525.Az

ADMİU-da Əli bəy Hüseynzadənin yubileyinə həsr edilmiş elmi sessiya olub


 

ADMİU-da Əli bəy Hüseynzadənin yubileyinə həsr edilmiş elmi sessiya olub<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Universitetin rektoru, professor Timuçin Əfəndiyev çıxış edərək, elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli sərəncamına əsasən keçirildiyini bildirib.
Qeyd edib ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqına və eyni zamanda, türk islam xalqlarına yol göstərən və müxtəlif elm sahələrini layiqincə təmsil edən tarixi şəxsiyyətlərdən olub.

"Onun yaradıcılığı, dünyagörüşü və özündən sonra gələn nəsillərə göstərdiyi yol parlaq şəkildə sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat sahəsində ali təhsil almasına baxmayaraq, təbabət sahəsində də dünyanın ən qabaqcıl universitetlərindən birini bitirmişdi. O, publisistikada çox böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi simadır".

 Əsasən Əli bəy Hüseynzadənin mədəniyyət konsepsiyasına danışan professor bildirib ki, bu görkəmli mütəfəkkir milli mücadilə tariximizdə də misilsiz xidmətlər göstərib.

"Bu tarixi şəxsiyyət xalqımıza, türklərə və islam mənəviyyatına qarşı olan basqılara həmişə öz haqq səsini ucaltmış, daim bu hücumların qarşısını almağa çalışaraq dünyada bu xalqların mübarizliyini təmin etmiş fəlsəfi fikirlərin sahibi olmuşdur. Bu nadir sima türkçülüyün, islam dünyasının azadlığı uğrunda mübarizəyə başlayanda ilk növbədə, insanlığı, humanizm fəlsəfəsini əsas götürmüşdür".
Rektor Əli bəy Hüseynzadənin "Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar " fikirini xatırladaraq deyib ki, Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" çağırışı bilavasitə maarifçi görüşlər üzərində bərqərardır.
Elmi sessiyada "Əli bəy Hüseynzadə və müasirləşmə paradiqmaları",  "Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərində mədəni tarixi proses", "Əli bəy Hüseynzadənin siyasi-ideoloji fəaliyyətində Türkçülük-Turancılıq prinsipləri", "Əli bəy Hüseynzadənin rəssamlıq fəaliyyəti" mövzularında məruzələr dinlənilib.                                                                                                                                                        
Vurğulanıb ki, bu görkəmli mütəfəkkirin düşüncələri daim aktual olub. Ə.Hüseynzadə ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, rənglərinin formalaşmasında bu tarixi şəxsiyyətin böyük rolu olub.

Tədbirdə Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə xanımın Əli bəy haqqında kövrək,səmimi söhbəti toplantı iştirakçılarının marağına səbəb olub.

Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuş Əli bəy Hüseynzadə təkcə Azərbaycan milli tarixinin deyil, bütövlükdə türk islam dünyasının nadir simalarından biridir. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. O, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətlər göstərib. Bu səbəbdən də Əli bəy Hüseynzadənin hərtərəfli irsinin bugünkü gənclərə aşılanmasının vacibliyi də elmi sessiyada diqqət yetirilən məsələlərdən olub.

Gündüz ƏLİYEV

 





05.03.2014    çap et  çap et