525.Az

Türkiyənin diaspor üzrə qurumunun rəhbəri Gəncədə


 

Türkiyənin diaspor üzrə qurumunun rəhbəri Gəncədə <b style="color:red"></b>

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren Gəncəyə səfər edib. Onu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, həmçinin Gəncədən olan millət vəkilləri müşayiət edib.

Qonaqlar Ermənistanın Gəncəni raket atəşinə tutması səbəbilə dağılan və zərər görən ərazilərə baş çəkib, erməni terrorunun ağır nəticələri ilə yerində tanış olublar.

Ziyarət zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan tərəfindən məqsədli şəkildə raket atəşlərinə tutulub. Nəticədə 6 nəfəri uşaq və yeniyetmə olmaqla, 26 nəfər dinc sakin həlak olub, 125 nəfər yaralanıb. Xeyli sayda ev tamamilə dağılıb, yüzlərlə obyektə, o cümlədən, tarixi abidələrə, dini məbədlərə və təhsil ocaqlarına ciddi ziyan dəyib; işğalçı Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

"Azərbaycan dövləti müharibə başlayandan bəri döyüş meydanında mərdliklə, müharibə qaydalarına uyğun mübarizə aparır və işğal olunmuş öz ərazilərini azad edir. Lakin Ermənistan bütün dünyanın gözü önündə terror fəaliyyəti həyata keçirərək, mülki vətəndaşları vurur. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistanın bu qətliamlarına səssiz qalır.  Dünyada bu məsələdə ikili standart, çox böyük haqsızlıq var. Bu haqsızlığın ortadan qalxması lazımdır. Biz Gəncəyə həm şəhidlərimizi yad etmək, həm də dəstək olmaq üçün gəlmişik. Türk xalqı, onun diasporu Azərbaycanın haqlı mübarizəsini yaxından izləyir. Azərbaycanın böyük qələbəsinin yaxın olduğunu düşünürük. Hər kəs Azərbaycan üçün dua edir. İnşallah bu müharibədə dost və qardaş Azərbaycan zəfər qazanacaq. Türkiyə də hər zaman Azərbaycanın yanında olmağa davam edəcək" - deyə, Abdullah Eren bildirib.

Hadisə yerlərində olan qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

Zakir MURADOV
Gəncə

 





06.11.2020    çap et  çap et