525.Az

Mehriban Əliyeva Parisdə Tahir Salahovun fərdi sərgisinin açılışında iştirak edib


 

Mehriban Əliyeva Parisdə Tahir Salahovun fərdi sərgisinin açılışında iştirak edib <b style="color:red"></b>

Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

AzərTAc-ın məlumatına görə, Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi, həmçinin ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimindən öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr və elmi araşdırmalar həyata keçirir. Nadir memarlıq quruluşuna malik bina Sena çayının sahilində yerləşir və onun memarı Lui Lövodur.

Açılış mərasimində çıxış edən Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük maraq olduğunu və sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirib. O qeyd edib ki, Fransa həmişə Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil sərginin əsas qayəsini təşkil edir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə bir sərginin Fransada təşkilini Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirib.

Xalq rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər kəsə minnətdarlıq edib, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini çatdırıb.

Sonra Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olublar.

Sərgidən sonra UNESCO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın yenidən bu vəzifəyə seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

 





28.02.2014    çap et  çap et