü ilin yazından başlayaraq ermənilər rusların açıq dəstəyi ilə cəbhədə vəziyyəti öz xeyirlərinə dəyişə bilmişdilər. Ancaq indi 1993-cü il deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə söhbətdə Qarabağ məsələsində ölkəsinin qırmızı xətti ilə bağlı danışıb və Azərbaycanı yalnız buraxmaycaqları ilə bağlı açıq mesaj verib. Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyənin ölkəmizdəki F-16-ları ilə bağlı danışarkən "Bizə qarşı kənardan aqressiya olarsa, o zaman F-16-ları görəcəklər onlar" deməklə Ankaranın Bakını yalnız buraxmayacağına işarə edib.

Qərblə kəskin qarşıdurma vəziyyətində olan Rusiyanın Türkiyə ilə qarşıdurmaya gedərək Azərbaycana qarşı Ermənistanın yanında yer alması mövcud şərtlərdə mümkün görünməsə də, ermənilərin Rusiyanı tələyə salmaq cəhdləri də səngimək bilmir. Moskvanın ikinci dəfə ermənilərin tələsinə düşüb-düşməyəcəyini isə zaman göstərəcək.

 





02.11.2020    çap et  çap et