525.Az

Türkiyə Prezidentinin təriflədiyi şəhid kəşfiyyatçı... - Anım


 

Türkiyə Prezidentinin təriflədiyi şəhid kəşfiyyatçı... - <b style="color:red">Anım </b>

Sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusu qısa bir zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurdu.

44 gün davam edən İkinci Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 ildir işğal altında saxladıqları torpaqlarımızdan əbədi qovdular. Bu Vətən müharibəsində də Birinci Qarabağ savaşında olduğu kimi - Ali Baş Komandanın əmrindən sonra çoxmillətli Zaqatalanın yüzlərlə vətənpərvəri cəbhəyə yola düşdü, ön cəbhədə əsl şücaət göstərərək, yağı düşmənə qarşı mərdliklə döyüşdülər. Məhz Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təmin olunmasında azərbaycanlılarla yanaşı, saxur, avar, yengiloylar və digər millətlərdən olan zabitlər, həqiqi hərbi xidməti yerinə yetirənlər, səfərbərlik çağırışı ilə Milli Ordumuza çağırılanlar və könüllü cəbhəyə gedənlər əsl qəhrəmanlıq göstərdilər. Onlar erməni işğalçılarının neçə-neçə canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirdilər, torpaqlarımızın işğaldan azad edilməsində əsl şücaət göstərərək yeni şanlı tarix yazdılar.

Söz yox ki, müharibə itkisiz ötüşmür. Ön cəbhədə vuruşan zaqatalalı igidlər arasında şəhid olanlar da, ağır yaralananlar da var. Onların arasında elə oğullarımız var ki, cəbhədə ağır yaralandıqdan sonra hospitalda müalicə olunduqdan sonra yenidən cəbhə xəttinə qayıdıblar.

Zaqatala şəhidləri arasında uzun müddət hərbidə qulluq edən zabitlərimiz də, əsgərlərimiz də var. Onlar Vətən müharibəsində əsl qəhrəman döyüşçülər kimi şəhidlik zirvəsinə yüksəliblər. Şəhidlərin hər biri bizə əzizdir, onlar unudulmazdırlar, elimizin-obamızın fəxridirlər və adlarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazıblar...

Bu yazımızda Azərbaycan Ordusunun zaqatalalı cəsur zabiti, baş leytenant Valeh Vahid oğlu Bədəlovdan söhbət açacağıq.

... Aylin və Nilay evin qapısı açılanda, qapıya tərəf qaçaraq "atamız gəlir, atamız gəlir" deyirlər. Ancaq evə başqa adam daxil olanda kor-peşman geri dönürlər və kövrəlirlər: "Bəs bizim atamız nə vaxt gələcək?" deyirlər, hələ 3 yaşı tamam olmamış Aylin və hələ 1 yaşı tamam olmamış Nilay isə tez nənələri Südabə xanıma və analarına sığınırlar...

Bəli, hələ də müharibənin nə olduğunu anlamayan bu körpələr həmişə evlərinə hərbi formada gələn igid zabitimiz - şəhid baş leytenant Valeh Bədəlovun əziz balalarıdır.

Mətin, iradəli, əsl Azərbaycan hərbçisinə məxsus xüsusiyyətləri olan Valehin adını keçmiş zamanda çəkmək mənim üçün də ağırdır. Həmişə, qəddini şax tutan atası Vahid kişini, uzun müddət məktəbdə şagirdlərinə Vətəni, torpağı sevməyi, qorumağı öyrədən Südabə müəlliməni, gənc, savadlı pedaqoq, tək bacısı Vüsaləni və həyat yoldaşı, hələ də nələr baş verdiyinə inanmayan Zeynəb xanımı belə kədərli, qəmli görmək, çox ağırdır. Bu müharibə mənfur xislətli ermənilər Bədəlovlar ailəsinə, onların yaxınlarına, əzizlərinə, bütün el-obaya  ağır zərbə vurdu. Sanki dalğalanan bir okeana sükut çökdü... Lakin burada təsəlliverici, qürurverici məqamlar da çoxdur. Elimizin mərd oğlu, Xüsusi Təyinatlı Dəstəsinin qorxmaz, cəsarətli zabiti olmuş Valeh Bədəlov torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq nümunəsi göstərərəki ön cəbhədə döyüşüb və əsl vətənpərvər kimi həlak olub. O, öz şücaətli əbədilik, qəhrəmanlıq dastanı yaradaraq, adını Azərbaycanın şanlı tarixinə həkk edib.

Valeh Vahid oğlu Bədəlov 1990-cı il oktyabr ayının 10-u Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş idilər. Atası Vahid kişi çox işgüzar, elinin-obasının ağsaqqalı, anası Südabə xanım isə təcrübəli pedaqoqdur, uzun illərdir Aşağı Tala kənd 3 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Şəhid zabitimiz Valeh Bədəlov da anasının işlədiyi Aşağı Tala kənd 3 saylı tam orta məktəbini əla qiymətlərlə bitirərək, yüksək balla Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) filologiya fakültəsinə qəbul olunmuşdu. 2012-ci ildə həmin təhsil ocağını müvəffəqiyyətlə bitirib hərbi xidmətə getmişdi. Atası Vahid kişi söhbət zamanı deyir ki, Valeh orta məktəb illərindən hərbə çox meylli idi. Orta məktəbdə keçirilən hərbi-idman yarışlarında, təlimlərdə çox fəallıq göstərirdi. Hərbi təlim məşğələlərində avtomat silahının sökülüb-yığılmasında həmişə birinci olardı, sərrast atıcı idi: "Mövsüm vaxtı ova gedəndə oğlum da bizə qoşulardı. Ov tüfəngindən istifadə qaydalarını mükəmməl bilirdi.  Həmişə deyərdi ki, gələcəkdə təcrübəli hərbçi olacaq və ermənilərin işğal etdikləri torpaqlarımızdan çıxarılmasında iştirak edəcək. Qarabağın düşmənin işğalı altında olması onu çox narahat edir, rahat buraxmırdı".



Valeh belə də etdi. O, həqiqi hərbi xidmətdə, cəbhə bölgəsində olarkən Xüsusi Təyinatlı Qoşunlarda xidmətini davam etdirərək 3 il kurs keçir. Keçirilən təlimlərdə fəal iştirak edən Valeh birinci yeri tutduğundan ona leytenant rütbəsi verilir. Qeyd edək ki, gənc zabitin ilk döyüşü 16 aprel 2016-cı il tarixində Lələtəpə uğrunda gedən döyüşlər olub. O, bu döyüşlərdə də öz vətənpərvərliyini və qorxmazlığını nümayiş etdirib.

Anası Südabə müəllimənin dediklərindən: "Valehdə əsl hərbçiyə məxsus xüsusiyyətlər vardı. Ailə qurandan sonra həyat yoldaşı ilə birlikdə Bakı şəhərində xüsusi təyinatlılara məxsus hərbi şəhərcikdə yaşayırdılar. Onunla danışanda həmişə deyərdi ki, vəziyyətləri yaxşıdır və hərbi xidməti normal keçir. Oğlum çox nikbin, hərbi sirr saxlayan insan idi, işləri barədə hətta həyat yoldaşına da məlumat verməzdi. Vaxtaşırı hərbi təlimlərə, ezamiyyətlərə gedir, hərbin sirlərini öyrənir, təcrübəsini daha da artırardı. Əsasən, o, Türkiyə Respublikasında təlimlərdə iştirak edirdi. Oğlum 2018-2019-cu illərdə qonşu ölkədə keçirilən hərbi təlimlərdə xüsusi fərqləndiyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan onu ön sraya çıxardaraq, bütün hərbçilərə üzünü tutaraq demişdi ki, "əsl zabit belə olar". Bu təlimlərdən sonra Valeh əsl kəşfiyyatçı kimi təcrübə toplamışdı".

Baş leytenant, kəşfiyyət taborunun komandiri Valeh Bədəlov sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan zaman ilk döyüşə gedənlərdən olub. Onun taboru əvvəlcə Murov dağındakı yüksəklikdə yerləşən mövqelərimizi erməni işğalçılarından azad ediblər. Bir aydan sonra Valeh qəhrəman döyüş yoldaşları ilə birlikdə cəbhənin ən ağır döyüşlər gedən Füzuli-Xocavənd-Cəbrayıl istiqamətinə qayıdıblar. Şəhid atası Vahid kişinin söylədiyinə görə, Valehin son döyüşü oktyabrın 7-də olub. Savaş zamanı baş leytenantın taboru həmin döyüşdə düşmənin xeyli sayda texnikasını ələ keçirib və canlı qüvvəsini məhv edib. Elimizin cəsur oğlu düşmənə qan udduran, təcrübəli kəşfiyyatçı yaralı döyüşçüləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib və əbədiyyətə qovuşub.

Həmin döyüşdə ağır yaralanan gizir Elgün Ömərovun dediklərindən: "Valeh əsl vətənpərvər, qorxmaz, Vətənini sevən, düşmənə qan udduran əsl hərbçiyə məxsus xüsusiyyətləri olan, yüksək təcrübəli hərbçi, kəşfiyyatçı idi. Axırıncı döyüşdə xüsusi şücaət göstərmişdi.. Heyif səndən, cənab baş leytenant, ruhun şad olsun".

Elman MALİYEV

 





26.11.2020    çap et  çap et