525.Az

Rey Kərimoğludan ağladan hekayə: “Başınızı dik tutun!” - VİDEO


 

Rey Kərimoğludan ağladan hekayə: “Başınızı dik tutun!” <b style="color:red">- VİDEO</b>

- Alo!

- Bəli!

- Salam! - salamdan sonra özünü təqdim edir - Qaqa, mənəm ey, Elbrus, xıdırlı Elbrus!

- Salam, Elbrus, nə yaxşı zəng elədin, necəsən, haradasan?

- Bakıdayam, 2 saatdan sonra Peterburqa yola düşəjəm, qaqa, ha planlaşdırdım bir arxeyin görüşək, amma alınmadı. Gəl Əhmədlidə görüşək, saa bir sürprizim var.

Zəng edən döyüşçü dostum Elbrus idi - Elbrus Mustafayev. Ağdamda, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunda bir yerdə döyüşmüşük. Elbrus Qarabağ müharibəsində 40 nəfər şəhid verən Ağdam rayonun Xıdırlı kəndindəndir. Şirin Mirzəyevin batalyonunun Xıdırlı rotasının komandiri olub.

Vədələşdiyimiz yerdəcə görüşdük, onunla düz 19 il sonra ilk dəfə idi görüşürdük. Vaxt az olduğundan qısa danışa bildik. Elbrus çantasından üzərinə adi kağız parçasına qələmlə “1991-ci il, Elbrusun dəfn mərasimi Ağdam” yazılmış bir disk çıxarıb verdi mənə. Bu, Azərbaycanın milli ordusunun ilk batalyonunun ilk şəhidi, Elbrus Hacıyevin dəfn mərasiminin video görüntüsü idi. Kim çəkib, necə çəkib, mən tamam unutmuşdum.

Elbrus dedi bunu Ağdamda Çörək muzeyinin yanındakı yaşayan Rafaelin oğlu çəkib. 20 ilin dostları kimi sağollaşıb, qucaqlaşıb, ayrıldıq. Evə dönüb kompüterdə diski açdım...

Kadrlar bir-birini əvəzlədikcə yerimdə otura bilmirdim. Əvvəlcə ilk şəhidimizin itkisinin acısını xatırladım, amma onun məzarı üstündə uşaqların tutduğu ay-ulduzlu üçrəngli milli bayrağımızın dalğalanmasını gördükcə ovqatım tamam dəyişirdi. Ardınca E.Mustafayevin, Şirin Mirəzyevin çıxşını dinlədim, uşaqların bir-bir sifətinə baxdım. İlahi, bunların çoxu artıq dünyada yoxdur! Sifətlərini də unutmuşdum. Natiq Camalov, Yavər, Murad...

Çıxışçılar and içir ki, Elburusun qanı yerdə qalmayacaq... amma qaldı!

Bəziləri deyir ki, o vaxt orduda nizam-intizam olmayıb, bəs bu nədir?.. Dəfn mərasimi bitir, budur, E.Mustafayev rotaya komanda verir: “Düzlən, farağat, sağa dön!” Bütün əsgərlər çox səliqəli formada komandaya əməl edirlər. “İrəli addımla marş...” Aşağısı 24, yuxarısı 50 yaşlı insanlar necə də hərbi komandaya əməl edirlər, hərbi addımlarla gedirlər. Diqqətimi bir məqam çəkdi, əsgərlər gedəndə başlarını aşağı salıblar. Bu, E.Mustafayevin də diqqətindən yayınmır. Və növbəti komanda: “Başınızı dik tutun!” Allah, Allah! Kadrlara baxa-baxa oturduğum yerdə donub qalıram...

Özümü saxlaya bilmədim, telefonu əlimə alıb kadrda yer alan döyüşçü dostum, o kadrda hələ hər iki gözü yerində olan, amma cəmi ikicə ay sonra - 1992-ci il fevralın 2-də Fərrux döyüşündə bir gözünü itirən Ramiz Həsənova zəng elədim.

İlk sözü bu oldu:

- Onu haradan tapmısan, mən də varammı o kadrlarda?

- Varsan, Ramiz!, - dedim...

Uşaq kimi sevindi: “Bir dənə də müharibə ilə bağlı, şəklim, video görüntüm yoxdur. Bütün şəkillərim kənddə (Ağdam rayonunun işğal altında olan Şıxbabalı kəndində) qaldı. Bir azdan mənə zəng edib, Lent.az-da yayılan videoya baxdığını bildirdi. Səhəri onunla görüşüb diski verdim, üzünü çıxarıb apardı. Gecə zəng elədi Ramiz. Qızı diskə baxandan sonra Ramizə deyib ki, “Ata, sən müharibə vaxtı lap qocaymışsan ki...”

Səhəri gün Nailə zəng elədim, digər döyüşçü dostum Nail Nəsirova. O, 1992-ci il fevralın 26-da Xocalı hadisələri zamanı onurğasından aldığı güllə yarasından iflic olub və düz 20 ildir yeriyə bilmir. Vəziyyət elə alındı ki, diski 3 gün sonra verdim Nailə. Görüşdük: “Allah sa kömək olsun! Ürəyim partladı, ta ver baxım də buna!”

Diski verəndə 20 ildir ayaqları və bir qolu işləməyən dostum bircə söz soruşdu məndən:

- Videoda yeridiyim yerdə düşmüşəmmi, qaqa?

- Hə, düşmüsən...

- Gedim bir baxım öz yerişimə... - kövrəldi, gözləri doldu... Qucaqlaşıb ayrıldıq...

P.S. Diski ayrı-ayrı vaxtlarda, ayrı-ayrı yerlərdə verdim Ramizlə Nailə, amma ikisi də biri-birindən xəbərsiz eyni sözü dedilər: “Aparaq uşaqlarımız da baxsın. Yoxsa elə bilirlər ki, biz döyüşməmişik”.

P.P.S. Bu yazını Lent.az-a göndərdiyim dəqiqələrdə 2-ci yazıda adı çəkilən və videodakı kadrlarda yer alan, “Qrom-2”nin komandiri Baxşeyiş Hətəmov (Abbasoğlu) zəng elədi: “O gün verdiyin yazını oxudum... Dədə, ağlatdın məni...” Danışa bilmədik. Dedim, bir azdan yığacam səni. Deməli, döyüşçü xatirələri belə kövrək olurmuş...

reykerim@ gmail.com

Lent.az

 





19.10.2012    çap et  çap et