525.Az

Təhsilin səfərbəredici missiyası - Səxavət Tağlar yazır


 

Təhsilin səfərbəredici missiyası - <b style="color:red">Səxavət Tağlar yazır</b>

Ulu öndər Heydər Əliyev həmişə gənc nəslin təlim-tərbiyəsinə, onların vətənpərvərlik hiss və duyğularının formalaşmasına xüsusi diqqət yetirirdi. Əminliklə qeyd edirdi ki, gənc nəsil bizim gələcəyimizdir. Onun uşaqlara, onların təhsilinə göstərdiyi diqqət və qayğı böyük bir məktəb, təcrübə sahəsidir. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə əsasını qoyduğu təhsil siyasəti, gələcəyə hesablanmış uğurlu strategiya onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi.

Təsadüfi deyil ki, ölkə başçısı kimi fəaliyyətinin ilk beş ilini səciyyələndirdiyi zaman cənab Prezident dərin məmnunluq hissi ilə qeyd edirdi ki, "Biz beş ildə ölkənin bütün bölgələrində 1400 ümumtəhsil məktəbi tikdik, 300 məktəbi əsaslı təmir etdik, məktəblərdə yüksək səviyyədə təhsil təşkil edirik".

Bu uğurlu siyasət sonrakı illərdə də ardıcıl və dönməz şəkildə davam etdirildi. Ölkə başçısı birmənalı şəkildə öz mövqeyini bildirdi:

"Azərbaycanda yeni gənc nəslin yetişdirilməsində və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük rolu var..."

Ona görə də bu sahəyə olan dövlət qayğısı artan xətt üzrə davam etdirildi. Təbii ki, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi və təşkili işi bu dönməz siyasətin ən önəmli hədəfi idi. Ölməz "Kitabi-Dədə Qorqud"dan gələn milli düşüncə və ideyalar gənc nəslə daha dərindən aşılanmağa başladı.

Milli mücadilə şairlərimiz Əhməd Cavadın, Almas İldırımın, Məhəmmədhüseyn Şəhriyarın, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Söhrab Tahirin və başqalarının Vətən ünvanlı şeirləri yeni baxış, mövqe ucalığında tədris olunmağa başladı. Gənc nəsil "Mən gözümü verərəm, Qarabağı vermərəm" (Tofiq Bayram), "Azərbaycan deyiləndə ayağa dur ki, Ana Yurdun ürəyinə toxuna bilər" (Məmməd Araz) ruhunda tərbiyə olundu.

Xalq şairi Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" çağırışı mənəvi konteksdə təlim-tərbiyə işinin devizinə çevrildi.

Təsadüfi deyil ki, bu ideologiyanın, təhsil prinsiplərinin əhatəsində yetişən gənc nəsil İkinci Vətən savaşı dönəmində qalib Azərbaycan Ordusunun ön cərgəsində yer aldı, müzəffər Ali Baş Komandanımızın vuran qoluna döndü, onun "Dəmir yumruğu"nun gücünə güc qatdı.

Təbii ki, bu prosesdə gənc nəslin təlim-tərbiyəsinə, vətənpərvərlik duyğularının formalaşmasına böyük əmək sərf etmiş təhsil ocaqlarımızın, fədakar müəllimlərimizin müstəsna xidmətləri var. Azərbaycan təhsilinin istiqamətverici, səfərbəredici missiyası Qarabağ Zəfərimizi təmin edən başlıca amillərdən birinə çevrildi. Ali Baş Komandanımızın əzmkarlığı sayəsində təhsilimizin, yüksək peşəkarlığa malik təhsil işçilərimizin yetişdirmələri olan gənc nəsil Zəfər Bayrağımızı haqqımız çatan zirvələrdə dalğalandırdılar. Həmin günlərdə Azərbaycan təhsilinin çoxsaylı heyəti də könüllü olaraq Vətən müharibəsinə qatıldı. 700-ə yaxın təhsil işçisi Vətən müharibəsində tam və yetkin qələbəyədək döyüşdü. Vətənpərvərlik ruhu aşılayan təhsil işçilərimiz öz yetirmələri ilə birlikdə "Qarabağ Azərbaycandır!" şüarının hərb yolu ilə təminatına nail oldular. Bir təhsil şöbə müdiri, 20 məktəb direktoru, 32 direktor müavini və yüzlərcə təhsil işçisinin döyüş yolu hərb tariximizə yazıldı. 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi, çiyindaşımız Şəhidlik zirvəsinə yüksəldi. Ruhları şad olsun!

Şəhid ailələrinə, yaralı əsgər və zabitlərimizə göstərilən qayğı bir Dövlət Proqramı şəklini alıb və davamlı xarakter daşıyır. Bu istiqamətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin gördüyü işlər çox təqdirəlayiqdir. Nazir cənab Emin Əmrullayevin döyüş iştirakçıları olan təhsil işçilərini qəbul edib, onların xatirələrini dinləməsi ictimaiyyətin marağına səbəb oldu. O da qeyd olundu ki, belə görüşlər davamlı olacaq və heç bir qazi təhsil işçisi kənarda qalmayacaq.

Qarabağ Zəfəri uşaqdan-böyüyə hər bir Azərbaycan vətəndaşının sonsuz sevinci oldu. O sevinci, o qələbəni sistemli şəkildə böyüməkdə olan gənc nəslə çatdırmaq üçün də Azərbaycan müəlliminin, Azərbaycan məktəbinin üzərinə müəyyən işlər düşür. Bunun üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 saylı "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" müvafiq əmri hər bir müəllim və məktəbin fəaliyyətini istiqamətləndirir.

Qarabağda işğaldan azad olunmuş torpaqlarda geniş bərpa, quruculuq işləri aparılır. Ali Baş Komandanımız İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi elan etdi. İnşallah, Vaqif, Zakir, Nəvvab, Nətavan kimi nəhəng şairlər yetirən Şuşamız yenidən bizim sevimli və gözəl istirahət məkanımız olar.

Bir daha imkan verməyəcəyik ki, ocağımızdan köz, bulağımızdan su götürən o nadan qonşularımızın ocağımızda da, bulağımızda da gözləri olsun. Yolumuz aydın, işıqlı və mübariz iradəli Prezidentimizlədir! Biz Prezidentimizə güvənirik, hər zaman onun mübariz iradəsinə dəstəkçiyik!

 





10.02.2021    çap et  çap et