525.Az

Azadlıqdan dirçəlişə - Nurlana Əliyeva yazır


 

Azadlıqdan dirçəlişə - <b style="color:red">Nurlana Əliyeva yazır</b>

Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Şah İsmayıl Xətainin 1501-ci ilin payızında Təbrizə daxil olmasını salnaməçilər ruhun bədənlə qovuşması kimi təsvir edirlər.

44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşaya səfəri ilə bağlı videogörüntüləri izləyəndə ilk yadıma düşən salnaməçilərin həmin bənzətməsi oldu.

Müstəqillik tariximizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti müqəddəs şəhərimiz Şuşaya daxil oldu. İllərin həsrəti, intizarı bitdi! On illərin əziyyəti, məşəqqəti bitdi!

Ruhumuzun şəhəri

Vətənimizin bütün yaşayış yerləri, şəhər və kəndlərinin hər qarış torpağı bizim üçün doğmadır. Hər birinin qəlbimizdə özünəməxsus yeri var. Şuşa isə ruhumuzun şəhəridir. Böyük Tanrının sehirli fırçası ilə çəkilmiş gözəllər gözəli Şuşanın düşüncələrimizdə yeri bir başqadır. Bunun səbəbi, yəqin ki, Şuşanın unikal təbiəti, külli-Qarabağın göz işlədikcə canlanan əsrarəngiz mənzərəsi, tarixi hekayəsi, dumandan başına örtdüyü ağ kəlağayının Azərbaycanın qeyrət rəmzinə çevrilməsidir.

Şuşa qədim mədəniyyət mərkəzlərimizdəndir. Bu şəhər ictimai fikir tariximizin inkişafında mühüm rol oynayıb, Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş edib. Şuşa Qafqazın konservatoriyasıdır, həm də səsimizin çağlayan bulağıdır.

Şuşa bizə həmişə yenilməzlik nişanəsi, milli ruhumuzun etibarlı sığınacağı kimi görünüb. Ermənistanın Azərbaycana qarşı işğalçı hücumları güclənəndə çoxumuza elə gəlirdi ki, düşmən heç zaman Şuşanı ala bilməyəcək. Çünki xəyallarımızda bu şəhər sıldırımlı qayalarla əhatə olunmuş təbii istehkamları ilə alınmaz qala timsalında idi. Əsrlər əvvəl Ağa Məhəmməd Şah Qacar kimi əzəmətli hökmdar, güclü sərkərdə belə Şuşanı ala bilməmişdi. Köhnə şuşalıların dili ilə desək, Şuşada "baş qoyub" getmişdi. Ona görə də, 1992-ci ilin 8 mayında xəyanət nəticəsində Şuşanın düşmənə təslim edilməsi həyatımızın ən böyük faciəsi oldu.

Bu qədim şəhərin 28 ildən sonra - 2020-ci ilin 8 noyabr günü Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, hünəri, əsgər və zabitlərimizin rəşadəti sayəsində düşməndən geri alınması ömrümüzün ən böyük bayramına çevrildi, qanı kəsilməyən yaralara məlhəm oldu. Şuşa həsrətimizə son qoyuldu.

Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Şuşaya səfəri uzun illər bu şəhərin həsrəti ilə odlanmış qəlbimizə su çilədi. Onlarla birgə Şuşaya bütün Azərbaycan, böyük bir izdiham gedirdi. Dünyada yaşayan bütün azərbaycanlılar Şuşaya varid olurdu.

Mehriban xanımın yolboyu çəkdiyi kadrlar, Şuşaya aparan yolun təsvirləri, təbiətin mənzərələri, Şuşanın görüntüləri sərin su kimi ürəyimizə hopurdu. Təsvirlərdə əks olunmuş bu yol hər gün gedib gəldiyimiz, qət etdiyimiz adi yollardan deyil. Bu yol müqəddəs yoldur. Qələbəmizin qanadlarında qayıdışımızı 28 il həsrətlə gözləyən zəfər yoludur. İztirablarımıza son qoyan, ülvi arzularımıza çatdıran müqəddəs yoldur.

Bu yoldan Şuşanı azad etmiş igidlərimiz keçib gedib. Bu yola Azərbaycanın Zəfəri naminə canını fəda etmiş şəhidlərimizin qanı qarışıb. Bu yol qəlbimizdən başlanır, ruhumuza qovuşur.

Hazırda dövlət rəhbərimizin tapşırığı ilə Şuşanın yeni yolunun tikintisi sürətlə davam etdirilir. Tezliklə qələbəmizin simvoluna çevrilmiş bu yol hazır olacaq. Azərbaycan Prezidenti də xüsusi vurğuladı ki, Şuşaya gedən yol geniş olmalıdır. Azərbaycanın hər yerindən, dünyanın bütün məkanlarından ülviyyət şəhərinə doğru hamar, cənnətə aparan yol başlanacaq. Yaddaşımızda bir çox milli dəyərimizi rəmzləşdirən Şuşa həm də milli birliyimizin, həmrəyliyimizin, azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi əbədiləşəcək. Şuşaya aparan yol həsrətli keçmişimizdən qürurlu gələcəyimizə aparan vüsal yolu olacaq. Bu yolun üstündə qüdrətli əlləri ilə xoşbəxt gələcəyi nişan verən Ulu öndərin möhtəşəm heykəlini görürəm.

Qələbənin rəmzi

Azərbaycan Prezidenti Şuşaya qalib fateh kimi getdi. Öz varlığını, iradəsini, gücünü, qətiyyətini, ona məhəbbətlə dəstək verən xalqımızın vəhdətini, qələbəmizin sevincini Şuşaya ən qiymətli hədiyyə kimi apardı, arzularına yetişmiş, mənfur düşmənə qalib gəlmiş sərkərdə kimi!

Bu səfər 28 illik işğaldan, ayrılıqdan, əzab və iztirablardan canımızda qalmış sıxıntıları tam qoparıb atdı. Şuşanın azad edilməsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun nail olduğu çox mükəmməl qələbədir. Bəlkə də hadisələrin bilavasitə içində olduğumuzdan bu qələbənin mahiyyətini hələ tam dərinliyi ilə dərk edə bilmirik. Amma illər, əsrlər ötəcək, gələcək nəsillər Şuşa qələbəsi ilə, bu Vətən müharibəsindəki Zəfərimizlə həmişə qürur duyacaq, Vətən torpağının müqəddəsliyini dərk edib, bu qələbədən ürəklər riqqətə gələcək.

Azərbaycan Prezidenti Şuşaya səfəri ilə bizim sevincimizə qısqananlara, bizi istəməyənlərə göz dağı çəkdi. Özünün də dediyi kimi, dostlarımız sevinsin, düşmənlərimiz kor olsun.

Düşmən Şuşanın bizim üçün nə demək olduğunu yaxşı bilirdi. Ona görə geniş işğal prosesinə 1992-ci ilin mayında Şuşadan başlamışdı. Məqsəd milli ruhumuzu sarsıtmaq şəraitində işğal niyyətlərinə daha asan nail olmaq idi. Əfsuslar olsun ki, o zaman düşmən bu niyyətinə çatdı. Şuşa kimi qeyrət qalamızın müdafiəsini lazımi şəkildə təşkil etməkdənsə, başı Bakıda hakimiyyət davalarına qarışmış ünsürlərin xəyanəti nəticəsində qürurumuzun, iftixarımızın məskəni Şuşa əldən getdi. Halbuki hərb elmindən az-çox anlayışı olan hər kəs bilir ki, ovaxtkı hakimiyyət nümayəndələrinin və onların yerinə keçmək üçün hər cür oyundan çıxan Azərbaycan Xalq Cəbhəsi rəhbərlərinin tarix qarşısında bir qədər məsuliyyəti olsaydı, Şuşanı qorumaq mümkün idi. Təəssüf ki, işğalçıları kənarda qoyub paytaxtda hakimiyyət, mənsəb üstündə bir-biri ilə didişənlər artıq mərkəzdən heç bir kömək, əmr, komanda gözləmədən sadəcə öz ambisiyaları ilə Şuşanın müdafiəsi uğrunda son damla qanlarınadək döyüşən igid övladlarımız qədər qeyrət göstərə bilmədilər. Hakimiyyət eşqi hər şeyə üstün gəldi.

Düşmən Şuşanı, tariximizin bu alınmaz

qalasını, demək olar ki, ciddi bir itki vermədən ələ keçirdi. 28 il bizə göz dağı verdi. Şuşa dərdi əsəblərimizi tarıma çəkdi. Getdikcə bu yaranın göynərtisi artdı. İş o yerə çatdı ki, düşmən Şuşada Qarabağdakı hərbi xunta rejiminin, terrorçu qruplaşmanın rəhbərinin andiçmə mərasimini keçirirdi. Qondarma respublikanın parlament binasını inşa edirdi. İnsan hüquqlarından dəm vuran Ermənistanın yeni baş naziri Şuşada içib sərxoş vəziyyətdə yallı gedirdi, bununla düşmən bizə daha böyük mənəvi acı yaşatmağa can atırdı, özünü qalib hesab edirdi. Daha düşünmürdü ki, "bu xəmir hələ çox su aparacaq"...

Qəhrəmanlıq örnəyi

Sıldırım qayalardan dırmaşaraq alpinist hünəri ilə Şuşaya daxil olan, bıçaqla, tapança ilə, avtomatlı, tanklı, toplu düşmənin üstünə atılan və bu qəhrəmanlığı ilə dünyanın hərb tarixinə adı şərəflə yazılan igid Azərbaycan əsgəri dövlətinin, xalqının başını göylərə ucaltdı.  

Müharibənin gedişində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa ilə bağlı ermənilərin xaricdəki havadarlarının bütün təzyiqlərinə mərdliklə sinə gərdi. Hər addımında olduğu kimi, Şuşa barədə də əsl liderlik, mərdlik, cəsarət nümunəsi meydana qoydu. "Şuşasız bizim işimiz yarımçıq qalar" dedi və bu sözünə də sahib çıxdı. Şuşanı əsgər və zabitlərimiz igidliklə, Ali Baş Komandanın rəhbərliyi ilə azad etdilər. Adları tarixə Şuşanı azad etmiş Milli qəhrəmanlar kimi yazıldı.

Ordumuz misilsiz qəhrəmanlıq göstərib, yalçın qayalara kəndirlə dırmaşaraq Şuşaya daxil oldu. Bu doğma şəhəri, zərif duyğularımızın beşiyini böyük şücaət göstərərək düşməndən azad etdi. Xocalı cəlladları bu qəhrəmanlıq qarşısında qaçıb ilim-ilim itdilər. Şuşanın azadlığı Ermənistan rəhbərliyini fakt qarşısında qoydu. Düşmənin beli məhz Şuşada sındı. Onlar artıq müharibəni uduzduqlarını anladılar, əlacsız qalıb kapitulyasiya aktına imza atdılar. Dövlət rəhbərimizin düşünülmüş hərbi siyasəti başqalarına güvənən erməni rəhbərini diz çökdürdü.

Şuşanın azadlığı Azərbaycanda möhtəşəm qələbə bayramına çevrildi. Xəyanət ləkəsi alnımızdan silindi.

Uzun illərdən sonra ilk dəfə noyabrın 8-də Şuşada üçrəngli bayrağımız dalğalandı. Bu hadisə Zəfər Günü kimi tarixə düşdü. Azərbaycan əsgər və zabitlərinin Şuşa qəhrəmanlığı dünyanın aparıcı hərbi məktəblərinin dərsliklərinə yazılacaq bir örnək kimi dildən-dilə dolaşdı.

Qalib gənclik

Şuşanın və düşməndən təmizlənmiş digər ərazilərimizin azadlığının daha böyük bir mənası da var. Bu əraziləri azad edənlərin çoxu son onilliklərdə ərsəyə gəlmiş gənclərimizdir. Onların səriştəli komandirləri, yeni nəsil generallarımız da Ulu öndər Heydər Əliyevin və onun ordu quruculuğu işini uğurla davam etdirən cənab İlham Əliyevin yetişdirdiyi peşəkar zabitlərimizdir.

Cənab İlham Əliyev 17 ildir Azərbaycanın rəhbəridir. Azərbaycan gəncliyinin böyük hissəsi bu illərdə formalaşıb. İlham Əliyevin yetişdirdiyi gənc nəsil öz Vətəninin hər qarışı uğrunda varlığından keçməyi şərəf bilən igidlərdir.

2003-cü ildə 10, 15 yaşı olanların bu gün 27-32 yaşı var. 44 günlük Vətən müharibəsi, ondan əvvəl 2016-cı ilin aprelindəki dördgünlük savaş Azərbaycanda nə qədər vətənpərvər, güclü, milli ruhlu gənc nəsil yetişdiyini bir daha təsdiqlədi. Bu nəslin təmsilçiləri döyüşə getmək üçün yerli səfərbərlik xidmətlərinin əməkdaşları ilə mübahisələrə çıxdılar. Ön cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmaq, onlarla birgə əldə silah düşmənə qarşı vuruşmaq üçün ipə-sapa yatmadılar. Müharibəyə də toya-bayrama gedirmiş kimi getdilər. Onların vətənpərvərlik ruhunda tərbiyə alması, mənəvi dünyalarının düşmənə nifrət hissləri ilə köklənməsi bizi Qələbəyə apardı. Azərbaycanın Vətən uğrunda müharibəsi öz zəfərinə onların sarsılmaz ruhu ilə nail oldu. Bu müqəddəs işin ağırlığını, əziyyətini ən çox onlar çəkdilər. Böyüklərindən örnək aldılar, Vətənləri uğrunda canlarından keçməyə hazır oldular. Neçə-neçə igid övladımız bu müqəddəs müharibədə həyatını itirdi, şəhidliyə qovuşdu. Onların qeyrəti, namusu, Vətənə bağlılığı beşikləri başında layla deyən Azərbaycan analarının ruhundan ayrılıb canlarına, qanlarına, iliklərinə, sümüklərinə işləmişdi.

Dəmir yumruq

Qələbəmizin də rəmzi təsadüfən dəmir yumruq adlandırılmayıb. Vətən müharibəsindəki milli vəhdətimizlə dövlət rəhbərimizin məqsədli siyasəti ətrafında birləşib dəmir yumruğa çevrildik. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, təcrübəsindən asılı olmayaraq cəmiyyətimizin bütün üzvləri bu yolda gücünü əsirgəmədi. Bu yumruq həm gücdür, həm birlikdir, qüdrət və həmrəylikdir. Doğma Vətənin hər qarış torpağına yenilməz məhəbbətdir. Prezident İlham Əliyevin hərbi rəşadətinə, mərdliyinə, güclü iradəsinə və bacarığına sonsuz inam və sədaqətdir.

Tarixdə həmişə birliyə nail ola bilən xalqlar, ölkələr qələbə qazanıblar. Yüksək iradəli, sarsılmaz qətiyyətə malik liderlər xalqın milli həmrəyliyinə nail olub Vətəni ən böyük Zəfərə yetirirlər. Qalibiyyət tarix boyu xalqın gücünə arxalanaraq heç bir təhdid, təzyiq qarşısında boyun əyməyən liderlərin hünəri olub. Milli maraqları heç kimə və heç nəyə qurban verməyən, xalqın, dövlətin mənafelərini ən çətin şərtlər altında da müdafiə etməyi, qorumağı bacaran dövlət adamları, sərkərdələr həmişə ali məqsədlərə çatıblar. Azərbaycanın timsalında bunu hər kəs bir daha gördü.

44 gün ərzində Prezident İlham Əliyev dünya ölkələrinin ən nüfuzlu informasiya agentliklərinə müsahibələr verdi. Bu müsahibələrdə Azərbaycan rəhbərinin dünya tarixinə dərindən bələd olması, təkzibedilməz fikirləri, kəsərli məntiqi, siyasi təfəkkürü, Vətəninin bütövlüyü haqqında dönməz mövqeyi, xalqına tükənməz məhəbbəti, prinsipiallığı, zəkası, dühası nəinki Azərbaycanda, bütün dünyada televiziya qarşısında əyləşib saatlarla onu dinləyən insanları heyrətləndirdi, Azərbaycanın qələbəsinin sirlərini dünyaya bəyan etdi.

39 ildən sonra

Azərbaycan Prezidentinin Şuşaya səfəri üçün 14 yanvar günü də təsadüfən seçilməmişdi. Dövlət rəhbərimiz dedi ki, o, Şuşaya 39 il əvvəl gəlib. Həmin il xalqımızın Ümummilli lideri Heydər Əliyevlə birgə onun bu şəhərə iki səfəri olub. Şuşaya birinci səfəri yanvarın 14-ə təsadüf edib.

39 il sonra isə cənab İlham Əliyev Şuşaya Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi öz ailə üzvləri ilə qayıtdı. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi Şuşada dalğalanan müqəddəs bayrağımızın altında, qəhrəman hərbçilərimizin önündə bəyan etdi ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!

Azərbaycan Prezidentinin 39 il əvvəl çəkilmiş fotoşəkildəki məkana yenidən qayıdışı tarixi ədalətin bərpası, keçmişlə bu gün, bu günlə gələcək arasında qırılmaz bağlılığın təmin edilməsi rəmzi idi. Bu simvolik kadr bir daha göstərdi ki, Azərbaycan xalqı bu torpaqların, bu şəhərin əzəli-əbədi sakinləridir və bundan sonra da hər zaman belə olacaq.

Cənab İlham Əliyevin 39 il əvvəl 14 yanvar günü Ulu öndərlə birgə Şuşaya getməsinə səbəb olan əlamətdar hadisə də maraqlı və bu günün prizmasından baxanda son dərəcə əhəmiyyətli bir tarixə bələdçilik edir. Həmin gün Şuşada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Molla Pənah Vaqifin məqbərəsi açılırdı. Bu abidə məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi. Qeyd etdiyimiz kimi, açılışına Ulu öndər özü də gəlmişdi. Övladını da özü ilə gətirməyi vacib bilmişdi. Çünki Heydər Əliyev bu abidələri ermənilərin min bir hiylə ilə izimizi, tarixi keçmişimizi itirməyə çalışdıqları, havadarlarının gücü ilə əlimizdən qoparmağa can atdıqları Qarabağ torpaqlarında Azərbaycan xalqının silinməz tarixi nişanələri kimi ucaldırdı.

1969-1982-ci illərdə Ümummilli lider Heydər Əliyev ermənilərin Azərbaycana qarşı bütün ərazi iddiaları cəhdlərinin qarşısını almağı bacarırdı. Eyni zamanda, Dağlıq Qarabağ ermənilərinin separatçı niyyətlərinin kökünü birdəfəlik kəsmək üçün strateji addımlar atırdı. Heydər Əliyevin bu torpaqlarda qurub yaratdığı istehsalat müəssisələri, təhsil ocaqları, infrastruktur obyektləri hesabına bölgədə demoqrafik durumun dəyişdirilməsinə cəhdlərin qarşısı alındı. Bu, indi ümumun qənaətidir ki, əgər Heydər Əliyev 1982-ci ildən sonra da Azərbaycana 10 il rəhbərlik etsəydi, bu müddətdə Dağlıq Qarabağ Muxtar Vilayətində hər hansı bir münaqişə və separatizm meyli baş qaldıra bilməyəcəkdi.

Əfsus ki, bizdən asılı olmayan səbəblərdən tarixi proseslər başqa səmtdə cərəyan etdi. Ermənilərin separatçı, işğalçı əməlləri üzündən başımız 30 il ərzində olmazın bəlalar çəkdi. Amma artıq tarix yenidən bizim xeyrimizə işləyir. Bu tarixi yaradan bizik. Reallıqları dəyişən Azərbaycan Prezidentidir. Qalib Ordumuzun əsgər və zabitləridir. Qüdrətli dövlət rəhbərimizin unikal siyasəti ətrafında xalqımızın sıx birliyi, dəmir yumruğudur.

Güllələnmiş büstlərin sevinci

Cənab İlham Əliyevin Şuşaya səfərində hamımızı kövrəldən bir məqam da var idi. Azərbaycan Prezidenti Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş və riyakar niyyətlərlə doğma yerlərindən qoparılıb aparılmış büstlərini təxminən 30 il ayrılıqdan sonra yenidən öz məkanlarına qovuşdurdu. Güllələnmiş büstlərin illərlə davam edən fəryadı sevinc pıçıltıları ilə əvəz olundu. O şəxsiyyətlərimizin illərlə Şuşanın üzərində dolaşan nigaran ruhu dincliyinə qovuşdu. Bir qərinə davam edən ermənilərin namərdliyi onları öz vətənlərindən ayıra bilmədi.

Dahi şəxsiyyətlər təkcə bir xalqa yox, ümumiyyətlə, bütün bəşəriyyətə məxsusdurlar. Xurşidbanu Natəvanın əsərləri, Üzeyir bəy Hacıbəylinin bəstələri, Bülbülün ifaları Azərbaycan qədər dünyanın müxtəlif məkanlarında da sevilir, yüksək qiymətləndirilir. Onlar yalnız Azərbaycan xalqının deyil, dünyanın sərvətidir. Bu şəxsiyyətlərin abidələrinin erməni barbarlığına məruz qalması onların mənəviyyatdan məhrum xarakterlərinin güzgüsüdür.

Sən demə, bu büstlərin xilası sadəcə təsadüf nəticəsində mümkün olubmuş. Şuşaya səfəri zamanı yenidən əvvəlki yerlərinə qoyulmuş büstləri ziyarət edərkən cənab İlham Əliyev həmin o tarixi xatırlatdı. Məlum oldu ki, Azərbaycanın ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu büstlərin Ermənistana aparıldığını və ermənilərin bu incəsənət nümunələrini əridərək satmaq niyyətləri barədə xəbər tutub. Bununla bağlı Ulu öndər Heydər Əliyevə müraciət edib. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən pulla alınıb. Nə qədər böyük rəzalət!.. Hər şeyi, bütün ali dəyərləri - əxlaqı, mənəviyyatı, insanlığı da satmağa hazır olan bədnam qonşularımızın bu əməli də onlara xas olan adi simasızlıqlarıdır.

Həmin büstlər 30 ilə yaxın idi ki, Bakıda İncəsənət Muzeyinin həyətində saxlanırdı. Dövlət rəhbərimiz Şuşada xatırlatdı ki, bir neçə dəfə müxtəlif şəxslər ona bu abidələrin Bakının hansısa görkəmli yerində qoyulmasını təklif ediblər. "Müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq".

Şuşanın bir gün düşməndən azad ediləcəyinin çoxumuza xəyal kimi göründüyü ən ümidsiz vaxtlarda da cənab Prezidentin bu arzuya, qarşıya qoyduğu hədəfə çatmaq əzminə, səbrinə, gələcəyə inamına heyrətlənməyə bilmirsən. Lideri də, onun sabaha doğru öz ardınca apardığı xalqını da tarixdə böyük edən, nüfuzlu edən məhz bu əzmkarlıqdır. İnam və ümiddir. Hədəfə doğru səbrli, təmkinli, amma həm də dönməz, qətiyyətli addımlardır.

Bu gün Şuşada öz yerlərini tutan o büstlər dahi şəxsiyyətlərimizlə birgə həm də Azərbaycanın şanlı qələbəsinin şərəfinə ucalır. O büstlər dövlət rəhbərimizin də qeyd etdiyi kimi, qələbəmizin rəmzidir: "Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini".

"Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

Azərbaycan Prezidenti ailə üzvləri ilə birgə Şuşada Natəvan bulağı, Bülbülün ev-muzeyi ilə tanış oldu, Vaqifin dağıdılmış məqbərəsinə baş çəkdi, Yuxarı Gövhər ağa, Saatlı məscidlərini ziyarət etdi, Qazançı kilsəsi ilə tanış oldu. Erməni vandalizminin qurbanına çevrilmiş Şuşa Realnı Məktəbinin dağıdılmış binasına getdi.

Bu məktəbin milli təhsil tariximizdə özünəməxsus yeri var. XIX əsrin 30-cu illərində Azərbaycanda yaradılmış ilk "Realnı məktəb"dir. Burada Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli və neçə-neçə şəxsiyyətlərimiz yetişib. Tezliklə bu məktəb yenidən bərpa olunacaq. Öz qapılarını oxumaq, dünyaya fayda vermək həvəsi, amalı ilə yaşayan gül balalarımızın üzünə açacaq. Şuşa bu şəhərdəki məktəblərdən gələn elm-təhsil ənənələrinin və qədim dini abidələrin ruhumuza ötürdüyü irfan işığı ilə yenidən möhtəşəm bir mədəniyyət mərkəzi kimi bütün dünyanı özünə cəlb edəcək.

Tarixi abidələrimizin qənimi ermənilər təkcə Şuşada 67 məscidi dağıdıb yararsız hala salıblar. Bu, ermənilərdə bir xəstəlik halına gəlmiş islamofobiyanın daha bir təzahürüdür. Azərbaycanın başqa işğal olunmuş ərazilərindəki dini ziyarətgahlarımızı dağıtmaqla, məscidlərimizdə donuz saxlamaqla öz xislətlərini nümayiş etdirən ermənilər işğal dövründə dünyanı aldatmaq üçün Yuxarı Gövhər ağa məscidində guya təmir işləri aparıblar. Amma bu təmirdən çox təhrifdir. Azərbaycanın milli-mənəvi dəyərlərinin Şuşadakı izlərini silməyə, itirməyə, saxtalaşdırmağa uğursuz bir cəhddir. Əfsuslar olsun ki, bu vandalizm əməllərində ermənilərə özlərini islami dəyərlərin qoruyucularından sayan bəzi ölkələr də dəstək veriblər.

... Tarixdə bütün əməllərin sahibləri öz izlərini qoyub gedirlər. Yuxarı Gövhər ağa məscidini ziyarət edərkən ölkə rəhbərimizin, onun ömür-gün yoldaşı xanım Mehriban Əliyevanın, qızları Leyla xanımın milli-mənəvi dəyərlərimizə nə qədər ürəkdən bağlandıqlarını onların hər bir hərəkətində, üzlərindəki dərin ehtiram ifadələrində hər kəs aydın gördü.

Mehriban xanımın hörmətlə, riqqətlə öpüb gözünün üstünə qoyduğu Qurani-Kərimi Prezidentimiz də eyni dərin hörmətlə alıb öpdü və gözünün üstünə qoydu. Bu yüksək milli mənəviyyat, milli və bəşəri dəyərlərə ali münasibət bütün yaradılmışlar üçün ən böyük örnək, əsl nümunədir. Bəşəri olduğu qədər milli olmaq insanın böyük yaradana inamı, ehtiramı, səcdəsi, ləyaqətidir. Əcdadına hörmət, Tanrısına ibadətdir. Qürur duyuruq ki, bu ali dəyərləri öz varlığında qoruyub saxlayan rəhbərimiz və ölkəmizin Birinci vitse-prezidenti bəşəri dəyərlərə ehtiram bəsləyən və öz xalqının milli-mental xüsusiyyətlərini, adət-ənənələrini dərindən bilən, onlara hamilik edən və öz varlıqlarında hörmətlə yaşadan bu torpağın, bu Vətənin nəcib, alicənab övladlarıdır.

... Noyabrın 8-də Şəhidlər Xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən Ali Baş Komandan cənab İlham Əliyev demişdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Sadə, lakin hər bir insanın damarlarından axan qanı coşduran bu ifadələr illərlə Vətən intizarı yaşayan, nəhayət ki, ürəyindən zəhərli tikanları çıxardan, ülvi arzularına qovuşan, sevincindən riqqətə gələn şəxsiyyətin, vətənpərvər dövlət rəhbərinin, uzun illərdən sonra məqsədinə çatmış Böyük İnsanın səmimiyyətlə, əminliklə söylədiyi ürək sözləridir. Bu kəlmələrin həqiqəti hələ neçə-neçə nəsillərin ruhunu oyadacaq, duyğulara qol-qanad verəcək vətənpərvər nəsillər yetişdirəcək.

Biz qayıtmışıq

Artıq illərlə düşmən tapdağında inləyən bu torpaqların əsl sahibi öz yerlərinə qayıdıb. Özü ilə azad torpaqların dirçəliş planlarını, abadlıq niyyətlərini, inkişaf hazırlıqlarını, qısa müddətdən sonra bu yerləri dünyanın cənnətinə çevirmək hədəflərini də gətirib. Azadlıqdan sonra dirçəlişə yol alıb.

Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Təkcə hava limanının deyil, həm də Qarabağın səadətinin, xoş günlərinin, bu əsrarəngiz təbiəti bütün dünyanın zövqlər alacağı bir cənnətə çevrilməsinin təməlini qoydu. Hava limanının bu il istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin inkişafında müstəsna rol oynayacaq. Turizm infrastrukturunun yaradılmasına, həyata keçirilən bərpa və yenidənqurma işlərinə böyük təməl olacaqdır. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanının Kəlbəcər və ya Laçında inşası nəzərdə tutulur. Tezliklə Qarabağ torpaqlarına dünyanın dörd bir yanından sərnişin dolu təyyarələr enəcək. Bu bölgələr təbii gözəllikləri ilə turistlərə öz qollarını açacaq. Yer üzünün turizm məkanlarından biri kimi tanınacaq.

Artıq Füzuli-Şuşa ərazilərində dördzolaqlı, bəzi yerlərdə isə altızolaqlı yeni avtomobil yolunun da təməli qoyulub. İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanları da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması Azərbaycanın öz milli hədəflərinə çatması baxımından strateji önəm daşıyır. Çünki Ordunun ardınca məhz iqtisadiyyat öz sözünü deməyə başlamalıdır. Tarixdə çox şeyləri iqtisadi inkişaf prosesləri yerbəyer edir. İqtisadi inkişaf proseslərini sürətləndirən də yoldur, infrastrukturdur, yaradılan şəraitdir.

Azərbaycan bu sahədə də aydın hədəflərə qısa zamanda çatmaq əzmkarlığına malikdir. Dövlət rəhbərimiz Sərkərdə kimi ordu quruculuğu sahəsində, hərb meydanında, diplomat kimi beynəlxalq siyasi münasibətlərdə ən yüksək bacarıqlara malik olduğu qədər müasir iqtisadiyyatın da bilicilərindəndir. İllər göstərir ki, iqtisadi inkişaf proseslərinin bütün dünyada ən yaxşı idarəedicilərindəndir.

Bu yaz bir başqa yazdır..!

Tezliklə bahar gələcək. Cıdır düzü al-əlvan rəngə boyanacaq. İllərdən sonra "Vaqif Poeziya Günləri", "Xarı bülbül" festivalı, toyu, büsatı, bayram ovqatı ilə Şuşa yenidən öz cəlalına qayıdacaq. Azərbaycanın qız-gəlinləri yenə də gəlin qayasında oturub öz sevgililərini gözləyəcəklər. İsa bulağı öz sərin sularını illərin həsrətini yaşamış insanların ürəyinə səpib onlara həyat eşqi verəcək. Bülbülün, Xanın nəğmələri ruhları dirçəldəcək. Bütün dünyanın mütərəqqi insanları sevincimizə şərik olacaq.

"Qarabağ bülbülləri"nin, tarın-kamanın, muğamın sədası aləmə yayılacaq. Şəhərin üzərindəki duman dağılacaq və Cıdır düzündən gələcəyə doğru göz işlədikcə uzanan gözəlliklər Azərbaycanın şərəfli qələbəsindən sonra dirçəlişinə doğru yol almış Vətənin xoşbəxt gələcəyindən xəbər verəcək.

Bu gələcəyi yaradan bizik!

Azadlığın mübarək, Şuşa!

Bütövlüyün mübarək, Vətən!

 





29.01.2021    çap et  çap et