525.Az

Dini təriqətlər Azərbaycanda ciddi təhlükə yarada bilər


 

Dini təriqətlər Azərbaycanda ciddi təhlükə yarada bilər<b style="color:red"></b>

"VƏTƏNDAŞLARIMIZ ONLARIN OYUNUNA GƏLMƏMƏLİDİR"

Azərbaycan dövləti bir çox sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da dünyanın aparıcı ölkələrindən biridir. Həqiqətən dövlət tərəfindən bu sahədə balanslaşdırılmış siyasət aparılaraq bütün dini qruplara bərabər imkanlar yaradılır. İstənilən şəxs istədiyi dinə, təriqətə sitayiş etməkdə azaddır heç bir şəxsə dini əqidəsinə görə təzyiqlər edilmir. Elə bu sahədə yürüdülən düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin, habelə təriqətlərin - vəhhabilərin, nurçuların digər dini qrupların təmsilçiləri bərabər şəkildə yaşayır dini ayinlərini azad formada yerinə yetirirlər. Əfsus ki, bütün bu üstün məqamlardan, ölkəmizin sözügedən sahədəki yüksək keyfiyyətindən sui-istifadə edən dini qruplar, təriqət sahibləri ya bu qrupların arasında öz məkrli niyyətlərini həyata keçirmək istəyən ayrı-ayrı şəxslərə rast gəlinir. Biz zaman-zaman vəhhabilərin, nurçuların digər təriqət mənsublarının ölkədə özlərinin xoşagəlməz niyyətlərini həyata keçirmək istəklərində olmaları barədə informasiyalar eşidirik. Siyasi səhnədə özünə uğur qazana bilməyən bəzi qüvvələrin məhz özlərini bu dini qrupların içərisində göstərərək, onlardan istifadə etməklə onların adı altında çirkin niyyətlərini həyata keçirməyə can atmaq istəkləri sarsıdıcı məqamlardandır. Bəzi dini qrupların, təriqət sahiblərinin təmsilçilərinin isə bu qüvvələrin alətinə çevrilməsi ya bu istiqamətdə onların "dəyirmanına su tökməsi" təəssüf doğurur. Bu məsələdə xarici qüvvələrdən göstəriş alan onların istəyi ilə hərəkət edənlərin olması da danılmazdır. Bu, bir faktdır ki, həmin xarici qüvvələr onların aləti olan bəzi yerli siyasətçilər Azərbaycan dövlətçiliyini istəməyən güclərdir onlar öz məqsədlərini həyata keçirmək üçün istənilən addımı atmağa hazırdırlar. Onların insanların inanclarından sui-istifadə etməsi isə təəssüf doğurmaqla yanaşı, eyni zamanda həmin təriqət sahiblərinə qarşı hörmətsizlikdən başqa bir şey deyil.

Burada əsas məsələ isə Azərbaycan vətəndaşlarının, xüsusən inanclı şəxslərin belə "oyunçuların" əlində alətə çevrilməməsidir. Çünki o təriqətlərin nümayəndələrinin hər biri dini əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Xalqla dövlət arasında olan qarşılıqlı etimadı nəzərə aldıqda həmin qara qüvvələrin məqsədlərinin elə ürəklərində "dəfn olunacağını" söyləmək heç çətin deyil.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyevin sözləri bu mənada çox şeyi ifadə edir. Prezident xalqla iqtidar arasındakı birliyə toxunaraq bunlara qeyd etmişdi: "...Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə rəzil olurlar. Son prezident seçkiləri bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər göstərdi...".

Dövlət başçısının bu fikirləri bir daha göstərir ki, Azərbaycan xalqı ağla qaranı ayırd etməkdə çətinlik çəkmir. Əgər biz tarixə nəzər salsaq, xalqımızın bu qəbildən olan qüvvələrin arzularını hər zaman ürəyində qoyduğunu görərik. Elə dövlətçiliyi istəməyən bu qüvvələrə ən tutarlı cavab Azərbaycan vətəndaşlarının onların oyunçusu olmamaqda israr etməsidir.

Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev bu məsələdə   arxayınlaşmağın lazım olmadığını söyləyib. O qeyd edib ki, əvvəllər Bakıda bu qədər vəhhabi bu qədər nurçu yox idi. Vəhhabilərin sayının çoxalması göz qabağında olduğunu deyən politoloq onların sayını  danmaqla nəyisə həll etməyin mümkün olmadığını bildirib: "Bu gün dini təriqətlərdə nurçuluq çox güclənib. Hətta parlamentdə, başqa vəzifələrdə belə nurçuların nümayəndələrinin olduğu bildirilir. Parlamentin əvvəlki çağırışında bir-iki nəfər nurçu deputat var idi ki, bu dəfə isə onların sayı daha da çoxalıb. Nurçuluq Azərbaycanda elə şəkildə çiçəklənib ki, artıq bunun qabağını bir neçə ildən sonra almaq mümkün olmayacaq".

C.Nuriyev qeyd edib ki, nurçuluq əslində islamçılıq ideyası deyil. Onun sözlərinə görə, Azərbaycanda nurçuluğun çiçəklənməsi ölkəmiz üçün ciddi problemlər yarada bilər: "Çünki bu gün Azərbaycanda sünni-şiə qarşıdurması yoxdur. Amma nurçuluq daha çox sünni təriqəti olduğuna görə bu məsələ qabardıla bilər. Ölkəmizdə nurçuluğun ən çox yayıldığı yerlərə nəzər salsaq, görərik ki, əsasən sünnilərin olduğu yerlərdə daha çox fəaliyyət göstərilir. Bunlar həddindən artıq ağıllı fəaliyyət göstərdiklərinə görə diqqəti cəlb etmirlər. Amma nurçuların gizli hesablaşmaları var ki, bu indi aparılır. Sonra bu "yara" sağaltmaq mümkün olmayacaq. Nurçuluq İslam təriqəti olsa belə, Azərbaycan üçün problemlər yarada bilər. Bir şeyə arxayın olmaq ki, camaat bunların ideyalarına qoşulmayacaq, bu, düzgün yanaşma deyil. Nurçular təriqətlərini təbliğ etmirlər ki. Sadəcə, özləri oxutduqları uşaqları elə ağıllı formada yetişdirirlər. Gəncləri hazırlayırlar artıq həmin gənclər bu təriqətlə inkişaf edirlər. Nurçuluq ideyası bu gənclərin beyninə elə savadlı şəkildə yeridilir ki, Azərbaycanda artıq yeni bir nəsil formalaşır. Türkiyədə oxuyanlarla bərabər, türk liseylərini bitirənlərin əksər hissəsi nurçuluq ideyaları ilə yetişir. Bu isə təhlükəlidir. Yəni demək istəyirəm ki, hər yerdə nurçular yerləşiblər".

C.Nuriyev bununla yanaşı, vəhhabiliyin xristian təriqətinin ölkəmizdə gücləndiyini qeyd edib: "İstər Roma katolik kilsəsinin, istərsə yunan katolik kilsəsinin xətti ilə Azərbaycana çoxsaylı şəkildə bunların müdaxilələri var. Bu təriqətlərə insanlar meyllənmirlər demək absurddur. Çünki Azərbaycanda problemi olan insanları həmin təriqətlər cəlb edə bilirlər. Düzdür, Azərbaycan dini cərəyanlarla bağlı daha kəskin mövqe tutub. Amma düşünmək lazımdır ki, Azərbaycanın problemi az deyil ki, dini təriqətlər yeni problemlər yaratsın. Biz tolerant ölkəyik, amma ən pis cəhətimiz daha çox başqalarını düşünməyimizdir. Öz millətimizi dövlətimizi sonda fikirləşirik. İnsanlarımız deyirlər ki, müsəlmanıq, ona görə gedib başqa dinlərə təzyiq göstərmək düzgün deyil, tolerantıq. Yeri gəlmişkən, Azərbaycanda islamçılıq da o səviyyədə deyil ki, insanlarımız başqa dini cərəyanların təsirinə düşməsin. Ölkəmizdə insanlar müsəlman doğulurlar, amma müsəlman kimi yaşamırlar. Oruc tutmaq, namaz qılmaq İslam adət-ənənələrinə əməl etməkdir. Amma buna əməl etmək inamla, Allaha sevgi ilə olmalıdır. Bu gün həmvətənlərimizin bəziləri oruc tutmağı, namaz qılmağı əksər hallarda dəb xatirinə edirlər. Elə Həcc ziyarətinə gedən var ki, sonradan gəlib araq içir, pis yola düşür. O zaman aydın olur ki, bunlar dəb xatirinə edilib. Yəni demək istəyirəm ki, Azərbaycanda İslam köklü din olmaqla bərabər, dəb olan bir dindir. Aleksandr Düma deyib ki "mən Avropada İslam, Şərqdə müsəlman gördüm". Yəni biz müsəlmanıq, amma İslam hansı səviyyədədir, bu, sual altındadır. Ona görə dini cərəyanlara qoşulma meyllərinin aşağı olmasını iddia etmək yanlışlıq bir az da arxayınçılıqdır. Düzdür bütün vətəndaşlarımız dövlətçiliyə bağlıdır. Amma yenə bu məsələdə daha diqqətli olmalıyıq".

Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə bəzi çıxışçılar tərəfindən İslamda "cinsi cihad"ın elan olunması "nurçuluq"la bağlı narahatlıq ifadə edildi.

Nardaran dindarları adından çıxış edən Hacı Hacıağa Nuri dedi ki, son vaxtlar daha da fəallaşan nurçular onları narahat edir. O, bunları qeyd etdi: "Az qala bizi idarə etməyə, dövlət orqanlarına təsir etməyə qədər fəallaşıblar. İslamda istədikləri yenilikləri təbliğ edib gənclərimizi əlimizdən alırlar. Qardaş Türkiyədə artıq dövlət strukturlarında onların nümayəndələri ortaya çıxır. Biz çox narahatıq ki, həm bu nurçular, həm Suriyada bir-birini qıran məzhəblər sabah Azərbaycanı seçsin. Allah bunu göstərməsin! Amma biz bu barədə hər gün siqnallar alırıq".

AQİL

 





05.03.2014    çap et  çap et