525.Az

Tramp Baydenin qələbəsini tanımır


 

Tramp Baydenin qələbəsini tanımır<b style="color:red"></b>

ABŞ-da 3 noyabr prezident seçkisindən üç həftə keçməsinə baxmayaraq, qalibin kimliyinə aydınlıq gəlməyib. Daha doğrusu, Demokratlar Partiyasının namizədi, sabiq vitse-prezident Co Baydenin qalib gəldiyi qeyri-rəsmi olaraq təsdiqənsə də, hazırkı prezident Donald Tramp məğlubiyyətini etiraf etmək istəmir. Üstəlik, Trampın vəkilləri məhkəmə iddiaları ilə Co Baydenə qələbə sevincini yaşamasına da imkan vermirlər.

525.az xəbər verir ki, son olaraq Trampın vəkilləri Corcia ştatında səslərin yenidən sayılması ilə bağlı məhkəmədə iddia qaldırıblar. Vəkillər iddia ərizəsində səslərin ədalətli sayılmasını tələb ediblər. Trampın vəkillərinin bu cəhdinin ciddi bir nəticə verəcəyi inandırıcı görünmür. Çünki bundan öncə Trampın vəkillərinin oxşar iddiası Pensilvaniyanın Dairə məhkəməsi tərəfindən rədd edilmişdi. Hakim Metyu Brann Trampın vəkillərinin iddialarının əsassız və fırıldaq məqsədilə irəli sürüldüyünü əsas gətirərək rədd etmişdi. Oxşar hadisənin Corcia ştatında yaşanacağı istisna olunmur. Ancaq buna baxmayaraq, Tramp və vəkilləri geri çəkilmirlər. Ştatlardan sonra Trampın ABŞ-ın Ali Məhkəməsinə də müraciət edəcəyi gözlənilir. Müşahidəçilər isə bildirirlər ki, Tramp bununla Co Baydenin qələbəsini əlindən alacağına ümid edir. Çünki ABŞ qanunvericiliyinə görə, seçkidən sonrakı 40 gün ərzində səsvermənin nəticəsi rəsmən elan olunmasa, prezidenti seçmək hüququ ştatların parlamentinə keçəcək. Corcia ştatın parlamentində isə Trampın mənsub olduğu Respublikaçılar Partiyası çoxluğa malikdir.

Müşahidəçilər Trampla yanaşı, onun vəkili Rudi Culianinin də bu prosesə xüsusi rol oynadığını qeyd edirlər. Hətta bəzi vəkillərin imtinasına baxmayaraq, Rudi Culianini məhkəmə iddialarının qaldırılmasında təkid edir. Onun bu canfəşanlığını Co Baydenin prezident olacağı halda həbsə atılmaq qorxusu ilə izah edirlər. Məlumata görə, Nyu-York prokurorluğu Culianinin bəzi işlərini araşdırır.

Culianinin Trampa dəstəyi bununla da yekunlaşmır. Koronavirusun ABŞ-da tuğyan etməsinə, bu günə kimi virusun 250 mindən çox insanın ölümünə səbəb olmasına baxmayaraq, Culiani kameralar qarşısına maska taxmadan çıxır və bununla da Trampın pandemiya zamanı məhdudiyyətlər tətbiq etməməsinə haqq qazandırır. Bununla Culiani həm də Co Baydenin koronavirusla bağlı Trampa yönəltdiyi ittihaları zərərsizləşdirməyə çalışır. Çünki Co Bayden Trampı məğlubiyyətini etiraf etməmək və seçkinin nəticələrini şübhə altına alan məhkəmə davaları ilə koronavirusla effektli mübarizə aparmağa imkan verməməkdə günahlandırır.

Müşahidəçilərin qənaətincə, Tramp və Culiani cütlüyü seçkilərin ədalətliliyini şübhə altına almaqla həm də cəmiyyətdə ikitirəliyin dərinləşməsinə yardım edirlər. Çünki respublikaçıların tərəfdarlarının çox böyük əksəriyyəti səslərin ədalətli sayılmaması haqqında Tramp və Culiani cütlüyünün iddialarına inanırlar.

 





25.11.2020    çap et  çap et