525.Az

Bahar qoxusu, pandemiya və sənət - Orxan Arasdan yeni yazı


 

Bahar qoxusu, pandemiya və sənət - <b style="color:red">Orxan Arasdan yeni yazı </b>

Baharın qoxusu gəlmədən quşların civiltisini səsini dinləyirəm. Evimizin qarşısındakı əlli illik çinar ağacından bir uğultu eşitsəm, "baharın artıq qapıda" olduğunu düşünürəm və tez-tez pəncərəni açıb çölə baxıram. Quşların səsi ilə birlikdə torpağın və bitkilərin qoxusunu da almaq istərdim. Torpağı yara-yara başını çıxarmağa çalışan bir otun və ya çiçəyin çabasını sanki ürəyimdə duyuram...

Bu il Kölnə çox az qar yağdı. Həftələrlə yağan yağış küçələrdəki səssizliyi daha da artırdı. Hər dəfə küçəyə çıxanda, asta yerişli, yorğun-arğın yaşlı insanları görəndə bir ilin içində bir neçə il yaşlandığımı düşünərək kədərləndim. Bizi əhatə edən qorxu, tənhalıq, soyuq və rəngsiz yağışlar qanımı virusdan da betər qaraltmağa başladı. Həftədə iki-üç dəfə sahilə getdiyim Ren çayını da bu il pərişan vəziyyətdə gördüm. Çay bu il sanki daha da çirklənmiş və ağırlaşmış kimi görünürdü. Yağışı həzm edə bilməyən çay səkkiz metr yüksələrək küçələri basacaq həddə qədər qalxdı.

Vaxtilə yəhudi və qaraçıları faşist düşərgələrinə daşıyan qatarların üstündən keçib getdiyi Hohenzollern körpüsü də qəribə görünürdü. Hər dəfə getdiyimdə dayanıb həm keçən qatarlara, həm də möhtəşəm Dom Kilsəsinə baxırdım. Bu kilsə sayəsində ildə altı milyon turist Kölnə gəlir və kilsədə "hacı" olub geri dönür. Bu il "hacı" ola bilmədilər. Dostoyevskinin qızı Aimenin yazdıqlarına görə, Fyodor da anarxist sevgilisi Polinanın arxasınca gedərkən burada dayanmışdı. Qotik əsərlərin pərəstişkarı olan yazıçı ürəyindəki eşq acısı səbəbiylə Dom Kilsəsini ziyarət etməyə macal tapmadan Parisə qaçmışdı. Polinanın orada bir fransız sevgilisi olduğunu öyrəndikdə bu dəfə təəssüf hissi ilə Dom Kilsəsinə gələrək günah yumaq istəmişdi.

Dostoyevskinin kitablarındakı psixoloji dərinlik, bəzən üsyankar, bəzən itaətkar, kor panslavizmçı qəhrəmanları, türklərə baxışı və bir az irqçiliyi məni həmişə düşünməyə vadar edib. Ancaq bu, onun böyük yazıçı olması qənaətimi heç vaxt dəyişməyib.

Köln səssizliyində Dostoyevski dərdlərimin tərcümanı ola bilməzdi. Həmişəki kimi Kölnün Ehrenfeld bölgəsindəki divar şəkillərinə baxmağa getdim. Prospektə baxan böyük bir binanın üzərində şirin bir Küpəgirən qarının şəkli çəkilmişdi. Gülümsəyən ifritənin başında nə desən var idi - qazan, boşqab, vaza, motosiklet... Bəlkə də, bu ifritə müasir insanın düşüncəsindəki qarışıqlığı əks etdirirdi. Maraqlı divar rəsmlərinə baxmaqdan yorulduğumu hiss edəndə geri qayıdıb yaşadığım Kalk bölgəsinə gəldim. Yağış dayanmışdı. Çətiri qatlayıb oturacağım yerə qoydum. Evə getmək istəmirdim. Bir kofe alıb yaxınlıqdakı parka girdim. Pandemiyadan əvvəl uşaqlarla dolu park boş idi. Halbuki hava bir az isinəndə bu yer uşaqlarla dolu olar, səsləri quşların səsinə qarışaraq göylərə yüksələrdi.

No description available.

Təxminən 10-15 addım getmişdim ki, yerdə oturan papaqlı bir adam gördüm. Əlində çəkic və kəski vardı, bir ağacın kökü ilə məşğul idi. Tam qarşısında dayandım. Bir anlıq başını qaldırıb mənə baxdı. Sonra gülümsədi. Mən də gülümsədim. Təxminən otuz beş yaşında olardı və uzun bakenbardı vardı. Puşkinin rəsmlərində gördüyüm kimi bakenbardı çənəsinin altına qədər uzanmışdı. Necə deyərlər, Dostoyevskini düşünərkən qarşıma Puşkin çıxmışdı.

O, məni görmür və işi ilə məşğul idi. Kəskini ağac kökünə yaxınlaşdırdı, sonra musiqi ritmində plastik çəkicini kəskinin üstünə endirdi. Beş dəqiqə sonra saqqallı bir insan başı göründü. Kişinin çevik və bacarıqlı olması məni heyrətə saldı.

- Heykəltəraşsanmı? - deyə soruşdum.

Başını yellədib cavab verdi:

- Musiqiçiyəm. - sonra əlavə elədi. - Boş vaxtlarımda belə işlərlə məşğulam.

Əl işini bu qədər həvəssiz təqdim etməsi xoşuma gəlmədi. Az sonra o saqqallı adam heykəlinin yanında yenisi - bir quş heykəli da ortaya çıxmışdı. Heykəlin şəklini çəkmək üçün izin istədim. Çiyinlərini çəkərək: "Özün bilərsən" - deyə cavab verdi. Mən dalbadal şəkil çəkərkən heç əhəmiyyət vermədən işinə davam edirdi.

Özümü təqdim etdim. O da adını söylədi

-  Markus Schon.

Kölndə yaşayırmış. Korona çıxanda musiqi qrupları dağılmış, konsert verməkdən məhrum olmuşdular. Korona sarıdan məndən də dərdli və hirsli idi. Bu virusa inanmayanlar haqqında nə düşündüyünü soruşanda kəskini saqqallı heykəlinin başına sancdı, "Sind alle Querdenkende idoten" -  deyə hirslə cavab verdi. "Querdenkende" məfhumu korona ortaya çıxdıqdan sonra Almaniyada tez-tez istifadə olunmağa başlanmışdı. Təxminən "dar düşüncəli", "təktərəfli" mənasına gəlir. Çoxu yabançı düşməni fanatiklərdir. Markus onların hamısına axmaq kimi baxırdı.

Bir az daha söhbətləşdikdən sonra Markusun musiqiçilik və heykəltəraşlıq qabiliyyətlərindən başqa, həm də tarixçi və maarifçi olduğunu da öyrənəcəkdim. Bu adam boş adam deyildi. Məni heyrətləndirən korona yalnızlığı ilə şirin söhbətinə sığınmaq istəmişdim. Mən şeir deyincə, o: "Goethe "Faust"da necə də şeirdən bir dünya yaratmışdır" - dedi. Fəlsəfədən söz açınca Nitşenin dəliliyə varan yalnızlığını dilə gətirdi. Sonra da Şopenauerin "həyat acıdan və pislikdən ibarətdir" dediyində bu kimi pessimist fəlsəfəsini dinləyəcək halda deyildim. Markusu ədəbiyyata çəkdim. Qarşısındakı ağacdan heykəl işi bitmək üzrə idi. Saqqallı adamın başında bir quş, arxasında isə bil fil dayanırdı.

No description available.

"Panait İstrati adını eşitdinmi?" deyə soruşdum. "Yox" deyə başını yellədi. İstratinin şeirə bənzəyən sətirləri dilimdən süzülüb töküldü:

"Səhər saat doqquzda məhəllənin yaşlı poçtalyonu əlindəki dəyənəklə küçə qapısına vuraraq bağırdı:

- Adrien Zoqraffi!

- Gözləyin bir dəqiqə, Qavrila baba! - deyə Adrien səsləndi. - Hələ üstümü geyinməmişəm.

- Ay Allah, bizim gəzəyən quş geri dönüb, deyə düşündü poçtalyon".

Bu "gəzəyən quş" İstratinin əsla vaz keçmədiyi dostu Mixail idi. İstrati ədəbiyyatı da, sevgini, vəfanı da ondan öyrənmişdi:

"O, bitli saçlarının və nimdaş gödəkcənin altında inanılmaz qəlbə və aşırı dərəcədə bilgiyə, yüksək zəkaya sahib dostdur. O, Mixaildir".

Markus gülümsədi. Bəlli idi ki, hamımızın bu qaranlıq və yalnızlıq günlərdə elə bir dosta ehtiyacımız var. Elə deyilmi?

 





09.02.2021    çap et  çap et