525.Az

"Ağdamlı leksikonu ilə desək, behimizi verib gözləyirdik"


 

"Ağdamlı leksikonu ilə desək, behimizi verib gözləyirdik" <b style="color:red"></b>

"Ağdam işğal olunanda içi mən qarışıq bütün ağdamlıların dili tutuldu, söz tapmadılar deməyə. Bu gün bu sevinci necə yaşadığımı təxminən onunla müqayisə edərdim. Sevindiyimizdən karıxmışıq. Ağdam işğal olunanda mənim on yeddi yaşım var idi. Xatırlayıram, həmin gün depressiyaya düşmüşdüm. Ağdamın işğalı bizim üçün böyük əzab və qüssə idi".

Bu sözləri "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.

"Bu gün yaşadığımız sevincin də orta həddi yoxdur. 1993-cü ildən sonra hamımızda kədərli, küskün əhval-ruhiyyə yaranmışdı. İndi Allaha çox şükürlər olsun, biz 28 illik kədərdən xilas olduq. Hətta deyim ki, bu sevinci doğru-dürüst ifadə etməyin janrını tapmaq çox çətindir. Səhərdən nə qədər təbrik edirlər məni, mən də tanıdıqlarımı təbrik edirəm, amma hiss edirəm ki, bunların heç biri insanın ürəyini soyutmur. Yığılmış emosiyaları ifadə etmək üçün çox ali bir istedadın olmalıdır. Allah insanı kədərə hazırlayan kimi sevincə də hazırlayır. Əvvəldən bir neçə videoya baxdıq, bir az hazırlıqlı olduq. Ağdamlı leksikonu ilə desək, behimizi verib gözləyirdik. Ruhu narahat olanların ruhları şad olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Bu gün biz bu qələbəni onlara borcluyuq.

Ağdam təkcə bizim yox, oranı zəbt edən murdar düşmənin də gözündə Şuşadan sonra əhəmiyyətli bir simvol idi. Çünki onlar həmişə qorxduqları, ehtiyat etdikləri hünərli, ötkəm, imkanlı insanların yurdunu işğal etmişdilər. Təkcə tarixi mədəni baxımdan deyil, həm də iqtisadi, coğrafi mövqeyi baxımdan tutduğu yüksək yer baxımından Ağdamı almaq ermənilər üçün nə qədər böyük bir zəfər idisə, bizim üçün bir o qədər böyük məyusluq idi. Ağdam bizim Qarabağa qayıdışımızın açar hadisəsidir. Biz orda daha möhkəm yerləşməliyik. Dörd əlli yapışmalıyıq Ağdamdan. Mənim ata yurdum Ağdamın Mərzili kəndindədir. Hətta ailədə kimin evi harada tikiləcək, ata-baba yurdumuz kimə qalacaq deyə müzakirələr aparırıq. Yarızarafat olan bu müzakirələrin arxasında çox ciddi bir məram var. Bu, onu göstərir ki, o torpaqlara qayıtmaq hamımızın ən böyük arzusudur", - S.Hüseynli deyib.  

Kulis.az

 





23.11.2020    çap et  çap et