525.Az

Hadrutdakı yüksəklikdə dalğalanan Azərbaycan bayrağı - Yaddaş


 

LEYTENANT RAQİF XANIŞOV: "BAŞ LEYTENANT SƏİD RƏŞİDZADƏ O BAYRAĞI YÜKSƏKLİYƏ SANCANDA DÜŞMƏN SNAYPERİ TƏRƏFİNDƏN VURULDU"

Hadrutdakı yüksəklikdə dalğalanan Azərbaycan bayrağı - <b style="color:red">Yaddaş</b>

Leytenant Raqif Xanışov Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin işğaldan azad edilməsi üçün mühüm əhəmiyyət daşıyan yüksəkliyin düşməndən təmizlənməsi uğrunda döyüşlərin iştirakçısı olmuş hərbçilərimizdəndir. O, bizimlə söhbət zamanı döyüşdə şəhid olmuş əsgər dostlarından, Azərbaycan Ordusunun şəhid baş leytenantı Səid Rəşidzadədən və Hadrutda Azərbaycan bayrağının qaldırılması sevincindən həyəcanla danışır.

- Biz hələ Beyləqanda idik. Beyləqandan çıxanda baş leytenant Səid Rəşidzadə də bir bayraq götürdü, dedi ki, bu bayrağı aldığımız ilk yüksəkliyə, ilk kəndə sancacağam. Elə oldu ki, biz Hadrutdakı bir strateji yüksəklik uğrunda döyüşə girdik. Həmin yüksəkliyi almalı idik. Hardasa yarım kilometr irəlilədikdən sonra biz 7 nəfər - baş leytenant Səid Rəşidzadə, leytenant Elgün Kazımov, MAXE-lər  - Xalid Abdullayev, İqbal Qurbanov, Yadigar Əsgərzadə, əsgər Əmrah Səfərli və mən meşədə tək qaldıq. Çox çətin vəziyyətdə idik və bizə bir əmr verilmişdi: ancaq irəli! Hücuma keçib meşə ilə irəlilədik. Düşmənlə təmas döyüşü oldu. Açığı, biz nə qədər böyük bir məsuliyyətin altına girdiyimizi bilmirdik. Biz necə strateji əhəmiyyətli yüksəkliyi aldığımızı sonradan başa düşdük. Qarşıda nə qədər düşmən var, onu da bilmirdik. Döyüşə-döyüşə xeyli irəlilədikdən sonra meşə bitdi və açıqlıq bir yerə çıxdıq. Oradan Hadruta düşən yol var idi. O yüksəkliyə çıxdıq, orada erməni bayrağı asılan bir dirək vardı. Nə edəcəyimizi bilmirdik. Döyüş sursatımız tükənmişdi. Öldürdüyümüz ermənilərin patronlarını götürmüşdük. Həmin yüksəklikdə düşmən qalmamışdı. Ermənilər qaçıb qarşıdakı dərədə gizlənmişdilər. Təxminən 60 nəfərə yaxın olardılar. Həmin dərəyə qumbara atdıq, bir xeyli erməni çıxdı, bir hissəsini vurduq, qalanları da Hadruta qaçdılar. Oradan bir xeyli silah-sursat, rabitə əlaqəsi qənimət götürdük. O vaxta qədər bizim texnikamız orada irəliləyə bilmirdi. Həmin yüksəklik alınandan sonra Hadrut azad edildi. Biz elə bildik ki, artıq bitdi, yüksəkliyi tam almışıq. Baş leytenant Səid Rəşidzadə erməni bayrağı asılan dirəyə yaxınlaşdı ki, o bayrağı salıb, Azərbaycan bayrağını qaldırsın. Dirəyə yaxınlaşan kimi snayper onu vurdu. Sonra bizə kömək gəldi. Dirəyə yaxın getmək olmurdu, yaxınlaşan kimi snayper atəş açırdı. Ona görə də avtomatla vurub erməni bayrağını aşağı saldıq. Sonra erməni snayperi olan yeri atəşə tutduq, snayper qaçdı. Biz orada qaldırmaq üçün Səidin özüylə gətirdiyi Azərbaycan bayrağını götürdük, o döyüşdə şəhid olmuş beş nəfər qardaşımızın adını üstünə yazıb bayrağı yüksəklikdə dalğalandırdıq.


 
Bizdən həmin o yüksəkliyi alan 7 nəfərdən ikisi şəhid oldu. Biri, dediyim ki, o döyüşdə şəhid olan Səid idi. O biri qardaşımız - Əmrah Səfərli isə sonradan Şuşa əməliyyatında şəhid oldu. Biz - qalan 5 nəfər isə sonrakı döyüşlərdə yaralandıq. Ayrı-ayrı bölmələrdən olsaq da, biz tez-tez görüşürdük, elə bil, Hadrut əməliyyatı, Səidin ruhu bizi birləşdirmişdi. Səidlə təxminən bir həftə idi tanış olmuşduq, amma o qədər istiqanlı insan idi, elə bil, bir-birimizi uzun illərdir ki, tanıyırdıq, dostluq edirdik. O günü görmək Səidin özünə nəsib olmasa da, bir təsəllimiz var ki, onun Beyləqanda özü ilə götürdüyü o üçrəngli bayrağımızı Hadrutdakı yüksəklikdə dalğalandıra bildik. Əslində, o bayrağı elə Səidin özü dalğalandırmış oldu. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin!..

RƏHMAN

 





25.11.2020    çap et  çap et