525.Az

Tanrı dərgahına gedən yol... - Elşən Qəni yazır


 

Tanrı dərgahına gedən yol... - <b style="color:red">Elşən Qəni yazır </b>

Hər şey qanla keçir, gendən gəlir, ailədən, düzgün tərbiyədən başlayır, halalıqdan əmələ gəlir - sevmək də, əqidə də, cəsarət də... Özünü fəda etmək bacarığı da... Ədalətli olmaq hissi də...

Bütün müqəddəs yolun yolçularının ilk məktəbləri, görüb-götürdükləri yer ataları, anaları, ailələri olub. Müqəddəs dərgaha gedən yolun başlanğıcı, Şəhidliyə gedən yolun ünvanı kimi... Mayası təmiz olmayan adam təmənnasız sevə bilməz. Gözü, könlü tox olmayan canını fəda edə bilməz. Dünya malına göz dikənin Allahını da tanıması absurddur. Beləsinin vətəni də olmaz... Allahı, ya işi düz gəlməyəndə, ya da qorxanda yadına salar...

Bü dünyanın üç müqəddəsinin - Allahın, Vətənin, Ananın nə haqqı ödənər, nə borcu verilər. Bir də Şəhidlərin! Vətəni qoruyub, vətənin bir parçası olanların, özlərini vətənə qurban verib Allah dərgahına ucalanların, fani dünyanı ilahi eşqə dəyişməyi bacaranların, Vətənin, elin, obanın dar günündə, qara günündə nur kündəsinə dönüb səmaya qalxmağı bacaranların nə haqqı verilər, nə də borcu ödənilər.

Bəzən qaranlıq gecələrdə kahkəşanda sayrışan ulduzlara baxıb düşünürəm ki, bu ulduzlar Şəhid ruhlarıdır. Ulduz olub, işıq saçırlar. Qoyub getdikləri, bizlərə əmanət etdikləri Vətəni müqəddəs dərgahdan seyr edirlər. Qoruduqları, canlarını fəda etdikləri, bizlərə əmanət qoyub getdikləri bu Vətəni əmin əllərdə, xoşbəxt görüb nur saçırlar. Yolumuza, qaranlığımıza işıq saçırlar.

İkinci Qarabağ savaşında, Vətən müharibəsində 2873 igidimiz öz cavan ömürlərini canlarından çox sevdikləri bu Vətənə qurban verdilər. Minlərlə igidimiz müxtəlif dərəcədə xəsarət alaraq, yaralanaraq ölümə hazır olduqlarını əməlləri ilə sübut etdilər. Minlərlə gəncimiz təki Vətən yaşasın, Vətən sağ olsun deyib, qəhrəmancasına döyüşə qatıldı. "Ölərik, düşmənə arxa çevirmərik", dedilər. Vətəni uca olan oğulların başı aşağı olmaz, dedilər qəhrəman oğullarımız. Qoca Vətənin əyilmiş qamətini düzəltmək üçün canlarını ortaya qoydu igidlərimiz.

"Şəhidlər ölməz, vətən bölünməz", deyib müdriklərimiz. Vətəni kəndlərə, qəsəbələrə, rayonlara bölməyin tam əlehinəyəm. Canını bu vətənə bağışlayanlar üçün bir Azərbaycan var, Bütov Azərbaycan! Hamımızın son ünvanı, Şəhidlərimizin can verib, qan töküb aldıqları Müqəddəs Azərbaycan torpağı var. Amma bu da bir həqiqətdir ki, bu müqəddəs torpaqda hərənin bir ünvanı, yaşam yeri var.

İftixarla, qürurla deməliyəm ki, ömürlərini bu Vətənin ömrünə calayanlar, müqəddəs zirvəyə ucalanlar arasında 180 gəncimiz müqəddəs Şəhidlik zirvəsinə Ucar rayonundan zəvvar olublar. Onlardan 153-ü Birinci, 26-sı İkinci Qarbağ savaşında, bir igidimiz isə 2020-ci ilin yanvar ayında sərhədlərimizin mühafizəsi zamanı Tanrı dərgahına yüksələrək adımıza ad, şanımıza şöhrət gətirib.

Son zamanlar bəzən sosial şəbəkələrdə, bəzən də xalq arasında belə bir deyimə də rast gəlinir, "Vətən yalnız kasıblar üçündür?" "Niyə ancaq kasıb balaları şəhid olmalıdır?" "Niyə Vətənin cəfasını kasıblar, səfasını zəngin zübbələri çəkməlidirlər?" Düşünürəm ki, çoxlarının hirs və qayğıdan dedikləri bu fikirlərdə bir yanlışlıq var. Nəfsinə qalib gəlməyi, dünya malına göz yummağı bacarmaq hər kəsə nəsib olan zənginlik deyil. Şəhidlik fəxri ad, titul deyil, Tanrı payıdır! Tanrı öz payını hər kəsə əta etməz. Tanrı dərgahına yüksəlməyin yolu halallıqdan keçən yoldur. Şəhidlik şəhadətnaməsi mürəkkəblə deyil, qanla yazılır. O mübarək qələm isə Böyük Yaradanın əlindədir. Tanrının dərgahında müqəddəs zirvəniz mübarək, əziz Vətən oğulları.

Şəhidlik bir nakam sevgidən, bir ananın selə dönmüş göz yaşından, bir atanın əyilmiş, bükülmüş qamətindən, bir ailənin çörəksiz qalmış boş təhnəsindən, atasız qalmış övladların intizarlı baxışından, ahı, naləsi ərşi-əlaya ucalan bir bacının yanğısından, boynu bənövşə kimi bükülmüş gül qoxulu bir gözəlin sevgisindən keçilib gedilən uzaq bir yoldan keçir. Hamının gedə bilmədiyi, Allahın seçdiyi yolçuların getdiyi müqəddəs bir yoldan keçir, Şəhidlik! Dünənə kimi yalnız öz valideynlərinin övladları olan, Samirlər, Xəyallar, Elnurlar, Elvinlər, Fəridlər, Elçinlər, Mübarizlər, Orxanlar, Hikmətlər, Təbrizlər, Kərimlər və digər adlarını yazmadıqlarım qəhrəmanlar bu gün bu Vətənin övladları olmağı bacardılar. Dünənə kimi yalnız yaşadıqları, işlədikləri, oxuduqları məktəblərdə tanınan bu qəhrəmanlar bu gün Müqəddəs Tanrı Dərgahında yer tutublar. Adları Vətənlə qoşa çəkilir. Ömürlərini bu vətənin ömrünə calayıb, hər biri Vətənləşib, Bayraqlaşıb, müqəddəsləşib.

Borcları heç nə ilə ödənilməyən bu müqəddəslər üçün, məncə, hər kəs bacardığını etməlidir. Ucar rayonundan olan müqəddəs yolun yolçuları haqqında "Tanrıya gedən yol" kitabımı mən də beləcə başladım.

Əziz oxucu, sonrakı yazılarımda 180 ucarlı Şəhidin ömür kitabını birlikdə səhifələyəcəyimizə, Allahdan möhlət arzusuyla Şəhidlərimizə rəhmət diləyir, Tanrı dərgahındakı müqəddəs məqamınız mübarək deyirəm.

 





12.03.2021    çap et  çap et