525.Az

Ədəbi düşüncədə milli özünüdərk problemləri - 7-ci məqalə


 

Ədəbi düşüncədə milli özünüdərk problemləri - <b style="color:red">7-ci məqalə</b>

Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib.

Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyini formalaşdırıb. XIX əsrin ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət potensialı artaraq milli ideya ətrafında birləşib. Xalqın milli ideya ətrafında keçdiyi özünüdərk prosesi həm də ədəbi düşüncədə öz əksini tapıb.

Cümhuriyyət dövrü poeziyasında türkçülük çağırışları çağdaş azərbaycançılıq məfkurəsinin tarixi ideya mənbəyi kimi 

Türk, türklük, türkçülük, türkləşmək (bunların hər biri özünəməxsus mənalar ifadə etməklə ayrılıqda bir mərhələ təşkil edirlər) ideyaları əvvəlcə elmi, sonra ictimai, daha sonra isə siyasi, ədəbi, bədii düşüncədə uzun bir yol keçmişdir. Qərb türkoloqları türk adı, mənşəyi barədə elmi əsərlər yazdıqdan sonra Türkiyədə bir türkçülük axımı başlamışdır. Yəni türkçülük maarifçi və elmi şəkildə öncə Avropada ortaya çıxmış, daha sonra Türkiyə və Azərbaycanda paralel olaraq yayılmışdır. Ziya Göyalpın yazdığına görə, Fransada ortaya çıxan bu axım Türkeri (türksevərlik) adlanır, Türkiyədə toxunan ipək və yun parçalar, xalılar, çinilər, dəmirçi və xarrat məmulatları və sair kimi türk sənət əsərləri Avropadakı sənətsevərlərin diqqətini çəkir. Buraya Avropa rəssamlarının türk yaşayışına aid yaratdıqları tabloları, şairlərin şeirlərini, filosofların türk əxlaqına aid fikirlərini də nəzərə alsaq, bir hərəkat səviyyəsinə gəlmiş olur. Bu hərəkat bir qədər vaxt keçdikdən sonra elmi müstəviyə keçir. Avropada və Rusiyada bir çox elm adamları qədim türklərə aid arxeoloji və tarixi tədqiqatlar apararaq onların kimliyi, türk mədəniyyəti, etnoqrafiyası barədə elmi məqalələr yazmağa başladılar. Getdikcə türklərin çox qədim millət olduğu ortaya çıxdı. Tezliklə bu proses Türkiyənin hüdudlarına keçdi. Əhməd Vefiq paşa elmdə və sənətdə türkçülük prinsipinə əməl edərək "Evimə türk malından başqa heç bir şey girə bilməz", - deyə istəyini gerçəkləşdirmək yolunu tutdu. Süleyman paşa hərbi məktəbdə türkçülüyü yeritməyə çalışmaqla yanaşı, dilin qrammatikasının da adını dəyişdi. Qrammatikaya aid yazdığı kitaba əvvəlcə olduğu kimi, "Qəvaidi-Osmaniyyə" (Osmanlı dilinin qrammatikası) deyil, "Sərfi-türki" (Türkcənin qrammatikası) adını qoydu. Tezliklə Osmanlı ədəbiyyatı yerinə türk ədəbiyyatı işlənməyə başladı. Çox keçmədi ki, Osmanlı milləti ilə paralel olaraq türk milləti adı da işlənilirdi. "Gənc türklər" hərəkatının türkçülüyün inkişafında da müəyyən rolu oldu. Krımda İ.Qaspıralının çıxardığı "Tərcüman" qəzetinin "Dildə, fikirdə, işdə birlik" şüarı bütün türkləri əhatə edirdi. XIX əsrin 90-cı illərində türkçülük ideoloji məkana daxil olur və bir məfkurə olaraq formalaşmağa başlayır. Z.Göyalp yazırdı ki: "Rusiyadan İstanbula gələn Hüseynzadə Əli bəy Tibbiyyədə türkçülüyün əsaslarını başa salırdı. "Turan" adlı şeiri "Turançılıq" ülküsünün-ideyasının ilk ortaya qoyuluşu idi". Beləliklə, türk, türkçülük ifadələri ilə topluma yeni milli kimlik gəlir və özünütanıma baş verirdi.

Tezliklə türk və türklük poetik məkana adlayır və vətən, dil, millət, irq anlamlarında bədii düşüncə orbitində geniş yayılır. Məmməd Əmin Yurdaqulun şeirlərində bu ifadə daha tez-tez işlədilirdi. Onun şeirlərinin türkçülük istiqaməti, sadəliyi və poetikliyi onun bir ideya kimi yayılmasına səbəb oldu. "Türkcə şeirlər" (1893) kitabında toplanan şeirləri  Yunan savaşı başladığı zaman çox məşhurlaşır. "Cəngə gedərkən" şeirində türklüyün fəxarəti ilə deyirdi:

Mən bir türkəm, dinim, cinsim uludur,
Sinəm, özüm atəş ilə doludur.
İnsan olan vətənimin quludur -
Türk övladı evdə durmaz, gedərəm.

XX əsrin əvvəllərində həm türk adı, həm də türkçülük ideyası Azərbaycan ədəbi, ictimai-siyasi mühitinə daxil olur; Ə.Hüseynzadə və Ə.Ağaoğlunun məqalələrində türklük həm maarifçi, həm elmi, həm də siyasi mənada daha tez-tez işlədilir, cəmiyyətdə türklərin tarixi və şanlı bir xalq olduğu fikri aşılanırdı. Ə.Hüseynzadənin "Həyat" qəzetini nəşr etməsi ilə Azərbaycanda türkçülük ideyası ictimai prosesə daxil olur. "Həyat" qəzetinin "türkcə" bir cəridə olması onun ideya istiqamətinə də təsir göstərir. "Qəzetəmizin məsləki" adlı baş məqaləsində yazırdı: "Türküz, binaənəleyh türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu edəriz". Məqalənin sonunda bir vaxtlar müsəlman aləminin təkamül və tərəqqisində ərəb və fars dillərinin rol oynadığını, bu gün isə türk dilinin elm dili olduğunu diqqətə çatdırırdı: "Bu gün isə ülum (elmlər - T.Ə.) və ədəbiyyat türk dilində olmaq üzrə tərəqqiyə başlamış olduğundan ümum Şərqdə maarifin ən gözəl vasiteyi-intişarı türk lisanı olmuşdur. Türk lisanı bu xüsusda mütəhdid şəraiti mətlubeyi-camedir". Ə.Hüseynzadə "Qəzetəmizin dili haqqında bir neçə söz" məqaləsində də yenidən dil məsələsinə qayıdır və "O biriləri türkcə sərfi-nəhvi bilgülliyə yaddan çıxardıb, artıq bir neçə türkcə sözü farsa, ya rus nəhvinə tətbiqən yan-yana düzərək ifadeyi-məram etmək istəyirlər. Şübhəsiz, böylə olamaz", - deyə nitqdə geniş yer tutan rus və ya fars sözlərinə qarşı çıxırdı.

Ə.Hüseynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir" silsilə məqalələrində isə türklərin qədim bir millət olması, dili, tarixi, dünyagörüşü, elmi və maarifi araşdırılır. Bu məqalənin milli özünüdərkin formalaşması istiqamətində Azərbaycan ədəbi, elmi, ictimai-siyasi mühitinə böyük təsiri olmuşdur. Görkəmli publisist qəzetin "türkcə bir cərideyi-islamiyyə" olduğunu yada salaraq, "türkcə" və "islamiyyə" ibarələrinin aydın və aşkar sözlərə bənzəmələrinə baxmayaraq, həqiqətdə dərin mənalar ifadə etdiklərini bildirir. Ə.Hüseynzadə bununla türk sözünün hələ bütün aydınlığı, elmi, ictimai, siyasi, tarixi anlayışları ifadə etdiyini və bu istiqamətdə hələ tam dərk edilmədiyini göstərmək istəmişdir. Onun yazdığına görə, hələ bir çox insanlar türklərin kim olduqlarını, onların tarixlərini yaxşı bilmir, bəzən isə dəyişik salırlar. Çünki hələ də qırğızların, özbəklərin, başqırdların türk olduqlarını bilməyənlər çox idi. Bu mənada "Türklər kimdir və kimlərdən ibarətdir" əsəri Azərbaycan ədəbi, elmi, mədəni mühitində milli özünüdərkin formalaşmasında olduqca mühüm rol oynayır. O, burada türklərin kimliyini, haradan gəldiklərini, kim olduqlarını, neçə hissəyə ayrıldıqlarını, bu gün harada və hansı adlar altında yaşadıqlarını elmi şəkildə araşdırır. Məqalədə tatarlar, moğollar, xəzərlər, hunlar, oğuzlar və b. bütün türklərin adı, dili, milli kimliyi ətrafında elmi qənaətlərə gəlinir. Türk xalqı və onun dili ilə bağlı gəldiyi nəticə milli özünüdərk prosesinin əsas sütunlarından biridir: "Türk qəvaidi o qədər sadə, o qədər gözəl və məntiqə müvafiqdir ki, onunla ülfət edən türk heç bir vaxt onu tərk eləyib, ərəbin qəvaidini qəbul etməyəcəyi aşkar idi. İştə, bu növ səbəblərdəndir ki, türklər dini-mübini-islamı öz ruh və mənəviyyatlarından nəban etmiş kimi bir şövqi-əzim ilə dəraquş edib onun qəvi bir nigahbanı olmuş olduqları halda əsla ərəbləşmədilər və qövmiyyəti-nəcibəyi-əsliyyəhələri mühafizə edə bilib, ancaq o yolda tərəqiyyata məzhər olmağa başladılar".

Fransada təhsil alan və burada gənc türklərlə yaxınlıq edən "Həyat" ailəsindən çıxmış Ə.Ağaoğlu da məqalələrində türk adından istifadə edir, onun birliyi yolunda çalışırdı. "İrşad" qəzetinin birinci sayında qəzetin məsləkini belə izah edirdi: "Bir tərəfdən rus hökumətinə qarşı mücadilə edərək hər cür siyasi və ümumi hüquqdan məhrum olan türk ünsürünə bu hüququ anlatmaqda, digər tərəfdən türk ünsürünün özündə birlik fikrini yaymaq üçün məzhəb ayrılığını və xüsusən sünni-şiə düşmanlığını qaldırmağa çalışmaqdan ibarətdir. Türkcə məktəb və irfan müəssisələrini vücudə gətirmək üçün uğraşmaq lazımdır". C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının ilk sayında "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" müraciətində də "türkün açıq ana dilində" danışacağını bəyan edirdi. Azərbaycan mətbuatının başlatdığı türk və türklük hərəkatı getdikcə bədii düşüncəni də qapsayır və xalqın milli ictimai şüurunu formalaşdırır. Türklük şüurunun formalaşması bir neçə il sonra quracağımız dövlətçiliyimizin sütunlarından birini təşkil edirdi.

Azərbaycan publisistikasında türkçülük xətti Ə.Hüseynzadə və Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra bir qədər zəifləsə də, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, N.Nərimanovun yaradıcılığında öz varlığını qoruyub saxlayır. Lakin türkçülük ideologiyası Türkiyədə daha da güclənir. Fikrimizcə, bunun iki səbəbi vardı; birinci səbəb ondan ibarət idi ki, 1908-ci il inqilabından - Gənc türklər hakimiyyətə gəldikdən sonra əvvəl vəd verdikləri ideyalarını həyata keçirmək üçün hərəkətə keçmişdilər. 1911-ci ildə İstanbulda "Türk ocağı"nın təsis edilməsi də bu məqsədi daşıyırdı. İkinci səbəbi isə, türkçülüyün "ağır vuran artilleriyası"ndan ikisi -Ə.Hüseynzadə və Ə.Ağaoğlu İstanbula köçmüş və "Türk ocağı"nın da təsis olunmasında bu iki türkçünün böyük əməyi olmuşdu. Bu illərdə Türkiyədə mühacirətdə olan M.Ə.Rəsulzadə Türkiyədən (1913) türkçülük ideyaları ilə qayıtdı və bu xətti getdikcə gücləndirib ideoloji məfkurə şəklinə saldı. M.Ə.Rəsulzadə məqalələrində həm öz xalqının, həm də digər türk xalqlarının taleyi ilə maraqlanır, onların problemləri ilə bağlı məsələlər qaldırır, fikir mübadiləsi aparırdı. "Qurama" məqaləsində "Türk qövmlərinin zavallı taleləri vardır. Öz sözlərini işlətmədiklərindən dilləri vasitəsiz qalmış, daralmışdır. Bunu genişlətmək, əbədiləşdirmək məqsədilə və yainki qeyri-ixtiyari olaraq ərəbdən, farsdan bir çox sözlər almışlar", -deyə türk dilinin inkişafı məsələlərini qoyurdu. "Milli dirilik" adlı silsilə məqalələrində milli birliyin yollarını arayırdı. "Qurtuluş" məqaləsində isə türklərin qədim soya malik olduqlarını əfsanə və tarixi sənədlərlə sübut etməyə çalışır: "Dünyanın ilk sahibi olan hər böyük millət kimi türklər də soylarının qüvvətini bir məsalik qaynağından almışlardır. Türklərdən budda dinində olanlar özlərinin budda anasından olduqlarını söyləyirlər. Müsəlman olan türklər də Yafəsin yeddi oğlundan biri olan Türkün nəslindən gəldiklərini iddia edərlər.

Türkün beşinci qərinədə Moğol və Tatar adı ilə iki oğlu varmış. Moğol xanın dörd oğlundan biri də Qaraxan imiş".

Müəllif Ergenekon və bozqurd əfsanələrinə əsaslanaraq türkün keçib gəldiyi yola və onun bugünkü durumuna nəzər salaraq "Zamanımızın milliyyət əsri" olduğunu bildirir və "milli ruh və məslək sahibi olan" gəncləri cəhalətdə və qəflətdə yaşayan millətimizin xilaskar qurdu hesab edirdi.  Bu məqalədən bir gün sonra "Açıq söz" qəzetinin "Tutacağımız yol" adlı baş məqaləsində özünün "Türkləşmək, islamlaşmaq, müasirləşmək" üçlü formulunu irəli sürürdü. Bu formul cəmi bir neçə il sonra Azərbaycan bayrağında "Türkləşmək, müasirləşmək, islamlaşmaq" şəklində təsbit olundu. Həmin məqaləsində yazırdı: "Dilcə biz türküz, türklük milliyyətimizdir. Binaənəleyh müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi amalımız, işıqlı yıldızımızdır".

Azərbaycan poeziyasında türkçülük anlayışı əsasən 1910-cu ildən sonra formalaşmağa başlayır. Lakin türk sözü iki fikri ifadə edirdi; birincisi, türk dedikdə azərbaycanlı kimliyi nəzərdə tutulurdu, ikincisi, bu ad Türkiyə türkləri üçün də ifadə olunmağa başladı. Türklük və türkçülük ideyaları M.Hadinin ilk şeirlərindən son nümunələrinə qədər qırmızı xətlə keçir. Bəzən şair vətən, hürriyyət, azadlıq sözləri ilə türk yurdunun gələcəyinin nikbinliyini ifadə edir, maarifçiliyi yayırdı. "Türk" adını çəkməsə də, əslində, vətənçiliyi, millətçiliyi tərənnüm etməklə türklüyü tərənnüm edirdi.

Türkçülük, milli kimlik faktoruna Hadinin daha geniş kontekstdə baxması onun Türkiyəyə getməsinə və bir neçə il burada çalışmasına səbəb olur. Buna qədər də M.Hadi yaradıcılığında türk şairlərindən Tofik Fikrətin şeirlərinin təsiri özünü aydın göstərirdi. Türk şairinə dörd şeir həsr etməsi də bunun sübutudur. Onun yaradıcılığında Abdulla Cövdət, Əbdülhaq Hamidin də təsiri olmamış deyildi. O, şeirlərində bu şairlərin yaradıcılığına müraciətlər etmiş, adlarını çəkmişdir. M.Hadi şeirləri milli poeziyada ümumtürk kontekstini özündə daşıyır və türkçülük ictimai şüurun formalaşmasında yeni bir istiqamət açır.

Cümhuriyyət dönəmində türk, türkçülük anlayışı bir qədər də populyarlaşır; milli dövlət bayrağındakı rəmzlərdən birinin türkləşmək amilini ifadə etməsi ictimai və bədii fikrə də təsir etmiş olur. Türk ordusunun Bakını erməni-bolşevik işğalçılarından azad etməsi bu orduya və əsgərlərinə şeirlər yazılması ilə nəticələndi. Poeziyada türk adı və onun milli özünüdərki əski füyuzatçıların yaradıcılığında aydın ifadə olunurdu. M.Hadi, A.Şaiq, A.Səhhət, Ə.Müznib, H.Cavid, Ə.Cənnəti və b. yaradıcılığında türkün tarixi keçmişi və bugünü vəsf edilirdi:

Qorxmayız düşməndən əsla, dönsə dünya atəşə,
Hər zamanda etmişiz qovğa qövi-cahan ilə.

Bakının işğaldan azad olunması coşqunluqla qarşılanmış, türk ordusuna alqışlar yağdırılmışdı. Bu zaman Azərbaycanın rəsmi mətbuat orqanı "Azərbaycan" qəzetində M.Hadinin "Türk nəğməsi" şeiri çap olunmuşdu. Şeirdə azadlıq uğrunda tökülən qanlardan iftixar hissi duyulur və bu qanların hədər getməməsi tərənnüm olunurdu. Şeir həmin dönəmdə cəmiyyətdə böyük ruh yüksəkliyinə səbəb oldu və geniş populyarlıq qazandı.

Cümhuriyyət dönəmində milli ruhlu şeirlər yazan şairlərdən biri də romantik Abdulla Şaiq idi. 1919-cu ildə tərtib və çap etdirdiyi "Türk çələngi" dərslik-kitabda A.Şaiq, Ə.Müznib, Bürhanələddin, Əhməd Hikmət, Məhəmməd Əmin, Hüseyn Cavid, Ziya Göyalp və başqa onlarla türk və Azərbaycan şair və yazıçılarının həm şeir, həm də hekayələri verilmişdi. Burada toplanan bütün hekayə və şeirlərdə ("Vətən torpağı", “Altun ordu", "Sancaqdar", "Qanın üsyanı", "Azərbaycan", "Bayrağım", "Vətən yanğısı", "Altun ordu", "Yeni ay doğarkən" və s.) onlarla şeirlərində türk qəhrəmanlığı tərənnüm olunur və türk yurdunun indiki zamanda başına gələn fəlakətlər anladılırdı. A.Şaiq özü isə millət və türklük mövzusunda müxtəlif şeirlər yazırdı. Demək lazımdır ki, A.Şaiq  buna qədər də tərtib etdiyi dərsliklərlə yeni ziyalı nəslinin türk ruhunda formalaşmasında böyük əməyi olmuşdur. Belə şeirlərdən biri "Türk ədəmi-mərkəziyyət Müsavat-Marş"da "Birləşəlim, türk oğlu, bu yol millət yoludur",- deyə xalqı birliyə çağırırdı. 1920-ci ildə tərtib etdiyi "Türk ədəbiyyatı" dərsliyində də Türkiyə ədəbiyyatının milli ruhlu əsərlərinə geniş yer vermişdi.

A.Şaiqin "Arazdan Turana", "Vətənin yanıq səsi" şeirlərində türkçülük, turançılıq ideyalarının poetik xəritəsi çəkilir. Burada türkçülük-turançılıq-azərbaycançılıq bir-birindən ayrı deyil, sıx bağlı şəkildə tərənnüm edilir. Şair türk xalqlarının azadlığa çıxmasını və birlik qurmasını arzu edirdi. Haşiyə çıxaraq qeyd edək ki, bu gün Mərkəzi Asiyadan Balkanlaradək həyata keçirilən irimiqyaslı iqtisadi və mədəni layihələr bu birliyin zamanın tələblərinə cavab verən, müxtəlif sahələrdə reallaşdırılan bariz nümunələridir.

Romantiklərdən Ə.Müznibin yaradıcılığında da türklük və türkçülük ideyası şeirlərinin ana xəttini təşkil edir. Onun "Azərbaycan", "Qazi Ənvər paşa", "Öyüd", "Əməlpərvəranə bir xatirə", "Yuğ qığılcımı" və s. şeirlərində türkçülük, vətən, millət anlayışları poetik-romantik təsvir obyekti olur. "Əməlpərvəranə bir xatirə" şeirində türklüyün nişanəsini yüksək qiymətləndirir və ən ali diləklərini ifadə edirdi.

Cümhuriyyət dövründə şairin yaradıcılığında türk və türklük mövzusu daha geniş yer tutur; türk ordusu, türk şərəfi, türk bayrağı təsvir və tərənnüm olunur. 1914-cü ildə Gəncədə yazdığı "Çırpınırdın, Qara dəniz" şeirində türk bayrağını vəsf edir:

Çırpınırdın, Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!.." deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına!

Onun "Ey əsgər", "Türk ordusuna", "Dərdim", "Şəhidlərə", "Of bu yol" və s. şeirlərində Bakını işğaldan azad edən türk ordusu və onun əsgəri tərənnüm olunurdu.

Ə.Müznibin kiçik qardaşı Əmin Abidin poeziyasında da türk, türklük, türkçülük ideoloji cəhətdən poetik əksini tapır. Birinci Dünya müharibəsi zamanı Qərb imperializminin türk torpaqlarını qəsb etməsi, Anadoluda baş verən hadisələr gənc şairi türkün dərdini qələmə almağa sövq edir və Qərbi hədəf alır.

Umgülsüm, Davud, Zülfüqar bəy, C.Cabbarlı, Salman Mümtaz, Əliyusif Rai, Əli Şövqi və b. yaradıcılığında türkçülük istiqlalçılıq və azərbaycançılıqla paralel olaraq təsvir edilirdi. Ədəbiyyatşünas Əflatun Saraclı bu dövrdə yazıb yaradan gənc istiqlalçı şairlərin yaradıcılığını araşdırarkən belə bir doğru qənaətə gəlir ki: "Cümhuriyyət dönəmi gənc şairləri Azərbaycanı, Qafqaz türklərinin bir hissəsi sayırdılar. Azərbaycandan danışanda dünya türklərini də unutmurdular, türk dünyasından danışanda doğma Azərbaycanı həmişə öndə görürdülər. Təsadüfi deyil ki, M.Hadi, H.Cavid, A.Şaiq, Ə.Cavad, C.Cabbarlı kimi şairlər də öz yaradıcılığında türk dünyası, türkçülük, Turançılıq ideyalarının təbliğinə ayrıca əhəmiyyət verirdilər".

XX əsrin əvvəllərindən Azərbaycan ədəbiyyatında, xüsusilə poeziyasında təşəkkül tapan türkçülük ruhu bolşevik işğalından sonra həm ədəbiyyatdan, həm də ictimai fikirdən çəkilir və yalnız 80-ci illərin sonlarında milli hərəkatın növbəti dalğasında yenidən geri qayıdır. Bu proses müstəqilliyin əldə edilməsi ilə yenidən inkişafa başlamış və bu gün də aktual mövzu kimi (təbii ki, dövrün tələblərini nəzərə almaqla) poeziyada özünə layiqli yer tutur. Onun müasir məzmununu, şübhəsiz ki, AZƏRBAYCANÇILIQ ideyası təşkil edir.

 





09.03.2021    çap et  çap et