525.Az

"Azərbaycan korrupsiyaya qarşı qlobal mübarizədə fəal iştirak edir"


 

"Azərbaycan korrupsiyaya qarşı qlobal mübarizədə fəal iştirak edir"<b style="color:red"> </b>

ADİL ƏBİLOV: “KONFRANSDA AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNƏ XÜSUSİ MÜNASİBƏT GÖSTƏRİLİB”  

Mətbuatda xəbər verildiyi kimi, oktyabrın 4-7-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) 6-cı İllik Konfransı, Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib. Konfransda ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib. Nümayəndə heyətinin tərkibinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi Ruslan Hacıyev, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Adil Əbilov daxil olunub. Tədbirin əhəmiyyəti nəzərə alınaraq nümayəndə heyətinin üzvü A.Əbilovla görüşüb onun fikirlərini öyrəndik.   

– Adil müəllim, Azərbaycan korrupsiyaya qarşı həm ölkədaxili, həm də dünyamiqyaslı mübarizənin fəal iştirakçısı kimi müxtəlif beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə sıx əməkdaşlıq etməklə səmərəli fəaliyyət göstərir. İlk sualımız da Assosiasiyanın yaradılması zərurəti və bu qurumun rolu barədədir.

– İlk öncə qeyd edim ki, korrupsiya insanlığın özü qədər qədim tarixə malikdir. Hələ iki min il bundan əvvəl Qədim Romada meydana gəlmiş “corrumpere” termini özündə təkcə “rüşvət” mənasını ehtiva etməyib, eyni zamanda “dağıtmaq”, “məhv etmək” anlayışlarının sinonimi kimi də işlədiib. Artıq o dövrdə bu sosial bəlanın məhvedici təsiri bəlli idi. Bu gün korrupsiya demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə qarşı ciddi təhdidlərdən hesab olunaraq qlobal bir problemə çevrilib. Buna görə də, korrupsiyaya qarşı mübarizənin təkcə milli səviyyədə aparılması kifayət deyil. Məhz bu səbəbdən beynəlxalq birlik tərəfindən bir sıra mühüm əhəmiyyətə malik olan müqavilələr, o cümlədən BMT-nin Korrupsiyaya qarşı Konvensiyası, Avropa Şurasının Konvensiyaları və digər sənədlər qəbul edilib. O zaman BMT-nin Baş katibi olan Kofi Annan uzaqgörənliklə bəyan etdi ki, “BMT Konvensiyası bütün dünyada milyonlarla insan həyatının keyfiyyətində real dəyişikliklərə səbəb ola bilər. Bu çətin bir çağırışdır, lakin birlikdə ona nail ola biləcəyik.” Lakin Konvensiya nə dərəcədə ciddi sənəd olsa da belə, onun müddəaları icra olunmazsa, o kağız üzərində qalacaqdır. Ona görə də, bütün dünyada olduğu kimi, bu ümumbəşəri sosial bəla ilə mübarizə sahəsində ölkəmizdə ardıcıl və kompleks tədbirlər həyata keçirilərək, mükəmməl normativ-hüquqi baza yaradılıb, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Dövlət Proqramları qəbul edilib, o cümlədən bu yaxınlarda Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları təsdiq edilib. Yeri gəlmişkən qeyd edək ki, öz əhəmiyyətinə görə bu sənədlərin qəbulu mühüm bir addımdır. Ona görə ki, onlar korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının, ərizə və şikayətlərə baxılması işinin, bir çox sahələrdə idarəetmə mexanizmlərinin, sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin, habelə müvafiq antikorrupsiya qurumlarının təkmilləşdirilməsi, informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin yaxşılaşdırılmasına dair əhatəli tədbirləri nəzərdə tutur. “ASAN” xidmətinin yaradılması isə xüsusilə qeyd olunmalıdır. Bu tam yeni bir konsepsiyadır. İlk dəfə olaraq “bir qapı” prinsipi tətbiq ediləcək və vətəndaş yalnız bir qapıdan daxil olmaqla ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcək. Həmin xidmət vətəndaşların vaxtına qənaət edilməsinə, onların rahat, nəzakətli davranış mühitində dövlət xidmətləri əldə etməsinə şərait yaradacaq, bununla da dövlət qulluqçusu – vətəndaş münasibətləri keyfiyyətcə yeni müstəviyə keçəcək. Bütün bunlar mümkün korrupsiya hallarının aradan qaldırılmasına xidmət edəcək. Göstərilən yeniliklərin işlənilməsi və uğurlu tətbiqində qabaqcıl xarici praktikalar mühüm rol oynayır. Buna görə də, dövlət başçısının siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı şəraitdə respublikamızın beynəlxalq qurumların işində yaxından iştirak etməsi, “ən yaxşı” təcrübələrdən bəhrələnməsi olduqca əhəmiyyətlidir. Məhz bu səbəbdən qeyd olunan sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək ölkə başçısının göstərişinə əsasən Azərbaycan BMT-nin dəstəyi ilə 2006-cı ildə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) təsisçilərindən biri kimi çıxış etmişdir. Pekində keçirilmiş qurumun Təsis Konfransında Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın vitse-prezidenti seçilib. 140 ölkəni əhatə edən bu təşkilatın əsas məqsədi məhz elə Korrupsiyaya qarşı BMT Konvensiyasının milli qanunvericilikdə implementasiyasına, dünyanın bütün antikorrupsiya orqanları arasında səmərəli əməkdaşlığın qurulmasına yardım göstərməkdir. Ötən müddət ərzində Assosiasiya tərəfindən korrupsiyaya qarşı mübarizəyə dair müxtəlif mövzulara, xüsusilə də BMT Konvensiyasının implementasiyasına, o cümlədən preventiv tədbirlərin görülməsi, korrupsiyanın kriminalizasiyası, beynəlxalq əməkdaşlıq, qanunsuz əldə edilmiş əmlakın qaytarılmasına dair beynəlxalq konfranslar, seminarlar, treninqlər keçirilib. İAACA artıq BMT tərəfindən keçirilən antikorrupsiya tədbirlərində müşahidəçi qismində iştirak edir, Narkotiklər və cinayətkarlığa qarşı BMT-nin Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq həyata keçirir, metodiki vəsaitlər buraxır. Bütün bunların nəticəsində Assosiasiyanın beynəlxalq imici xeyli artıb. Ölkəmiz də İAACA-nın işində daim fəal iştirak etməklə bu mötəbər qurumun fəaliyyətinə mühüm töhfələr verir. Məsələn 2008-ci ildə Assosiasiyanın rəhbər orqanının – İcraiyyə Komitəsinin iclası Bakıda keçirilib, dövlətimiz tərəfindən bu tədbirə xüsusi diqqət göstərilərək iştirakçılar ölkə başçısı tərəfindən qəbul olunub, faydalı müzakirələr aparılıb. Bundan başqa, bu tədbirdə iştirak üçün korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif dövlətlərdən olan yüksək vəzifəli şəxslərin və nüfuzlu mütəxəssislərin Azərbaycana səfəri nəzərə alınaraq iclasdan sonra antikorrupsiya təcrübəsi mübadiləsinə həsr olunmuş geniş Beynəlxalq Konfrans keçirilib.  Ümumiyyətlə, ölkəmiz Assosiasiya tərəfindən son altı ildə keçirilmiş bütün tədbirlərdə daim fəallığı ilə seçilib. Azərbaycan nümayəndə heyətlərinin rəhbəri və üzvləri plenar sessiyalara sədrlik etmiş, respublikamızda həyata keçirilən islahatlar və antikorrupsiya təcrübəsi barədə ətraflı çıxışlar edərək konkret təkliflər vermiş, yekun bəyannamələrin hazırlanmasına səmərəli töhfələr verib. Həmçinin, İAACA-nın gələcək fəaliyyətinə dair strateji proqramın hazırlanmasında da ölkəmiz bilavasitə iştirak edib. Azərbaycanın nümayəndəsi bu məsələ ilə bağlı məruzəçi təyin olunaraq müvafiq hesabat hazırlayıb.

– Bildiyimizə görə, bu günlərdə Malayziyada Assosiasiyanın növbəti tədbirləri keçirilib. Bu barədə məlumat oxucularımız üçün maraqlı olardı.

– Bəli, cari il oktyabrın 4-7-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Assosiasiyanın 6-cı İllik Konfransı, Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib. Yeri gəlmişkən qeyd edim ki, bu gün həqiqətən Assosiasiyanın beynəlxalq imici o qədər yüksəkdir ki, hətta BMT tədbirlərinə qatılan nümayəndə heyətlərindən artıq sayda bu qurumun toplantılarında rəsmi şəxslər iştirak edir. Hesab edirik ki, belə bir imicin formalaşmasında həmçinin ölkəmizin də öz xüsusi payı və əməyi vardır, çünki bir çox ölkələr bu quruma dövlətimiz tərəfindən cəlb olunub.  Təsəvvür edin 110 ölkədən 500-dən çox nümayəndə, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxsləri qeyd olunan tədbirlərdə iştirak edib. Və mən böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, belə bir mötəbər forumun açılışı və təntənəli sessiyaya sədrlik edilməsi ölkəmizin ədliyyə nazirinə həvalə olunub. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assosiasiyanın vitse-prezidenti F.Məmmədov çıxış edərək korrupsiya ilə mübarizənin əhəmiyyətindən danışıb, Assosiasiyanın mühüm rolunu və qurumun əsas prioritetlərini vurğulayıb, beynəlxalq əməkdaşlığın təşviqinə dair təkliflər irəli sürüb. İngilis dilində edilmiş həmin çıxış iştirakçılar arasında böyük maraqla qarşılanıb. Deməliyəm ki, Malayziya dövləti tərəfindən bu tədbirə ümumiyyətlə xüsusi əhəmiyyət verilmişdir. Belə ki, mərasimdə Malayziya Krallığının Baş naziri Mohd Nacib bin Tun Abd Razak çıxış edib. Məlumat üçün bildirim ki, federal dövlət olan Malayziya 13 ştatdan və 3 vilayətdən ibarət konstitusion monarxiyadır. Unikal dövlət quruluşuna malik olan bu seçkili monarxiyada Baş nazir federasiyanın üzvləri tərəfindən seçilir və ölkəyə faktiki o rəhbərlik edir. Yeri gəlmişkən, Baş nazirlə yanaşı mərasimdə Assosiasiyanın prezidenti – Çinin Baş prokuroru Çao Cianminq, BMT-nin yüksək səviyyəli nümayəndəsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti də çıxış ediblər. Mərasim çərçivəsində Malayziya Hökuməti Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına 1 milyon rinqit (təxminən 300 min ABŞ dolları) məbləğində qrant təqdim edib. Sonda Assosiasiyanın yaradılması və tarixini əks etdirən qısametrajlı film nümayiş etdirilib. Təbiidir ki, həmin mərasim Malayziya televiziyasında və KİV-lərində ətraflı işıqlandırıb. Yəni açılış mərasimi ən yüksək səviyyədə təşkil olunub. Bu da ikiqat şərəflidir ki, məhz ölkəmizin ədliyyə naziri bu mərasimi açaraq sədrlik edirdi. Belə bir məsuliyyətli və çox hörmətli missiyanın icrasının Azərbaycan nümayəndəsinə həvalə olunması, bu cür yüksək etimadın məhz ölkəmizə göstərilməsi təsadüfi deyildir. Bu, dövlətimizin imicinin ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün artması, hərtərəfli uğurları və nailiyyətləri ilə bağlıdır. Bu nüfuzlu qurum tərəfindən belə bir jestin edilməsi həm ölkəmizin qlobal antikorrupsiya fəaliyyətində lider mövqeyə və böyük nüfuza sahib olmasının bariz nümunəsidir, həm də bu sahədə dövlətimizin başçısı tərəfindən respublikamızda həyata keçirilən genişmiqyaslı islahatların qlobal səviyyədə dəstəklənməsinin real təzahürüdür və eyni zamanda, ölkəmizin 6 il ərzində bu qurumun işinə verdiyimiz dəyərli töhfələrin nəticəsidir. Qeyd edim ki, konfrans zamanı Malayziya tərəfi nümayəndə heyətimizə xüsusi diqqət yetirib, ölkə rəhbərliyinin iştirakı ilə keçirilmiş bütün rəsmi tədbirlərə və işgüzar görüşlərə Azərbaycanın nümayəndə heyətinin rəhbəri də dəvət olunub. Bizə göstərilən xüsusi münasibətin bir misalını çəkmək istərdim. Konfrans zamanı Assosiasiyanın İcraiyyə Komitəsinin üzvləri və iştirak edən dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri xatirə şəkilinin çəkdirilməsi üçün dəvət olunub. Azərbaycana gəldikdə isə, təşkilatçılar bu mərasimə bütün nümayəndə heyətini dəvət ediblər. 

–Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri hansı formatda iştirak etdilər?

– Konfrans daha sonra öz işini plenar sessiyalarda və seminarlarda davam etdirib. İclaslarda korrupsiya cinayətinin araşdırılmasında əsas istiqamətlər, hakimlərin və prokurorların korrupsiya ilə mübarizədə rolu, davranış kodeksləri, texniki əməkdaşlıq və bu kimi aktual məsələlər müzakirə olunub. Xüsusi vurğulamaq istərdim ki, təşkilatın müraciəti əsasında Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda sədrlik və müxtəlif mövzulara həsr olunmuş müzakirələrdə çıxışlar ediblər. Belə ki, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev “Korrupsiya və şəffaflıq: davranış kodeksləri və onların tətbiqi” adlı seminara sədrlik edib, tərəfimdən isə “Korrupsiya ilə mübarizədə məhkəmə sisteminin rolu” mövzusunda çıxış edilib. Həmin mövzunun seçilməsi də təsadüfi deyil. Çünki Azərbaycanda təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən genişmiqyaslı işlər böyük marağa səbəb olaraq beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Təqdirəlayiq haldır ki, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi bu yenilikləri tətbiq edərkən Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq ediblər. Məlum olduğu kimi, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən respublikamızda hakimliyə namizədlərin seçimi prosedurunu ən yaxşı təcrübələrin modeli kimi qiymətləndirilmiş, məhkəmə sisteminə qoyulan sərmayələrə, ən müasir informasiya-kommunikasiya texnologiyalarının və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül dövlət olduğu vurğulanıb. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin bu nailiyyətləri cari ilin sentyabr ayında Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransı zamanı təqdimatı keçirilən Avropa məhkəmə sistemlərinin təhlilinə dair CEPEJ-in hesabatında əks olunub. Fərəh hissi ilə qeyd etmək istərdim ki, Azərbaycanın əldə etdiyi bu müsbət nəticələr və Komissiya ilə səmərəli əməkdaşlıq nəzərə alınaraq, həmin təqdimat mərasimində təşkilatçıların dəvəti ilə Avropa məkanından cəmi üç dövlətin – konfransa ev sahibliyi edən Avstriya ilə yanaşı, Fransa və Azərbaycanın ədliyyə nazirləri də iştirak ediblər. Göstərilənlərlə əlaqədar, Malayziyanın paytaxtında keçirilmiş tədbir üçün fotoşəkillərlə və qrafiklərlə müşayiət olunan xüsusi prezentasiya hazırlanıb. Həmin təqdimatda hakimlərin dünyada ən mütərəqqi üsullarla seçimi və müddətsiz təyinatı, onların əmək haqqının 30 dəfə artırılması, məhkəmə sisteminin təminatının yüksəldilməsi, fəaliyyətində şəffaflığın artırılması və bunların nəticəsində məhkəmə sisteminə olan inamın yüksəlməsi, vətəndaşların müraciət imkanlarını asanlaşdıran məhkəmə sisteminin vahid internet portalının yaradılması, infrastrukturun müasirləşdirilməsi üzrə görülmüş işlər vurğulanıb. Qeyd etməliyəm ki, bu məlumatlar böyük marağa səbəb olub. Təqdirəlayiq haldır ki, edilmiş çıxışlardan və prezentasiyalardan sonra bir çox ölkələrin təmsilçiləri bizim nümayəndə heyətinə yaxınlaşaraq qarşılıqlı əməkdaşlıqda və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib, ölkəmizdə bu sahədə aparılan işlərlə yaxından tanış olmaq istəklərini ifadə ediblər. Eyni zamanda, IAACA-ya üzv olmaq istəyən dövlətlər Assosiasiyada ölkəmizin nüfuzunu görərək məhz Azərbaycan nümayəndə heyətinə müraciət edərək, quruma üzvlük məsələsində yardım göstərilməsini xahiş edib, onlara bu barədə geniş məlumatlar verilib, IAACA-nın Katibliyi ilə məsləhətləşmələr aparılaraq məsələ, demək olar ki, yerindəcə həll olunub. Konfrans çərçivəsində həmçinin, İcraiyyə Komitəsinin iclası keçirilib, bir sıra mühüm təşkilati məsələlərə baxılıb, o cümlədən yeni üzvlər seçilib, müzakirə olunan mövzulara dair təkliflər irəli sürülüb. Ümumi yığıncaqda antikorrupsiya mədəniyyətinin təşviqinə, maarifləndirmə işlərinin gücləndirilməsinə, xüsusilə korrupsiyaya qarşı qısametrajlı filmlərin müsabiqəsinin keçirilməsinə dair IAACA-nın gələcək planları açıqlanıb. Həmçinin, Yığıncaqda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Kuala Lumpur Bəyannaməsi qəbul olunub. Qeyd etməliyəm ki, həmin sənədin hazırlanmasında ölkəmiz fəal iştirak edib, yekun sənədə təkliflərimizə əsasən bir sıra dəyişikliklər, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində tədrisin təşviqi, bu sahədə yeni yaradılmış Beynəlxalq Antikorrupsiya Akademiyası və Malayziya Antikorrupsiya Akademiyası ilə əlaqələrin genişləndirilməsi, Korrupsiyaya qarşı ölkələr qrupu (GRECO) və Çirkli pulların yuyulmasına qarşı Avropa Şurasının ekspertlər komitəsi (MONEYVAL) kimi ixtisaslaşmış qurumlarla bilik və təcrübə mübadiləsinin aparılmasının zəruriliyi barədə əlavələr edilib. Bu mötəbər Foruma Malayziya Baş nazirinin müavini Muhyiddin bin Mohd Yassin yekun vurub.

– Səfər zamanı hansı görüşlər keçirilib?

– Konfrans çərçivəsində Azərbaycanın ədliyyə naziri IAACA-nın prezidenti – Çinin baş prokuroru Çao Cianminq ilə görüş keçirib. Görüşdə Azərbaycanın Konfransın işinə və Assosiasiyanın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib. Həmçinin, əməkdaşlıq perspektivləri müzakirə edilib, Çinin baş prokurorunun Azərbaycana səfəri barədə razılıq əldə olunub. Bundan başqa, Malayziyanın hüquq-mühafizə, məhkəmə və antikorrupsiya fəaliyyətinə məsul olan naziri Seri Naziri Aziz və bu ölkənin Korrupsiyaya qarşı müstəqil Komissiyasının sədri Abu Kassim bin Muhamedlə ikitərəfli görüşlər keçirilib. Azərbaycana səfərini məmnunluqla xatırlayan Malayziyalı nazir ölkəmizin qazandığı uğurlar barədə məlumatlı olduğunu vurğulayıb, məhkəmə sisteminin quruluşu, hakimlərin seçimi və təyinatı məsələlərinə böyük maraq göstərib, korrupsiyaya qarşı fəaliyyət üzrə təcrübə mübadiləsi aparılıb. Həmçinin, Azərbaycanın antikorrupsiya fəaliyyətinə maraq göstərmiş bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən yuxarıda qeyd etdiyimiz yeni Milli Fəaliyyət Planı, Açıq hökumətin təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, Baş prokuror yanında antikorrupsiya idarəsinin fəaliyyəti, vətəndaşlar üçün innovativ şəffaf xidmətlərin yaradılması, hakimlərin ən mütərəqqi üsullarla seçimi və digər işlər barədə ətraflı məlumat verilib. Tədbirlərdə Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov yaxından iştirak edib. Sonda qeyd etmək istərdim ki, respublikamıza qlobal səviyyədə bu cür yüksək etimadın göstərilməsi, aparılan irimiqyaslı islahatların və qısa müddət ərzində qazanılan nailiyyətlərin böyük marağa səbəb olması dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artması və ölkə prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin məntiqi nəticəsi olmaqla xalqımızın növbəti bir uğurudur.   

Sevinc MÜRVƏTQIZI 

 





19.10.2012    çap et  çap et