525.Az

Paslanmaz açar - Şeir


 

Paslanmaz açar - <b style="color:red">Şeir </b>

Neçə il öncə yazdığım bu şeir yarımçıq idi, VI hissəsi, yəni onun final hissəsi yazılmırdı ki, yazılmırdı.

Uzun zaman ərzində qanadı sınıq bülbülün nəğməsi tək olduğu kimi (yarımçıq) mətbuatda çıxıb, efirlərdə səsləndirilib.

Final bu günlərdə yazıldı, yazıldığı kimi də illərdi yarımçıq qalan şeir tamamlandı. Odur ki, müzəffər Azərbaycan ordusunun zəfərləri sayəsində tamamlanan şeirimi oxucuların diqqətinə yenidən təqdim edirəm.

PASLANMAZ AÇAR

I

Göy tutuldu, qar qarladı,
Dənələri iri-iri.
Boylananda gördüm yoxdur
Yağan qarın beşdə biri.

Qar əridi, çiçək açdı,
Güllər canlı, güllər diri.
Nəzər salıb gördüm çatmır
Çiçəklərin beşdə biri.

Günəş qalxdı asimana-
Aləmlərin atəş piri.
Gördüm, yoxdu al günəşin
İşığının beşdə biri.

Yağış yağdı, sellər axdı,
Hey yuyuldu yerin kiri.
Ovucumda duydum, yoxdur
Damlaların beşdə biri.

Fikirləşdim, bu nə işdir,
Bilinməyir rəbbin sirri.
Axı, gedib torpağımın,
ərazimin beşdə biri.

II

Sən Allah, o qarı yadıma salma,
Sən Allah, o günü yadıma salma,
Doğma yuva dərdi bir yana qalıb,
O qarın həsrəti öldürür məni.
Dağlarda yellənən çovğunla gəlib
Çökür ürəyimə Qarabağ çəni.
Biz çıxdıq, baxanlar elə bildilər,
Yurdda bizim təkcə varımız qaldı.
Eh, kimə deyək ki, orada bizim
Dumanımız qaldı, qarımız qaldı,
Dağların üstündən tarım çəkilən
Simləri şəfəqdən tarımız qaldı,
əldəyməz sinəsi xarı bülbülü
yamyaşıl köynəkli yarımız qaldı,
ikiyə bölündü sanki hər adam,
yarımız qaçanda, yarımız qaldı.

Sən Allah, o qarı yadıma salma,
O duman-çiskini yadıma salma.
Qərib qış ayazı yanır qəlbimdə,
Məni içimdəki oduma salma.

III

Bu qara baxıb ağlamaq olar,
Bu qara düşən qara cığırı
Götürüb başa bağlamaq olar,
Yurd yerinin qarı yada düşəndə.
Dünya, ey dünya, nə deyim sənə,
Qoy, belə qar yağsın hər il təpənə.
Bu qarı götürüb bürünmək olar,
Sanki bürünürsən soyuq kəfənə,
Yurd yerinin qarı yada düşəndə.

Olar, ölünü də diriltmək olar,
Gözünlə dağı da yeritmək olar,
Közünlə seli də qurutmaq olar.
Diriyə biçilmiş bir kəfən kimi
Bu qarı əyində əritmək olar,
Bu qarı əyində çürütmək olar,
Yurd yerinin qarı yada düşəndə.

IV

Qarabağda Azərbaycan əsgərinin
Tökülən al qanı üstdə
Bitən lalə kiminkidir?

Xocalıda bir qız vardı,
Adı Lalə. Yoxa çıxdı...
İtən Lalə kiminkidir?

Torpaqlarda al köynəkli,
Bağrı qara, bəxti qara
Yatan Lalə kiminkidir?

Xanım-xatın lalələrin
Beşdən biri əsir oldu,
Qəm əsiri.
Öz qəminə, öz qanına
Batan Lalə kiminkidir?

Vətən özü ləçəkləri
Solub-açan bir lalədir,
Vətən lalə kiminkidir?

V

Dörd bir yandan al şimşəklər çaxdılar,
Səs yayıldı, el-obadan qaçan var.
Qapıları qapadılar çıxdılar,
Qapı yoxdur, qıfıl yoxdur, açar var.

Ünvanına çatammadı hoydular,
Gec bilindi, neçə-neçə naçar var.
Açarları ciblərinə qoydular,
Qapı yoxdu, qıfıl yoxdu, açar var.

Yarı dünya yağılaşdı qəflətən,
Vaxt yox oldu, bircə anlıq macal var...
Darvaza yox, ev-eşik yox, ey vətən,
Qapı yoxdu, qıfıl yoxdu, açar var.

Qapıların beşdə biri bağlıdı,
Son mənzildə bir zəfər, bir acal var...
Məmləkətim, sinən yaman dağlıdı,
Qapı yoxdu, qıfıl yoxdu, açar var.

Yox, türk qaçmaz, o hücumçün çəkilər,
Qan yaddaşda Koroğlu var, qaçar var...
Cibimizdə Qarabağda hər evə,
Hər qapıya düşəcək bir açar var.

Bu qovğadan çıxış yolu tapılar,
Ağılınla, hünərinlə bacar, var!
Açılacaq o bağlanan qapılar,
Hər kişidə bir ümidlik açar var!

VI

... Ümid birdən atəş kimi açıldı!
Qıfıl həmən, açar həmin açardı,
Bağlı qalan o qapılar açıldı;
İgid əsgər dar macaldan bac aldı!

Oğurlanmış gün işığı qayıtdı,
Otuz illik qəm bir anda qocaldı.
Bütövləşdi, indi həyat həyatdı,
İgid əsgər dar macaldan bac aldı!

Bax, kəfən-qar əynimizdə əridi,
Ər ərənlər yağılardan öc aldı...
Ay bayraqda kaman kimi gərildi,
İgid əsgər dar macaldan bac aldı!

... Xocalıda lalə güllər açıldı!
Gül əzəldən dağda, düzdə açardı,
Bağlı qalan o qapılar açıldı;
İgid əsgər dar macaldan bac aldı!

 





19.11.2020    çap et  çap et