525.Az

Zəhirəddin Babur - mülkün və sənətin ulu sultanı


 

Zəhirəddin Babur - <b style="color:red">mülkün və sənətin ulu sultanı</b>

Hindistan yarımadası 1947-ci ildə Böyük Britaniyanın müstəmləkə zülmündən azad oldu. Onun yerində dini əlamətə görə Pakistan və Hindistan adlı iki müstəqil dövlət quruldu. Hindistan əskidən bəri var idi, bəs Pakistan haradan çıxdı?

Pakistan indi dünyanın ən böyük müsəlman ölkələrindən biridir. 220 milyon əhalisi var. 1971-ci ildə Pakistandan qoparaq müstəqil dövlət olan o vaxtkı adıyla Şərqi Pakistan, indiki adıy­la Banqladeş də 1947-ci ildə yaranmışdır. İndi 165 milyon əhalisi var. Bu anda bütün Hin­distan yarımadasında 220 milyon (Pakistan) + 165 milyon (Banqladeş) + 300 milyon (Hindistan) = 700 milyon müsəlman yaşayır. Bunda böyük özbək şairi və fatehi Zəhirəddin Məhəmməd Ba­burun müstəsna xidməti vardır.

***

Babur 14 fevral 1483-cü ildə Əndicanda anadan olmuşdur.  Onun atası, Fərqanə hakimi Ömər Şeyx Mirzə böyük Əmir Tey­mu­run nəticəsi, anası Qut­lu Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. Ba­bur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca Nəsrəddin Übeydullah Əhra­­rın ya­nına gələrək körpəyə ad qoymasını xahiş etmişdir. O,  əv­­vəlcə «Zə­hirəddin Məhəmməd» adını təklif etmiş, sonra bir az dü­şünərək «Bu ad tələffüz baxımında avam dili üçün ağır­dır, qoy on­lar «Ba­bur Mirzə» desinlər» demişdir. Babur sözü əski türk­cədə bəbir, pələng mənasına gəlir.

Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on ya­şın­­da ikən Əndicana vali təyin edir. Bundan iki il sonra bir qə­­za nəticəsində, daha doğ­rusu, Axsi qalasında uçurumun üstündə gö­yər­çinləri seyr edərkən müvazi­nətini itirərək uçuruma yuvar­lanan Ömər Şeyx Mirzə həlak olur və Babur 12 iyun 1494-cü ildə 12 ya­şında Fərqanə taxtına çıxır.

Babur hökmdar olduqdan sonra yavaş-yavaş güclənir və 1497-ci ildə Səmər­qəndi alır. An­caq ağır xəstələndiyi üçün uzun müddət burada fə­a­liyyətsiz qa­lır, ətrafındakı bəylər onu tərk edirlər. Bu az­mış kimi, Babu­run ən inandığı bəylərindən biri, Axsi qala­sının komendantı Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarış­dırma­malı) başqa bəylərlə əlbir olub «Babur, ağır xəstə­dir, dili tutulub, ağzına pambıqla su da­mızdırırlar» de­yə şayiələr yayaraq Əndi­canı müha­sirəyə alır. Bunu eşidən Babur əmrin­də­ki 250 nəfərlik dəstə ilə Əndicana üz tutur, lakin şəhərin ələ keç­diyini öy­rənə­rək Xo­cəndə gəlib dayısına sı­ğınır. Onun köməyi ilə Axsi və Ən­di­ca­nı ge­ri almağa çalışsa da, bundan bir şey çıxmır. Yal­nız 15 ay sonra Əndica­nı qur­tar­mağa mü­vəffəq olur, lakin bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xan­ i­lə üz-üzə gəlir. 1501-ci ilin ya­yında Sə­ripul müharibəsində ona məğ­lub olub Səmərqəndə qaçır. Şeybani xan bu dəfə Səmər­qən­di mü­hasirəyə alır. Ba­bur şəhəri tərk edir, ancaq ba­cısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla ev­lə­­nir. Bəx­ti gətir­mə­yən və hər şe­yini itirən gənc Babur dəfələrlə öz şəhərlərini, ölkə­sini geri alır, yenə itirir, nəhayət, Fərqa­nənin cənubundakı dağ­lara qaçır. Uzun müddət burada ağır şə­raitdə qalır, axırda Xo­rasana get­mək üçün 250 nə­fər­lik qafilə ilə 1504-cü ilin iyun ayında yola çıxır.  

Qunduz şəhərinin ərazisindən keçərkən xalq iki ulu xa­qanın törəməsini bö­yük sevgi ilə qarşılayır, bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ət­rafında böyük bir ordu toplanır. Babur isti­qaməti dəyişdirərək bu dəfə Xorasana de­yil, Hindiquş dağla­rını keçib Kabilə üz tutur. Qan tökmədən şə­həri ələ keçirir və 1506-cı ildə özünü Kabil şahı elan edir.

Şah İsmayıl Xətayi 1510-cu ildə Şeybani xanı öldürür və Babur şah əski torpaq­la­rı­nı, yəni ata mülkü Mavəraünnəhri yenidən ələ keçir­mək fikrinə düşür. Xətayinin yardımı ilə Hisa­rı, Bu­xaranı və Sə­mərqəndi ələ keçirir, ancaq os­­man­lı-səfəvi sa­va­şı ilə əlaqə­dar Şah İsmayıl öz qo­şu­nunu ge­ri çağırır, Babur tut­duğu tor­paqları yenidən itirir. Çarə­siz qa­lan Babur dörd illik fa­si­lədən sonra Kabilə geri qayıdır və bütün diq­qətini bu coğ­ra­fi­yaya yönəldir.    

Babur şah 1519-26-ci illərdə Hindistana beş dəfə yürüş edir. Pən­cabı (1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aq­ra (1526) şəhərlərini ələ keçirir. Nəticədə Əf­qanıs­tanı, Bə­lu­cis­tanı və Şşima­li Hindistanı özünə tabe edərək Bö­yük moğol­lar im­peri­ya­sının təməlini qoyur.

Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Pa­ni­pat ya­xın­lığında məğ­lub edərək 5 may 1526-cı ildə Dehlini tutan Ba­bur raçput­la­rın baş­çısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşun­la­rı­nı Kan­van­da darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünva­nı­nı al­ır. Babur 1527-29-cu illərdə baş verən üs­yanları yatırır, müstəqil knyaz­lıqları məhv edir, axırda Qanq çayını keçərək ben­qalları yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.

Uşaqlığından bəri ba­­taq­lıq qız­dır­­masından əziyyət çəkən Baburun səhhəti ciddi şəkil­də pozulur. Onu bir dəfə zəhərləyirlər. İbrahim Ludinin anası tə­rəfi­n­dən aşpaz Əhmədin əli ilə ve­rilən ağının təsiri nəticəsində Ba­­burun və­ziyyəti gündən-günə ağırlaşır.

Baburun qızı Gülbədən bəyim özü­nün «Hümayunnamə» adlı ki­ta­bın­da atasının həyatının son ayları­nı müfəssəl şəkildə təs­vir et­mişdir. Onun yaz­­dı­ğına görə, şahzadə Hümayunun çox ağır şə­kil­də xəstələnməsi Babura öz dər­dini unut­durur. O, xüsusi bir ayinə əməl edərək oğlunun ya­tağı başına üç dəfə dolanır, Hü­ma­yunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bu­nu ger­çək­ləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hüma­yu­nun və­ziyyəti yaxşılaşır və o, tama­milə sağalır. Əvəzin­də Ba­burun xəs­təliyi get­dik­cə şiddətlənir. Babur oğul­ları Hümayun, Kamran, Əs­kəri və Hindalı, qız­ları Gül­rəng, Gül­çöh­rə və Gülbədəni, sərkər­də­lə­rini yanına çağırır. Hamı­nın hüzu­run­da böyük oğlu Hü­mayu­nu padşah təyin edir, elə həmin gün – 26 de­kabr 1530-cu il­də 48 ya­şında əbədiyyətə qovu­şur. Aqrada dəfn olu­nur, son­ralar qəbri Ka­bilə kö­çürülür. 1646-cı ildə nə­ticəsi Ca­han şah onun Baği-Ba­bur adlı bağda yer­ləşən qəbri üzə­rində bir məqbərə tikdirir.

Babur­dan son­ra ölkəni xanədan üzvləri Hümayun (1530-40), Əkbər (1556-1605), Sə­lim Ca­­hangir (1605-27), Cahan (1628-58), Övrəngzib Aləmgir (1658-1707), Şa­hi-Aləm Bahadır (1707-12), Ca­­han­gir İskən­dər (1712-13), Fərrux (1713-19) idarə etmişlər. 1719-cu ildə taxt üç dəfə əldən-ələ keç­miş, Rə­fiütdərəcat və II Ca­han qısa müddətə hökmdar olmuşdur. Məhəmmədin döv­ründə (1719-47) nisbi sakit­lik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tut­ma­sı ilə ölkə yeni­dən xaosa sü­rük­lən­mişdir. Əhməd Bahadır (1747-53), II Aləmgir (1753-59) və III Aləm (1759-1806) dövründə in­­gi­­lis­lər çox fəal­laşmış və 1766-cı ildə imzalanan Allahabad mü­qa­­viləsi ilə ölkə­nin idarə­sini öz əllərinə keçirmişlər. II Əkbərin (1806-37) və II Ba­ha­dırın (1837-58) ha­kimiyyəti formal xa­rak­­ter daşımışdır. 1858-ci il­də baburilər səltənətinə son qoyul­muş, Hindis­tan İngiltərə­nin müstəmləkəsi, 1877-ci ildə isə Vik­toriya ölkənin kraliçəsi elan edilmişdir.

Beləliklə, Baburun yaratdığı sülalə 332 il Hindistanı idarə etmiş, burada islamın yayılma­sı­na, əhalinin bir qisminin islama keçməsinə şərait yaratmışdır. Başqa sözlə, bugünkü Pakistan və Banqladeş, eləcə də Hindistanda yaşayan müsəlmanlar baburilər sayəsində meydana çıxmışlar. Bu, hökmdar Baburun xidmətləridir. 

Hərb sənətində görkəmli sərkərdə, mahir tak­tik və strateq, qı­lınc oy­nat­­­maqda, ox atmaqda, minicilikdə tayı-bə­ra­bəri olma­yan cəngavər, me­mar­lıq və peyzaj memarlığı sahə­sin­də gözəl mü­tə­xəs­sis, botanika, zoologiya, coğ­rafiya, astronomi­ya üzrə hey­­­rətli də­rəcədə dərin bilik sa­hibi, ey­ni za­man­­­da gözəl şair, na­sir, ədə­biyyat­şü­nas, əruz nəzəriyyəçisi, tərcüməçi, mu­siqişü­nas, bəs­təkar, tarixçi və et­noqraf ki­mi şöhrət qazanmaq tarixdə çox az adama nə­sib ol­muş­dur. Nəticə eti­barı ilə Babur eynən Qazi Bürhanəddin, Şah İsma­yıl Xətayi, Cahan Şah Həqiqi, Şeybani xan, Hü­seyn Bayqara, Sultan Səlim, Qanuni Sultan Süleyman və başqaları kimi həm hökmdar, həm də parlaq istedad sahibi olan əhli-qələmdir. 

Babur iki divan müəllifidir. Bunlardan birincisi 1519-ci ildə tər­tib edilmiş «Kabil divanı», ikincisi 1528-29-cu ildə Aq­rada tər­tib olunmuş «Hind divanı»dır. Alimlər Baburun iki diva­nında 122 qə­zəl ol­du­ğunu yazırlar. Şairin bu an­da el­m alə­minə 18 məs­­nə­visi, 216 rübaisi, 1 mü­əm­ma­sı, 19 qitəsi, 15 tü­yu­ğu, 79 mət­­ləsi, 7 məs­­nu şe­iri, 16 na­ta­mam qəzəli, 3 nəz­mi, 16 mü­­sərrə bey­ti, 11 müfrədi, 4 kiçik mən­sur parçası məlumdur. Bun­lar­dan baş­qa, onun qələmindən farsca yazdığı 2 qə­zəl, 12 rü­bai, 8 qitə, 17 mətlə və 1 mənsur parça, ümumən 600-dən artıq əsər çıxmışdır.

Mən 2011-ci ildə Bakıda Baburun «Seçilmiş əsər­lə­ri»ni nəşr edərkən şairin 500-dən çox əsərini müasir di­li­­mi­zə uy­ğun­laş­dı­raraq verdim. Əlavə ola­raq, Baburun «Etiqadiy­yə» ri­salə­sini və tər­cümə et­diyi «Ri­saleyi-vali­diy­yə»ni də həmin kitaba saldım. Burada Babur divanının bir özəlliyini də qeyd etməliyik: əv­və­la, di­van­­­da dibaçə yoxdur. İkincisi, qəzəllər, məsnəvilər, rü­ba­i­lər və s. əsərlər ərəb əlifbasına uyğun ola­raq al­fa­be­tik ar­dıcıllıqla deyil, gə­lişigözəl düzülmüşdür.

Baburun yaradıcılığında risalələr mühüm yer tutur. O, «Əruz risaləsi»ndə əruzun 21 bəhri və 272 vəz­ni haq­qında geniş məlu­mat ver­miş­­dir. Şairin di­gər bir risaləsi «Mübəyyəni-zəkat»dır. Bu­ra­da islamın hənəfilik təriqəti, zəkat, xüms, əşar, xə­rac və s. haq­qın­da məsnəvi tərzində məlu­mat var. Şairin «Etiqadiyyə» risa­ləsi də dini möv­­zu­dadır. Mütəfəkkir şair 1504-cü ildə «xətti-ba­buri» adlı xüsusi bir əlif­ba kəşf et­miş, türk dilinin fone­tikasını daha dolğun əks et­dirən həmin əlifba ilə Qu­rani-kərim yazdırmışdır. Bunlar­dan başqa, Baburun «Musiqi elmi» və «Hərb işi» adlı iki risa­ləsi də olmuşdur. Bu əsərlər, təəssüf ki, indiyə qə­dər tapılmamışdır.

Qazi Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında «Ba­burnamə» (digər ad­ları: «Və­qaye» və «Ba­bu­run xatirələri») əsəri mühüm yer tutur. Türk və islam ədəbiy­ya­­­tın­da me­muar jan­rında yazılmış ilk əsər olan «Ba­burnamə» 1494-1529-cu il­lər ara­sında Orta Asi­yada, Əfqanıstan­da və Hindistanda baş verən bütün ha­disələri, müəllifin öz həyatı­nı, o dövrün bütün siyasi xa­dimlərini, elm və ədə­biyyat nümayən­də­lə­ri­ni əhatə edir. Kitabda regionun flora və faunası, coğ­­rafiyası, et­no­qrafik özəllikləri barədə geniş bilgilər mövcuddur.

«Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-səda do­ğur­muş­dur. Təkcə Əkbər şa­hın sarayında üç dəfə farscaya tər­cü­mə edilmişdir. Əsərin şöhrəti qısa müddətdə Avropaya da ya­­­yıl­mış, onun bəzi hissələri hol­land, in­gilis və fransız di­li­nə çevrilmişdir. Əsərin tam tərcüməsi ilk dəfə ingilis alimi Annet Su­san­na Beveric tərəfin­dən 1905-ci ildə həyata keçiril­mişdir. Daha son­ra özbək alimi Əbdürrauf Fitrət 1928-ci ildə «Baburnamə»dən bə­zi hissələri çap etdir­mişdir. Əsər ordina­rius professor Rəşid Rəh­məti Arat tərəfindən türk di­linə (1940), Mixail Salye tərəfin­dən rus dilinə çevrilmişdir. «Babur­namə» dörd də­fə ingilis (1826, 1905, 1921, 1922), üç dəfə fransız (1879, 1980, 1985), bir dəfə alman (1878), bir dəfə ispan (2005) dilinə çevrilmişdir.

Baburun macəra dolu əfsanəvi həyatı yazıçıları da ya­xından ma­raq­landırmışdır. Fransız ya­zı­çıları F.Qrenard və F.A.Stil, ABŞ yazıçısı V.Qak­soni Babur haqqında roman­lar yaz­mışlar. Məş­hur ədib Mu­ni­lalə isə Baburun həyatından bəhs edən 6 ro­man qə­­ləmə almışdır. Bu əsərlər arasın­da ən populyarı amerikalı ya­zı­çı Ha­rold Lam­bın «Ba­bur the Tiger. First of the Great Mo­gols» kitabıdır (Nyu-York, 1961). Həmin ki­tab dəfə­lərlə nəşr edilmiş, 2000-ci ildə Moskvada rus di­lin­də də buraxılmışdır. Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Ay­bək, B.Bay­ka­bulov və Xurşid Dövran qələmə aldıqları poema­larında, Pi­rim­qul Qədirov «Ulduzlu səma» ro­ma­nında, Xeyrəd­din Sultanov isə «Ba­bur­namə» poves­tində Baburun surə­tini canlandırmışlar.

Mən bu mötəşəm əsəri ana dilimizə çevirərək onu 2011-ci ildə Bakıda nəşr etdirdim. Bun­dan qısa bir müddət sonra gözəl alim prof. Füzuli Bayat da öz tərcüməsini oxuculara təqdim etdi.

Yekun olaraq demək olar ki, ortaq türk ədəbiyyatının ən par­laq si­­ma­la­rından biri olan Ba­bur ça­ğatay ədə­biyyatında poe­ziyada Əlişir Nəvayidən sonra ikinci ən uca zir­və, nəsr sahəsində isə birinci, fəth olunmamış zirvədir. Ba­bur bütün qanı, canı, dili və xarakteri ilə türkdür. .

Fevralın 14-də Baburun anadan olmasının 538-ci ildönümüdür. Bu vəsilə ilə onu yad edir, ruhu qarşısında dərin sayqı ilə əyilirik.

 





13.02.2021    çap et  çap et