525.Az

Bakı-Sumqayıt yolunda əlavə 5 zolaq tikilir


 

Bakı-Sumqayıt yolunda əlavə 5 zolaq tikilir <b style="color:red"></b>

Bakı-Sumqayıt və Sumqayıt-Bakı istiqamətində avtomobil magistralında yaranan tıxacların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Lent.az-ın məlumatına görə, yolun hər iki istiqamətində genişləndirilmə tədbirləri həyata keçirilir.

 
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunun 9-cu km-də paytaxt istiqamətində gələn yolun üzərində 4 aşırımlı yol ötürücüsünün tikintisi başa çatdırılıb. Hazırda dəmir yolu xətti üzərindən keçən həmin yol yeni yolötürücüsündən Bakıya doğru 3 zolaqlı yeni yol çəkilir. Bu yol vasitəsi ilə həm sağa dönməklə ytikilməkdə olan atıcılıq kompleksinə, həm də sol istiqamətindən avtovağzal və Mərkəzə doğru hərəkət etmək mümkün olacaq. 9-cu kilometrdən ayrılacaq yeni yol avtovağzalın yaxınlığında Bakı-Sumqayıt magistralına birləşəcək.
 
Bundan başqa Bakı-Sumqayıt yolunun Sulutəpəyə birləşən hissəsində də genişləndirilmə işləri həyata keçirilir. Belə ki birtərəfli, ancaq şəhərin mərkəzinə doğru olan yol 2 hərəkət zolağından 8 zolağadək genişləndirilir. Yaxın gələcəkdə bu yola Sumqayıt istiqamətindən paytaxta doğru gələn nəqliyyat vasitələri rahat daxil ola biləcəklər və Bakı-Şamaxı, Xocasən yollarına doğru maneəsiz hərəkət edə biləcəklər. Halbuki, daha əvvəl bu yol birtərəfli idi və ancaq Xırdalandan paytaxta tərəf gələn nəqliyyat vasitələrini Bakı Sumqayıt yoluna çıxarırdı: “Sumqayıtdan Bakı istiqamətində Sulutəpə-Xocasən-Biləcəri yolunun 4 zolaqdan 8 zolağa qədər genişləndirilməsi işləri də həyata keçirilir. Bu yolun uzunluğu 1,5 km təşkil edir. Genişləndirmə nəticəsində yolun hər istiqamətində 4 zolaq olacaq. Eyni zamanda burada uzunluğu 110 m olan yeni 3 zolaqlı yol ötürücüsü də inşa olunur. Bu işlər yekunlaşdıqdan sonra, Sumqayıtdan hərəkət edən avtomobillər Xocasən və Biləcəri istiqamətində hərəkəti davam etdirə biləcəklər. Onlar burada Şamaxinka" adlanan ərazidən şəhərə daxil ola, Bakı-Şamaxı yolu, Bakı Beynəlxalq Avtovağzalı və Atıcılıq kompleksi istiqamətində hərəkət edə biləcəklər”.
 
Daha bir layihə isə Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində, bu dəfə Sumqayıt istiqamətində olan hissədə həyata keçirilir. Belə ki, 9-cu kilometrlikdə 1 aşırımlı yeni yol ötürücüsü inşa olunur. Yol ötürücüsünün davamı olaraq iki zolaqlı yeni yol çəkilir və bu yol Ekologiya postunadək uzanacaq. Nəqliyyat vasitələri 9-cu kilometrlikdə, hərbi hissənin yaxınlığında yaradılacaq dairə vasitəsi ilə həm Biləcəri, həm də Sumqayıt istiqamətində rahat hərəkət edə biləcəklər.
 
Qeyd edək ki, layihələrin həyata keçməsi ilə Sumqayıtdan paytaxta gələn nəqliyyat vasitələri 9-cu kilometrlikdə tikilmiş yeni yol ötürücüsü vasitəsi ilə həm də Biləcəriyə doğru hərəkət edə biləcəklər. Bunun üçün yol ötürücüsünün dördüncü aşırımından Biləcəriyə doğru yeni yol da çəkilir.

 





06.03.2014    çap et  çap et