525.Az

1918-in iki hekayəti - Tarixçə


 

1918-in iki hekayəti - <b style="color:red">Tarixçə</b>

Qazi İbrahimlə Sərkar Qönçə hekayəti 

... 1918-ci ildə Osmanlı-türk ordusu Nuru Paşa komandanlığında Azərbaycanı xilas etməyə gələndə, ordunun bir bölüyü də Arazdan keçib Qubadlıya tərəf dönür, əsgər yığıb öyrədirlər ki, yuxarı Zəngəzurun erməni əlində olan ellərini azad eləsinlər. İbrahim adında bir cəsur gənc türk Diləli Müskanlı kəndində gördüyü Sərkar Abdullanın qızı Qönçəyə aşiq olur, bir-birinə könül verən cütlük el adəti, şəriət qaydasıynan evlənirlər. Oğulları da olur. "Sərkar" bu kəndin köklü nəsillərindən olan tayfanın adı idi və yalnız kişilərə deyilərmiş. Ancaq qoçaqlığına görə Qönçəyə də el arasında Sərkar Qönçə deyərmişlər.

Türklər qardaşlıq, müsəlmanlıq borcunu yerinə yetirirlər, Bakını, digər yerləri azad edib minlərlə günahsız insanı labüd ölümdən xilas edirlər. Ancaq qırmızı bolşevik Rusiyası yenidən vəba kimi Azərbaycana, Qafqaza dönmüşdü, hər yerdə rus casusları türk əsgərlərini axtarırdı. İbrahim də çox döyüşdən çıxmışdı, atdığı güllələr xeyli ermənini o dünyaya göndərmişdi. Daşnak libasın çıxardıb bolşevik cildinə girmiş ermənilər çoxdan onun iyin almışdılar, pusqudaydılar. Odur ki, övladlarını, çox sevdiyi Qönçəsini də götürüb labüd ölümdən, ya sürgündən xilas olmaq üçün Anadoluya dönməyə qərar verir, altdan-altdan yol-iriz, Arazboyu kəndlərdən etibarlı bələdçi də tapır.

Axşamüstü qonum-qonşunu çağırır, evində, həyətində olub qalanını kəndin imkansızlarına, başsız qalanlarına paylayır. Qönçə onlarla vidalaşmağa gələn doğma, əzizlərinə üzünü tutub deyir: "Ya qismət, bir də görüşək, görüşməyək, ancaq hər axşam gün batandan sonra Hərtizin başında görünən o parlaq ulduza baxıb məni xatırlayarsınız, mən də necə ki canımda can var, nəfəsim gedib-gəlir, üzümü o ulduza tutub sizi yada salacam, yurdumu xatırlayacam..."

İbrahim yola çıxmadan öncə Qönçəni də, oğlunu da alır yanına, gəlirlər pəyəyə, tək bircə boğaz düyələri qalıbmış, başına çatı bağlayıb gətirir Əmiraslanın həyətinə, bağlayır ağaca, deyir: "Əmiraslan, iki ay əvvəl sənin o itən cöngəni mən sənin bu bacının köməyi ilə pəyəmdə kəsib-soyub ata yükləyib gecəynən aparıb yarısın Qaravun dərəsində, yarısın da Hərtiz dağında aclıq çəkən qaçaqlara çatdırmışdım. Nə həmin vaxt, nə də bu iki ildə bir dəfə də olsun sənin Qönçə bacın dilinə gətirmədi ki, bu cöngə qardaşımındır, nə bir söz soruşdu, nə yadıma saldı, nə üzümə vurdu, nə bir dəfə sənə demədi ki, axtarma, itiyinin başı əldə deyil, bu da  bir sınaq idi, indi zamanı gəlib əvəzini qaytarıram, bağışla, iznsiz elədim bu işi, başqasının malına qıymadım, bu boğaz düyə o cöngənin əvəzidir, gəl halallaşaq, biz uzun yol gedəsiyik, bəlkə bir də görüşmədik. Onu da bil ki, necə ki canımda can var, Allahın köməkliyi ilə sənin bacını gözümün üstündə saxlayacağam..."

Qönçə gedəndən az sonra kiçik qardası Əmiraslanın qızı olur, onun adın da Qönçə qoyurlar. Sonra Türkiyədən onların övladlarının yaxşı sorağı gəlmişdi, tanınmış insan olmuşdular, ancaq sovetin vaxtıydı, axtarıb tapan olmamışdı.

Türk Osman Əli ilə yüzbaşı Baba hekayəti 

İl 1918. Ermənilər Qars, Ərzurum, o biri ətrafdakı rus-türk davasından əldə etdiyi xeyli silah-sursatla, topladıqları 10 minlik nizami ordu ilə Zəngəzurda müsəlmanların qanını axıdırdılar.  Zəngəzura köməyə gələn türk zabit və əsgərlərini yüzbaşı Baba qarşılayır, kəndlərdə yerləşdirir, bir neçə gün də məşq edirlər, meşə, dağ yollarının gizlinlərini öyrənirlər, pusqu gözləyən ermənilərə qarşı əməliyyat qururlar. Bir tərəfdən ermənilər basqın eləyəndə bunlar da başqa səmtdən qəfil hücum edirlər, namərd erməniləri qovub türk-müsəlman kəndlərindən çıxarırlar. Hər iki tərəfdən çoxlu itki olur.

Qonşu kənddə dinclərini alıb növbəti hücuma hazırlaşan türk bölüyünün pərişan, yorğun  halı Babanın gözündən yayınmır. Niyəsin soruşur, öyrənir ki, türk qoşununun içərisində Osman adında bir əsgər varmış, Osmanlıdakı erməni qırğınlarında bütün ailəsi, qohum-əqrəbası, kəndi amansızlıqla məhv edilibmiş, tək körpə oğlu gözdən yayınıb salamat qalıbmış, savaşdan geri dönən əsgər oğlunu da götürüb Qafqaza yardıma gələn orduya qoşulub, oğlunu gözündən uzaq qoymurmuş. Bu dəfə də qəsdən dədə-balanı arxada qoyublarmış ki, təhlükədən uzaq olsunlar. Ancaq düşmən iy alıb, xəbər tutub, gizli yolla gəlib atlara baxan ata-oğulu mühasirəyə alır, Osman bu döyüşdə özü şir kimi döyüşür, ağır yaralanır, oğlunu xilas etməyə çalışsa da, gücü yetmir, özü şəhid olur, 6 yaşında oğlu da əsir götürülür. Geri qayıdan əsgərlər təzədən səpələnib yaxın ətrafı nə qədər axtarırlar, uşağın izin tapa bilmirlər.

Baba bu əhvalatı eşidir, olayı yerli-yataqlı öyrənir, qeyrət, namus hissi içində od tutub alovlanır, indi o uşağı gözləyən taleyi göz önünə gətirir, vətəninin harayına gələn tək qalmış türk əsgərinin ruhu elə bil, onu köməyə çağırır, bu səs onu rahat buraxmır.

Baba bu dağların, kəndlərin hər gizli keçidinə bələd idi, ətrafdakı erməni kəndlərinin hamısın əlinin içi kimi tanıyırdı. Atların duracaq yerinə kimin hansı yolla gələ biləcəyini də təxminən anlayır. Riski, onu gözləyən taleyi də göz altına alır, lap ölümünü bilsə də, alnına sıxmağa bir son gülləni də qalifeyi paltarının döş cibinə qoyur, evə gəlir, bir az yuxusun alır, gecə yarıdan ötəndə bircə halalı ilə vidalaşır, baxışlarıyla uşaqları ilə də görüşüb yola düşür.

Burdan o yana atla getmək mümkünsüz idi, yollarda erməni qaravulları dururdu. Atı meşənin qalınlığında ağaca bağlayır, silahını götürüb erməni kəndi Dığın arxasına keçir, dəfələrlə evində olduğu yüzbaşı Arakelin evinin arxa pəncərəsindən içəri girir. O, bu evdə kimin hansı otaqda yatdığını yaxşı bilirdi, Arakelin sonbeşik oğlun yorğana büküb vurur qoltuğuna, yataq otağına girib tapançanı alnına dayayır: "Qorxma, öldürməyəcəm, çox çörək kəsmişik səninlə, bir hökumətə qulluq eləmişik, bir-birimizə sirrimizi açmışıq, kirvə olmuşuq, ancaq indi iş o yerə çatıb ki, bunu eləməliyəm. Türkün uşağın tapıb verməlisən mənə. 

- İmkan ver, görüm neynirəm...

Baba:

- O türk çoçuğu mənim əmanətim idi, dan ulduzu doğmamış gətirərsən Qara yalın ayağındakı bulağa enən arxa cığırdakı palıdın dibinə, sağ gətirsən, sağ aparasan, ölü gəlsə, ölüsün aparasan Aşotunun...

Arakel Babanı yaxşı tanıyırdı, bilirdi ki, dediyin eləyəndir.

Arakel "əmanət"i gətirir, bircə bunu deyir:

- Vaxtında gəldin, səhər açılanda gec olacaqdı... Topun içinə qoyub atacaqdılar sizə tərəf.

Xoruzun ilk banında qucağında uşaq içəri girən Babanı xanımı Güldənə qarşılayır:

- Bu, bizim övladımızdır bu gündən, uşaqlarına baxdığın kimi bax buna, bir az da artıq, adı da Osman Əlidir, soyadı da Məmmədov.

Osman Əli məktəbi, Şuşa seminariyasını bitirir, mühasib ixtisası alır, idarə işində çalışır. Hamı da onu Babanın doğma övladı kimi tanıyır.

37-ci ilin tutatutu başlamışdı. Osman Əli atası bildiyi Babanın dalınca Bayılda həbsdə yatan ata əvəzinin yanına gəlir, görüş alır, gizli planlarını qulağına pıçıldayır, çoxdankı tanışı Mir Cəfər Bağırova məktub yazdığını, cavab gözlədiyini də deyir, sonra onun da nə etməli olduğunu anladır.

Həbsxanadan gizli əlin köməyi ilə qaçan Baba İrana, ordan da Türkiyəyə keçir.

İndi növbə Osman Əlinin idi. Baba kimi kişilərin qədri bilinməyən məmləkətdə yaşamaq artıq onu da məngənə kimi sıxırdı.  Yaxşı ki, hələ subay idi, əl-ayağına dolaşanı yoxuydu.

Xanlıq kolxozunun ona təhkim olmuş qaşqa atını minib sürür Zəngilana hesabat verməyə. Qayıdanbaş  Arazboyu kənddə sakit bir yer tapıb gecənin düşməyin gözləyir, irəlicədən pəsətlədiyi yerdən Arazı vurub keçir İrana. Ərzurumda Babanı arayıb çox çətinliklə tapır, ömrünün sonuna kimi ona oğulluq borcunu sədaqətlə yerinə yetirir.

Və bu da son. İl 1974. Ömrünün 90-cı ilini yaşayan Baba kişi hiss eləyirdi ki, Allahın verdiyi möhlət bitmək üzrədir. İllərdir, vətəndə qalan oğul-uşaqlarının da hamısının sevgisin, iyin aldığı, cani-könüldən mehri-məhəbbət bağladığı, onun qayğısını çəkən, yanından bir addım ayrılmayan Osman Əliyə üzünü tutub deyir:

- Oğul, məni həmin yerə apar, o taya baxım yenə, yaman çox darıxdım...

Babanın Vətəndən bu taya keçəndən məskun olduğu köy - Ərzurumun Xorasan kəndi onun dünyaya göz açdığı, ayaq tutub yeridiyi, cavanlıq illərini keçirdiyi Qubadlıdakı Fərcan kəndinə çox bənzəyirdi, burada illərdir o taydan qırmısı urusun çəkilib gedəcəyi xəbərini gözləyə-gözləyə qalmışdı.

Məzar yerin də nişanlamışdı, düz təpənin üstündə, üzü qibləyə yox, Vətənə baxan yerdə.

Bir gün də Osmana deyir ki, uşaqları da çağırmışam gəlirlər, o səs yazanı da gətirəcəklər.

Və budur, yüzbaşı Baba illərdir hər səhər ayaqla çıxdığı təpəyə bu dəfə at üstündə köməklə qalxır. Bu illərdə tez-tez onu dinləmək, Vətənin ətrini almaq üçün yanına gələn əslən butaylı yazar, iş adamı Əli Turan bir tərəfində, Türkiyə Baş naziri Süleyman Dəmirəlin müşaviri olmuş Erol o biri yanında, övladlarının başı saydığı Osman Əli də qarşısında dayanıblar.

- Dediklərimi, səsimi, özümü çəkib yazın, o tayda qalanlarımdan gələnlər olacaq, mən görə bilmədim, daha gözləməyə səbrim yetmir, əcəl aman vermir daha, bir az  tez, bir az gec, mütləq gələcəklər, qoy bu  vəsiyyətimi öz dilimdən, ağzımdan eşitsinlər...

Yüzbaşı Babanın səsi yazılmış həmin videolent illərdir Türkiyədə, Azərbaycanda yaşayan çox sayda övladının, qohum-əqrəbasının evindədir, sözləri dillərdə əzbərdir:

- Doğma yurd! Sən nə şirin imişsən! Səni belə sevməsəydim, heç bu qədər yaşaya bilməzdim, sənə qovuşmaq üçün ümidlə yaşadım, səni bu qədər sevməsəydim, başıma bu qovğalar da gəlməzdi. Sənin şirinliyindən mənə ömrüm boyu zəhər dadızdırsalar da, səni yenə canım qədər sevdim... Ax, doğma yurdum, kəndim, canım elim-obam, sənsiz necə yaşadım bu illər uzunu, sənə qovuşmadan son yolçuluğa getmək nə qədər çətindir bilsən... Ax, Vətən, Zəngəzur, Qubadlı, Fərcan elim...

 





12.11.2020    çap et  çap et