525.Az

Koronavirusa yoluxma pik həddə


 

ƏHALİ XƏSTƏLİYƏ CİDDİ YANAŞMALI, QAYDALARA ƏMƏL ETMƏLİDİR

Koronavirusa yoluxma pik həddə <b style="color:red"></b>

Məlum olduğu kimi, payız-qış mövsümü ilə əlaqədar olaraq, bütün ölkələrdə koronavirus infeksiyasına yoluxma pik həddə çatıb. Dünyada günlük yoluxma rekord həddədir.

Son məlumatlara görə, dünya üzrə 57,2 milyondan çox insan koronavirusa yoluxub, 1365634 nəfər vəfat edib. Yoluxma sayına görə, ABŞ, Hindistan, Braziliya ilk üçlükdə qalmaqda davam edir.

Qarşıdan soyuq qış fəslinin gəldiyi nəzərə alınsa, deməli, yoluxma sayı da artan statistika ilə davam edəcək. Artıq ölkələr yeni məhdudiyyətlər tətbiq edir, karantin tədbirləri sərtləşdirilir. Avropa ölkələri, o cümlədən, region dövlətləri, qardaş Türkiyə yeni qaydalar tətbiq etməyə başlayıb. Bunlar mümkün qədər məsafədən iş, ofisdən çalışan  işçilərin sayının azaldılması, mütləq maska taxılması, kafe və restoranların yerində xidmət etməməsi və s. tədbirlərdən ibarətdir. Hazırda tam hazır olan və tətbiqinə başlana biləcək koronavirus əleyhinə peyvənd yoxdur. Bir sıra ölkələrdə vaksin üzərində işlər davam etdirilir. Gələn il vaksinin hazır olacağına ümid edilir. Ona qədər isə yalnız indi mövcud olan qorunma üsullarına tam əməl emək lazımdır. Bunlar bütün dünyada eynidir: maska, məsafə və gigiyenaya əməl etmək. Azərbaycanda da son günlər biz yoluxma sayının artdığını müşahidə edirik. Mütəxəssislər bildirirlər ki, xəstəliklə mübarizə istiqamətində dövlət tərəfindən bütün lazımi addımlar atılır. Bu addımlar ilk gündən, yəni hələ virus ölkəmizdə yayılmazdan atılmağa başlayıb. Ölkə Prezidentinin birbaşa rəhbərliyi ilə həyata keçirilən işlər sayəsində virusa yoluxma sayı artanda, artıq onun fəsadlarını dəf etmək mümkün oldu. Amma təəssüf ki, vətəndaşlar karantin qaydalarına tam şəkildə əməl etmirlər. Nəticədə də virusa yoluxma halları çoxalır. Bunu nəzərə alaraq Azərbaycanda karantin rejimi daha bir ay - dekabrın 28-dək uzadılıb, eyni zamanda, həftə sonları bir sıra məhdudiyyələr tətbiq edilib. Açıq havada maska taxılması məcburi olub. Düzdür, ölkəmizdə koronavirusa yoluxanların sayı çox olsa da, sağalanların da sayı az deyil. Lakin sağalanlarla yeni yoluxanların fərqinə xüsusi diqqət yetirmək lazımdır. Belə artım və fərq davam edərsə, gələcəkdə həmin xəstələrin yataqla təminatında problemlər yarana bilər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, hazırda bütün regionlarda xaricdən gətirilmiş yüksəksəviyyəli cihazlar vasitəsilə koronavirusun təyinolunması testlərini aparmaq olur. Ölkə üzrə sutkada 13 mindən çox test həyata keçirmək mümkündür. Onun sözlərinə görə, koronavirusdan həyatını itirənlərin sayı əvvəllər 10-a qədər olurdusa, hazırda həmin rəqəm 25-dək artıb. Bu da çox narahatlıq doğurur və tədbirlərin görülməsinin vaxtının çatdığını göstərir.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov hesab edir ki, koronavirusun geniş yayılması fəsil dəyişikliyi ilə əlaqədardır və dünyanın bütün ölkələrində yoluxma çoxalır:

"Artıq bir aydan çoxdur ki, virusla bağlı mənfi dinamika müşahidə olunur. İnsanların təmasları artıb, ara məsafəsi gözlənilmir. Bu da yoluxmaya təsir edən amildir".

T.Eyvazov qeyd edib ki, çıxış yolu koronavirusa qarşı dünyanın apardığı mübarizə vasitələrindən istifadə etməkdədir: "Bu vasitələr də tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, şəxsi gigiyena qaydalarına əməl etməkdir".

Baş infeksionist koronavirusun insan həyatı üçün təhlükəli olduğunu bir daha xatırladıb: "Bu xəstəliklə zarafat etmək olmaz, insan xəstəlikdən ölməsə də, orqanizmində mənfi fəsadlar yaranır. Bu gün insanlarımızın özünü virusdan qoruma tədbirləri mütəxəssisləri qane etmir. Həmçinin, yoluxan insanlar həkimə müraciət etməkdənsə, özləri özlərini müalicəyə üstünlük verirlər. Bu isə doğru deyil. Koronavirus xəstəsi mütləq həkim nəzarətində olmalıdır, həkimin göstərişləri ilə müalicə olunmalıdır".

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı isə hesab edir ki, əhali koronavirus xəstəliyini ciddi qəbul etməsə, lazım olan tədbirləri görməsə, qarşıdakı qış aylarında gündəlik yoluxma sayı iki dəfə arta bilər. Onun sözlərinə görə, insanlar bu xəstəliyin ciddi olduğunu qəbul edərlərsə, kütləvi yerlərə getməkdən imtina edərlərsə, getdikləri zaman tibbi maskadan istifadə edərlərsə və onu düzgün taxarlarsa, əllərini tez-tez yuyarlarsa, bu xəstəliklə mübarizə aparmaq olar. H.Harmancı vurğulayıb ki, bu halda ciddi karantin qaydalarının tətbiqinə də ehtiyac olmaz.

PƏRVANƏ

 





23.11.2020    çap et  çap et