525.Az

Qalib gənclərin günü - Şahanə Müşfiqin yazısı


 

Qalib gənclərin günü - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

2 Fevral Azərbaycan gənclərinin, gəncliyinin günüdür. Ümummilli lider Heydər Əliyevin gəncliyə və gənclərə olan qayğısının, diqqətinin bariz nümunəsi olan bu günlə bağlı Sərəncam onun tərəfindən 1997-ci ildə imzalanıb.

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd edilməyə başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verir, uğurlu gənclər müxtəlif təşkilatlar, qurumlar tərəfindən müvafiq qaydada mükafatlandırılırlar.

Qeyd edək ki, dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

***

Özümüzdən əvvəlki nəslin "indiki nəsil", "indiki gənclik" ifadələriylə başlayıb, giley-güzarla davam edən cümlələrinə alışmışıq hardasa. Bəlkə də ilk dəfədir ki, Azərbaycan gəncləri bu stereotipi sındırdı, özündən və adından qürurla, şərəflə, fəxarətlə bəhs etdirməyi bacardı. Bu il Azərbaycanda "Gənclər günü" daha fərqli aurada, daha fərqli ruhda qeyd olunur. Çünki cəmi bir neçə ay öncə məhz bu gəncliyin sayəsində Azərbaycan xalqının otuz illik torpaq həsrətinə son qoyuldu, biz Qarabağa, Qarabağ da əsl sahiblərinə qovuşdu.

Sürətlə dəyişən dünyada "Vətən", "el-oba", "ata-baba yurdu" anlayışları özünün əvvəlki qüdrətini itirmək üzrədir. Xüsusən, Avropadan, inkişaf etmiş və etməkdə olan ölkələrdə həyat qayğıları insanların düşüncə sisteminə o dərəcədə təsir göstərib ki, müqəddəslik anlayışları da dəyişib. Ona görə də hərc-mərciyin, müharibənin, savaşın, qanın gün-gündən artdığı dünyada son zamanlarda torpağı uğrunda döyüşüb tarixi ədaləti bərpa edə bilən, özünün əzəli torpaqlarına qovuşan heç bir dövlət, xalq yox idi. Ta ki, ötən ilin sentyabrına qədər. Azərbaycan dövləti və xalqı həmin ay bütün dünyada son dövrün ən böyük ilkinə imza atdı: özünün tarixi torpaqları uğrunda müharibəyə qalxdı. Otuz ilə yaxındır böyük dövlətlərin "Qarabağ problemini həll etmək" adı altında günü-günə satdığı, məsələnin həlli yolunda bir buğda dənəsi boyda yol belə qət etmədən, bu torpaqları bizə unutdurmağa çalışdığı bir zamanda Azərbaycan kimi kiçik bir dövlətin bu qədər böyük bir hadisəyə qol qoyması dünyaya tərs sillə effekti bağışladı. Dünya gördü ki, 21-ci əsrin 2-ci onilliyində belə torpağı, vətəni uğrunda ölməyə də, öldürməyə də hazır olan bir xalq yaşayır. O xalq ki, tarix boyu boynuna keçirilən heç bir boyunduruğa təslim olmayıb, düşmənin "ram etdim, qalib gəldim" düşündüyü zamanda heç gözlənilmədən ayağa qalxıb və azadlığını qanı-canı bahasına əldə edib. Azərbaycan xalqının tarixində bu cür nümunələr çoxdur. Məhz buna görə də Azərbaycan vətəni, torpağı yolunda dünyada ən çox şəhid verən ölkələr arasındadır. Azərbaycan xalqı tarixin bütün dövrlərdə yeni doğulan hər körpənin qulağına hər şeydən əvvəl "ana", "vətən", "torpaq" sözlərini pıçıldayır, onların müqəddəsliyini aşılayır. Biz dünyadakı o xalqlardanıq ki, körpələrimizə "vətəninə, elinə, obasına layiqli övlad olsun" duaları edərik. Vətən sevgisi bizə hələ anamızın bətnindən, südündən keçər. Buna görə də yetişən hər nəsil qəlbində vətən sevgisiylə böyüyür. Gənclik torpağın, millətin mahiyyətini ən yüksək şəkildə dərk edir. Və yeri gələndə bu müqəddəslər üçün canını, qanını əsirgəmir. Bəlkə də buna görədir bu yurd uğrunda ömrünü fəda edən şəhidlərimizin böyük əksəriyyəti məhz gənclərdir.

***

Bu gün Azərbaycan gənci özünü təkcə özündən əvvəlki nəsillərə deyil, bütün dünyaya sübut etdi. Göstərdi ki, Azərbaycan gənci dövlətinin ərazi bütövlüyü, torpaqlarının azadlığı, xalqının rifahı üçün bir an belə düşünmədən döyüşə atıla, düşmənə qan uddura, canını müqəddəs bildikləri uğrunda fəda edə bilən namuslu, qeyrətli, cəsur insandır.

Azərbaycan gənci o gəncdir ki, işğal tarixi doğumundan bir neçə il böyük olan, heç vaxt getmədiyi, görmədiyi torpaqları hər şeydən uca bilir.

Azərbaycan gənci o gəncdir ki, ta uşaqlıqdan ən böyük arzusu Qarabağı azad etmək, Şuşaya bayraq sancmaqdır.

Azərbaycan gənci o gəncdir ki, səhhətindəki problemi həkimlərdən gizlətməyə çalışır, birdən onu hərbi xidmətə aparmazlar deyə.

Azərbaycan gənci o gəncdir ki, vətən qeyrəti onu boğanda gecənin bir yarısı düşmən üzərinə təkbaşına gedib, düşməndə "ordu üstümüzə gəlir" xofunu yarada bilir.

Azərbaycan gənci o gəncdir ki, düşmən təxribatı nəticəsində şəhid olan generalına öz doğması kimi sahib çıxır, onun qanını almaq üçün könüllü müharibəyə, döyüşlərin ən qızğın yerlərinə gedə bilir.

Azərbaycan gənci o gəncdir ki, döyüşə getmək üçün günlərlə hərbi komissarlıqların önündə gecələyir, "dostlarım getdi, məni də aparın, burda qalmaqdan utanıram" - deyir.

Azərbaycan gənci o gəncdir ki, müharibəyə (oxu: ölümə!) toya-bayrama gedər kimi çal-çağırla, sevinərək, başı dik yollanır.

Azərbaycan gənci o gəncdir ki, şəhadət anında arxaya yox, önə yıxılır ki, son nəfəsində belə heç olmasa boyu qədər torpağı da azad etmiş olsun.

Azərbaycan gənci o gəncdir ki, döyüş yoldaşlarına "sizin ailəniz, övladlarınız var, geri qayıdın" - deyərək sinəsiylə, nəfəsiylə özündən arxadakıları qoruyur.

Azərbaycan gənci o gəncdir ki, vətənin dar məqamında canını yox, ona necə faydalı ola biləcəyini düşünür.

Azərbaycan gənci o gəncdir ki, müharibəyə aparılmadığından utanır, arxa cəbhədə bacardığı, bacarmadığı hər şeyə əl ataraq dövlətin, ordunun yanında olduğunu göstərir.

Azərbaycan gənci o gəncdir ki, təkcə döyüş meydanında, ön cəbhədə deyil, arxa cəbhədə və bütün platformalarda düşmənlə savaşır, xalqının və dövlətinin adını hər zaman ucalarda tutur.

Azərbaycan gənci döyüşkəndir, savadlıdır, yaradıcıdır, qeyrətlidir, sevgi doludur, tarixinə, milli kimliyinə bağlıdır, dosta sadiq, düşmənə amansızdır.

Azərbaycan gənci böyük və ulu bir millətin ümid yeri, fəxarət simvoludur.

Günün mübarək, məğrur və qalib Azərbaycan gənci!

 





02.02.2021    çap et  çap et