525.Az

Trampın Tehran oyunu


 

Trampın Tehran oyunu <b style="color:red"></b>

Donald Tramp noyabrın 3-də keçirilmiş prezident seçkilərində məğlub olsa da, səlahiyyətləri yanvar ayının 20-də başa çatacaq. O zamana kimi isə Tramp İranı cəzalandırmağa davam etmək niyyətindədir.

Aralarında İranın yüksək rütbəli şəxslərinin də olduğu bir qrup şəxs və 50-yə yaxın şirkətə qarşı sərt sanksiyalar tətbiq edilib. Sanksiyaların faydalı qazıntıların istismarı və turizm sahəsində fəaliyyət göstərən şirkətlərlə yanaşı, faktiki olaraq İranın bütün iri banklarını da əhatə etməsi Trampın iqtidardan getmək ərəfəsində İranı ciddi cəzalandırmaq niyyətindən xəbər verir. Təhlilçilər qeyd edirlər ki, Trampın bu qəzəbinin səbəbi İranı bombalamaq niyyətinin baş tutmaması ilə bağlıdır.

ABŞ-ın üçüncü ən böyük qəzeti olan "The New York Times"da Erik Şmitt, Helen Kuper, Lara Ceyks, Meqqi Haberman və Devid Sencerin imzaları ilə dərc olunan məqalədə qeyd edilir ki, Tramp səlahiyyətləri başa çatmamış İranın nüvə obyektlərinin bombalanmasını istəyib. Vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo, müdafiə nazirinin səlahiyyətlərini icra edən Kristofer Miller dövlət başçısını bu niyyətindən daşındıra biliblər. Bundan sonra Tramp sərt sanksiyaların tətbiqi ilə bağlı göstəriş verib.

ABŞ Maliyyə Nazirliyi isə Trampın istəyini tam təmin edib. Məsələ ondan ibarətdir ki, sanksiyalara məruz qalan şirkətlər arasında İslam İnqilabı Mostazafan Fondu da  (İslamic Revolution Mostazafan Foundation) var. Bu fond isə faktiki olaraq Tehran rejiminin iqtisadi sütunu hesab olunur. Çünki Fondun tərkibinə daxil olan 160-dan artıq şirkət İran büdcəsinin əsas ödəyiciləridir. Həmin şirkətlər ən gəlirli sahələri nəzarətdə saxlayırlar. Bu şirkətlərin sanksiya altına düşməsi onların xarici bazarlara çıxışını əngəlləyəcək. Bununla da onlar tədricən rentabelliklərini itirə bilərlər. Bunun nəticəsində dövlət büdcəsinə daxilolmalar kəskin şəkildə azala bilər. Eyni zamanda, Tehran rejiminin əsas simalarının da təminatlarında problemlər yaranacağı gözlənilir.

Ancaq yayılan məlumatlara görə, Tramp bu sanksiya ilə kifayətlənmək niyyətində deyil. Tramp yanvar ayının 20-dək İrana qarşı daha bir neçə sanksiyanı tətbiq etmək niyyətindədir. Onu da nəzərə alaq ki, İranın 18 əsas bankına qarşı sanksiyanın tətbiqi faktiki olaraq Tehranın beynəlxalq maliyyə sistemləri ilə əlaqəsini kəsib.

Vaşinqtonda bir çoxları narahatdır ki, Tramp səlahiyyətləri başa çatana kimi İranın nüvə obyektlərinə zərbə endirilməsi ilə bağlı göstəriş verə bilər. Müdafiə naziri Mark Esperin noyabrın əvvəllərində istefaya göndərilməsi də bu istəklə izah olunur. Ancaq müdafiə nazirinin səlahiyyətlərinin icrası həvalə olunan Kristofer Millerin də dövlət başçısının istəklərini dərhal icra edəcəyi inandırıcı görünmür. Bununla belə, Trampın İranın bir neçə obyektinə qarşı əməliyyat keçirilməsinə qərar verməsi ehtimalı da var. Bu əməliyyat isə İranın nüvə obyektlərinə qarşı kiber hücum da ola bilər. Ancaq istisna deyil ki, İranın daha bir neçə yüksək rütbəli hərbçisi Qasim Süleymani kimi məhv edilə bilər. Əgər ABŞ-İsrail xəfiyyəçilərinin İranın özündə də əməliyyat keçirmək imkanlarını nəzərə alsaq, Trampın Tehrana zərbə endirmək üçün çoxsaylı imkanlara malik olduğu aydın görünür.

Trampın İrana qarşı çoxsaylı cəzalar tətbiq etməsi eyni zamanda, gələcək prezident Co Baydenə də əlavə problemlər yaratmaq niyyətindən irəli gəlir. Ona görə də Trampın yanvarın 20-dək nə edəcəyini İranla yanaşı, Co Baydeninin qərargahında da narahatlıqla izləyirlər. Tramp isə hələ iki ay Ağ evin sahibi olaraq qalacaq. Və bu iki ay çoxsaylı sürprizlər vəd edir.

 

 





23.11.2020    çap et  çap et