525.Az

Coğrafiya İnstitutunun direktor müavini vəfat etdi


 

Coğrafiya İnstitutunun direktor müavini vəfat etdi <b style="color:red"></b>

Coğrafiyaşünas-tədqiqatçı alim, Dövlər Mükafatı Laureatı, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə sabiq direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov noyabrın 8-də, 66 yaşında vəfat edib.

525.az xəbər verir ki, Məhərrəm Səməd oğlu Həsənov 1954-cü ildə  Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1975-ci ildə o zamankı V.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə Zəngilan rayonunun orta məktəbində coğrafiya müəllimi kimi başlayıb. 1978-ci ildə Bakıya gəlib və AMEA Coğrafiya İnstitutunun əyani aspiranturasına qəbul olunub. 1978-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb və 1980-ci ilin may ayına qədər ordu sıralarında olub. Sonra Bakıda aspiranturada təhsilini davam etdirib. 1984-cü ildə akademik B.Ə.Budaqovun elmi rəhbərliyi ilə  “Dağlıq şəraitdə payızlıq buğdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji amillərin təsiri” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1983-cü ildən kiçik elmi işçi,  böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 2002-2003-cü illərdə İnstitutda “Tətbiqi iqlimşünaslıq” bölməsinin müdiri işləyib. 2008-ci ildən İnstitutda fəaliyyət göstərən D01.091 Dissertasiya Şurasının elmi katibi vəzifəsində çalışıb.

2017-ci ilin iyun ayından AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib.

60-a yaxın elmi məqalə və xəritənin, çoxsaylı kompleks elmi tədqiqat işlərinin müəllifidir. Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, iqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi, eləcə də gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii zonaların sərhədlərinə təsirinin istiqamətlərində apardığı tədqiqat işlərində əhəmiyyətli elmi nəticələr əldə edib. Xüsusilə iqlim dəyişmələrinin kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına təsiri, ona qarşı adaptasiya tədbirlərinin müəyyən edilməsi istiqamətində xeyli işlər görüb. 1999-cu ildə onun “Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi” adlı monoqrafiyası çap olunub. Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının, məhsulun keyfiyyətinin iqlim  və mikroiqlim amillərindən asılılığını öyrənib. Bu öz əksini tərtib etdiyi “Azərbaycan Respublikasının aqroiqlim atlası” və “Azərbaycan Respublikasının Milli atlası”nda  tapıb. M.Həsənov  Azərbaycanda (Kiçik Qafqazda) payızlıq buğda yetişdirilməsinin fenoiqlim xüsusiyyətlərinin öyrənilməsinə dair ilk tədqiqatçıdır.

İnstitutun Bakıda və bölgələrdə keçirilən elmi konfransların təşkilatçısı olub, xarici ölkələrdə keçirilən elmi  tədbirlərdə məruzə və çıxışları ilə Azərbaycan coğrafiya elminin təbliği işinə xidmət edib.  Çin Xalq Respublikasının Coğrafiya Cəmiyyəti,  Rusiya Elmlər Akademiyasının A.M.Obuxov adına Atmosfer Fizikası İnstitutu, İran İslam Respublikasının ikinci ən böyül təhsil ocağı olan Təbriz Universiteti  ilə beynəlxalq əlaqələrin möhkəmlənməsi işinə töhfələr verib.

Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, tələbələrinin sevimlisinə çevrilib.

3 dissertanta və 1 doktoranta rəhbərlik edib.

2015-ci ildə Prezidentin sərəncamı ilə coğrafiya elmindəki xidmətlərinə görə  “Tərəqqi” medalı ilə təltif olunub.

“Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinin məsul icraçılarından və həmmüəlliflərindəndir. 2016-cı ildə bu əsərə görə AR Prezidentinin sərəncamı ilə elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı adına layiq görülüb. Bütün türk dünyası ölkələrində ilk dəfə çap olunan “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin müəlliflərindən biri və buraxılışına məsul olub, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin yaradılmasında böyük əmək verib.

Mütəmadi olaraq müxtəlif  kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu çıxış və müsahibələri ilə Azərbaycan elminin təbliği işində əhəmiyyətli rol oynayıb.

 





12.11.2020    çap et  çap et