525.Az

İlk müsəlman Respublikası: Azərbaycan - (Davamı)


 

İlk müsəlman Respublikası: Azərbaycan - <b style="color:red">(Davamı)</b>

(Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi)

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda bolşeviklərin 1920-ci il may ayının 28-də hakimiyyətə gəlişi Fransaya getmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri kimi, C.Hacıbəylinin də doğma vətənə qayıdış yolunu kəsmişdi. Həyatının qalan hissəsini Fransada keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini mükəmməl bilməsi sayəsində bu ölkədə də jurnalistlik fəaliyyətini davam etdirmişdi.

C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik jurnalı"nda, "İki dünya", "Müsəlman aləmi" jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm yazılar dərc etdirmişdi.

Fədakar azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr ayında Parisdə nəşrə başlayan "Müsəlman aləmi" jurnalının ("Revne du monde musulman") 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində "İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli irihəcmli məqaləsi dərc olunmuşdu.

Qeyd edim ki, C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, indiyədək onun nədən bəhs etməsi barədə fikir söyləməyiblər. Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilə bilər.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

TƏRCÜMƏÇİDƏN

Ceyhun bəy HACIBƏYLİ

1918-ci il noyabrın 17-də başda general Tomson olmaqla Antanta qüvvələri Bakıya daxil oldular. Hökumət və əhali onları istiqanlılıqla qarşıladılar.

Hər şeydən əvvəl Azərbaycan hakimiyyətinə qarşı yönəlmiş çoxlu sayda fitnələr var idi. Onların arasında yeni dövlətin müstəqillik ideyasının qatı düşmənləri general Tomsonu aldatmaq üçün yollar axtarırdılar. Get-gedə general Tomson, həmçinin, Fransa və Amerika hərbçilərinin nümayəndələri hadisəyə düzgün qiymət verməyə çalışdılar. Azərbaycan xalqının loyallığına onların etibarı artdı. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı uzun müddət həyəcanlı dövrlərdə bəzi məlumatsız ruslar və şovinist ermənilər tərəfindən amansızlığın qurbanı oldu. Bütün bunlara baxmayaraq, onlar yaxşı hisslərini qoruyub saxladılar, Şərqdə yayılmış qan qisası almaq arzusunda olmadılar; hakimiyyəti ələ alan kimi cəzaların yerinə onlar mütləq ədalət və gördükləri bütün vəhşiliklərin əvəzinə əbədi "unutqanlıq" nümayiş etdirdilər. Bütün bu hadisələri yerli hökuməti rəsmən tanıdığı Antantadan gizli saxlamaq mümkün deyildi.

Sərhədlərin müəyyənləşdirilməsi üçün Azərbaycan bu məsələni silah gücünə həll etməyi qərara alan qonşularının yolu ilə getmədi. Azərbaycan hətta çox böhranlı anlarda belə  soyuqqanlıqla və mötədilliklə məsələnin sakit həllini və arbitaj tərəfdarlığını bəyan etdi.

***

Bədbəxtlikdən, azərbaycanlıların bu nümunəsi başqaları tərəfindən qəbul edilmədi. Bəzi erməni ünsürləri nəticə ilə hesablaşmayaraq vəziyyətdən  istifadə etməyə, sərhəd bölgüsünü sübuta yetirən dəlillərlə razılaşmayaraq Azərbaycan hökumətinin yaratdığı stabilliyi hər vəchlə pozmağa səy göstərirdilər. Beləliklə, Andronikin rəhbərliyi altında üsyan edən Türkiyə erməniləri amansızlıqla və biabırçı vəhşiliklə Qarabağın müsəlman kəndlərini dağıtmağa, əhalisinə aman vermədən qırmağa davam edirdilər. Bununla onlar regionda ermənilərin sayını artırmağa çalışırdılar.

Azərbaycan komandanlığı bütün diqqətini Bakıya yönəltdiyi müddətdə hadisələrdən istifadə edən Andronik yayın 3 ayı ərzində Şuşa şəhərini mühasirədə saxladı və ətrafla əlaqəsini tamam kəsdi. Mühasirəyə alınmış müsəlmanların vəziyyəti çox ağır idi. Onlar nəinki ərzaqdan məhrum olmuşdular, habelə yayın bu qızmar günlərində içməli su çatışmırdı. Bu bədbəxtlər quyulardan çıxardıqları duzlu suyu işlətməyə məcbur idilər. Bakını alan  Azərbaycan ordusu tezliklə Şuşa şəhərini də azad etdi. Şəhər uğrunda döyüşlərdə az qan töküldü: bütün bu əməliyyat zamanı 2, yaxud 3 erməni üsyançı məhv edildi.

Burası var ki, Şuşanın erməni əhalisi də azərbaycanlı əsgərləri istiqanlıqla və gül-çiçəklə qarşıladı. Amma Azərbaycan hərbi qüvvələri regionu tərk edən kimi, Andronikin quldur dəstələri müsəlman kəndlərində yenidən soyğunçuluğa və qətliam törətməyə başladılar.

Bu cinayətlər hətta Antanta qüvvələrinin Bakıya gəlişi və onların şəhərdə qaldıqları müddətdə də davam edirdi. Belə vəziyyət Parlament və əhali arasında böyük həyəcana səbəb olurdu. Cəza sistemini bəyənməyən Azərbaycan hökuməti Antanta qüvvələrinin rəhbəri general Tomsona müraciət etdi. O isə Qafqazda sakitliyi təmin edəcəyini bildirdi. General Tomson erməni üsyançıların olduqları yerlərə aşağıdakı məzmunda məktub göndərdi: Xəbərdar edirəm ki, ermənilər soyğunçuluq və cinayətlər törədirlər. Antantanın nümayəndəsi kimi, bu qanunsuzluqlara son qoymağı və bütün ermənilərin öz evlərində sakit qalmaları barədə ölçülər götürülməsini əmr edirəm. Siz bu əmrləri yerinə yetirmədiyiniz təqdirdə nahaq qan tökülməsinə şəxsən məsuliyyət daşıyacaqsınız. Bu məktubun qəbulu barədə fikrinizi bildirməyi xahiş edirəm.

Lakin Andronik Antanta qüvvələri rəhbərinin məktubundan sonra belə hərəkətlərini dayandırmadı. Belə olan halda general xüsusi komissiya və ayrıca zirehli maşınları Qarabağa göndərməyə məcbur oldu.

Bir qədər sonra Andronik Azərbaycan ərazisini tərk etdi. Nazirlər Kabineti 15 yanvar tarixli iclasında Qarabağa general qubernator təyin etdi.

Azərbaycan hökuməti və Parlamenti Versal sülh konfransı qarşısında yeni dövləti müdafiə etmək və (Müstəqilliyini tanıtmaq məqsədilə) yanvar ayında Parisə nümayəndə heyəti göndərdi. Qeyd etmək lazımdır ki, şəxsən general Tomson və ümumiyyətlə Böyük Britaniyanın hakim dairələri bu nümayəndə heyətinin səfərini asanlaşdırmaq üçün çox iş gördülər. Eyni zamanda, təəssüflə etiraf etmək yerinə düşər ki, Azərbaycan Respublikasının nümayəndə heyəti Konstantinopolda Antantanın bir neçə  nümayəndəsi tərəfindən törədilən çətinliklə  qarşılaşdı. Yanvar ayının 19-da Konstantinopola gələn nümayəndə Parisə yola düşmək üçün yalnız aprelin 22-də Osmanlı paytaxtını tərk etdi. Nümayəndə Parisə getmək üçün məcburən İtalyadan keçməli oldu.

Romada nümayəndə heyətini həmin vaxt Parisdə olan M.Sonninonu əvəz edən qraf Sforza qəbul etdi. Qraf öz növbəsində Azərbaycana İtaliya hökumətinin xoş niyyətlərini çatdırdı. Nümayəndə həmçinin, Ticarət Palatasının sədri tərəfindən də qəbul edildi.

Parisdə Azərbaycan nümayəndə heyəti Amerika prezidenti Vudro Vilson tərəfindən qəbul edildi. Prezident bildirdi ki, Birləşmiş Ştatlar azad olmağı arzu edən bütün millətlərə xeyirxah münasibət göstərir.

Eyni vəziyyətdə nümayəndə heyəti Böyük Britaniyanın dövlət adamları tərəfindən qarşılandı.

Nümayəndə heyəti onların xahişlərinin qəbul ediləcəyinə ümidvar olduqlarını bəyan etdi. Rus rejimi indiyə qədər ziyalı və əxlaqi təsirin hökmranlıq etdiyi İran və Türkiyə tək qonşu müsəlman dövlətlərində Azərbaycana öz zəngin təbii yeraltı və yerüstü sərvətlərindən istifadəyə heç vəchlə icazə vermirdi.

Fransa və Azərbaycanın yaxınlaşması üçün axırıncı ölkənin dövlət adamları fransız mühitinə arxalanaraq belə hesab edirlər ki, məhz xüsusi tədqiqatları sayəsində region, əhalisi və ümidverici vəziyyət barədə onların məlumatları vardır. Bu məlumatlar Azərbaycanı fransız ictimaiyyətinə tanıtmaqda yeganə və legitim arzusunu formalaşdırmaqda; inkişaf etmiş millətlərin azad ailəsinə azad üzv kimi daxil olmaqda vasitəçi xidmət göstərə bilər.

***

Nəticə çıxarmaq üçün Azərbaycanın coğrafi vəziyyəti barədə bir neçə söz demək lazımdır.



Qafqaz Azərbaycanının tarixi və təbii sərhədləri vardır. Lakin tarixi ənənələri və müstəqillik xatirələrini silmək istəyən rus inzibati dairəsi onu zorakı surətdə ayırdı. Bunun üçün də yeni Dövlət hazırda qonşuları - gürcülərin və ermənilərin əlində olan və üç dövlət arasında mübahisə doğuran ərazisinin bəzi hissələrinə indiyə qədər əsl sahibi kimi daxil ola bilmir.

Diqqətə çatdırmaq lazımdır ki, ərazi müzakirələrində Azərbaycan arbitraja müraciət etməyi və ümumi səsə qoymağı təklif etməklə həmişə barışdırıcı mövqe tutub. Respublikasının hazırkı sərhədləri belədir: - şimalda - Şimali Qafqaz Respublikası; şimal-qərbdə - Gürcüstan; qərbdə - Ermənistan; cənubda - Araz çayı ilə ayrılan İran; şərqdə - Xəzər dənizi.

Rus inzibati idarəsinin bölgüsünə görə Azərbaycan Respublikası aşağıdakı üsulla bölünür:

I. Aşağıdakı ərazilərin aid olduğu Bakı quberniyası:

1. Bakı prefektoru;

2. Bakı departamenti;

3. Cavad  

4. Göyçay 

5. Şamaxı 

6. Quba 

7. Lənkəran

II. Yelizavetpol (Gəncə) quberniyasına aşağıdakılar daxildir:

8. Yelizavetpol (Gəncə) departamenti;

9. Cavanşir

10. Nuxa 

11. Ərəş  

12. Cavad

13. Şuşa

14. Qaryagin (Cəbrayıl)

15. Qazax, dağlıq hissə Azərbaycanla Ermənistan arasında mübahisəlidir.

III. İrəvan quberniyasına daxildir:

16. Naxçıvan departamenti;

Sürməli

17. 1/5 Yenibayazid

18. 1/2 Şərur-Dərələyəz

IV. Tiflis quberniyasına daxildir:

19. Borçalı departamenti;

20. 1/5 Tiflis

21. 1/3 Sinaşah

V. Zaqatala mahalı:

Azərbaycan təbii sərvətlərlə zəngindir. Dünyada tanınmış Bakı neftindən başqa, Muğan və digər regionlarında geniş pambıq plantasiyalarını, çox sevilən kürü fabriklərini, xüsusilə, Quba mahalının Yalama stansiyasından başlayaraq İran sərhədində Lənkəran departamentinin Astara şəhərinə qəsdər uzanan Xəzər dənizi və Kür çayı sahilindəki böyük balıqçılıq təsərrüfatını, Gəncə, Nuxa, Şamaxı və digər mahallardakı  üzüm və meyvə bağlarını misal göstərmək olar. Bakı və Gəncə departamentlərində yerli əhaliyə məxsus torpaq sahələrində bütün növ dənli bitkilər istehsal edilir.

Bu quberniyalarda hələ indiyə qədər az öyrənilmiş mis, kükürd, əhəng yataqları, bitki yağları, həmçinin, kükürdlü mineral sular və digər yeraltı sərvətlər vardır.

Qarabağ dağlarında həkimlər tərəfindən yüksək qiymətləndirilən mineral sular, qazlı sular, isti bulaqlar, müalicəvi ekzema və sairələr mövcuddur.

Qeyd etmək lazımdır ki, bütün bu sərvətlərdən hələlik tam istifadə edilməyib.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





16.11.2020    çap et  çap et