525.Az

"Azad düşüncəli, təkbaşına qərar verə biləcək insan yetişdirmək lazımdır"


 

MARKETOLOQ FUAD ƏLİYEV: "MİLLİ MƏNLİK ŞÜURUNA MALİK OLMAQ ÜÇÜN İNSAN ÖZ MİLLƏTİ, ÖZ HƏMVƏTƏNLƏRİ İLƏ BİRLİK NÜMAYİŞ ETDİRMƏYİ BACARMALIDIR"

"Azad düşüncəli, təkbaşına qərar verə biləcək insan yetişdirmək lazımdır" <b style="color:red"></b>

Layihəmizin budəfəki qonağı olan Fuad Əliyevi gənclər yaxından tanıyır. O, "ZehinX", "OpıtX", "ZihinX", "SabioX" adlı  məşhur maarifləndirici "Youtube" kanallarının qurucusudur.

Bu gün Fuadın həmin kanallarda müxtəlif dillərdə yayımladığı maarifləndirici videomaterialları milyonlar izləyir.

Bu videolar milyonlarla gənc üçün motivasiya qaynağı, yol göstərici rolunu oynayır. Ən sevindirici hal da odur ki, Fuad təkcə azərağbaycanlı gənclərə yox, rus, türk və başqa ölkələrdən olan bir çox insanlara da bu videolar vasitəsi ilə moderatorluq edir.

Gənc marketoloq Fuad Əliyevlə söhbətimizi təqdim edirik. 

***

"İnsanın həyatındakı hadisələr axını onun xarakterinin formalaşmasında mühüm rol oynayır" 

- Fuad, sən proaktiv və prodaktiv insansan. Yəqin, bu da uğurlu olmağında əsas təməllərdən biridir. Sən bu cür yetişdirilmisən, yoxsa müəyyən bir yaşdan sonra öz-özünü bu istiqamətdə fomalaşdırmağı bacardın?

- Açığı, bu haqda mən özüm də bir neçə dəfə düşünmüşəm. Amma dəqiq bir qənaətə gələ bilməmişəm. Düşünürəm ki, bunun səbəbi, sadəcə, hər kəsin həyatının ilkin dönəmlərindəki hadisələr axınıdır. Bu da insanın xarakterinin formalaşmasında önəmli rol oynayır. Bu hadisələr axınına istiqamət verənlər isə həm ailələrdir, həm ətrafımızda baş verən hadisələr, həm məktəb yoldaşları, həm də təsadüfi sayıla biləcək nələrsə. Yəni təkcə bir şeyi əsas tutaraq, məhz bu şey məni belə, yaxud başqa cür yetişdirdi demək doğru olmazdı. 

"Cəmiyyətdə irəli çıxan insanlar başqalarının da yolunu açmağa çalışmalıdır" 

- Bildiyim qədəriylə, Azərbaycanda yaşamırsan. Amma yenə də Azərbaycan gəncləri üçün videolar hazırlayır, bir növ onlara könüllü moderatorluq edirsən. Bu işə başlayanda məqsədin nə idi və bu gün özünü o məqsədə çatmış hiss edirsənmi?

- İnsan xaricdə yaşayanda, loru dildə desək, bir çox mövzuda gözü açılır. Yəni ki, dünyagörüşü və təcrübəsi zənginləşir. Ölkəmdən kənarda yaşamağımın, bu baxımdan mənə də müəyyət qatqıları oldu. Amma təəssüf ki, hamının xaricə çıxmaq, orda oxumaq, təcrübə qazanmaq, dünyagörüşünü artırmaq şansı olmur. Bu videoları hazırlamaqda məqsədim də elə bu idi, öz gördüklərimi, öyrəndiklərimi digərləri ilə bölüşmək.



Təbii ki, bu cür dünyagörüşünə sahib omaq üçün, xaricdə yaşamaq mütləq deyil. Heç bir yerə getmədən də özlərini inkişaf etdirən gənclər, bir çox qabaqcıl insanlar var. Amma bunu da hamı bacarmadığı üçün, cəmiyyətdə önə çıxan insanlar başqalarına, xüsusilə öz həmvətənlərinə kömək etməli, onların da yollarının açılması üçün əllərindən gələni etməlidirlər. 

"Anlamağa başladıqları yaşdan uşaqlara hər şeyin "niyə"sini izah etmək lazımdır"  

- Sən özün də atasan, səncə, bir uşaq necə yetişdirilməlidir ki, özünü cəmiyyətdə uğurlu insan kimi formalaşdıra bilsin?

- Mənim fikrimcə, birinci növbədə, azad düşüncəli insan yetişdirmək lazımdır. Həyatda, təkbaşına qərar verə bilmək xüsusiyyətini uşaqda formalaşdırmaq lazımdır.  Uşaq yetişdirməkdə ən önəmli faktor budur, fikrimcə.

Anlamağa başladıqları yaşdan uşaqlara hər şeyin "niyə"si izah etmək lazımdır. Ona görə ki, uşaq bilməlidir, nə, niyə olmaz, niyə olar. Burda önəmli nüanslardan biri də odur ki, uşaq anlamağa başladığı vaxtdan etibarən onunla uşaq kimi yox, böyük insan kimi davranmaq lazımdır. Belə olduqda o, öz şəxsiyyətini formalaşdıra biləcək. 

"Fərqliliklər insanın beynini açır" 

- Fuad, bilirik ki, açıq beyin, özünüdərk səviyyəsinin yüksək olması, daxili intizam insana daha geniş üfüqləri görməyə, arzularını hədəfə çevirməyə, o hədəflərə çatmağa kömək edir. Bəs bu sadaladıqlarımıza sahib olmaq üçün nə etmək, nələrə diqqət yetirmək lazımdır?

- Bunun üçün, birinci növbədə, idman etmək, sağlam qalmaq, beyni məşq etdirmək lazımdır. Bu baxımdan, ən yaxşı vasitələrdən biri elə meditasiya ilə məşğul olmaq olar. Yaxud da, ən sadə yolla, elə sadəcə indini, hazırda öz bədənində və ətrafında nə baş verirsə, onun fərqində olmağı mütəmadi özünə xatırlatmaq, ətrafındakı prosesləri səssizcə izləmək bu istiqamətdə məşq deyə biləcəyimiz hərəkətlərdir. Bu davranışları mənimsəyib mütəmadi təkrarlamaq düşüncəni təmizləyən, insanı qarışıq fikirlərdən uzaqlaşdıran və həyatda nə istədiyinə, hədəflərinə fokslanmağa kömək edən ən yaxşı vasitədir. Burda, eyni zamanda, səyahət etməyin də önəmini vurğulamaq lazımdır. Çünki səyyahət etdikcə, yeni məkanlar, insanlarla tanış olduqca bütün bunlar insanın daha geniş üfüqləri görə bilməsinə səbəb olur. Fərqliliklər insanın beynini açır.  

"İnsanın öz xalqına inamı olanda milli mənlik şüuruna da sahib olur"

- Sən həm də öz milli dəyərlərinə sahib çıxan, böyüdüyü cəmiyyətə qatqısı olan insansan. Sənin üçün milli mənlik şüuru nədir və sənə görə milli mənlik şüuruna sahib insan necə olmalıdır?

-  Mənə görə, milli mənlik şüuru o zaman formalaşır ki, insanda öz xalqına inam olsun. İnam olduqdan sonra, dünyanın harasında olur-olsun, adam istər-istəməz öz millətinə meyl göstərir. İstər dostluq münasibətlərində, istər iş həyatında, istərsə də şəxsi həyatda olsun, fərq etmir. Milli mənlik şüuru tək bir insanın öz-özünə formalaşdırdığı, yaxud formalaşdırmalı olduğu bir şey deyil. Bu, birbaşa millətin digər fərdlərindən asılı olan məhfumdur. Əgər sənin mənsub olduğun xalqın nümayəndələri milli mənlik şüuruna və vətənpərvərlik anlayışına sahib deyillərsə, yaxud səni öz millətindən olan biri kimi özlərinə yaxın hiss etməsələr, sən  təkbaşına "mən öz millətimi özümə yaxın, doğma hiss edirəm" deyə bilməyəcəksən. Milli mənlik şüuruna malik olmaq üçün, birinci növbədə, millətin digər üzvləri də öz milləti, həmvətənləri ilə birlik nümayiş etdirməyə, həmrəy olmağa çalışmalıdır.  Bunu ən sadə bir misalla izah edə bilərik. Məsələn, həyatı boyu ətrafında tanıdığı insanların əksəriyyəti tərəfindən aldadılmış, haqsızlığa məruz qalmış bir azərbaycanlı xaricdə yaşadığı zaman, "mən millətimi sevirəm" deməyəcək. Buna görə də hamı bu mövzuda həssas olmalıdır. Həssas olmalıdır ki, birlikdə olaq, güclü olaq.

Natəvan ABDULLAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





11.11.2020    çap et  çap et