525.Az

Ədəbiyyatımızın böyük itkisi


 

GÖRKƏMLİ YAZIÇI ƏLİ İLDIRIMOĞLU DÜNYASINI DƏYİŞDİ

Ədəbiyyatımızın böyük itkisi<b style="color:red"></b>

Ağsaqqal ədibimiz, müasir Azərbaycan ədəbi mühitində xüsusi yeri olan yazıçı və jurnalist Əli İldırımoğlu dünyasını dəyişdi. 93 illik uzun və olduqca mənalı bir ömür yaşamış Əli İldırımoğlunun həyatının son akkordları da son dərəcə maraqlı oldu. Oktyabrın 25-də şanlı Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində Əli müəllimin ruhən bağlı olduğu, daima həsrətlə xatırladığı Qubadlı rayonu düşmən işğalından azad edildi və o, özü də bu parlaq hadisənin sevincini yaşadı. Eləcə də özünün 93-cü ad günündən dünyadan köçməsi də yazıçının məzmunlu ömründə son nöqtəyə çevrilən qeyri-adi məqam kimi yadda qaldı.

Fitri istedad, tükənməz enerji, titanik zəhmət, geniş dünyagörüşü və zəngin təcrübə - Əli İldırımoğlunu seçkin bir imza, sanballı ədəbi şəxsiyyət kimi tanınmasına yol açan başlıca amillərdi. Dönə-dönə qeyd etdiyi kimi, şərəfli rəncbər ailəsində doğulub-böyümüş Əli İldırımoğlu yaradıcı zəhməti doyunca dadan və onun misilsiz bəhrələrinə imza atan yazıçı olaraq ədəbiyyat tariximizdə yerini aldı.

Əli İldırımoğlu ömrün fərqli mərhələlərində yaradıcılıq tempini qoruyub saxlayan, deməyə Sözü olan və onu yüksək məharətlə qələmə alaraq oxuculara çatdıra bilən sənətkar kimi hər zaman diqqət çəkib. Bu baxımdan, onu ölkəmizin ədəbi mətbuatı ilə, xüsusən “525-ci qəzet”lə sıx əməkdaşlıq telləri bağlayırdı. Uzun illər boyu redaksiyamızla müntəzəm yaradıcılıq ünsiyyəti saxlayan Əli müəllimin əsərlərinin bir çoxu ilk dəfə məhz “525-ci qəzet”də dərc edilib. Eləcə də onun həyat və yaradıcılıq yolu, kitabları haqqında qələmə alınmış çox sayda yazının ilk çap ünvanı da məhz “525-ci qəzet” olub. Redaksiya heyəti kimi dəfələrlə şahid olmuşuq ki, əsərlərinin, yaxud haqqında təqdim edilən yazıların qəzetimizdə işıq üzü görməsi Əli müəllimi hər dəfə yeni və fərqli tərzdə sevindirirdi. Sözsüz ki, ən müdrik yaşda belə, yaradıcılığına diqqətdən sonsuz fərəh duyması Əli İldırımoğlunun təkcə özünə deyil, ümumən Sözə, ədəbiyyata inanılmaz məhəbbətindən və bağlılığından qaynaqlanırdı. Odur ki, Əli İldırımoğlunun simasında biz qəlbi daima yaradıcılıq eşqilə döyünən, yazıb-yaratmaqdan doymayan, bu şövqünü ətrafındakı hər kəsə, xüsusən yeni nəsillərə aşılamaqdan yorulmayan ustad qələm adamını itirdik. Ruhu şad olsun!
Tərcümeyi-halına qısa bir nəzər də kifayətdir ki, Əli İldırımoğlunun bu dünyadakı 93 illik ömründə keçdiyi uzun yolun, gördüyü işlərin, yazıb-yaratdığı əsərlərin ona həqiqi unudulmazlıq, qırılmaz mənəvi həyat qazandırdığına əmin olaq.

Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdu. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941-45-ci illəri əhatə edən Böyük Vətən Müharibəsi başlanır. Müharibə ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yarandığından, həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış, müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilir. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləyir.
Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirir. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzrə müavini olur.

1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışır.

1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər respublikanın ən nüfuzlu orqanı olan "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan, Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərir.

"Kommunist" qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ilə respublikada nəşr edilən "Həyat" qəzetinə keçir və ilyarım həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) eyni vəzifədə işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxır.

Əli İldırımoğlu çox erkən başlayan bədii-publisistik yaradıcılığını həyatının sonlarına qədər böyük şövq və zövqlə davam etdirib. Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət", "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifi kimi tanınır və sevildi.

"Zorən jurnalist" romanının birinci hissəsi ("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunub. "Mənim rəncbər atam" romanı İranda ərəb əlifbası ilə nəşr edilib.

2007-ci ildə “Seçilmiş əsərləri” çapdan çıxıb. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun "Milli-mənəvi dəyərlərin bədii salnaməsi" monoqrafiyaları nəşr olunub. Ömür və yaradıcılıq yolu, ədəbi şəxsiyyəti, ayrı-ayrı əsərləri barədə çox sayda məqalələr, esselər və digər yazılar qələmə alınıb.

1941-45-ci illərdə arxa cəbhədə göstərdiyi "Rəşadətli əməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə ədəbiyyat və jurnalistikamızın inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əli İldırımoğlu 1988-ci ildə Əməkdar jurnalist adına, müxtəlif vaxtlarda "Qızıl qələm", "Ali Araz", "Ustad jurnalist", Əbdürrəhim bəy Haqverdiyev adına mükafatlara layiq görülüb. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq mükafatı ilə təltif olunub.

Allah rəhmət eləsin!

 

 





18.11.2020    çap et  çap et