525.Az

"Qarabağda "Sarı gəlin"i ifa edəcəyəm" - Ələfsər Rəhimov ilə müsahibə


 

BALABAN İFAÇISI ƏLƏFSƏR RƏHİMOV: "ƏN BÖYÜK ARZUM XOŞBƏXT OLMAQDIR"

"Qarabağda "Sarı gəlin"i ifa edəcəyəm" - <b style="color:red">Ələfsər Rəhimov ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Həzin duyğuları, sevgini, həsrəti, könül fəryadını balaban qədər yanıqlı ifadə edən ikinci musiqi aləti tapmaq çətindir. Ancaq bu günlər balaban da kədərin daşını atıb, bizimlə bərabər sevinir, qələbəmizi, zəfərimizi vüsal notları ilə bölüşür.

Tarixən ermənilər Azərbaycanın bir çox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə alıblar. Biz isə faktlara söykənərək balabanın da Azərbaycana məxsus olduğunu hər zaman onlara sübut edirik. İstedadlı gənclərimiz də sosial şəbəkələrdə bu mövzu ətrafında fəal təbliğat aparırlar.

Belə gənclərdən biri  də balaban ifaçısı Ələfsər Rəhimovdur. Bu yaxınlarda "Sarı gəlin" xalq mahnısını balabanda ifa edib sosial şəbəkədə paylaşması istifadəçilər tərəfindən maraqla qarşılandı.

Ələfsər Rəhimovla söhbətimizi təqdim edirik.

***

- Əvvəla, fürsətdən istifadə edib bütün Azərbaycan xalqını bu gözəl qələbə günü münasibətilə təbrik edirəm. Biz çox xoşbəxt insanlarıq. Ona görə ki, bu şanlı tarixin canlı şahidləriyik. Xalqımız bu günləri çoxdan gözləyirdi. Bizə zəfərlər yaraşır. Qələbəmizin davamlı olmasını arzu edirəm.

Bildiyimiz kimi, ermənilər hər zaman mədəniyyətimizi özlərininkiləşdirmək istəyiblər. Ancaq bütün dünyaya məlumdur ki, "Sarı gəlin" Azərbaycanın, türkün musiqisidir. Mən gerçək olan nədirsə, onu vurğulamışam və hər zaman da bunu edəcəyəm. İllər öncə yer aldığım "Sarı gəlin" sənədli filmində də bu musiqinin hansı millətə məxsus olduğu 3-4 dildə tərcümə olunaraq bir çox ölkələrdə yayımlanmışdı. Qoy bunu bilsinlər ki, musiqi nə siyasət, nə də müharibədir. Siyasətə, müharibəyə bulaşmış bir musiqi varsa, demək, o, musiqi deyil.

- Sosial şəbəkələr fəaliyyətinizdə hansı yerləri tutur?

- Sosial şəbəkələr həyatımızda olduqca önəmli bir vasitə halını alıb. Dünyanın bir ucundan digər ucuna öz fəaliyyətinizi göstərmək şansınız var. Bu, xüsusən sənətçilər üçün daha vacibdir. Amma təəssüflər olsun ki, sosial medianın ağını çıxaranlar da çoxdur. İnanın ki, kiminsə səhər, günorta və axşam yeməyində nə yeyəcəyi heç kimə maraqlı deyil. Bu platformalar haqq-ədalət yeri də deyil. Tarazlıq olmadığına görə, sosial şəbəkələri zövqsüz musiqilər və musiqiçilər zəbt etməyi bacarırlar. Amma bu vəziyyət yaradıcı, istedadlı insanların əl-qolunu bağlamamalıdır. Çünki dünyaya fərqli bucaqdan baxanlar da var. Faydalı və yaradıcı insanların səsinə səs verənlər həmişə olacaq.

- İzləyicilərinizdən gələn rəylər sizi qane edirmi?

- İnsanları və onların rəylərini anlamaq çox qəliz məsələdir. Bəzən bir paylaşım edirsən, düşünürsən ki, sənətinlə bağlı rəylərini bildirəcəklər. Amma onlar saçına, saqqalına, geyiminə və yaxud başlıq yazdığın cümlədə bir sözə ilişib qalırlar. Əslində, onların işi səni qıcıq etmək və əziyyətini, işini gözdən salmaqdır. Amma düşünmürlər ki, onların yazdıqları dəyər verənlərin rəyləri arasında itib batır (gülür).

- Əsasən hansı tərzdə musiqilər ifa etməyi sevirsiniz?

- Musiqiçinin hər zaman mənə maraqlı olan tərəfi onun öz yaradıcılığı olub. Bu gün balabana baxış tərzim necədirsə, onu da ifa etməyə çalışıram. Yaradıcılıq fəaliyyətimdə məni tanıyanlar, dinləyənlər bunu hiss edə bilirlər. Təbii ki, milli bir alət seçdiyimə görə, folklor musiqilər daha çox tələb olunur. Amma XXI əsrdə yaşayırıq və texnologiyanı izləmək məcburiyyətindəyik. Buna görə də balabanı sevdirmək üçün başqa janrlarla sintez etməyi daha üstün görürəm. Yaxın tarixdə çıxacaq olan "Panik" adlı albomumda balabanı "Fusion Jazz" tərzində ifa etmişik. Məqsədim bu aləti yeni nəsillərə sevdirə bilməkdir. Bu albomda etnik musiqimizi qərb musiqisi ilə bir araya gətirmişəm.

- Balabanda ifa edilən musiqi gözəl səslənir. Bəs onu ifa edən üçün hansısa çətinlikləri varmı?

- Çətinliyimiz ölkəmizdə mükəmməl balaban düzəldə bilən ustalarımızın olmamasıdır. Məncə, nəfəsli alətlərə dövlət səviyyəsində yetərincə diqqət ayrılmalı, təbliğ edilməlidir. İfa etdiyim alətlərin 90 faizi başqa ölkələrdə hazırlanıb. Mən də bir dinləyici kimi ifa etdiyim alətin səsindən həzz almaq istəyirəm. Ona görə də, başqa ölkələrin professional ustalarına baş vurmağa məcbur oluram. Balabanın bir çətinliyi də onun elektron instrument olmamasıdır. Məsələn, pianonun dilləri, gitaranın pərdəsi var, ancaq balabanda bunlar çox çətindir, qamışın isinməsi üçün ifa etdiyim məkanın istiliyini nəzarətdə saxlamalıyam.

- Deyirlər, musiqi istedadı çox vaxt ailədən gəlir, yəqin sizə də bu istedad babanız Ələfsər Şəkilidən yadigardır...

- Bir çox şeylərin genetik olduğuna inanıram. Mən məşhur zurna ifaçısı Ələfsər Şəkilinin nəvəsiyəm. Boynumda babamın sənətinin ağırlığını daşıyıram. Elə bir sənətkar olub ki, musiqiçilər və Şəki əhalisi indi də ona zurnanın şahı deyirlər. Hər dövranın öz tələbi, dəyəri və baxış bucağı var. Yəqin ki, ona bənzəyə bilməyəcəyəm. Onun kimi sənətkarlar həyata bir dəfə gəlir və gedir. Bu bayrağı babamdan almışam və ən yaxşı şəkildə daşıyacağam.

- Musiqi təhsiliniz varmı?

- Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecini bitirmişəm. Hazırda təhsilimi İstanbulda davam etdirməyi planlayıram.

- Nə zamandan bəri Türkiyədə yaşayırsınız?

- 2019-cu il yanvardan İstanbula köçmüşəm və indiyə qədər də burada yaşayıram.

- Ələfsər bəy, ən böyük arzunuz nədir?

- Ən böyük arzum sənətimi bütün dünyaya eşitdirmək, milli dəyərlərimizdən qopmadan beynəlxalq arenalarda təmsil olunmaqdır. Əgər bunu bacara bilsəm, çox xoşbəxt olaram. Sənətimdən kənar olaraq arzularımdan biri də meşənin içindən dənizə doğru baxan kiçik bir evin pəncərəsindən sevdiyim insanla təbiəti seyr etməkdir. Bağçamda balaca konsert səhnəsi də olsun. Hər yay dostlarım, əzizlərim gəlsin və o günlərimiz festival kimi keçsin. Qısası, ən böyük arzum xoşbəxt olmaqdır.

- Gələcəklə bağlı hansı planlarınız var?

- İstanbulda çıxacaq "Panik" adlı albomumu səbirsizliklə gözləyirəm və bundan sonrakı planlarım festivallara, konsertlərə qatılmaqdan, səhnədən zövq almaqdan ibarətdir. Bununla bərabər, ikinci albomum üzərində də düşünməyə başlamışam. Öz bəstələrimi yazıram  və irəlidə bunları albom olaraq çıxarmağı planlayıram. Görüləcək çox iş var, yolumuza davam edirik.

Günel ABBAS

 





11.11.2020    çap et  çap et