Bu
günlərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Kompleksində açılan “Azərbaycan narı” müsabiqə-sərgisi təşkil olunub.Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc yaradıcılar arasında keçirilən “Azərbaycan narı” adlı müsabiqə-sərgi “AZNAR” şirkətinin (prezidenti Fərhad Əhmədovdur) təşəbbüsü və maliyyə dəstəyi ilə baş tutub.
Elə ölkəmizdə rəsmi səfərdə olan Monako knyazı II Albertin də açılışına qatıldığı tədbirdə çıxış edən “Aznar”ın prezidenti Fərhad Əhmədov bundan sonra da rəhbərlik etdiyi qurumun milli təsviri və tətbiqi sənətimizin inkişafına, xüsusilə də gənclərin yaradıcılıq potensialının gerçəkləşməsinə xidmət edən layihələrə dəstək verəcəyini bildirib və hörmətli qonağa motivini Azərbaycan narı təşkil edən xalçanı (müəllifi Məmmədhüseyn Hüseynov) hədiyyə edib.
Eksponatları mütəxəssis və sənətsevərlərin böyük marağına səbəb olan “Azərbaycan narı” müsabiqəsində demək olar ki, ölkənin ən tanınmış gənc heykəltəraşları və tətbiqi sənət ustaları öz yaradıcılıq nümunələri ilə iştirak ediblər. Odur ki, ekspozisiya təkcə rəssam və tişə ustalarının çoxlarına adi görünən nara yaradıcı münasibətini əks etdirən əsərlərdən təşkil olunsa da, onların hər birində gənclərin çox fərqli bədii yanaşması hiss olunduğundan bütünlükdə sərgi yeknəsəklikdən uzaq olmaqla, məna-məzmun yükünə görə çox rəngarəng təsir bağışlayıb...
Əgər ölkəmizdə toxuculuğun çox qədim tarixə malik olduğunu nəzərə alsaq, onda ekspozisiyada xalça və qobelen nümunələrinin çoxluq təşkil etdiyini təbii saymaq olar. Qədim el sənəti ənənələrinin müasir mərhələdə gənc yaradıcılar tərəfindən davam etdirilməsinin çox yaxşı hal olduğunu vurğulamaqla, onların xalçaçılığın əski bədii ənənələrini yeni çalarlarla zənginləşdirdiklərini qeyd etmək lazımdır. Bahar Bəşirovanın “Bahariyyə”, Vəfa Qurbanovanın “Nağıl”, “Lalə Mehdiyevanın “Bəndi-rumi”, Səidə Mirzəyevanın “Yeni Pazırıq”, İbrahim Yusifovun “Ağaclı” və Aysel Şərifovanın “Nar ağacı”, eləcə də Leyla Vazehinin, Telman Şıxıyevin, Səbinə Baxşəliyevanın, Nadir Səfərovun və b. toxuculuq nümunələrində ənənəvi xalça kompozisiyalarına yeni nəfəs verilməsinə şahidlik etmək mümkündür. Gənc xalçaçı-rəssam Bahar Bəşirovanın narın ilin bütün fəsillərində görüntüyə gətirilməsinə siluet dəyişgənliyi və zərif rəng müxtəlifliyi ilə obrazlı görkəm verməsi kifayət qədər cəlbedici və duyğulandırıcıdır.
Lalə Mehdiyevanın “Bəndi-rumi”sində naxışların narlarla anım yaradan kolorit-forma oxşarlığı, Səidə Mirzəyevanın “Yeni Pazırıq”ındakı türk xalçaçılığının tarixinin qədimliyini özündə yaşadan rəng tutumuna müasir nəzirə, Vəfa Qurbanovanın “Nağılı”ındakı meyvəni kompozisiyanın məzmun daşıyıcılığının mərkəzinə çevirmə istəyi narın uğurlu bədii təfsir vasitəsi kimi istifadənin orijinal görüntüləridir desək, yanılmarıq...
Rövşən Quliyevin və Xədicə Muxtarovanın ərsəyə gətirdikləri kilimlərdə də narın danılmaz olan naxış tutumu və nikbin ovqat alması da müəlliflərin mövzuya yaradıcı yanaşmalarının göstəricisidir.
Müsabiqəyə təqdim olunmuş bir çox tətbiqi sənət nümunələrinin texnoloji cəhətdən milli kilimlərimizlə oxşarlığı danılmaz olan qobelen sənətinin Azərbaycan gerçəkliyində yeni və özünəməxsus bədii tutum aldığını sərgiləyir. Ulduz Zeynalovanın “Narların ahəngi”, Məhsəti Eldarovanın “Mistik kürələr”, Zemfira Novruzovanın “Biri nar...”, Şaiqə Muradovanın “Mənzərə”, Xəyalə Məmmədovanın “Təəssürat”, Səidə Qəriblinin “Parçalanmış nar”, Aytən Əsgərovanın “Sonata” və Emiliya Qocayevanın “İmprovizələr” qobelenlərində narın daşıdığı bütün mənalara yaddaqalan bədii güzgü tutulduğuna şahidlik etmək mümkündür.
Milli qələmkarlıq sənətinin müasir bədii-texniki yanaşma ilə zənginləşdirilməsinin mümkünlüyünü sərgidəki batika nümunələri də təsdiqləyir. Rasimə Səmədovanın “Lalələr”, Mina Muradovanın “Şərq nağılı”, Mehdi Nağıyevin “Sirli muğam”, Ulduz Zeynalovanın “Narların ahəngi” və Fəqanə Əliyevanın “Natürmort” əsərlərində narın məna-rəmz tutumuna, onun gerçəkliklə əlaqəsinə tapılan bədii yozum özünəməxsus estetik tutuma malikdir.
Gənc keramikaçıların gərgin yaradıcılıq axtarışlarının nəticəsi olan nümunələrdə də nara və onun daşıdığı dəyərlərə tamaşaçıda maraq oyada biləcək bədii münasibət görmək mümkündür. Nadir Eminovun “Nar ləkəsi”, Qəmər Müslümovanın “Nar fənəri”, Şəhla Kərimovanın “Ağ dünya” və Cavid Bayramlının “Nar qala” kompozisiyalarında nar kimi təbii nemətin özünəməxsus rəngindən və formasından qaynaqlanan ilhamverici məqamların müəlliflər tərəfindən incəliklə duyulduğuna şahidlik etmək mümkündür.
Tətbiqi sənət sahəsinin yaradıcılıq üçün geniş imkanlar açdığını İmaməddin Həsənovun “Gilə nar” (zərgərlik), Tacəddin Həsənovun “Nar çiçəyi” (zərgərlik), Səbinə Zəkiyevanın “Narlar” (şüşə) və Fərman Qasımovun “Taxçalı nar”(şüşə) adlı əsərləri də təsdiqləyir.
Tətbiqi sənətdən fərqli olaraq heykəltəraşlıqda nara obrazlı plastik görkəm vermək nə qədər çətin olsa da, müsabiqə iştirakçıları müsabiqəyə təqdim etdikləri əsərlərlə qarşılarına qoyduqları yaradıcılıq vəzifəsinin öhdəsindən gələ biliblər. Bunu sərginin ekspozisiyasında göstərilən bir çox əsərlər də təsdiqləyir. Teymur Qəribovun “Konstruktiv nar”, Tural Rzaquliyevin “Zirvə”, Hüseyn Hayasın “Eşq”, Hamed Lütfüllahın “Nar”, Namiq Hüseynovun “Müqəddəslik”, Ramazan Məmmədovun “Tac-nar”, Turalə Məmmədovanın “Fəzada”, Nurlan Məmmədovun “Ritm”, Roza Əliyevanın “Şam-nar” və Gülağa Mirzəliyevin “Trio” əsərlərində mövzuya ənənəvi və müasir yanaşmanın mövcudluğu onların həm duyğulandırıcı, həm də düşündürücü mənəvi qaynaq kimi qəbulunu şərtləndirir...
Sərginin təşkilində duyulası əməyi olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov bizimlə söhbətində bildirdi ki, ən yaxşı əsərlərin Berlin və London şəhərlərində nümayişi nəzərdə tutulub və düşünürük ki, bu, milli təsviri və tətbiqi sənətimizin təbliğində mühüm rol oynayacaq. O, əlavə etdi ki, həm müsabiqə, həm də onun aparıcı Avropa şəhərlərində nümayişi bir daha “Aznar” şirkətinin Azərbaycan incəsənətinin inkişafına və təbliğinə xüsusi diqqətinin təzahürüdür.
Ziyadxan ƏLİYEV
əməkdar incəsənət
xadimi