525.Az

"Xalqın ruhuna məlhəm çıxışlar" - Şahanə Müşfiq yazır


 

"Xalqın ruhuna məlhəm çıxışlar" - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev siyasi-diplomatik ustalığı, yüksək idarəetmə bacarığı ilə bərabər, bir neçə dildə səlis, aydın, təsirli nitqinə görə də hər zaman diqqət mərkəzində olub. Sentyabrın 27-dən Qarabağda başlanan Haqq Savaşımızın gedişində isə Prezident İlham Əliyevin mahir natiq olması bir-birindən parlaq nümunələrlə özünü göstərdi. Prezidentin çıxışlarının ən diqqətçəkən cəhətlərindən biri onun öz fikirlərini ifadə edərkən, fərqli ictimai-siyasi və hərbi mesajlar verərkən Azərbaycan xalqının zəngin danışıq dilindən, ana dilimizin tükənməz qaynaqlarından, canlı və tutarlı deyimlərindən məharətlə bəhrələnməsidir.

Sözsüz ki, Prezident İlham Əliyev hər zaman xalqla, sadə insanlarla ünsiyyətə üstünlük verib, mümkün qədər onlarla görüşüb, maraqlı söhbətlər, dialoqlar qurub. Xüsusən qaçqın və məcburi köçkünlərlə mütəmadi görüşləri, səmimi, qəlbəyatan  söhbətləri hər birimizin yaxşı yadındadır. Özünün 50 illik yubileyini Ağcabədidə məskunlaşmış məcburi köçkünlərlə birgə keçirməsi də bir dövlət başçısı olaraq millətinə verdiyi dəyərin ən bariz nümunəsidir.

Amma yuxarıda da qeyd edildiyi kimi, hazırda Qarabağda gedən Vətən Müharibəmiz Prezidentlə xalqın doğmalığını, ürəkaçan ünsiyyətini daha da gücləndirib. 30 ilə yaxın həsrətində olduğumuz zəfər duyğuları, torpaqlarımızın günbəgün azad edilməsi, Ali Baş Komandanın bu yöndə müstəsna fəaliyyət sərgiləməsi bizə tariximizin ən qiymətli, şərəfli dönəmlərindən birini yaşadır. Ali Baş Komandanın Azərbaycan xalqı tərəfindən daim böyük həsrət və maraqla gözlənən, bir çox məqamları dillər əzbərinə çevrilən bu məşhur müraciət və çıxışları siyasi natiqlik sənətinin misilsiz örnəkləri kimi tarixə düşüb artıq. Heç şübhəsiz, onların sırasına tezliklə yeni, möhtəşəm nitqlər də əlavə olunacaq.

Ədəbi mühitdə, yazıçılar, şairlər arasında da cənab İlham Əliyevin özünəməxsus nitqi hər zaman maraq mövzusu olub. Bədii-poetik üsluba daha çox hakim olan bu şəxslər Prezidentin xalq danışıq üslubunu da özündə əks edirən çıxışlarını böyük məmnunluqla təqdir edirlər. Bunu həm dövlət başçısının Azərbaycan dilinin ən xırda incəliklərinə vaqif olması, həm də bir insan kimi səmimiyyəti ilə əlaqələndirirlər. O, hər nitqində sadədir, səmimidir, özünün də xalqdan biri olduğunu təbii və əsaslı tərzdə hiss etdirir. Buna görə də daha çox sevilir. Dövlətini, xalqını sevən hər bir azərbaycanlı onu bir rəhbərdən də artıq, ən doğma insan kimi, özlərinin yaxını, əzizi olaraq görürlər.

Onun bütün müraciətləri rəsmi üslubdan uzaqdır. O, öz xalqıyla quru, onların çətinliklə anlayacağı terminlərlə, uzun-uzadı rəsmi cümlələrlə danışmır. Xalqın öz dilində, canlı ifadə tərzində, uşağından böyüyünə kimi hər birinin rahatlıqla anlayacağı üslubla ona müraciət edir. Dövlət başçısının dedikləri illərdən bəri millətin içərisində yığılıb qalan sözlər, deyimlərdir. Odur ki, televizor qarşısında oturan, radiodan dinləyən hər bir soydaşımız həmin kəlmə və ifadələri Prezidentlə birgə həm də özünün dediyini düşünür və bunu qəlbən hiss edir. Nəticədə, çoxdankı fikir və duyğularının ifadəsini tapması ilə ruhən rahatlanır, dərindən, ürəkdolusu nəfəs alır. Düşmənə və onun havadarlarına qarşı böyük cəsarətlə, sərrastlıqla deyilən təsirli cümlələr hər birimizin ürəyindən tikan çıxarır. Elə bir tikan ki, 30 ilə yaxındır, ürəyimizin başında ilişib qalmışdı, tez-tez qanayır, bizə dinclik vermirdi.

Prezidentin 4 oktyabrdakı tarixi müraciətini xatırlayaq:

"...Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə "andiçmə mərasimi" keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa!..

...İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar...

...Təmaslarım olub, mənə zəng ediblər. Amma o (ermənilərin bədnam başçısı nəzərdə tutulur - Ş.M.), adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur!.."

Aşkar həqiqətdir ki, buradakı hər cümlə, hər deyim artıq xalqımızın yaddaşına əbədi həkk olunub və demək olar, ictimai mühitdə yaxşı mənada folklorlaşaraq, düşmənə qarşı qəzəb və hiddətin ən konkret ifadə vasitələrinə çevrilib.  Prezident İlham Əliyev hər çıxışında bu cür xalq deyimlərindən, dilin tarixi qatlarında qərarlaşan, çox da istifadə edilməyən, amma yerində işlədilərsə, son dərəcə tutarlı, təsirli çıxan söz və ifadələrdən ən uyğun məqamda yararlanır. Heç bir hazırlıqsız, qeydsiz, birbaşa açıq kameraya, necə deyərlər, sinədən danışmaq o qədər də asan məsələ deyil. Özü də bu qədər mühüm və həssas mövzuda. Prezident İlham Əliyev bu baxımdan, ən həssas məqamda bütün çıxışlarını böyük ustalıqla gerçəkləşdirir, xalqın ruhunu dirçəldən, fikir və duyğularının tərcümanı olan sözləri, ifadələri dilə gətirir.

Dövlət başçısı son bir ayda ən zəruri saydığı məqamlarda dəfələrlə xalqa müraciət edib. Bu müraciətlərində hər biri öz ünvanına yönəlmək və lazımi məqamda işlədilmək şərtilə söylədiyi söz və ifadələrin bir qisminə diqət edək: "nağıl danışmaq", "qudurğanlıq", "yerinə oturtmaq", "səsini çıxara bilməmək", "zəhləsini tökmək", "lətifə personajı", "dərsini vermək", "onun-bunun dabanını yalaya-yalaya", "özünü alçalda-alçalda", "gizlənməyə deşik axtarırlar", "hikkə", "təkəbbür", "təzahür", "rədd etmək", "izi-tozu", "əlləşmək", "vurnuxmaq", "ağlını itirmək", "dilənçi", "düşük", "saz vəziyyətdə", "kölgə salmaq", "təhrif edilmiş", "dədə-baba torpaqlarımız", "əziz xalqım", "dilbər guşə", "didərgin salmaq", "şər-böhtan", "milli ruh", "düz-əməlli", "fikri üst-üstə düşmək", "daban-dabana zidd", "əl-ayağa düşmək", "əsər-əlamət", "sərxoş təlxək", "kəllə-mayallaq", "səviyyəsinə düşmək", "canı-qanı bahasına" və sair. Bütün bu sərrast, təsirli kəlmələr təkcə emosiyaların, duyğuların dəqiq ifadəsi deyil, eyni zamanda, ana dilinin, xalq danışıq tərzinin incəliklərini bilməyin, bu incəliklərə rəğbətin, ehtiramın qiymətli göstəriciləridir. Bu isə məhz doğma xalqına candan bağlı, ana dilini səmimi-qəlbdən sevən və yüksək tutan bir liderin sərgiləyə biləcəyi ali keyfiyyətdir.

İlham Əliyevin nitqi eyni zamanda, bədiilikdən də kənar deyil. O, fikrini bədii ifadə vasitələriylə, məcazlarla dilə gətirməkdən geri qalmır. Bu cür ifadə tərzi dövlət başçısının nitqinin təsir qüvvəsini, ciddiyyətini, kəsərini daha da artırır. Ayrı-ayrı çıxışlarda yer alan fərqli cümlələrə nəzər salaq:

"...Şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük...

...Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir...

...Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin! Bu ad cəhənnəmə getsin!

...Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur.

Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar...

...Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!..

...İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar.Biz bu danışıqlardan boğaza yığılmışıq.Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur..."

Mütəxəssislərin yekdil rəyinə görə, Prezident İlham Əliyev təkcə ana dilində deyil, eyni zamanda, dünyanın aparıcı dilləri olan ingilis və rus dillərində də eyni dərəcədə səlis, sərrast tərzdə danışır. Onun bütün diplomatik görüşlərindəki nitqləri qarşı tərəfi hər zaman heyran qoymağı bacarıb. Azərbaycan liderinin doğma dildə nümayiş etdirdiyi natiqlik məharəti onun digər dillərdəki çıxış və söhbətlərində də aydın müşahidə olunur. Xüsusən, ermənilərin gülünc rəhbəri Paşinyanla debatları, onu öldürücü sarkazm hədəfinə çevirməsi bütün dünyada Azərbaycan rəhbərinin layiq olduğu ucalıqda görünməsi və qəbul edilməsini labüdləşdirən kadrlar kimi yaddaşlara yazıldı. Xarici jurnalistlər və siyasi ekspertlər də hər iki liderin debatlardakı nitqini analiz edərkən İlham Əliyevin danışığına xüsusi diqqət yetirib, onun natiqlik məharətinin və inandırıcılıq qabiliyyətinin bu siyasi məsələlərdən uzaq olan neytral insanları da Azərbaycana inanmağa və onu dəstəkləməyə yol açdığını etiraf ediblər.

İlham Əliyevin bu günlərdə ardıcıl şəkildə dünya mediasına verdiyi müsahibələr də olduqca təqdirəlayiqdir. Onun Türkiyə televiziyasına müsahibə verərkən işlətdiyi "açarıq sandığı, tökərik pambığı" ifadəsi dinləyicilərin üzündə gülüş yaratmaqla bərabər, əlbəttə ki, alt qatındakı mesajı da tam dəqiqliklə çatdırdı.
Bütövlükdə, dövlətimizin başçısının dəlil-sübutlu, ölçü-biçili, təsirli ifadələrlə zəngin nitqləri təkcə düşmən tərəfi deyil, onun havadarlarını da mat qoyub, çaşqın və aciz duruma salıb.

Yekun olaraq, tərəddüdsüz söyləmək olar ki, Azərbaycanın Haqq Savaşında layiqli qələbəsi, Qarabağ məsələsinin ədalətli həlli, haqqın öz yerini alması naminə heç nədən çəkinməyən, az qala dünyanın bütün böyük güclərini, siyasi-hərbi dairələrini cəsarətlə qarşısına alan Prezident İlham Əliyevin bu möhtəşəm siyasi-diplomatik mübarizəsi dünya tarixinin unikal səhifələridir.

Allah Prezidentimizi - Ali Baş Komandanımızı qorusun!

Var olsun Azərbaycan ordusu!  

 





04.11.2020    çap et  çap et