525.Az

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna başlanılıb


 

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna başlanılıb<b style="color:red"></b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib.

2019-cu ildə isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub.  Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirir.

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Noyabrın 11-dən etibarən 2021-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə növbəti sənəd qəbulu prosesinə start verilib.  Sənəd qəbulu prosesi dekabrın 15-dək davam edəcək.

"Dövlət Proqramı" çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan vətəndaşları 2021-ci il yaz semestri üçün sənəd qəbulunda iştirak etməlidir. Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Təhsil Nzirliyindən verilən məlumata görə, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın şərtlərinə əsasən, namizədlər ixtisası üzrə xarici universitetlərə müraciət ünvanlayıb dəvət aldıqdan sonra Təhsil Nazirliyinə sənədlərini təqdim etməlidir. Namizədlərin dəvət aldıqları ali təhsil müəssisəsinin adı isə mütləq şəkildə Təhsil Nazirliyinin 500-ə yaxın nüfuzlu universitetin adının yer aldığı siyahıda olmalıdır. Bu siyahıda yer alan universitetlər beynəlxalq "Times Higher Education (THE) World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq siyahısından seçilib: "Qeyd edim ki, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alacaq şəxsləri xarici ali təhsil müəssisələrinə təhsil almağa  Təhsil Nazirliyi göndərmir. Nazirlik ali məktəbə qəbul və seçim prosesinə qarışmır. Doktorantlar universitetə qəbul olunduqdan sonra Nazirliyə müraciət edir. Təhsil Nazirliyi də müvafiq qaydalar əsasında onların təhsilinin maliyyələşməsini təmin edir.

Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsilini tamamlayanlara da "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində yenidən təhsil almaq imkanı verilir. Ancaq ikinci dəfə eyni səviyyə üzrə təhsil almaq üçün bəzi şərtlər müəyyən edilib. Belə ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə dövlət sifarişli yerdə təhsil alan şəxslərə dövlət vəsaiti hesabına ikinci şans verilmir. Azərbaycanda ödənişli əsaslarla doktorantura təhsili alan şəxslər isə tədqiqatını tutarlı şəkildə əsaslandırmalıdır ki, eyni səviyyə üzrə bu dəfə xaricdə doktorantura təhsili ala bilsinlər.



Nazirlikdən bildirilib ki, hökumətlərarası təqaüd proqramları üzrə təhsil alanlar isə doktorantura səviyyəsi üzrə təhsilinin 50 faizə qədərini tamamladığı təqdirdə Dövlət Proqramında iştirak etmək hüququ qazanır. Həmin proqramlar üzrə təhsilin digər səviyyələrində təhsilini tamamlayanlar isə istisnasız yeni Dövlət Proqramından yararlana bilər.

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağın ən vacib şərtlərindən biri isə təhsilalanın ölkəyə döndükdən sonra çalışacağı təhsil müəssisəsi ilə bağlıdır. Belə ki, xaricdə doktorantura təhsili almaq istəyənlər Təhsil Nazirliyinə müraciət edəndə, sadəcə təhsil almaq istədiyi xarici universiteti deyil, həm də təhsilini başa vurduqdan sonra qayıdıb işləyəcəyi ali təhsil müəssisəsinin adını göstərməlidir: "Təhsilalanın Dövlət Proqramından ancaq üçtərəfli - Təhsil Nazirliyi, təhsilalan və onun çalışacağı universitet arasında müqavilə bağlandığı təqdirdə yararlanması mümkündür. Bu  universitetlərdə çalışan, təhsilini davam etdirmək istəyən və bunu maddi çətinlik üzündən reallaşdıra bilməyən gənclərə dəstək məqsədi daşıyır. Çalışacaqları universitetlə müqavilə onların qayıdarkən işlə bağlı hər hansı probleminin olmayacağına əminliyi üçün tələb edilir".

Məlumata görə, Dövlət Proqramı çərçivəsində gənclər demək olar ki, bütün istiqamətlər üzrə təhsil alacaqlar: "Gənclərə təbiət ixtisaslarından riyaziyyat, mexanika, astronomiya, fizika, kimya, biologiya, yer elmləri, coğrafiya ixtisasları üzrə təhsil almaq imkanı yaradılıb. Bu ixtisaslar arasında kənd təsərrüfatı üzrə aqrar elmlər, texniki və texnoloji ixtisaslar üzrə texnika elmləri, iqtisadiyyat üzrə iqtisadiyyat elmləri var. Burada təhsil, səhiyyə və humanitar istiqamətlər üzrə müvafiq ixtisaslarda da tədqiqatçı gənclərin təhsili maliyyələşdirilir. Məsələn, təhsil üzrə pedaqogika, psixologiya, təhsilin idarə edilməsi, səhiyyə və rifah üzrə əczaçılıq, səhiyyənin idarə edilməsi kimi əhəmiyyətli ixtisaslar".

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, xaricdə təhsil alanların maliyyələşdirilməsi qaydası da artıq məlumdur. Qaydalara əsasən, doktorantura təhsilinin maliyyələşməsi məsələsi əsasən iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət, universitetlərə qəbul olan tələbənin təhsil haqqının ödənilməsi, ikinci istiqamət, tələbənin yaşayış üçün xərclərinin ödənilməsi. Bu zaman məsələyə tələbənin oxuduğu yaşayış standartına uyğun baxılır. Əgər tələbə oxuyursa və təhsil xərcləri varsa, təhsil haqqı proqram tərəfindən veriləcək.

Əməkdar elm xadimi, təhsil eksperti Şahlar Əsgərov deyir ki,  sevindirici haldır ki, azərbaycanlı gənclərin xaricdə təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi ənənəsi bu gün də uğurla davam etdirilir: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası nəticəsində 3558 azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində ölkə üçün prioritet istiqamətlər üzrə təhsil almaq imkanı qazanıb. Onların demək olar ki, böyük əksəriyyəti təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb və müxtəlif sahələrdə yüksək ixtisaslı kadr kimi fəaliyyətini uğurla davam etdirir.  Mən əminəm ki, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" da digər Dövlət Proqramı kimi uğurla icra olunacaq. Bu proqramı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə dünya standartlarına uyğun səviyyədə təhsil alması baxımından çox əhəmiyyətli hesab edirəm. Məhz bu Dövlət Proqramı sayəsində Azərbaycan universitetləri xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almış və fəlsəfə doktoru dərəcəsi olan yüksəx ixtisaslı, peşəkar müəllim kadrları qazanmış olacaq".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





17.11.2020    çap et  çap et