525.Az

Tarixi qələbəmizin sevinci insanlarda yardımlaşma istəyi yaradıb


 

QAZAXIN KƏNDLƏRARASI AVTOBUSLARININ SÜRÜCÜLƏRİ SƏRNİŞİNLƏRƏ BİR GÜN PULSUZ XİDMƏT EDİBLƏR

Tarixi qələbəmizin sevinci insanlarda yardımlaşma istəyi yaradıb<b style="color:red"></b>

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək, əzəli torpaqlarımız uğrunda apardığımız Vətən Müharibəsində şanlı qələbəmizin - Ermənistanın faktiki təslim olmasının müjdəsini verməsi hər bir azərbaycanlı tərəfindən böyük coşqu, sevinc, fərəh hissi ilə qarşılandı.

Ölkəmizin dörd bir tərəfində yaşayan sadə vətəndaşlarımız öz sevinclərini son üç onillik ərzində misli görünməmiş bir ruh yüksəkliyi ilə izhar etməkdədirlər. Qələbə sevinci azərbaycanlıların ürəklərindəki ən nəcib duyğuları da yenidən dirçəldib desək, yanılmarıq.

Bu baxımdan, hər gün Qazax şəhərindən onun kəndlərinə işləyən kiçiktutumlu avtobus sürücülərinin xeyriyyəçi nümunəsi də buna bariz misallardandır. Həm doğma Qarabağımızın azad olunmasını, həm də Qazaxın işğal altında olan 7 kəndinin - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərinin geri qaytarılacağını barədə xəbərləri böyük ruh yüksəkliyi ilə qarşılayan bu "ürəkli" sürücülər tam bir gün ərzində öz sərnişinlərindən, kəndlilərdən yol haqqını almayıb, onları mənzil başına pulsuz çatdırıblar.

Qazax Avtovağzalının  xətdə olan 60 marşrutunun sürücüsünün bu nəcib təşəbbüsü sayəsində 4 min nəfərədək sərnişinə təmənnasız xidmət göstərilib.

"Birliyimizin, həmrəyliyimizin zirvəsi olan Qələbə Gününün sevincini bu yolla xalqla bölüşmək istəmişik. Bu günlərdə hər kəsin ürəyi həm sevinc və qürur hissləri, həm də qarşısına çıxan hər bir kəsin hansısa işinə yaramaqla birliyimizi nümayiş etdirmək istəyi ilə doludur", - deyə sürücü,  Aşağı Salahlı kənd sakini Sərxan Hacıyev öz həmkarlarının fikirlərini çatdırır.

Bu mərd sürücülər həmçinin, hər dəfə yola düşməzdən əvvəl öz sərnişinlərinə üz tutaraq, Qələbəni bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid atalarının, analarının, ailələrinin qarşısında baş əydiklərini, özlərini hər bir şəhid ailəsinin üzvü hesab etdiklərini, onların ağrı-acılarını öz ağrı-acıları bildiklərini dilə gətiriblər.

Heç şübhəsiz, üç onillik ərzində intizarla gözlədiyimiz Böyük Günün taleyimizə mübarək gəlişi bütün azərbaycanlılar üçün həyat eşqininin təzələnməsi, onun intibahı sayıla bilən tarixi bir andır.

"Baxın, insanların şəxsi həyatı boyu onlara sevinc, fərəh bəxş edən bir çox anlar olur. Amma böyük, bütün cəmiyyət miqyasında baş verən tarixi qələbələrin impulsu hər bir vətəndaşın ürəyinə öz milləti üçün qürur və fərəh hissləri impulsu verməklə onlarda Vətən naminə birlik, həmrəylik, daha işiqlı gələcək üçün fəaliyyət  istəklərini coşdurur. İndi ölkəmizin hər bir guşəsində insanların bir-birinə necə doğmalaşmasını müşahidə etmək olar. Bu, bizim ölkəmizdə əmin-amanlıq, etibar, sabahkı günə inam hisslərini artıran əhəmiyyətli amillərdəndir", - deyə gəncəli psixoloq Zahid Tağıyev qeyd edir.

Elə sadə insanların öz könüllərindən və əllərindən gələn imkanları ilə bir-birinin qulluğunda durmaq istəkləri də bu təzahürlərdəndir.

Zakir MURADOV
Qazax-Gəncə

 





13.11.2020    çap et  çap et