525.Az

Tarixin qumar masası - Fərid Hüseynin şeirləri


 

Tarixin qumar masası - <b style="color:red">Fərid Hüseynin şeirləri </b>

Təsadüf köynəyi

Nə vaxt səni görsəm
qəlbimdə bir təəssüf əyləşir mənim yerimə.
Mənim yerimə həmin təəssüf baxır sənə,
çayı həmin təəssüf süzür ikimizə də.

Səni görəndə anlayıram ki,
çoxdandır insan nəfəsi dəyməyən evdir könlüm.
Gözlərimi düymələyir saçlarının qoxusu,
səni düşündüyüm gecələrin yuxuları, -
cəllad yuxusu -
huşum bulanır başımda
günahlarım kəndir yağlayır,
kətil çəkir yaddaşımda.

Aşiq olduğum günü soruşma məndən,
bilmirəm haçan başladı hər şey,
bəlkə, təsadüf köynəyinin yaxasından
çıxmışıq hər ikimiz.
Daha şübhə
və tərəddüdlər arasında itib həqiqi tarixçəmiz.

Sevərkən sənin günahların da mənə yazılırdı:
sən ələ düşəndə, məni əsir aparırdılar,
səni unudanlar məni də xatırlamırdılar.
Qəlbimdə sənin doğulduğun günün əbədiyyətidi,
könlüm keçmişini vərəqləmir ki,
orda daim pak qalasan, -
korlanmayasan,
aldatmayasan,
aldanmayasan.

Ovcundan öpdüm ki,
yumruğuna yığılan qəzəbin tozu alınsan,
gözlərindən öpdüm ki,
dünyaya zillənmiş ağrılarının
qapaqları bağlansın.

Sən mənim yox yerdən var olan
məhəbbət ruzimsən,
məni hamı kimi olmağa
yubandıran arzumsan.

Tarixin qumar masası

Vaxt ötür,
aram-aram anlayırsan ki,
yaşadığın bu ömürdə
nəyə cəsarətin çatmayıbsa,
haqqını itirmisən onların önündə.

Və sözlər,
əməllər duman kimi çəkilib,
lal və hərəkətsiz dayanmısan
taleyinin saatları yatıb.
Dəlicəsinə sevdiklərinin
hərəsi bir tərəfdə
öz cəlladını tapıb.

Tarixin gözləri qumar masasıdır,
o, ancaq qaliblərə və məğlublara baxır,
bizsə tarixdən uzağıq,
bir neçə dostu kimi
eyni xatirənin başına yığışmış.

Bəzən bir günah gözlərində batırırsan
axirətin sərmayəsini,
bəzən bir gözləmə otağının önündə yaşayırsan
sonuncu ləyaqətli dəqiqəni.

Yuxu kimi

Bizdən elə gözəl günlər qalıb ki geriyə,
o anların xatirinə həmişə
keçmişdən danışmağa çatır haqqımız.
Qiyamət qiyamında
kölgəli bir ağaca möhürlənib adımız.
Dünənə qarşı qəzəbimiz yoxdur,
xoşdur tarixçəmizin niyyəti,
bircə səninlə eyni söhbətləri etmək sayılmır
qocalıq əlaməti.

Günahdan gözlərimiz qamaşır
baxa bilmirik bəhanə günəşimizə,
amma ayrılıq soğan doğraya bilməz
ömürlük doğmalıq neşəmizə.

Dünya bir pəncərə imiş,
Baxdım səni gördüm,
Hansı evə köçdümsə,
sənə baxan pəncərəni də
özümlə "götürdüm".

Rənglərin qiyamı

Rənglərin qiyamı dövrüdür ömrümdə,
bütün rənglər əlacsızlıq bayrağı qaldırıb
hamısı solğun bir sarının vəfasızına sığınıb.

O vaxt ki, hər cür tordan qaçıb
aqibətimin əlinə düşəcəm
onda izdiham arasında
xatirələr paylayan
gizli bir ələ çeviriləcəm.

Ay işığını quyuda basdırıb qayıdıram,
yorğunam,
bütün işıqlar sızıldayır addımlarımda.
İki zülm arasından asılmış
kəndir üstə yeriyirəm.
Kəndir qırılır
və quyudakı ay işığı
ipdən tutub qalxır göy üzünə.

Eyni vaxtda yandırılan şamlar kimi,
hərəsi bir vaxta
sönür ömrümüzdə doğmaların,
yaddaşımız od qoruyanıdır
işığı par-par yanan yaraların.

Havadan asılı qalan bir damla
məni müjdələyir yuxuda
daha o qədər keçmişəm ki,
məni xatırlayan kimsə
qalmayıb dünyada.

Sima xəritəsi

Üzümün xəritəsində
sevgim gözlərin rəngdədir,
incimə,
demə ki, heç soruşmursan,
"ölmüsən, ya qalmısan?"
Sənin yerini ən yaxşı mən bilirəm:
sətirlərim arasındasan.

Qanımı soyunub yatıram ki,
barı gecələr axmayasan damarlarımdan,
sənsə boşluğun araladığı qapıdan
sızırsan qəlbimə.
Şükür, şükür,
bizə səhvlərimizi sevdirən günlərə.

Nə demişdimsə hamısı
bir-bir gəldi ba
şımıza,
amma yenə də biz,
fil qulağında yatdıq.
Bu da az şey deyil  -
arzularımıza olmasa da,
ehtimallarımıza çatdıq.

Təzə sətir həsrəti

Sən gəncsən, gözəlsən,
və xəbərsizsən bunlardan
Gözlərində o qədər böyük gələcək var ki,
səndən əvvəl öləcəyimi
rahatca oxuyuram ordan.

Sevdiyim qadınlar
evinə çatmayan
mühacir məktublarıdı ömrümdə.
Sən məndə yubanma,
yetiş yaşayacağın evin sahibinə.

Gücünü arsızlıqdan alan zəmanəmizdə
mənimlə yorma özünü,
hiyləli əlifbalarla yazılmış kitablardan
köçürmə həyatın üzünü.

Kim nə yaşayıbsa yaşayıb,
kim kimə qurşanıbsa qurşanıb.
Mənim ömrümdə
dəliliyə təzə sətirdən başlama.
Beş günlük həyatımızı
bir ömürlük təəssüfə bağışlama.
Əbədiyyət savaşı gedən
bu fani dünyada
Mənim əllərimlə
sabahı yalnızlığına odun tullama.

Keçdi ayağının altına daş qoyub
böyüdüyümüz günlər.
Dözmək susuzluğundan quruyur
istək torpağına əkdiyin güllər.

Onsuz da ovcunda
gizlətdiyin səadətin yerini
qorxuların söylədi hamıya.
Xiffətin mənə yadigar olsun,
qismətin Tanrıya.

 





15.03.2021    çap et  çap et