Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının dosenti, filologiya elmləri namizədi Akif Rüstəmovla söhbət
– Akif müəllim, Azərbaycan mətbuatının nəzəri problemləri, müstəqillik dövrü jurnalistikasının sovet dönəmi ilə müqayisəsi və digər məsələlərlə bağlı suallarımıza keçməzdən əvvəl, bu sahə üzrə dəyərli alimlərimizdən biri kimi, Sizin bioqrafiyanız, jurnalistikaya gəlişiniz, fəaliyyət yolunuz barədə məlumatları özünüzdən eşitmək maraqlı olardı.
– Universitetin birinci kursunda tələbələrə jurnalistikaya gəlişlərinin səbəbi ilə bağlı yazı yazdırırıq. Onların əksəriyyəti həmin məqalələrdə yazır ki, orta məktəbin divar qəzetlərini buraxırdıq, onda həvəsimiz yaranıb. İndi onların sözü olmasın, mənim yaxşı yadımdadır, ya səkkizinci, ya da doqquzuncu sinifdə oxuyurdum, o vaxt “Uzaq sahillərdə” filmi yeni çıxmışdı. Həmin film haqqında ilk dəfə Ağdamın rayon qəzetində – “Lenin yolu”nda resenziya yazıb çap etdirdim. Demirəm, o resenziya əla idi, çox peşəkar yazılmışdı. Orta məktəb şagirdinin film haqqında rəyi idi. Lakin ilk dəfə imzamı qəzetdə görəndən sonra məndə bu bu peşəyə maraq oyandı. Orta məktəbdə yaxşı oxumuşam, fərqlənmə attestatı ilə bitirməsəm də, əsas fənlərdən əla alırdım. Bir dəfə bizə tarixdən dərs verən Soltan müəllim dedi ki, bir balaca səy göstərsən, qızıl medal ala bilərsən, amma buna bir o qədər də həvəs göstərmədim. İlk dəfə sənədlərimi verəndə jurnalistikaya daxil ola bilməmişəm. Çünki o vaxt tələbə qəbulu indikindən çox fərqlənirdi. İlk növbədə iki il iş təcrübəsi olanlara üstünlük verilirdi. Mənim təcrübəm olmadığına görə təkcə yığdığım balla jurnalistika fakültəsinə düşə bilmədim. Sonralar işlədim və arzuma çatdım – jurnalistikaya daxil oldum. İlk müəllimlərim Nurəddin Babayev, Nəsir İmanquliyev, Famil Mehdiyev kimi çox dəyərli ziyalılarımız olub.
– Ailədə ali təhsil alan ilk övlad idiniz, yoxsa sizdən əvvəlki ənənəni davam etdirmisiniz?
– Ailədə beş uşaq olmuşuq. Üç qız, iki oğlan. Məndən əvvəl bacımın biri ali məktəbi bitirmişdi- Bakı Dövlət Universitetinin tarix fakültəsinin rus bölməsini. Ondan kiçik bacım texnikum qurtarmışdı, rayonda müəllimə işləyirdi. Ondan sonrakı bacım riyaziyyatdan dərs deyirdi. Qardaşım politexnik institutunu bitirmişdi. O vaxtlar mənim atam rayonda katib işləyirdi, o səbəbdən də övladlarını rus məktəblərində oxutmuşdu. Həmin dövrdə vəzifəli şəxslərin əksəriyyətinin uşaqları məktəbin rus bölmələrində oxuyurdular. Atam rəhmətə gedəndə isə qardaşım rus məktəbindən qaçdı. Və sonra məni buna görə rus məktəbinə qoymadılar. Mən uşaqların yaşca ən kiçiyi olmuşam. Məndən əvvəlki bacı-qardaşlarım hamısı oxumuşdular və mən də ağlım kəsəndən ailəmizdə elmə, təhsilə maraq görmüşdüm.
– Jurnalistika fakültəsinə hansı istehsalat sahəsindən gəldiniz?
– Rayona qayıtdıqdan sonra bir müddət Ağdamda Dövlət Bankında nəzarətçi işlədim. İstədilər ki məni oradan Moskvaya, iqtisadiyyatla bağlı ali məktəbə göndərsinlər. Həvəsim olmadığına görə getmədim. Ürəyimdə jurnalist olmaq arzusu vardı, vəssalam.
– Tələbəlik illərini necə xatırlayırsınız?
– Çox maraqlı tələbəlik illərim olub. Əvvəlcə mən əyanidə oxuyurdum, sonra məllimim Nurəddin Babayev məni çağırıb dedi ki, Akif, səni universitetdə saxlamaq istəyirik. Sonra mən qiyabi şöbəyə keçdim. Tələbəliyimin axırıncı illəri idi. Soruşdum ki, Nurəddin müəllim, mən burada nə iş görəcəm? Dedi, qorxursan? Cavab verdim ki, qorxmuram, amma bilim də. Dedi, gəl işlə, görərsən. Birinci gün işə gələndə mənə altı aydan bəri qalmış qəzetləri tikdirdilər. Dedilər, bu qəzetləri sahmana sal, “podşivka” üçün hazırla. Mən də yerinə yetirdim. İlk işim bundan ibarət idi. Heç ağlıma gəlməzdi ki, qurtarıb burada qalaram. Onun təklifindən sonra mən orada qaldım. İlk əmrimi universitet qəzetinə ədəbi işçi vəzifəsinə vermişdilər. Amma mən kafedrada işlədim. Universiteti bitirəndən sonra mənə mövzu götürməyi məsləhət gördülər, çünki burada axıra kimi laborant qalmaq olmazdı. Mövzum gənclərin mətbuatda fəaliyyəti, xüsusilə də “Molodyoj Azerbaydjana” qəzeti ilə bağlı idi. Mövzunu Azərbaycan dilində yazdım, sonra rus dilinə tərcümə elətdirdim. Ona görə ki, müdafiə eləmək üçün burada Şura yox idi, Gürcüstana getməli oldum.
– Nəyə görə praktik jurnalistikanı seçmədiniz, nəzəriyyəçi olaraq universitetdə qalmağa qərar verdiniz?
– Söz açılmışkən qeyd edim ki, bizim ən böyük səhvimiz nəzəriyyəyə çox yer verməyimizdi. Universitetdə dekan olduğum vaxt yadımdadır ki, Fransa universitetlərinin birindən müəllim dəvət eləmişdik. O bir müddət bizdə dərs dedi. Bir dəfə bizə irad tutdu ki, nəzəriyyəyə lap çox yer vermək olmaz, jurnalistikada praktika aparıcı olmalıdır. Demirəm ki, biz onun dediklərini ehkam kimi qəbul edək, lakin etiraf olunmalıdır ki, o müəllimin sözlərində həqiqət var. Jurnalist olacaq tələbəyə bütün günü mühazirə yazdırmaqdansa, onun özünə sərbəst yazılar yazdırmaq lazımdır. Jurnalist yaza-yaza püxtələşir, öyrənir. Nəzəriyyə lazımdır, amma ona çox geniş yer verməyə ehtiyac yoxdur. Bir var, müəllim deyə ki, qəzet belə çıxır, belə çap olunur, bir də var tələbələri aparıb nəşriyyatda əyani şəkildə bu prosesi göstərirsən. Bir dəfə universitetdə Əliş müəllim bizi nəşriyyata aparıb qəzet çapını göstərdi. İndiyə kimi təfərrüatları ilə yadımdadır qəzet necə çap olunur. Onda indiki kimi deyildi, hərfləri bircə-bircə əllə yığırdılar. Düzdür, indi texnika bir az dəyişib, kompüterlə hər şey həll olunur. Hər halda tələbə o prosesi əyani olaraq görməlidir, izləməlidir. Necə deyərlər, tələbə o “mətbəx”də nələr baş verdiyindən, sözün əsl mənasında xəbərdar olmalıdır, orada nə “bişdiyini” öz gözləri ilə görməlidir. O vaxtlar qərb nəzəriyyəçiləri ilə bizim nəzəriyyəçilərin fikirləri arasında da fərqlər var idi. Düzdür, sovet dövründə deyilirdi ki, obyektiv, qərəzsiz, vicdanlı olmaq lazımdır. Bizim fakültəmiz ideoloji fakültə idi. Buna görə də heç vaxt bizim təyinatımızı Təhsil Nazirliyi bölmürdü, Mərkəzi Komitə müəyyənləşdirirdi. Praktik jurnalistikaya gəlincə, heç vaxt bu barədə fikirləşməmişəm. Burada müəllim kimi qaldığıma görə də heç vaxt peşman olmamışam.
– Mətbuatda, televiziyada demək olar ki, görünmürsünüz?
– Bir məsələni qeyd edim ki, bəzi adamlar televiziyada görünməyi çox xoşlayırlar. Bəzən praktik jurnalistikaya da daha çox üzdə olmaq, görünmək üçün üz tuturlar. Mən hətta dekan işləyəndə də ildə bir-iki dəfə televiziyada ya görünərdim, ya görünməzdim. Nəsə özümü reklam eləməyi xoşlamamışam. Mətbuatda çox görünməyi sevmirəm. Özümə görə səbəblərim var. “Əkinçi” qəzetinin yubilyei ilə bağlı bir dəfə universitetdə bir tədbir keçirirdilər. Orada bir cümlə işlətdim. Qəzetlərin biri həmin cümləmi başlığa çıxararaq yazdı: dekan Akif Rüstəmov və sair... Onda dekan işləmirdim. Məqalənin müəllfinə zəng elədim ki, mən dekan vəzifəsindən çıxmışam, niyə informasiyanı dəqiqləşdirməmiş onu çap edirsən? Jurnalistika fakültəsində müəllim işləsəm də, bəzi jurnalistlərimizə tənqid ünvanlamaq istərdim: onların bəziləri informasiyanı olduğu kimi yazmaq yerinə bəzən uydurmaçılıqla məşğul olurlar. Bəzi jurnalistlər tərifləyəndə də həddi aşırlar, tənqid edəndə də qaşınmayan yerdən qan çıxarırlar.
–Söhbətinizdə qeyd edirsiniz ki, tələbə praktikaya çox yer ayırmalıdır. Hazırda BDU-nun jurnalistika fakültəsində tələbənin jurnalist kimi yetişməsi üçün lazımi şərait varmı?
– Əvvəla, bizdə praktik məşğələlər var. Qəzetdə, televiziyada praktik məşğələlər keçirilir. Elə sizin qəzetinizin baş redaktoru Rəşad Məcid bu tələbələrlə praktik məşğələlər keçir, öyrədir. Tələbələr “525-ci qəzet”ə gedirlər, baxırlar, qəzetin ərsəyə gəlməsi prosesi ilə əyani tanış olurlar. Bu praktika çox önəmlidir. O vaxt Gürcüstana müdafiəyə gedəndə bir məsələnin şahidi oldum. Baxdım ki, jurnalistika fakültəsində bir gündə 6 saat ərzində bütün dərslər praktik məşğələlərdən ibarətdir. Dedim ki, bir gündə 6 saat da praktik məşğələ olarmı? Onda mənə cavab verdilər ki, biz bu dərsi televiziyada keçirik, tələbə həmin gün auditoriyaya gəlmir. Həmin gün tələbələr ancaq televiziyada olub çəkiliş prosesində olurlar, öyrənirlər. Biz də bu təcrübədən yararlanmalıyıq. Jurnalistika fakültəsində hər şeyi auditoriya ilə bağlamaq vacib deyil. Gələcəyin jurnalisti çəkiliş meydanında, qəzet redaksiyasında işləməyi öyrənməlidir. Bizdə universitetdə yaradıcılıq studiyası var. UNESKO-nun hesabına təmir edib düzəltmişik. Orada operatorumuz var, çəkiliş aparır, sonra montaj olunur, müəyyən proqramlar, mətnlər hazırlanır. Axı auditoriyada bunu eləmək olmur. Jurnalistin tədqiqat obyekti həyatdır. O nə yazırsa, nə informasiya hazırlayırsa, həyatdan gətirir və gətirməlidir.
– Sovet dövrü mətbuatı ilə çağdaş jurnalistikamızın müqayisəli təhlilində hansı əsas fərqləri, müsbət və mənfi cəhətləri qeyd edərdiniz?
– Demək olmaz ki, sovet dövrü tamamilə pis idi, müstəqillik dövründən sonra da hər şey yaxşıdır. Hər dövrün özünəməxsus üstünlükləri və çatışmazlıqları olur. Bu gün jurnalistikamızın problemləri deyəndə, ən böyük problem fikrimcə, jurnalistlərin etik davranışları, peşə kodeksinin pozulmaları ilə bağlıdır. Etik qaydaların pozulması hallarını araşdırsaq görərik ki, bunu edənlərin əksəriyyəti jurnalistika fakültəsini bitirməyənlərdir. Çünki jurnalistika fakültəsində tələbələrə etik qaydalarla bağlı fənn tədris olunur, onlara illərlə jurnalist etikası aşılanır. Eyni informasiyanı hər mətbuat orqanı informasiya siyasətinə uyğun- müxtəlif şəkildə təqdim edir. Sovet dönəmi qəzetlərinin üstün cəhətləri var idi. Bir nüansı xüsusilə qeyd etmək istərdim. O vaxtlar sovet qəzetlərində “Bizim çıxışımızdan sonra”, “Qəzetlər yazandan sonra” və sair bu kimi başlıqlı rubrikalar vardı. Orada tənqid olunan müəssisədən gələn cavab, tənqiddən sonra çıxarılan nəticə öz əksini tapırdı. İndi tənqidi yazı yazırsan, heç kəsin vecinə də deyil.
Təəssüf ki, müstəqillik dövrü mətbuatı bu gücə malik deyil. Sovet dövrü mətbuatının mənfi cəhəti isə birpartiyalı sistemə xidmət etməsi idi. Bir qəzetdə nə yazılırdısa, hamısı eyni məlumatı yazırdı. Sovet dövrü mətbuatı vahid kommunist ideologiyasına xidmət edirdi. Amma indi qəzetlərin hər baxımdan rəngarəngliyi var. Jurnalistlərin əl-qolu açılıb, istədiklərini yazırlar. Xüsusilə 1998-ci ilin avqustunda senzura ləğv olundu, ondan sonra qəzetlərdə böyük inkişaf yarandı. İndi qəzetlər çox mövzulara toxunurlar.
Televiziyalarda sosial məsələlər, problemlər qabardılır. Misal üçün deyək ki, indi ANS-in “İç xəbər” proqramında müxtəlif sosial problemlər işıqlandırılır. Amma arzu edərdim ki, əvvəllər ANS-in efirində gedən siyasi debatlar yenidən bərpa edilsin. Plüralizmin təmini üçün bu da lazımdı. Nəyi verib-vermirlər, əlbəttə, bu hər bir televiziya kanalının öz işidi, öz informasiya siyasətidir. Amma hər halda bu cür debatların çox sevildiyini də diqqətə çatdırmağı özümə borc bilirəm. Məsələn, Rusiya televiziyalarında saatlarla sosial, siyasi və başqa mövzularda debatlar, diskussiyalar, tok-şoular təşkil olunur. Bunlar əhali tərəfindən də çox izlənilir və bəyənilir. İstərdim ki, bizim televiziyalarımzda da belə səviyyəli proqramlar, tamaşaçını bir nəfər kimi ekran qarşısına yığmağı bacaran verilişlər hazırlansın.
Bugünlərdə İvanişvilinin “Gürcü arzusu” qalib gələndən sonra Rusiya televiziyalarının birində “Bundan sonra Gürcüstan hansı siyasəti yürüdəcək” mövzusunda debat təşkil edilmişdi. Çox səviyyəli və sanballı proqram idi. Belə proqramlara baxanda tamaşaçı ləzzət alır.
– Akif müəllim, hansısa bir əcnəbi Azərbaycanın əsl sosial-iqtisadi, siyasi, mədəni vəziyyətini öyrənmək istəsə, hansı mətbuatla tanış olmalıdır?
– Maraqlı yanaşmadır. Doğrudan da əgər bir əcnəbi əsl Azərbaycanla tanış olmaq istəyirsə hansı qəzeti oxumalıdır? Müxalifət qəzetini oxusa, ona elə gələcək ki, ölkə dağılır. İqtidar qəzetlərini oxusa, elə biləcək ki, hamı süd gölündə üzür. Bax, bu baxımdan neytral, müstəqil mətbuatın əhəmiyyəti burada bir daha özünü göstərir. Mətbuat neytral olmalıdı, qərəzli yanaşmamamalıdır, eyni zamanda tərifləyib göylərə qaldırmamalıdır. Bu baxımdan belə bir arzusu olan əcnəbiyə “Ayna-Zerkalo”nu, “525-ci qəzet”i, “Şərq”i və bir sıra başqa qəzetləri məsləhət görərdim. Bunlarda neytrallıq qorunur, informativlik əhatəlidir. Bu kimi nəşrlərdə həm inkişaf, həm nöqsanlar öz əksini tapır.
– Söhbətinizdən belə çıxır ki, SSRİ dövrundə, respublikalarda mətbuat hamısı bir-birinə bənzəyib- ideoloji xətti işıqlandırmaq baxımından, eləcə də zəhmətkeşlərin əmək yarışların işıqlandırmaq uğrunda yazı yarışları...
–Demək olar ki, eləydi. Təsəvvür edin ki, Kommunit Partiyasının Mərkəzi Komitəsinin mətbu orqanı olan “Pravda” qəzetinin-nəşr tarixi-5 may bütün SSRİ ərazisində mətbuat günü kimi qeyd edilirdi. Gürcü də, türkmən də, qazax da, özbək də, tatar da, biz də və sair. Amma bu respublikalar müstəqillik qazandılar və hər biri öz milli mətbuat gününü qeyd eləməyə başladı. Gec-tez belə də olmalı idi. Çünki həqiqətləri uzun müddət gizləmək, insanları süni dəyərlərlə əbədi olaraq yaşamağa məcbur etmək olmaz.
– Akif müəllim, sovet dövründə auditoriyalarda milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, eləcə də digər demokratik fikirli ziyalılarımız, mətbuat fədailərimiz haqqında söhbət açılırdımı?
– Əlbəttə, “Əkinçi” qəzetinin yaradıcısı olaraq Həsən bəy Zərdabinin adını çəkirdik. Amma çox qabardılmağa icazə verilmirdi. SSRİ dağılandan sonra Əziz Mirəhmədovun Moskvada “Literaturnaya qazeta”nın suallarını cavablandırmışdı. “Günahımı yumaq istəyirəm” adlı müsahibədə qeyd edirdi ki, biz bilə-bilə Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ziyalılarımızı damğalayırdıq. Bilirdik. Lakin şərait, dövr belə tələb edirdi. İndi ki, müstəqillik qazanmışıq, gərək günahlarımızı yuyaq, səhvlərimizi düzəldək”. Adını çəkdiyiniz o şəxslər haqqında indiki kimi danışmaq olmurdu. Həsən bəyə Zərdabini milli qəzetimizin yaradıcısı kimi öyrənirdik və öyrədirdik, amma indiki kimi milli mətbuatımızın banisi kimi təqdim etməyə icazə verməzdilər. Müasir dövrdə prezidentimizin sərəncamları ilə “Əkinçi” qəzetinin bütün böyük yubileyləri qeyd olunur, amma o vaxt buna səthi yanaşılırdı, təmtəraqlı yubileylərdən qətiyyən söz belə gedə bilməzdi. Yaxud da demokratik fikirli ziyalılarımızın əksəriyyəti repressiyaya qurban getmişdilər, sürgün olunmuşdular, mühacirətdə yaşayırdılar, onlardan necə danışa bilərdik? Təbii ki, burada da məqsəd milli şüurun oyanmasının, millətin öz kimliyini dərk etməsinin qarşısını almaq məqsədi güdürdülər. Həmin dövrə aid adicə bir faktı yadınıza salım. SSRİ-də bir məhsul istehsal olunurdusa, ən müxətilf respublikalardan hissələri gəlirdi, tamam başqa respubilkada o məhsul yığılıb başa çıxırdı. Bu da qəsdən edilirdi, rəhbərlik sabahı fikirləşirdi, gələcəkdə respublikalar müstəqil olmaq fikrinə düşməsinlər, suveren olmaq istəyəndə də bir-birilərindən, eləcə də Rusiyadan asılı vəziyyətdə olsunlar. Bu sovet Rusiyasının “parçala, hökm sür” siyasəti idi. Necə ki, tərkibinə daxil olan ölkələrdən çıxmazdan əvvəl orada etnik münaqişə ocaqlarını qalayıb çıxmışdı. İndi də Rusiya bu münaqişə faktorlarından istifadə edib müəyyən regionlarda öz məkrli siyasətini yeridir.
– Azərbaycan müstəqillik qazanandan sonra mətbuatımızda hansı tendensiyalar özünü göstərdi?
– 1987-ci ildə yenidənqurma artıq Azərbaycana da gəlib çıxdı. Dövr üçün yenidənqurma, Qorbaçovun öz sözü ilə desək, vaxtı çatmış bir məsələ idi. Həmin vaxtlar SSRİ-də çörək üçün növbəyə durduğumuz, talonla ət aldığımız günlər idi. SSRİ-də sosializm yarışı adı altında camaata yalanlar yedizdirilirdi. Vəziyyət gərgin idi. Bu gərginliyi gördüyü üçün Qorbaçov yenidənqurma ideyasını ortaya atdı. Həmin vaxtlarda Mərkəzi Komitənin bir nömrəli qəzeti “Pravda”da bir məqalədə yazılmışdı: “Kolxozçuları kolxoz yığnağına gətirmək üçün onlara üç manat pul verilirdi. O vaxt üç manata yarım litr araq almaq olurdu”. Bu, mənim yox, “Pravda”nın müxbirinin müqayisəsidir. Onlar da maşallah (!) içən olduqları üçün müqayisəni araqla aparırdılar. O vaxt o yazını görəndə biz çox təəccüblənmişdik. Axı hələ SSRİ dağılmamışdı. Amma hiss edirdik ki, təəccüblənməyimizə səbəb olanlar yenidənqurmanın təzahürləridir. Qorbaçovun o vaxt bir sözü vardı: proses başladı. Bəli, proses başlamışdı. Bu yazının “Pravda”da getməsi artıq başqa respublikalarda da milli ayılmanın başlanğıcına rəvac verirdi. Yenidənqurma prosesi adı altında baş verənlər bizim mətbuatımıza da təsirsiz ötüşmədi. O vaxt Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetində kəskin yazılar verməyə başladı. Bu yazılarda korrupsiyadan da, rüşvətdən də söz açılırdı. Mərkəzi Komitədən gördülər ki, Nəcəf Nəcəfov kəskin mövzulara toxunur, ona görə də rəhbərlik onu qəzetdən uzaqlaşdırdı. Biz indi də mühazirələrdə tələbələrə deyirik ki, “Molodyoj Azerbaydjana”mətbuatımızda rəsmi qəzetdən qeyri-rəsmi qəzetə keçidin əsasını qoyub. Bu qəzet hələ SSRİ dağılmamış müstəqilliyə doğru addım atmağa başlamışdı. Yerinə də ayrı adamlar gətirdilər ki, bu qəzeti əvvəlki məcrasına qaytarsın. Bundan sonra Nəcəf Nəcəfov “Azadlıq” qəzetini təsis etdi. O vaxt Sabir Rüstəmxanlı da təxminən eyni vaxtda “Azərbaycan” qəzetini buraxdı. Hər iki qəzetdə dövr üçün xarakterik olmayan, o vaxta qədər heç yerdə rast gəlmədiyimiz kəskin yazılar çap olunurdu. O vaxt çap olunan bir yazı heç yadımdan çıxmır: On beş respublika uzanıb, üstlərinə yorğan salıblar. Azərbaycanın ayağı isə çöldə qalıb. Müqayisə edilirdi ki, Azərbaycan ayağını yorğanına görə uzatmır. Beləliklə, Azərbaycanda hələ Sovetlər birliyi dağılmamış müstəqil mətbuatın əsası qoyulurdu. Adını çəkdiyim və çəkmədiyim bir sıra qəzetlər artıq yavaş-yavaş azadlıq ab-havasını bizə gətirirdi. Milli azadlıq hərəkatının formalaşmasında da o qəzetlərin böyük rolu vardı.
– Belə burulğanlardan çıxmış Azərbaycan mətbuatının indiki dövrünü necə qiymətləndirirsiniz?
– Müəyyən mənada mətbuatımızda inkişaf var. O inkişafın müqabilində nöqsanlar da var. Bizim mətbuatımızda reklam bazarı bərbaddır. Bu gün Azərbaycan mətbuatının ən yaralı yeri, mənim fikrimcə, iqtisadi asılılığıdır. Nə qədər ki, Azərbaycan mətbuatı iqtisadi asılılıqdan qurtarmayıb, tam mənasında inkişaf edə bilməyəcək, müstəqil ola bilməyəcək. Ümumi rakursdan yanaşsaq, deməzdim ki, fikir, söz azadlığı, plüralizm yoxdur, var. Elə qəzetlər var, elə mövzuları işıqlandırır ki, burada tamamilə plüralizmi əks etdirir. Bizdə indi cəmiyyətin demokratikləşməsi prosesi gedir. Mətbuatımızın da müstəqilləşməsi, demokratikləşməsi buna uyğun gedir. Əlbəttə, 200 illik dövlətçilik tarixi olan ABŞ-la, yaxud da Avropa ölkələri ilə müqayisələr aparmaq düzgün olmazdı. Hər bir cəmiyyətin özünəxas inkişaf qanunları var. Həm də nəzərə alaq ki, özünü tam demokratikləşmiş hesab edən ölkələrdə də hərdən elə situasiyalar baş verir ki, deməyə söz tapmırsan. Məsələn, götürək Fransanı. Ermənilərin uydurma soyqırımını tanımayanların məsuliyyətə cəlb olunması ilə bağlı qanun az qala qəbul olunurdu. Avropanın mərkəzində belə bir cəfəngiyyat mövzuya çevrilirsə, hansı demokratiyadan, söz, fikir azadlığından söhbət gedə bilər? Amma Fransanın Konstitusiya Məhkəməsi tam demokratik bir ölkənin hakimiyyət qolu kimi bunu ləğv elədi, fikir, söz azadlığının təmininə nail oldu. Nöqsanların mövcudluğuna baxmayaraq, hazırda demokratik dəyərlərə söykənən mətbuatımız inkişafdadır.
– Akif müəllim, son dövrlərdə insanların informasiya mənbələrinin sayı artıb. Onlayn, sosial media ənənəvi mətbuatı qabaqlamaqdadır, hətta qəzet dönəminin sonundan danışırlar. Buna münasibətiniz?
– Qəzet oxuyanların sayının xeyli azaldığını demək olar. Amma bəzilərinin dediyi kimi, qəzet erası bitməyəcək. Ola bilsin ki, tamamilə arxa plana keçəcək. Şəxsən mən özüm informasiyanı əsasən qəzetlərin internet versiyasından oxuyuram. Ancaq bəzən də lazım olanda qəzet alıram. Ona görə ki, bəzi qəzetlərin saytlarında yazıların başlığını görürəm, amma ardını vermirlər, başlığı xoşuma gələndə yazı ilə tanış olmaq üçün qəzeti almalı oluram. Hər halda fikrimcə, qəzetlər aktuallığını itirəcək, amma tamamilə sıradan çıxmasına inanmıram. İnternet medianın inkişafı isə mütləq qəzetlərin satışına mənfi təsir göstərəcək. Həqiqətən də onlayn media özünün inkişaf dövrünü yaşayır və əksər informasiya mənbələrindən öndədir.
– Sosial mediada varsınızmı?
– Şəxsən mən özüm heç bir sosial şəbəkədə yoxam. Amma ümumiyyətlə, sosial şəbəkələr indi çox inkişaf edib, hətta qarşısı alınmayacaq dərəcədə irəliləyib. Sosial şəbəkələrdə, forumlarda çıxış edənlərin sonralar jurnalistlik iddiasına düşdüyünü də eşidirik. Elə ölkələr var ki, jurnalisti elə orta məktəbdən gətirib redaksiyalarda hazırlayırlar. Amma jurnalistin redaksiyada hazırlanması ilə universitetdə hazırlanmasının fərqindən danışanda, vurğulamaq istərdim ki, bəli, jurnalistikanı bitirməyən şəxs də jurnalist ola bilər. Düzdür, kütləvi yox, amma istisnalar var. Elə adamlar var ki, onlar elə dünyaya jurnalist kimi gəlirlər.
– İnternet medianın sürətli inkişafına baxmayaraq, əksəriyyət bu gün də auditoriya əhatəliliyi baxımından televiziyanın digər informasiya mənbələrini qabaqladığını deyir...
– İnformasiya mənbələrinin çoxalması artıq bir faktdır. Amma o da var ki, doğrudan da televiziya bu gün də kütləni ətrafına toplamaq baxımından liderdir. Danılmaz faktdır ki, televiziyanın böyük gücü var. O gücü necə istifadə etmək isə artıq güclü siyasət tələb edir. Televiziya ilə bağlı Moskvanın “İskusstvo” jurnalında bir lətifə oxumuşdum. Oğul atasından soruşur ki, ata, şeytan nədir? Atası televizoru yandırır və oradakı açıq-saçıq bir verilişi göstərir. Oğul yenidən atasından soruşur ki, bəs şeytandan necə xilas olmaq olar? Atası televizoru söndürüb deyir ki, belə xilas olmaq olar. Televiziyanı doğru istiqamətə yönəltmək vacibdir. Bu gün televiziyalarımız da elə proqramlar, verilişlər hazırlamalıdır ki, bu dialoqu bizə xatırlatmasın, televizoru söndürməyə məcbur olmayaq. Televiziyanın gücündən ağılla istifadə etmək lazımdır, o gücü lazımınca dəyərləndirmək lazımdır. Təsadüfi deyil ki, qəzet çıxarmaq üçün lisenziya lazım deyil, amma televiziya açmaq üçün mütləq tezlik təyin edilib lisenziya alınmalıdır. Çünki televiziyanın təsir dairəsi daha genişdir.
– Müasir dövrdə zamanın tələbi ilə yeni janrlar yaranır, bəziləri aktuallığını itirir. Bununla mətbuatımız nə qazanır, nələrdən məhrum olur?
– Bu gün dünyada müxtəlif məktəblər jurnalistikanın müxtəlif janrlarını müəyyənləşdirir. Məsələn, çex jurnalisti Tatyana Repkova janrları iki yerə bölür: informasiya və publisistik janrlar. Biz jurnalistikada əsasən üç janrdan – informasiya, analitik və bədii-publisisitik janrlardan söz açırıq. Lakin bu bölgülərə çox aludə də olmaq olmaz. Bu, nisbi bir anlayışdır. Çünki elə yazı var ki, onu konkret olaraq hansısa janra aid etmək çətindir. Səməd Vurğun “Aygün” poemasını yazanda müzakirə vaxtı sual verirlər ki, bu əsər hansı janrdadır? Şair qayıdır ki, mən yazmışam, janrın adını necə qoyursunuz, qoyun. Janr məsələsi də nisbidir. Zaman dəyişdikcə yeni-yeni janrlar meydana gəlir, bəziləri aktuallığını itirir. Bu təbii bir prosesdir. Məsələn, əvvəllər biz nekroloqu janr hesab eləməmişik. Amma indi nekroloq informativ janra aid edilir. Sovet dövründə oçerk janrı daha populyar idi. Burada daha çox kolxozdan, əmək qəhrəmanlarından yazardılar. İndi dövrün tələbinə uyğun olaraq oçerk kimi janrlar populyarlığını itirib ortadan çıxmaqdadır. İndi ən işlək janr fikrimcə, müsahibədir. Amma bəzi qəzetləri açırsan, görürsən eyni nömrədə iki-üç müsahibə dərc olunub. Bəzən hətta bir şəxsin iki müsahibəsi çap olunur. Mənim şəxsi fikrimə görə, qəzetlərdə xırda informasiyalar və sanballı analitik yazılar üstünlük təşkil etsə, yaxşıdır. Bəzən də qəzetlərdə iki –üç dənə palaz yazı verilir. Vallah, heç kəs elə palaz yazıları oxumur. Ancaq xırda informasiyaları hamı oxuyur. Jurnalistikada nədən yazırsan yaz, hansı janrda olur olsun, onun kökündə xəbərləmək dayanır. İstər boyat, istərsə də isti xəbər olsun, amma xəbər olsun. Janrlaşdırmaq əslində şərtidir. Əsas odur ki, jurnalist dəyərli xəbər versin.
– Pedaqoq kimi tələbələrdən razısınızmı?
– Təbii ki, tələbələrin hamısı eyni ola bilməz. Əgər dərs dediyimiz 50 tələbədən təxminən 15 nəfəri mətbuatda özünü təsdiqləsə, deməli istədiyimizə nail olmuşuq. Məgər həkimlik, müəllimlik oxuyanlar hamısı yaxşı mütəxəssis olur? Mümkün deyil. Amma tələbələrimin içərisində gələcəyinə ümid bəslədiym xeyli tələbə var. Hazırda qiyabi dördüncü kursda, eləcə də əyanidə elə tələbələrimiz var ki, gələcəyinə böyük ümidlər bəsləyirik. İlkin, Məmməd adlı tələbələrimiz var ki, rəngli “Student tayms” qəzeti buraxırlar ki, heç də o biri qəzetlərdən geri qalmır, yaxşı da satılır. Orada tələbələr formalaşır, çox yaxşıdır. Amma arzu edərdim ki, fakültəmizdəki televiziya studiyası yenilənsin. Tələbə ancaq studiyada, bir də qəzet redaksiyalarında formalaşır. Bunlar olmasa, sadəcə nəzəriyyə ilə jurnalist yetişdirmək olmaz. İndiyədək jurnalistika fakültəsini bitirmiş, hazırda mətbuatımızda öz dəsti-xətti olan xeyli yetirməmiz var. Hazırda jurnalistika fakültəsində elə tələbələr var ki, gələcəkdə onların mətbuatımızın inkişafı üçün uğurla çalışacaqlarına inanıram.
Sevinc MÜRVƏTQIZI