525.Az

"Mənim üçün dünyada Şuşadan gözəl yer yoxdur" - Müsahibə


 

VASİF QULİYEV: "ŞUŞAYA 30-40 İL ƏVVƏL NECƏ GEDİRDİMSƏ, İNDİ DƏ O CÜR GEDƏCƏYƏM, ELƏ BİL, BU ŞƏHƏR HEÇ VAXT İŞĞAL OLUNMAYIB"

"Mənim üçün dünyada Şuşadan gözəl yer yoxdur" - <b style="color:red">Müsahibə </b>

Rəşadətli Azərbaycan Ordusunun təxminən 30 ildən bəri həsrətini çəkdiyimiz işğal altındakı torpaqlarımızı bir-birinin ardınca azad etdiyi günlərdə yəqin ki, hər birimizin dilinin əzbəri olan sözlərdən biri də "Şuşa" kəlməsi idi.

Uşaqdan-böyüyə hər birimiz Müzəffər Ordumuzun o müqəddəs şəhəri də işğaldan azad edəcəyi xəbərini səbirsizliklə, böyük təşnə ilə gözləyirdik.

Şuşa soraqlı o günlərdən birində - Şuşadan olan tanınmış jurnalist, Qarabağ tarixinin, mədəni irsinin yorulmaz tədqiqatçısı Vasif Quliyevlə görüşüb söhbətləşdik.

Söhbətimizin mövzusu da təbii ki, arzularımızın şəhəri olan Şuşa idi. Biz söhbət eləyəndə noyabrın 6-sı idi, Şuşanın işğaldan azad olunmasına hələ iki gün vardı. Nəhayət, noyabrın 8-də arzularımız gerçəkləşdi - Şuşa 28 il 6 aydan sonra Müzəffər Ordumuz tərəfindən düşmən torpağından azad olundu.

Vasif Quliyevlə qələbə günü ərəfəsindəki Şuşa həsrətli söhbətimizi oxuculara təqdim edirik.  

***

- Vasif müəllim, bəlkə də, başqasından soruşsaq, bir qədər şablon görünə bilər, amma yaradıcılığını Şuşaya, Şuşanın tarixinin, mədəni irsinin araşdırılmasına həsr eləmiş bir adam kimi sizdən soruşsaq, yəqin şablonluğunu itirər: Şuşa sizin üçün nədir?

- Şuşa mənim üçün hər şeydir - həm atamdır, həm anamdır, həm bacımdır, həm qardaşım, həm övladlarım. Mənim üçün dünyada Şuşadan gözəl ikinci bir şəhər yoxdur. Mən müəyyən dövrlərdə dörd şəhərdə yaşamışam və hər birini də çox sevirəm: birincisi Şuşa, ikincisi Xankəndi, üçüncüsü Bakı, sonra isə Moskva. Bu şəhərlərin hamısı mənə əzizdir, amma Şuşa onların hamısından əzizdir. 1992-ci ildə Şuşa itiriləndən sonra şuşalıların çoxu elə bilirdilər ki, mən də Şuşada yaşayıram, məndən soruşurdular ki, Bakıda yerləşə bilmisinizmi? Deyirdim ki, mən Şuşanın qeydiyyatından çıxmışam. Bakıda işim-gücüm, evim olsa da, həmişə bir ayağım Şuşada idi, ona görə də elə bilirdilər ki, mən orada yaşayıram. Şuşaya o qədər bağlı idim ki, oraya gedəndə qayıtmaq istəmirdim, Bakıya gələndə də darıxırdım. Özü də Şuşaya gedəndə evdə oturmurdum, səhər evdən çıxıb, bir də gecə saat 2-3-də qayıdırdım. Bütün günü şəhəri gəzirdim. Şuşanın hər daşı tarixdir, oranın hər qarışını gəzmişəm və hər evin yaranma tarixinəcən bilirəm. Mən arxivdə işləyirəm, orada Şuşa ilə bağlı nəsə bir fakt tapanda elə bilirəm ki, Şuşadayam.

- Şübhəsiz, Azərbaycanın hər qarışı bizim üçün əzizdir. Amma Şuşanın bir qəribə aurası, mistikası var. Bu, nədən irəli gəlir?

- Şuşa təkcə indi yox, elə yarandığı gündən mistik, sirli görünüb. Pənahəli xan Cavanşir Şuşa şəhərinin bünövrəsini qoyandan sonra Ərdəbildən, Təbrizdən, Gəncədən, İrəvandan, eləcə də Şərqin müxtəlif şəhərlərindən mütəfəkkirlərin, şair-yazıçıların, sənətkarların hamısını Şuşa şəhərinə gətizdirmişdi. Şuşa dahilər şəhəri idi. Üzeyir bəy Hacıbəyov, Niyazi, Rəşid Behbudov, Fikrət Əmirov musiqimizin dahiləri idi, Bülbül səsin dahisi idi və sair və ilaxır. 1920-ci ilə qədər Şərqin, Rusiyanın, Avropanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış 900 nəfərə yaxın azərbaycanlının təxminən 200 nəfəri şuşalı olub. Başqa bir faktı da deyim, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin xaricə təhsil almağa göndərdiyi 100 nəfərdən 25-i də şuşalıdır. Onlar haqqında müxtəlif vaxtlarda oçerklər yazmışam.

- Bir də Şuşanın simvolu olan Xarı bülbül var...

- 1978-ci il idi. Xalq şairi Məmməd Arazın redaktorluğu ilə çıxan "Azərbaycan təbiəti" jurnalında Azərbaycanın ilk akademik qadını, əslən şuşalı olan Validə xanım Tutayuqun Xarı bülbül haqqında bir yazısı çap olunmuşdu. Yazıda xarı bülbüllə bağlı yazılanların dəqiqliyini yoxlamaq üçün Şuşaya getdim. Cıdır düzündə bir xarı bülbül gülünü nişanlayıb hər gün müşahidə etməyə başladım. Xarı bülbülün 70-80 santimert boyu, hər budağında aşağıdan yuxarı sıralanan 5-7 çiçəyi olur. Birinci gün gedəndə gördüm ki, ən aşağıdakı çiçək açıb. Səhərisi gün ondan yuxarıdakı, o biri gün ondan da yuxarıdakı. Beləcə, hər gün sıra ilə aşağıdan yuxarı o çiçəklərin biri açırdı. Tam açılandan sonra isə Xarı bülbül yenə eyni sıra ilə solmağa başlayır. Xarı bülbülün ətri olmur, may-iyun aylarında açır, kökü kartof bitkisinin kökünə bənzəyir.

- Şuşa ilə bağlı xatirələriniz çox olar yəqin.

- Bəli, xatirələrim çoxdan da çoxdur, lap çoxdur. İndi sizinlə müğənni Bülbül ilə bağlı maraqlı bir xatirəmi bölüşüm. Mən Şuşada Bülbülün konsertində bəlkə də, 10 dəfə olmuşam. Bülbül haqqında xatirə də yazmışam. Bir dəfə Bülbül Şuşada şəhərin rəhbər vəzifəli adamları ilə Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarətə getmişdi. Uşaqlarla onların dalınca düşüb biz də getdik. O vaxt uşaq olduğumuza görə bizi konsertlərə buraxmırdılar. Muzeydən çıxanda dedim ki, Bülbül əmi, bizi sizin konsertinizə buraxmırlar. Bülbül elə oradaca onu müşayiət edən Şuşanın birinci katibinə konsertə uşaqları da buraxılmasını xahiş etdi. Həmin gün getdik, bizi Bülbülün konsertinə buraxdılar. Dediyim kimi, Şuşa ilə bağlı xatirələrim çoxdur. Yəqin o xatirələrim yaxınlarda işıq üzü görəcək. Məsələn, 1967-ci il hadisələri indi də gözümün önündədir. Ermənilər 90-cı illərdə Azərbaycanda başlatdığı qırğınları 67-ci ildə də etmək istəyirdilər.

Mən 1990-cı illərin hadisələri dövründə dəfələrlə ölümdən qurtarmışam. Birini deyim. Bir dəfə avtobusla Şuşadan Ağdama gəlirdik. Bir maşın yaxınlığımızdan ötüb keçdi, düz bizim qarşımızda həmin maşın minaya düşdü. Erməni uşaqları təpələrin başına çıxıb bizim maşınları daşlayırdılar. Bir dəfə yenə Şuşadan qayıdanda gördüm ki, ermənilər yığışıblar, maşınları gözləyirlər ki, daşlasınlar. Bizim avtobusu daşlamağa başlayanda avtobusdan düşüb ermənilərin üstünə yüyürdüm. Məqsədim bu uşaqlardan birini tutub Ağdama aparmaq idi. Amma onlara çatanda məni mühasirəyə aldılar. Əlbəyaxa olduq, köynəyim cırıldı. Təkləmişdilər məni. Birtəhər əllərindən çıxıb avtobusa tərəf getdim. Yenə daşlamağa başladılar. İri daşın biri qabırğama dəydi. Bu günə qədər də əl vuranda onun ağrısını hiss edirəm. Bəzən televiziyada görürəm, belə şeyləri ağlaşma kimi verirlər. Amma bu, doğru deyil. Xüsusilə də şəhidə ağlamaq olmaz. İndi mən buna ağlayım? Xeyr. Onlar vətən uğrunda şəhid olublar və bundan uca heç nə yoxdur. Düzdür, bir insan kimi mən də ağlamışam, amma yas saxlamaq olmaz.

- Yaradıcılığınızın, bəlkə də, 99 faizi Şuşadır...

- Bəli, Şuşaya aid 20-dən çox kitabım var. 1971-ci ildən bəri, düz 49 ildir Şuşa ensiklopediyası üzərində işləyirəm, 1-2 ilə hazır olar yəqin. Bayaq danışdığım Xarı bülbül haqda bir kitab da çap etdirmişəm, o kitabda Xarı bülbülə yazılmış şeirlər və müxtəlif yazılar toplanıb. Bu yaxınlarda o kitabı yenidən çap etdirmək fikrindəyəm. Son kitabım isə "Mehmandarovlar" adlanır. Şuşanın məşhur Mehmandarovlar nəsli haqdadır.

- Ermənilər Şuşanı işğal etdikləri əməliyyata "Dağlarda toy" adı vermişdilər. Sizcə, Şuşanın işğaldan azad olunması əməliyyatı necə adlandırmaq olar?

- Mən "işğal" sözünü qəbul etmirəm. Şuşa satılıb. Rəhim Qazıyev kimi adamlar tərəfindən. O, bir söz demişdi, "Şuşa getsə, başıma bir güllə çaxacağam". Həmin sözü Rəhim Qazıyev birinci dəfə şəxsən mənə deyib. 1992-ci ilin fevralında Şuşada idim. Gördüm ki, səs-küy gəlir. Tanklar, BTR-lər şəhərə girdi. Əsgərlər əllərində avtomatla havaya atəş aça-aça gəlirdilər. Bunlar Rəhim Qazıyevin dəstəsi idi, hamısı da içmişdi. Səhərisi gün dedilər ki, Rəhim Qazıyevi öldürmək istəyiblər, amma yaralanıb. Onun yanına getdim. Qaldığı yerdə əsgərlərdən ibarət üçqat mühafizə dəstəsi var idi. Heç Hitleri belə qorumurdular. Həmin il Şuşada elə bir şaxta var idi ki, camaat donurdu, nə qaz var idi, nə də işıq. Rəhim Qazıyevin otağı isə hamam kimi isti idi. Yarası-zadı yox idi, çox yaxşı görünürdü. Onda mən dedim ki, ermənilər hər yeri yavaş-yavaş işğal edirlər, belə getsə, Şuşanı da alacaqlar. Onda o dedi ki, Şuşa getsə, başıma bir güllə çaxacağam. Niyə çaxmadı? Çünki Şuşanı özü satdı. Qaldı ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatına, mən ona heç bir ad verə bilmərəm.

- İşğaldan azad olunandan sonra Şuşaya ilk gedişinizdə nə edəcəksiniz?

- Bəziləri deyir ki, mən sürünə-sürünə gedəcəyəm, bəziləri deyir ki, torpağı öpəcəyəm, ağlayacağam və sairə. Mən Şuşaya 30-40 il əvvəl necə gedirdimsə, indi də o cür gedəcəyəm, gülə-gülə. Şəhərə girən kimi birinci Natəvanın evidir. Natəvanın evinin o biri tərəfində Üzeyir Hacıbəyovun, Rəşid Behbudovun, Süleyman Ələsgərovun evləridir. Birinci o evlərə gedəcəyəm. Yeganə istəyim o evləri salamat görməkdir...

Rəhman MİRZƏLİZADƏ

 





13.11.2020    çap et  çap et