525.Az

Teledərslərin aktuallığı və önəmi artıb - Təhsil


 

MÜTƏXƏSSİSLƏR HAZIRKI PANDEMİYA DÖVRÜNDƏ TELEDƏRSLƏRİ TƏHSİL ÜÇÜN BAŞLICA ÇIXIŞ YOLU KİMİ DƏYƏRLƏNDİRİRLƏR

Teledərslərin aktuallığı və önəmi artıb - <b style="color:red">Təhsil</b>

Son günlər bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarında artım müşahidə olunması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. 

Sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə Nazirlər Kabinetinin oktyabrın 29-da imzaladığı qərara uyğun olaraq, noyabrın 2-dən ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Bu da siniflərdən televiziya ekranlarına köçürülən "Dərs vaxtı" adlı teledərslər günümüzdə əhəmiyyəti ikiqat artıb.

Ötən tədris ilində fəaliyyəti dayandırılan məktəblərin öhdəliyinin bir hissəsi teledərslərin üzərinə düşürdüsə, bir hissəsi də onlayn dərslər hesabına ödənilirdi. 2020-2021-ci dərs ili başlayar-başlamaz Azərbaycanda hərbi vəziyyətin elan olunması onlayn dərslərin də qüvvədən düşməsinə səbəb olub.  İnternetin zəifləməsi ilə teledərslər yeganə çıxış yoluna çevrilib.

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyir ki, sentyabrın 1-dən etibarən  teledərslər həftənin 5 günü saat 10:00-dan 17:00-dək "Mədəniyyət TV" kanalında, saat 14:00-dan isə "ARB Günəş" kanalında yayımlanır. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair  izah və təlimatlar təqdim olunur. İbtidai siniflərdə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi", "Təsviri incəsənət", "Xarici dil", V-XI siniflərdə isə "Azərbaycan dili", "Riyaziyyat", "Xarici dil", "Tarix", "Coğrafiya", "Kimya", "Fizika", "Biologiya" fənləri üzrə qısa videodərslər təqdim edilir.

Onun sözlərinə görə, İbtidai siniflər üçün teledərslər hər gün 2 dərs olmaqla həftədə 3 dəfə, yuxarı siniflərdə isə həftənin 2 günü sinfin dərs yükünə uyğun sayda  fənn tədris olunmaqla keçirilir. Məsələn, IX sinif  şagirdi teledərsə həftənin 2 günü baxır, hər dəfə bir neçə fənn üzrə dərsləri dinləyir: "İndiyədək  teledərslərdə məktəbəqədər, ümumi təhsil və peşə təhsil səviyyələrini əhatə edən 1000 dərsdən artıq çəkiliş olub. Dərslər Təhsil Nazirliyinin  “Facebook” səhifəsində  də yerləşdirilirdi, lakin mövcud vəziyyət  səbəbindən dərslərin yerləşdirilməsinə ara verilib".

Nəzakət Mehdiyeva bildirib ki, bu ildən teledərslər yeni studiyalarda çəkilir: "Teledərslərin çəkilişinin ikinci mərhələsi daha planlı oldu. Yeni studiyanın qurulması, müəllimlərin metodik hazırlığı üçün müəyyən qədər vaxtımız oldu. Müəllimlər şagirdləri fəallaşdırmaq üçün müxtəlif istiqamətləndirici fəaliyyətlər üzərində düşünürlər. Bütün başqa amillərə, yüksək hazırlıqlara baxmayaraq, teledərslərin uğurlu alınmasında müəllim həlledici rol oynayır. Bilik və bacarıqları məktəbdə müəllimdən almağa öyrənmiş şagird mövcud vəziyyətlə əlaqədar həmin imkandan məhrum qalıb. Bu isə şagirdlərdən müstəqil öyrənmə bacarığının  formalaşmasını tələb edir. Biz də çalışırıq  teledərslərə elə müəllimləri cəlb edək ki, şagirdlərin  müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirən tapşırıqlar hazırlaya bilsinlər və onları araşdırmağa meylləndirməyi bacarsınlar".

N.Mehdiyevanın sözlərinə görə, ötən il teledərslər kənardan göründüyü kimi asan başa gəlmir: "Müəllim sinifdə dərsləri izah edərkən şagirdlərin reaksiyasına baxır, onların sual dolu baxışlarını görəndə nəyi anlamadıqlarını hiss edir. Şagirdlərin verdiyi suallardan başa düşür ki, məhz onlar hansı məsələni mənimsəməkdə çətinlik çəkirlər. Teledərslərin çəkiliş otağı isə boşdur və müəllim yalnız öz fərziyəsinə, illərin təcrübəsinə əsasən nələri daha çox vurğulamaq, hansı məsələnin üzərində daha çox dayanmaq lazım olduğunun fərqindədir. Belə əks əlaqə olmadan dərs keçmək asan iş deyil. Yəni bu proses uzaqdan göründüyü kimi, asan başa gəlmir. Böyük komandanın gərgin əməyinin bəhrəsi hesabına ərsəyə gəlir".



Bu proseslər Azərbaycan müəllimi üçün bir ilkdir. Teledərslərin mahiyyətini anlamaq, ruhunu tutmaq baxımından müəllimlər üçün böyük bir məktəbdir. Çox qısa müddətdə tamamilə yeni, vərdiş etmədiyi şəraitdə dərs keçməyə alışmaq üçün müəllimdən böyük əzm tələb olunur. Sevindiricidir ki, müəllimlərin böyük əksəriyyəti bu çətinliyi aşdı və layihə uğurlu alındı. Bəs teledərslər müəllimə nə verir?

N.Mehdiyevanın fikrincə, əvvəllər adətən müəllimlər yalnız bir məktəb daxilində bir-birinin dərslərini dinləyib, fikir bildirə bilirdilərsə, indi bir-birini əvvəldən tanımayan müəllimlər tamamilə doğma bir mühitə düşdülər. Bir-birinin dərslərini dinlədilər, rəy bildirdilər, birlikdə işlədilər, səhvləri düzəltmək, ən yaxşısını təqdim etmək üçün kiçik bir məsələni dəfələrlə müzakirə etməyi öyrəndilər. Bu şəraitdə müəllimlərin əməkdaşlığının inanılmaz bir forması üzə çıxdı. Teledərslərin təcrübəsi gələcəkdə müəllimlərin peşəkarlığının artırılmasına da töhfəsini verəcək: "Müəllimlərin metodik bacarıqlarının inkişaf etdirilməsi üçün hər il yeni ixtisasartırma proqramları hazırlanır. Teledərs təcrübəsi həmin proqramların məzmununun zənginləşdirilməsi üçün bir mənbə olacaq. Təlimlərdə, seminarlarda müzakirə və təhlil etmək üçün də xeyli material toplandı. Müəllimlərin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün bundan sonra bir neçə məsələlərə ciddi diqqət yetiriləcək. Müəllimin nitqinin sürətli olması, böyük məzmunu az vaxt ərzində izah etmək, bir neçə məzmunu ümumiləşdirmək, faktları qruplaşdırıb təqdim etmək bacarıqları və digər bu kimi məsələlər üzərində düşünmək və iş aparmaq lazım olacaq".

Layihənin ən fəal iştirakçılarından bir 6 nömrəli məktəbin Rus dili, Ədəbiyyat müəllimi Sevinc Hüseynova deyir ki, teledərslə ənənəvi təhsil arasında fərq böyükdür. Sinifdə görməyə alışdığımız, ünsiyyət qurduğumuz şagirdlər, qarşılıqlı sual-cavab mühiti burada yoxdur. Məktəb, sinif otağı boşdur. Ancaq müəllim hər şəraitdə müəllim olmağı bacarmalıdır: "Kamera, çəkiliş prosesi müəllim üçün yaddır və yenidir. Odur ki, kamera önündə çıxış etmək özü də müəllimdən məharət tələb edir. Dərsi izah edən zaman şagirdlərə müraciət edərək xəyalən onları qarşımızda hiss etməyə çalışırıq. Hesab edirəm ki, üç ay ərzində müəyyən uğurlara nail olduq, virtual dərslər səmərə verdi. Bacardığımız qədər çalışdıq ki, şagirdlər karantin müddətində dərsdən geri qalmasınlar, ardıcıl şəkildə biliklərini artırsınlar, bacarıqlarını inkişaf etdirsinlər. Lakin ənənəvi məktəb, dərs mühiti, şagirdlərimiz, onlarla ünsiyyət üçün çox darıxırıq. Ümid edirik ki, tezliklə koronavirus bəlasından qurtulacağıq və yeni dərs ilində əvvəlki, alışdığımız tədris bərpa olunacaq".

Millət vəkili Etibar Əliyev deyir ki, teledərslər internetə çıxışı olmayan şagirdlər üçün bir pəncərə açır. Məncə, burada şagirdlərin və valideynlərin üzərinə də böyük məsuliyyət düşür: "Təhsil Nazirliyinin yaranmış vəziyyətdə ən optimal variantlardan istifadə etdiyini düşünürəm. Həftənin beş günü tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunur. Bu ildən teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri şagirdlərlə əvvəlcədən paylaşılır. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Təhsil Nazirliyinin alternativ vasitələrdən istifadə edərək təlim prosesini kanallarda gedən "Dərs vaxtı" adlı teledərslərlə aradan qaldırmaq təşəbbüsünü yüksək qiymətləndirib: "Mən Təhsil Nazirliyi tərəfindən start verilən teledərsləri dəstəkləyirəm. Hazırkı vəziyyətdə bunun başqa bir alternativi yoxdur".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





04.11.2020    çap et  çap et