525.Az

34 il sonra Ağdamda - Mirhacib Məcidin səfər qeydləri


 

34 il sonra Ağdamda - <b style="color:red">Mirhacib Məcidin səfər qeydləri </b>

Martın 13-də media və QHT rəhbəri, bloger, ictimai fəalların Ağdama səfərində mən də iştirak etdim. Səfər Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilirdi və deyim ki, geniş tərkibdən ibarət maraqlı heyət vardı.

Xatırladığım uzun müddət sonra ilk dəfə idi ki, tənqidçi və müstəqil media nümayəndələri, müxalifyönlü şəxslər də hökumətin səfər komandasına daxil edilmişdi. Yəni məsələn, Xədicə İsmayıl da orda idi, Azər Həsrət də. Əvəz Zeynallı da Ağdama gedirdi, Müşfiq Ələsgərli də.

Əvvəlcə onu deyim ki, mən 1987-ci ilin avqustunda Ağdamda anadan olmuşam. Bir nömrəli doğum evi Ətyeməzli kəndini keçib şəhərə girəndə sağda yerləşirmiş. O vaxtdan sonra bir də heç vaxt Ağdamda olmasam da, qəribədir ki, buranın yolları, küçələri, döngələri sanki hafizəmin bir küncündə daim mənimlə olub. Oxuyub izlədiklərimdən, evdəki söhbətlərdən beynimdə yaranmış xəyali Ağdam obrazı bu illər ərzində məni heç vaxt tək qoymayıb. Xülasə, illər sonra qəfildən adını qoya bilmədiyim qarışıq duyğular içində Ağdama yola düşdüm.

Ağdama bir neçə istiqamətdən getmək olur. Biz Bərdə yolu gedirik. Uzundərə ilə. Qulu Ağsəsin Ağdam azad olduqdan sonra yazdığı şeirdən misraları xatırlayıram:

Sevincdən ağlımız çaşıb
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..

Ağdamda külək yox, ara-sıra meh olur. Belə eşitmişdim bir neçə dəfə. Deyildiyi kimi imiş. Hava sərin, amma küləksizdir. Doğulduğum torpağın havasını ciyərlərimə çəkirəm. Sonra bir də çəkirəm. Və beləcə dayanmadan davam etmək istəyirəm. Ağdamın, Qarabağın, işğaldan azad olunan Vətən torpağının havasından doymaq olarmı heç?

İlk olaraq Baş Qərvənd kəndində Bərdə-Ağdam dəmir yolu xətti ətrafında aparılan minatəmizləmə prosesi ilə tanış oluruq. Minatəmizləmə Agentliyinin qərargah rəisi İdris İsmayılov görülən işlərlə bağlı danışarkən deyir ki, dəmir yolu xəttinin uzunluğu 25 kilometr, eni isə 40 metrdir:

"Son bir ayda həmin ərazinin 2 kilometri, ümumilikdə isə 37 min 400 kvadratmert sahə yoxlanılıb, yoxlama zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina, 2 ədəd isə partlamamış hərbi sursat aşkar edilərək götürülüb".

Rəis danışdıqca fikir məni bürüyür. Bu qədər mina nə vaxta təmizlənib qurtaracaq? Görəsən, çox yer minalanıb? Nə vaxt bitər? Nə qədər çəkər? Minaların xəritəsini ermənilərdən ala bilmərik? Vermirlər axı. Neçə vaxtdır, diplomatik səviyyədə həm də bunun davası gedir... Və mən bunları düşünəndə güclü partlayış səsi eşidilir. Tank əleyhinə minanın necə zərərsizləşdirildiyi nümayiş etdirilir.

 

Sonra şəhərə doğru istiqamətimizə davam edirik. Avtobus irəlilədikcə yol boyu ermənilərin 30 il ərzində qurduqları hərbi istehkamlar qarşımıza çıxır.

Bayaq qeyd etdiyim Uzundərə adlanan ərazidə II Şəhidlər Xiyabanına gəlib çatırıq. Düşmən qəbiristanlığı tamamilə məhv edərək xarabalığa çevirib. Videogörüntülərdə izləmək tamam başqa hissdi. Bu mənzərəyə canlı şahid olduqca adamı dəhşət bürüyür.

Şəhərin girişinə yaxınlaşırıq. Görəsən, doğulduğum xəstəxana buralara yaxındı? Sağa-sola boylanıram. Bilmək olmur. Axı, heç nədən əsər-əlamət qalmayıb. Bizi müşayiət edən Prezident Administrasiyasının əməkdaşı Tural Əliyev avtobusun pəncərəsindən sağa baxmağımızı xahiş edir. Bir vaxtlar avtovağzal yerləşən ərazidən keçirik. 1991-ci ilin fevralında ermənilər burada partlayış törədib.

Məşhur "İmarət"dəyik artıq. Qarabağ xanlarının abidələr kompleksi və qəbiristanlıqla tanış oluruq. Millət vəkili Aqil Abbas da bizimlədi. Ağdamda Aqil müəllimlə birlikdə olmağın xüsusi gözəlliyi var. Yenə böyük şövq və coşquyla sualları cavablandırır. Xeyli bilinməyən maraqlı faktlar üzə çıxır. Ətrafa göz gəzdirirsən. Salamat heç nə yoxdur. Bu şablon seçilmiş ifadə deyil. Həqiqətən heç nə yoxdur. Bu, qədər vəhşi olmaq necə mümkündü deyə düşünürsən. Niyə ancaq bizim alnımıza yazılıb bu faciəli tarix? Düşmənin də ən qəddarı, ən namərdi gəlib bizə nəsib olub.

İmarətdə "Qarabağ" klubunun stadionu da yerləşirdi. Bir gün "Qarabağ"ın avrokubok oyunlarına burada möhtəşəm stadionda ev sahibliyi edəcəyi ümidilə "İmarət"dən ayrılırıq.

Çörək Muzeyinin yanından keçirik.

Növbəti dayanacaq isə I Şəhidlər Xiyabanında olur. Milli Qəhrəman, Ağdamın müdafiəsi uğrunda böyük şücaət göstərən əfsanəvi Allahverdi Bağırovun məzarı da buradadır.

Xiyaban yerlə yeksan edilib. Xeyli məzarın yeri naməlumdu. Yalnız bir neçə qəbir ailə üzvləri tərəfindən bu günlərdə bərpa edilib. Allah hər birinə rəhmət eləsin. Ruhları şad olsun.

Mərkəzi meydana çatırıq. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının qarşısındayıq. Qarabağ qazisi, Ağdamda böyüyüb boya-başa çatmış jurnalist Rey Kərimoğlu indi yalnız qalıqları qalan teatrın binası önündə müsahibə verir:

Teatr Cümə Məscidinə yaxın imiş. Piyada addımlayırıq. İcra Hakimiyyətinin binası da buralarda olub. Əvvəlcədən planlamışdım ki, yaxınlıqda yerləşən Çay Evinin yerini müəyyənləşdirib şəklini çəkəcəm. Əvvəlki və indiki vəziyyətini kollaj edib paylaşmaq istəyirdim. Bir neçə dəfə cəhd etsəm də, tapa bilmədim, alınmadı.

Bir qədər arxada Novruz bayramı süfrəsi açılmışdı. 28 ildən sonra. Şəkərbura ilə 2-3 armudu stəkanda çayı ard-arda içirəm.

Sonuncu məntəqəmiz Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən tarixi Şahbulaq qalasına olur. Hazırda Şahbulaq qəsr kompleksindən təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər Ağdamı işğal etdikdən sonra Şahbulağa uydurma Tiqranakert adı qoyub oranı da özününküləşdirməyə çalışıb. Yaxınlıqda məscidi isə kilsə kimi təqdim ediblər.

Qarışıq duyğularla getdiyim Ağdamdan eyni duyğularla da qayıdıram. Sevinc, kədər, xoşbəxtlik, ağrı, nisgil. Sözün aciz olduğu vaxtdı indi. Əlavə nə yazmaq olar, bilmirəm. Allah bizə kömək olsun ki, Ağdamı yenidən dirçəldə bilək. Yenidən qaynar, hərəkətli bir şəhərə çevrilsin Ağdam. Təkcə bu gözəl günləri görmək üçün yaşamağa dəyər.

 





17.03.2021    çap et  çap et