525.Az

Badamiya - Səməd Səfərov yazır


 

Badamiya - <b style="color:red">Səməd Səfərov yazır</b>

2009-cu ilin oktyabr ayının əvvəli idi. Üç həftə idi ki, Mançester Universitetində magistratura təhsilinə başlamışdım.

Yenicə tanış olduğum banqladeşli tələbə Ruhuldan iranlı tələbə Bəhmənin bizi oktyabrın 12-də onların milli bayramını qeyd etmək məqsədilə yataqxanamızdakı nömrəsinə dəvət etdiyini eşidəndə yaddaşımı tez qurcalamağa başladım. Son həftələrdə farslarla ünsiyyət qurduqca nə qədər çox ortaq cəhətlərimizin və adətlərimizin olduğuna təəccüb etmişdim. Sonradan bir qədər götür-qoy edib fikirləşəndə özümə də heyrətləndim: neçə-neçə əsr eyni dövlətdə və coğrafiyada iç-içə yaşamışıq, əlbəttə ki, oxşarlığımız çox olacaqdı, burada qeyri-adi nə vardı ki?!

Beləliklə, 12 oktyabr gününə "milli bayram" kimi istinad ediləndə düşündüm ki, yəqin, bir azərbaycanlı kimi mənim də bələd olduğum bir əlamətdar tarixdən söhbət gedir. Amma yaddaşımı nə qədər sınağa çəksəm də, mənə nə əl verdi, nə də bir ipucu. Bu tarix dini bayramlarla da üst-üstə düşmürdü: Ramazan ayı təzə qurtarmışdı, Qurban bayramına isə az qala iki aylıq müddət vardı. Odur ki, bu günün İran üçün çox "milli" olduğu qənaətinə gəldim.

Təsadüfən eyni gündə və eyni vaxtda qrup yoldaşlarım ilə şəhərdə gəzməyə və restoranda şam etməyə niyyətlənirdik. Ona görə bir az tərəddüdlü idim. Ruhuldan Bəhmənin məclisə başqa kimləri çağırdığını soruşdum. Adlarını dilə gətirdiyi insanların heç birini şəxsən tanımırdım, hətta Bəhmən ilə də o günə qədər vur-tut beş-on dəqiqəlik ayaqüstü söhbətimiz olmuşdu. Yad insanlarla dolu məclisə qatılmaq heç cəlbedici görünmürdü, amma 12 oktyabr tarixinin sirri məni o qədər həyəcanlandırdı ki, istəmədən də olsa, razılıq verdim.

Qeyd edilən gün axşam yazılmamış tələbə qonaqpərvərlik qaydalarına əməl edərək bir neçə içki və yüngül qida məhsulları alıb, Bəhmənin yataqxanamızdakı nömrəsinin qapısını döydüm. Yataqxana yaşayış binasına bənzər quruluşa malik idi və hər nömrə üçotaqlı mənzili xatırladırdı: burada mətbəx, qonaq otağı və tələbələrin qaldığı üç ayrı şəxsi otaq vardı.

Qapı açılan kimi Bəhmənin bayrama xüsusi hazırlaşdığını dərhal anladım. O, milli fars libasında idi, saçını səliqəli daramışdı və şıq görünüşü ilə bir azdan səhnəyə çıxmağa hazırlaşan rəqqası xatırladırdı. Bəhmən məni görər-görməz çox yaxın dost kimi böyük hörmət və rəğbətlə salamladı. Bu vaxt onun çiyinləri arxasında qonaq otağının işıqlarının söndürülmüş olduğunu və adda-budda yanan şamlarla zəif aydınlandığını gördüm. Dəhlizdə qısa hal-əhval tutub, qonaq otağına daxil oldum. Buradakı iki masaya şərq naxışları ilə bəzədilmiş qırmızı rəngli süfrələr sərilmişdi. Onların birində çərəzlərlə dolu olan üzərində butalar çəkilmiş keramik kasa vardı, digərində isə üz qapağında gözoxşayan xətt ilə farsca yazı yazılmış qalın bir kitab. Çox düşünmədən kitabın Quran olduğuna inandım və bu qənaətə gəldim ki, bu gün, doğrudan da, hansısa bir dini bayram idi.

Otaqdakı türk, iranlı, banqladeşli və hindli qonaqlarla salamlaşıb, ovqatlarını xəbər aldım və özümü təqdim etdim. Onlar da mənim yataqxanamda qalırdılar və mənim kimi birillik magistratura təhsili üçün İngiltərəyə gəlmişdilər. Amma məndən fərqli olaraq bu tələbələr elektrik mühəndisliyi, mexanika mühəndisliyi, fizika və neft-qaz mühəndisliyi kimi texniki sahələr üzrə təhsil alırdılar. Hətta Bəhmən də biokimya mühəndisliyi üzrə oxuyurdu. Bu vaxt fikirləşdim ki, biznesin idarəetməsini oxuyan mənim mühəndislərdən ibarət belə bir ağır mühitdə duruş gətirməyim, yəqin ki, çətin olacaq və odur ki, gözümün ucu ilə saatı yoxladım ki, görüm, qrup yoldaşlarıma ən gec nə vaxt qatıla bilərəm...

Üstəlik, bu tələbələr bir-birlərini tanımırdılar və demək olar ki, ilk dəfə məhz burada ünsiyyət qururdular. Bundan dolayı, otaqda bir sıxılqanlıq və rəsmiyyət vardı. Qonaqlar qısa və bəsit suallarla bir-birlərini öyrənməyə çalışırdılar.

Bu an qəflətən kompyüterdən gələn və tar ilə kamançanın müşayiəti ilə çalınan həzin fars musiqisini eşitdim. Bayaqdan başım o qədər qarışıbmış ki, son dərəcə tanış çalğını diqqətdən qaçırmışam. Xeyli muğamı xatırladan bu ifa sanki yavaş-yavaş və zorla ruhumu əsir almağa başladı və sonrakı dəqiqələrdə tələbələrlə dialoq halında olsam belə, diqqətimi bu səsdən ayıra bilmədim. Artıq səbrim aşıb-daşırdı və marağa daha tab gətirməyib soruşdum:

- Bəhmən, bu gün nəyi qeyd edirik?

O, anidən qamətini düzəltdi, gülümsədi və sanki böyük bir qələbəni bəyan edəcək sərkərdə kimi təmtəraqla və qürurla bildirdi:

- Bu gün, yəni 12 oktyabr böyük İran şairi Hafiz Şirazinin doğum günüdür.



Ardınca Bəhmən Hafiz Şirazinin kim olduğunu qonaqlara anlatmağa başladı. Hamı onu maraqla və sakitcə dinləyirdi. Hafiz Şirazi haqqında, əlbəttə ki, eşitmişdim, bilirdim, bəlkə də, keçmişdə şeirlərini də oxumuşdum. Bəhmənin nitqinə qulaq asa-asa XIV əsrdə yaşayıb-yaratmış bir şairin xatirəsinin bu qədər əziz tutulması və doğulduğu günün müasir zamanda milli bayram kimi qeyd edilməsini eşitmək məni xoş heyrətləndirmişdi. Bu, yəqin ki, İran poeziyasının böyüklüyünün, qüdrətinin və təkraredilməzliyinin nişanəsi idi. Şeirə, xüsusən də, klassik Azərbaycan nəzminə marağı olan biri kimi çox təsirlənmişdim.

- Biz İranda bu əlamətdar gündə həmişə qohumlarla, dostlarla görüşüb, birlikdə şam edirik və Hafizin şeirlərini oxuyuruq - deyə, Bəhmən bildirdi.

Bu vaxt o, nitqinə fasilə verdi və qonaqlardan reaksiya və ya sual gözləyərcəsinə ətrafına göz dolandırdı. Amma umduğunu sıxılqan görünən insanlardan almayınca, Bəhmən Qurana bənzətdiyim kitabı masadan qaldırdı və sözünə davam elədi:

- Bu, Hafizin kitabıdır. Burada onun bütün əsərləri var. Hər bir iranlının evində həmişə Hafizin kitabına rast gələrsiniz. Onun doğum günündə bayram edərkən insanlar ürəyində bir arzu tutur və bu kitabın ixtiyarı bir səhifəsini açaraq oradakı şeiri səsli olaraq oxuyurlar. Şeirin məzmununa görə, insanlar arzuya çatıb-çatmayacaqlarını anlayırlar.

Bu dəfə qonaqlardan biri nəhayət həvəsə gəldi və Bəhməndən bəhs etdiyi bu adəti əyani olaraq nümayiş etdirməsini xahiş etdi. Bu vaxt xatırladım ki, bu adət mənim üçün də yad deyil. Babamgilin tanıdıqları hörmətli bir dindar adam var idi və hərdənbir babam onun yanına "məsləhətləşməyə" gedərdi. Bu məsləhətləşmə vaxtı babam özünü və ya ailə üzvlərini qayğılandıran və narahat edən filan-filan məsələlər haqqında kişiyə danışardı. Bu dindar alicənab isə Bəhmən kimi Quranı alardı əlinə, "bismillah" deyərək barmağını ilk öncə dilinə toxundurub isladardı və sonra kitabın ixtiyarı bir səhifəsinin üstünə qoyardı. Ardınca o səhifəni açıb, oradakı ayələri oxuyardı və babama o filan-filan məsələlər haqqında gözəgörünməzin məsləhətlərini nəql edərdi.

Bəhmən qonağın xahişini yerə salmadı. Fikrə gedib, arzu tutdu və fars dilindəki kitabın təsadüfi səhifəsindəki şeirin bir neçə bəndini təntənəli şəkildə oxudu. Daha sonra arzusunun həyata keçəcəyini sevincək gözlərilə bəyan etdi.

Məclisdəki soyuqluq hələ səngiməmişdi. İçimizdə ən çox Bəhmən coşğulu idi və insanları canlandırmağa çalışırdı. Amma onun cəhdlərinə rəğmən, qonaqlar hələ də bir-biri ilə ehtiyatlı danışırdı. Hətta elə bir təəssürat yaranırdı ki, sanki hamını zorla gətirib bir yerə toplamışdılar və ev sahibi olan Bəhmən də bunun fərqinə varıb, narahatlıq keçirirdi. Ona dəstək olmaq naminə dedim:

- Etiraz etmirsinizsə, indi də mənim növbəmdir. Farsca bilmirəm, amma ürəyimdə bir arzu tutacağam. Sonra internetdə Hafizin azərbaycanca şeirlərini tapıb, qarşıma çıxan ilk şeiri oxuyacağam.

Qonaqlar təklifimi müsbət qarşıladılar. İlk öncə arzu tutmaq lazım idi və tez qərar verdim ki, ağlıma gələn ilk şeyi seçəcəyəm. Amma nə qədər cəhd göstərsəm də, sanki təxəyyülüm kilidlənmişdi və görünür, yeni ölkədə və fərqli dildə təhsil almağa başlamağımın yaratdığı həyəcandan dolayı, ağlıma gələn ilk şey hədsiz bəsit olmuşdu: arzum "təhsili yaxşı qiymətlərlə və uğurla bitirmək" idi. Çarəsizlikdən bu istəklə razılaşdım və telefonumda Hafizin azərbaycanca şeirləri olan elektron kitabı tapdım. Kitabı açıb, təsadüfi bir səhifəyə gəldim və oradakı ilk şeirin ilk bəndini oxumağa başladım:

İç, şərab ilə dağıt dərdi, bəlanı, məhəni,
Qəm əlindən ala bilsə, alacaq badə səni.

Bəndi bitirər-bitirməz içimə məyusluq doldu. Halımı görən Bəhmən həyəcanla "Nə oldu? Nə oldu?" deyə soruşdu. Mətni ingilis dilinə tərcümə edib oxuyanda isə otaqdakı hər kəsin üzünə təbəssüm qondu.



Tezliklə Ruhul da məclisə qoşuldu və yemək seansı başladı. Bəhmən yaxınlıqdakı türk supermarketində İranda istehsal olunmuş konserv qutularda fisincanplov tapmışdı. Xörəyi qazanda qızdırıb, plastik boşqablarda qonaqlara payladı. Mən də bu plov növünün bizim mətbəxdə var olduğunu tələbələrə bildirdim.

Bir qədər sonra çəkingən söhbətimiz yenidən bərpa olundu və mövzu yenə dönüb-dönüb poeziyaya gəldi. Bu vaxt Azərbaycan klassik poeziyasında geniş yayılmış məşhur epitetləri xatırladım:

- Bizim şeirlərdə qadının gözəlliyini tərənnüm etmək üçün tez-tez "ayüzlü" sözündən istifadə edirlər - deyə, bildirdim.

- Bizdə də! Hətta "alma üzlü" də var - Bəhmən əlavə etdi.

- Qadının dodaqları haqqında "bal dodaqlı" da deyilir - türk bildirdi.

- Bəzən də qadın telini buluda oxşadırlar. "Bulud zülflü" deyirlər - hindli dedi.

Hamı təsdiq edərək razılaşdı və söhbət yavaş-yavaş canlanmağa başladı. Hər kəs öz xalqının ədəbiyyatından misal gətirir və eyni epitetin başqa xalqın ədəbiyyatında istifadə edildiyini eşidəndə xəzinə tapıbmış kimi sevinirdi. Sən demə, "mərmər sinəli", "sərv boylu", "qönçə dodaqlı", "çinar boylu", "gül yanaqlı", "armudu bədənli" və s. kimi epitetlər məclisdə təmsil olunan bütün xalqların poeziyalarında var imiş.

Burada, bəlkə də, qeyri-adi bir şey yox idi. Axı, əsrlər boyu bu xalqlar bir-birinə yaxın yaşamışdılar. Uzun dövlər İran poeziyası və fars dili bu coğrafiyada hakim mövqedə idi. Amma yenə də, bu oxşarlıq əsrlər sonra Mançesterdə bir yataqxana otağında təsadüfən bir araya gəlmiş, fərqli dillərdə danışan və müxtəlif mədəniyyətləri təmsil edən bu yad tələbələr arasında təəccübə səbəb olmuşdu. Hər nə qədər adi və bayağı görünsə də, aramızda belə bir ortaq cəhəti kəşf etmək hamıya xoş gəlmişdi. Bu, bizə nə qədər fərqli olduğumuzu deyil, əksinə, nə qədər bənzər olduğumuzu xatırladır, münasibətlərdəki buzları əridirdi.

- Bizim şeirlərdə gözlərin təsviri üçün başqa bir epitet də istifadə edilirdi. Amma ingiliscəsi yadımdan çıxdı - dedim və tərcüməni xatırlamağa çalışdım.

- Ağac adıdır? - banqladeşli soruşdu.

- Yox.

- Çiçək adıdır? - fars sual etdi.

- Yox, yox, yeməli şeydir.

- Meyvə?..

- Yox..

Müxtəlif sözlər səsləndirildi, amma heç biri doğru deyildi. Tərcüməsini bildiyim söz dilimin ucundaydı, amma ağlıma gəlmirdi ki, gəlmirdi. Ən sonda türk dinləndi:

- Türkçesini söyleyebilir misin?

- Unuttum. "Badem" ingilizce neydi?

- "Badəm"? - banqladeşli təkrar etdi.

- "Almond"? - fars tələbə badəmin ingiliscə tərcüməsini dilə gətirərək soruşdu.

- Bəli, "almond". - mən təəccüblə təsdiq etdim.

- Aaaa... Biz də "badəm" deyirik - Ruhul çığırdı.

- Biz də! - hindli dedi.

Anidən qəribə bir vəziyyət yaşandı. Otaqda azərbaycanlı, türk, fars, hind və banqladeşli tələbələr vardı və "badam" sözü bütün dillərdə eyni idi. Mən türk dilində "badəm" deyərkən hər kəs bu sözü öz dilində deyilmiş kimi eşitmişdi və anlamışdı. Bu təsadüfi hadisə hamını heyrətləndirmişdi və xeyli canlanmış olan məclisin qırılma nöqtəsi olmuşdu. Bundan sonra artıq o otaqda yad, təmkinli və sıxılqan adam yox idi: ağız-dolusu, içdən-içə, gülüşlü-çığırışlı söhbətlər başlamışdı. İnsanlar sanki bir-birlərini çoxdan tanıyırdılar və ilk dəfə deyil, bəlkə də, aylarla, illərlə münasibətdə imişlər təsəvvürü yaranırdı.

Hafiz Şirazinin doğum günü olan 12 oktyabr axşamında bu yadelli qonaqlar arasında bir çox mövzu müzakirə edildi. Sonrakı günlərdə möhkəmlənən münasibətlərimizin və dostluğumuzun bünövrəsi qoyuldu. Həmin tədris ilində birlikdə "Mançester Yunayted"in futbol matçını stadionda seyr etdik, Liverpul şəhərinə səfər etdik, kitabxanada dərslərə və imtahanlara hazırlaşdıq, restoran və kafelərdə saysız-hesabsız görüşlər oldu, hər kəsin doğum gününü tək-tək qeyd etdik, nasaz dostumuzu xəstəxanaya apardıq, iş müsahibəsinə hazırlaşan dostumuza kostyum almaqda köməklik etdik, laboratoriyada on min dollarlıq cihazı dərs zamanı təsadüfən xarab edən və çox həyəcan keçirən dostumuza ürək-dirək verdik (sonra öyrəndik ki, cihaz zatən sığortalı imiş) və neçə-neçə başqa hadisələr oldu...

Birlikdə keçirdiyimiz aylarda mütəmadi olaraq Feysbukda yaratdığımız qrup üzərindən ünsiyyət saxlayırdıq. Adını da badam ilə bağlı hadisədən ilhamlanaraq "Badamiya" (və ya azərbaycanca "Badamiyyə") qoymuşduq. Bəhmənin yataqxanadakı nömrəsi isə "Badamiya"nın paytaxtına çevrilmişdi, tez-tez orada çay süfrəsində görüşər və söhbətləşərdik.

10 il öncə magistratura təhsilini tamamladığımız zaman hər kəs öz ölkəsinə geri qayıtdı, amma "Badamiya" dəstəsinin üzvlərilə münasibətlərimiz bu günə qədər davam edir və tez-tez ünsiyyət saxlayırıq.

Bu uzaq tarixdəki hadisənin mənə öyrətdiyi dərs o oldu ki, münasibətlərin yaradılmasında və qorunmasında həmişə ortaq cəhətlərə və dəyərlərə diqqət ayırmaq lazımdır. Bizi birləşdirən nəsnələr nə qədər çox söhbətlərimizə hakim olarsa, münasibətlərimiz də o qədər uzunömürlü olacaq.

... Bu arada, başqa bir vacib məqamı da qeyd etməliyəm. Əgər kimsə yenə bənzər şəkildə iranlılardan Hafiz Şirazinin doğum günündə bayrametmə üçün dəvət alarsa, arzu tutub, şeir oxumaqdan çəkinməsin və bu adəti əyləncə xatirinə də olsa nümayiş etdirsin. Böyük ustad dahiyanə şeirlər yazıb, sözüm yoxdur, amma gələcəyi görmək işində kişi bacarıqlı deyilmiş: onun proqnozlarına rəğmən, mən təhsilimi uğurla başa vura bilmişdim.

 





18.11.2020    çap et  çap et