525.Az

Əlli... VƏ ... Beş...


 

Əlli... VƏ ... Beş...<b style="color:red"></b>

Yoxdur doğma aylar, illər,                                    
Qürbət vaxt içindəyəm...

Sözə  nə  şəkildəsə  aidiyyəti  olan  insanları  xarakterizə  edəndə müraciət  etdiyin  ilkin  mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə   qədər gizlətməyə  çalışsan da  arada  nəsə  sivişib  əlindən  qaçacaq  və  sən  sonra   hamıdan  gizlətdiyin bu  nəsnəni  yerinə  qoya  bilməyəcəksən. Deyək ki,  bir  dostunun  ad  gününə  yazı  yazırsan. Yaxından  tanıdığını  zənn  etdiyin bir dostunun...  Baxırsan   klaviaturaya, baxırsan  monitora... sözlər  qaçıb.  Nə  deyəcəyini  unudursan. Hə, onda  yardım  edəcək  sözləri  onun  yazdıqlarından  axtarıb  tapırsan. 

“Tovuzun Əsrik dərəsini gecə qaranlığında çay yatağı boyunca yuxarı qalxdıqca dağların heybətli görkəmi bir yandan adamı üşəndirir, bir yandan da ürəyini qəribə bir əzəmət hissi ilə doldurur. Bağırmaq, heyrətini bildirmək istəyirsən. Qəlbindəki vurhavuru, duyğular çarpışmasını adi sözlə ifadə etmək mümkünsüzdür”.   Mümkünsüzdü  deyir  müəllif, mümkünsüzdü... İndi  gəl  bu  qədər  tanınan  və  tanınmayan  birinin  portretini  cız. Çünki  belə  qəbul  olunub da, adətən  yubileylər  bir  bəhanə  olur  ya  kimisə  tərifləməyə, ya  mükafat  verməyə... Yəqin  yazılar  yazılacaq (əvvəllər də  yazılıb), mükafat  məsələsini  deyə  bilmərəm, daha  doğrusu deyə bilərəm - olmayacaq (aktrisa deyil ki )...  Amma  mən  istədim sakit  bir dost  sözü  yazım.  Bizi  udmuş  bu  qarışıq dövr  haqqında da  nəsə  olsun  içində ... Udmuş qarışıq dövr... Qarışıq dövr... Dövr...

ƏLLİ...



Qədim  yəhudi  dilində “yovel” ya da “yuvel”  əvvəllər  “qoç  buynuzu”, sonralar  isə  “azadlıq  ili”  anlamı  verirmiş. Qoç  buynuzunun  azadlığa  nə  dərəcədə  dəxli  var  deyə  bilmərəm. (Bəlkə  azadlığı  qoç döyüşü  ilə  qazanmaq  olar kimi  bir  interpretasiya da  gəlir  ağlıma). Amma  hər  halda  Musa  peyğəmbərin  vaxtından  “yovel” qulların  sahibindən  azad  olunduğu, borcluların  borcdan  qurtulduğu, Toranın  xalqa  təfsir olunduğu, torpağın  dincə  qoyulduğu  illərə  deyirlərmiş. Bu  azadlıq  zamanı  hər  əlli  ildən  bir  gəlirmiş.  Daha  dəqiq  desək,  yeddi  yeddilikdən  sonra. Qədim  adətlərə  görə  yeddi  müqəddəs  rəqəm  sayılırmış  və  yeddinin  yeddiyə  vurulmasından  sonra  (yəni  49-dan)  gələn  ilin  önəmli sayılacağı, nə  iləsə  yadda  qalacağı  düşünülürmüş.  Qədim  Misirdə  fironların hakimiyyətinin  30  illiyi önəmli sayılırmış. Xristianlıqda  Papaların  yanında  tövbə  illəri -JUBİLAEUS  ANNUS  adlanırmış.  Söz  həmin  o  YOVEL   sözündən  gəlir.  Hakimiyyətin  yubiley sayılan illərinin  bayramını  eləmək  adəti  yeni  dövrün  monarxlarına da  xoş  gəlib. Yaponiyada imperatorlar, İngiltərədə  kraliça  Viktoriya  hakimiyyətin  50  illiyini   xüsusi  dəbdəbə  və  təmtəraqla qeyd  ediblər.  Gəldik  50  rəqəminin  üzərinə - qəribə  təzaddı  deyilmi? Bir  vaxtlar  azadlıq  anlamı  verən  söz  də,  rəqəm də  sonralar  dəyişə-dəyişə  zahiri  parıltıya  xidmət  etməyə  başlayır. Rəqəmlərin  səslənişi  və  etimologiyası  haqqında  heç  düşündüyüm  olmayıb, amma  indi  yaza-yaza  niyə  yüzün  yarısına  əlli  dediyimizi  fikirləşirəm  həm də... Əlli - əli-qolu  olanmı??? Elə  yaş  dövrüdü ki,  həm  illərin  gətirdiyi  təcrübə  var, müdriklik  var, həm də  fiziki  baxımdan  güclüsən  hələ... Əlli-qollusan... Bunları  uydururam  deyəsən, amma  söhbət   50  rəqəmindən  gedirdi  axı... Nəyin  niyə  belə  səsləndiyinin  fərqinə  elə  bil  indi  varıram. Əl və  əlli... Həm   əsrin  yarısı,  həm də yubiley... Həm  güc  var, həm də  ağıl  yerindədi…... Əlli... Qalır  bunları  tətbiq eləməyə  yer  tapmaq...  Ən  çətin  olanı da  bu... Kiməsə  lazım  deyilsə bəs?.. Özündən  özünə  yol  getməkmi qalır? Mən də    həmin  rəqəmlə (heç  hazır deyildim amma) üzbəüz  gələndə  düşünmüşdüm -  

ƏLLİ  İL DEYİLDİ, ƏLLİCƏ   GÜNDÜ...

lll

“Bu yaşıma qədər maraqlı, qaynar bir həyat yaşamışam. On altı yaşım tamam olmamış ali məktəb tələbəsi idim. Sabirabad və Tovuzda orta məktəb müəllimi işlədiyim illər həyatımda ciddi izlər buraxıb. 1984-cü ildə aspiranturaya daxil olduqdan sonra elmi müzakirələrin, siyasi-ictimai məzmunlu toplantıların fəallarından, həmin dövrdə yaradılan təşkilatların ya iştirakçısı, ya da təşəbbüskarı olmuşam. Sovet dövründə bir çox tanınmış ziyalılar, dissident hesab olunan insanlarla ünsiyyət qurmuşam”.  Hə, burda  “yazılmamış  gündəliyin”  sətirlərin  qırıram, saxlayıram  fikri. Fikir  həqiqət  axarında...  Hamımız eyni  bir əsər yazırıq, daha  doğrusu, əsrimizin bioqrafiyasının  bir  fəslini... Bizim  əsrimizdə  insanlar  necə  yaşayıb, necə  sevib? Neçə  dəfə  qan-qadayla üzləşiblər, qələbə  ilə  məğlubiyyət  neçə  dəfə  üzləşib?  Gələcək  nəsil  bunları  elmi  kitablardan daha çox  bu  gün  bizim  yazdıqlarımızdan  öyrənəcək...  Davam  edək  gündəliyi  vərəqləməyə: “Ola bilsin ki, yazacaqlarımın bəziləri kiməsə subyektiv görünsün. Bir onu deyə bilərəm ki, bu yazılarda yalan, qeyri-səmimi heç bir şey olmayacaq. Biz total yalan və riyanın, zəhlətökən ideoloji təbliğatın hökm sürdüyü, rüşvətxorluğun meydan suladığı, bir xalq olaraq varlığımıza göz yuman bir rejimə qarşı mübarizəyə qalxmışdıq. Bilirəm ki, yaşıdlarımın heç də hamısı müstəqillikdən əvvəl yaşadığımız dövrü mənim kimi dəyərləndirmirlər. İndi çoxları Sovet dövrü barədə nostalji, bir az da romantik hisslərlə danışır, indiki zamanla müqayisədə sovet dövrünə üstünlük verirlər. Hətta mənim kimi düşünənləri və mübarizə aparanları nankorluqda qınayanlar da tapılır. O dövrü nostalji hissi ilə xatırlamağın səbəblərini də az-çox dərk edir, motivlərini də başa düşürəm. Baxmayaraq ki, mən də həmin dövrdə ali təhsil almışam, müdafiə edib elmi dərəcə qazanmışam, o zaman üçün seçilib-sayılan institutlardan birində işləmişəm, lakin bu illər ərzində bir dəfə də, zərrə qədər də olsa sovet dövrünün nostaljisi ilə yaşamamışam. Sovet hökumətini və onun ideologiyasını insanlığa zidd, yalançı, millətlərə ağa nəzəri ilə baxan bir rejim hesab etmişəm, bu fikrimdən məni indi qarşılaşdığımız daha böyük eybəcərliklər də döndərə bilməyib”.

Ən  çox  mübahisə  etdiyimiz, bəlkə  lap  dava (bu  davalar və mübahisələr virtual olurdu ) etdiyimiz  mövzu - Sovet  dövrü. Ancaq  indi   nə  mübahisə, nə də  dava  xatırlamaq  istəmirəm. İşıqlı  insan  haqqında  yazanda  işıqlı  nələrisə  yada  salmaq lazımdı  deyə  düşünürəm.

ZAMANA ALDANMAYAN VƏ YENİK DÜŞMƏYƏN...      

VƏ...  



Portret   yazmağa  cəhd  etmək  istəyirəm - ağarmağa  başlayan  saçlar, gülüncə  bütün çöhrəsinə  yayılan, üzünü işıqlandıran  təbəssüm, ömrün payızıyla  tanışan  sifət  cizgiləri, aram  danışıq, azca  xırıltılı  səs... Cüssəli-filan deyil, amma  kürsüdə, danışmağa  başlayanda dəyişir görkəmi... Bəzən  dünya adamı, bəzən kənd uşağı... Bu  “kənd  uşağı”  sığınacaq  yeridi  onun, gizləndiyi  yerdi. Mübahisədən, yox  təkcə  mübahisədən  deyil, həm də  ağrılı  həqiqətlərdən də  qaçmaq  yeri... Zarafatla  uzaqlaşıb özünə  qapanma  nöqtəsi. Nəinki başqasını, hətta özünü də  aldada  bilməmək bacarıqsızlığı... Sonra ?... Sonra  nə  illah  eləsəm  yadıma  heç nə  gəlmir. Vəssalam... Yadımda  qalan  budu...  Bəlkə mənə də   mane olan elə onun  gizlətmək  istədikləridi?  Bu da  ola  bilməzmi?  Cəmi  beş-altı  dəfə  görmüşəm onu. Amma  yadda  qalan  görüşlər  olub. Bunları  təfərrüatı ilə  “Yol romanı”nda  yazmışdım. Birinci  dəfə  2000-ci  ildə - atamın  sağlığında.  Tanışlığımıza  vəsilə  Şair  olmuşdu. Bir  görüşdə  Şair  haqqında  çıxışını  dinlədim.  Və  V.Ə.  yadımda  qaldı... Vurğun  Əyyub...

“Sonuncu dəfə nə vaxt görmüşdüm? Sonu qoyaq bir tərəfə. İlk dəfə nə vaxt rastlaşmışdım Vurğunla? Məlum, adını eşitmişdim, qəzetlərdə oxumuşdum, televizorda görmüşdüm. Hərəkat illəri, ondan sonrakı azacıq bir dövr... Təhsil sistemindəki dəyişmələr... Heç kimin xəyal edə bilmədiyi, ağlının ucundan belə keçirə bilməyəcəyi ali ünvanlarda oxumaq arzusunu həyata keçirən şəxs. Çox cavan idi o zaman. Və o dəyişən zaman hərəni bir səngərdə, cinahda birləşdirdi. İndiyə qədər də çox arzulara açar olub həmin dəyişmələr... Hamıya məlum, amma üstündən sükutla keçilən”. 

 Bu  mənim  “Yol  romani”mdan  bir  parçadı .  Bu  yazını  yaradıcılığımda  müəyyən  bir  mərhələyə keçid  hesab  edirəm və  roman  mənə  əzizdir.Yazıb  bitirəndən  sonra  gördüm ki,  yazının  qəhrəmanı  elə  Vurğundu. Kitab  kimi  dərc  olunanda  belə  də  yazdım  romanın  üstündə - Vurğun Əyyuba...  İndi  bəzi  parçaları  xatırlamaq  istəyirəm:  “Ağırlığına uyğun gəlməyən ağırlıqla, ləngərlə, bir az da özündən razı yerişlə yaxınlaşır kürsüyə və danışmağa başlayır. Başımı aşağı salıb dinləməyə başlayıram. Hiss edirəm ki, deyəsən mənim siyasət aləmindəki insanlar haqqında fikirlərim alt-üst olur. İndiyə qədər atamın ətrafında sevgi etirafında bulunan insanların siyahısında onu görməmişəm. Amma burda deyəndə ki, “Məmməd Arazın onu misra-misra əzbər bilən bir oxucusu da mənəm - Vurğun Əyyub” təəccüblənirəm. Və o danışdıqca nə qədər duyğusal və hissiyyatlı olduğunu görürəm. Həyəcandan dili-dodağı quruyan natiqin danışmağından da belə anlayıram ki, sevgi etirafları etməyi bacarmır bu adam. Sevgisini göstərməyi bacarmır. Amma indi deyəsən içindən gələn seli saxlamaq istəmir və mən heyrətlə qulaq asıram. Çoxdandı Şairin yaradıcılığı haqqında belə dolğun, izahlı, həm elmi, həm də hər kəs üçün anlaşılan sözlər eşitməmişəm. Poetik kəşflər, Şairin dilə gətirdiyi zənginliklər, qafiyə sistemi, istiqlala gələn yolda bu poeziyanın işığı.. Tamam yeni baxışdı. Sakit dinləyirəm və arada işlətdiyi nümunələr içimdə titrədir məni. Mart qasırğasından dərs almaq istəməyən Badam ağacı... El üçün ağlayan... Axır səni düzdə qoydu bu düzlük... Yaddaşımın işıqlı bir yerində qalır bu adam...” 
İşıqlı  adam  və  işıqlı  yaddaş... V.Ə  abreviaturası da  həmin romandan qalma  bir şey.

lll

Biz  dostlarımızı  görməyəndə  necə  xatırlayırıq?  Kiçik  təfərrüatlarlamı, parlaq  fraqmentlərləmi, ya  nəsə  böyük  olayların  kəsişməsindəmi? Biz    daxili  psixoloji  ehtiyatlarımızı  aça  bilirikmi? Bununçün  həm  özümüzün, həm də  yaxın  çevrəmizin xarakterini, həyata  münasibətini, iş  keyfiyyətlərini, müxtəlif  situasiyalarda  emosional   reaksiyalarını öyrənməyə  cəhd  edirikmi?.. İstəyimiz varmı? İmkanımız çatırmı? Və  ən əsası imkanlar, istəklər üst-üstə  düşməyəcəksə necə olsun bəs? Bəzən vəziyyət  poeziyanı diqtə edir, sözün  sehri  var. Amma təkrar -təkrar  deyilən sözlər də yardım eləmirsə, necə  olsun  bəs?  Gizlətməyə çalışırsa özünü bu sözlərin arxasında, necə  olsun  bəs?

lll

...Nədənsə  son  vaxtlar  həmin  səhnə  tez-tez  canlanır gözümdə. Biz  atamla  həyətdəki  oturacaqda  üzbəüz əyləşmişik. Təbii ki,  susuruq. Danışa  bilmir  axı. Mənim  nə  danışmağımın, nə  deməyimin  əhəmiyyəti də  yoxdu. Dediklərimi  tam  anlaqlı  qəbul  edib-etmədiyini də  bu  günə  qədər  bilmirəm. Amma  həmin  gün  saniyə-saniyə  qalıb  yadımda. Elə  bil ki, borc kimi, tapşırıq  kimi... Bütün  üz  cizgilərinə baxıb da  əzbərləmək istəyirdim sanki. Tam  ağarmayan, seyrəlmiş saçlar, dərmanların  təsiriylə  bir  az  donmuş  sifət .Qırış  azdı  üzündə. Gözləri  sönməyib, amma,  parıldayır. Arada  dolmuş  gözlərindən yaş da  axır.  Ağlamır, sadəcə  gözlər  niyəsə  dolur. O da  dərmanların  təsiridi  yəqin. Qarşımda  illərin  və  əziyyətlərin  kiçiltdiyi  zəif  vücudu, köməyə  möhtac vücudu  ilə  qocalmış  bir  kişi  var. Amma  belə  olmadığına da  əminəm. Hər  zaman gizlətdiyi içində  o  qədər  böyük  qüvvə  var ki, bu  gün də onun  fiziki  yoxluğunda həmin  qüvvənin  potensialı  ilə yaşadığımın  fərqindəyəm...  Yazdıqlarının  yox, elə  izahını  verə  bilmədiyim  hansısa  qüvvənin... ...Vurğun  atama  çox oxşayır - həm  üzdən, həm xasiyyətcə... Həm də  son  vaxtlar  bunu da  fikirləşirəm - Tanrı  hər  kişiyə qız  övladı vermir. Bu  yükü daşıya  biləcək  adama  bəxş edir öz  nemətini. Vurğun da  iki  qız  atasıdı... Atam  kimi... Özü  isə  deyir ki, mən  sizdən  daha  çox övladıyam  onun...

“SƏN DƏ, ƏZAB OĞLU,
ƏZABA QATLAN”... 

BEŞ... 

... Qars  Qafqaz Universitetində  Məmməd  Arazı  anma  tədbiri  keçirilir. Vurğunun  təşəbbüsüdü.  Həmin  tədbirin  keçiriləyəcəyini  biləndə  Ərzurum  Universitetindən   professor  Arif  Səlimov da  orda  bizi  görmək  istəyini  bildirir. İndi düşünürəm ki, nə  yaxşı  o adamı  da tanıdım. Həyatıma çox gözəl bir insan daxil oldu. “Yol romanı”nı oxuyandan  sonra   məktublaşmağa  başlamışdıq. Mayda Türkiyəyə gedəcəyimizi biləndə dedi ki, dəqiq tarixi müəyyənləşdirək, Ərzurum Universitetində Məmməd Araz gecəsini təşkil etsin.

... Yenə uzun yolları qət  edib  gəlmişık  tarixi  torpaqlarımıza. Birinci səfərimin mahiyyəti ilə ikinci arasında fərq var. Səfər konkret dəvətlə baş tutub.  Məqsəd Azərbaycan ədəbiyyatının oralarda daha yaxından tanıdılmasıdı. Yoxsa Türkiyəyə hamı gedə bilər, orda hansı tədbiri desən keçirər. Mənsə düşünürəm ki, ədəbiyyatın dili ilə anlaşmaq daha məqsədəuyğundur. Ərzurumda da, karsda da görüşlər çox xoşuma gəldi. Orda bir hiss vardı - səmimiyyət. Biz oralara  populist çıxışlar etməyə, şüarlar səsləndirməyə getməmişdik. Biz şeir aparmışdıq.
Səfər öncədən planlaşdırılmışdı. Birinci dəfə orda olanda Qarsdakı Qafqaz Universitetində Məmməd Arazla bağlı tədbir keçirilməsi barəsində düşünmüşdük. Vurğun təklif  eləmişdi. Bu universitet Türkiyədə yeganə təhsil müəssisəsidir ki, Azərbaycan dili xüsusi bir fənn kimi keçirilir. Eyni zamanda Azərbaycan ədəbiyyatı ayrıca fakültədir. Vurğun Əyyubun iş  otağında bu  təlaşı, gərginliyi  izləyirəm. Tələbələr, hocalar az  sonra başlayacaq tədbirin  həyəcanın  yaşayırlar. Əlini   tez-tez  saçına aparmağından  bilirəm ki, Vurğun lap  gərgindi... Tədbirin  təşkilatçısı  odur  axı... Bu  həyəcanı  izləyə-izləyə  düşünürəm ki, deyəsən iki qardaş xalq hay-küydən, pafosdan, rəsmi münasibətdən əl götürüb bir-birinin təfəkkürünü, düşüncələrini anlamağa çalışır. Yəni  türk şairinin dediyinin alt qatında nələrin dayandığını bizim anladığımız  kimi Türkiyə gənci də söylədiyimiz şeirə qulaq asanda onun mahiyyətini dərk etməlidir. Axı Məmməd Araz və başqa nəhənglərimiz məhz türk düşüncəsi ilə yazıblar. Niyə mənim mahiyyətim, məntiqim, onlara yad gəlməlidir? Siyasətdə bir-birinin ziddinə çox şey ola bilər, amma ədəbiyyat məfkurəyə söykənir. Ədəbiyyat heç vaxt yolunu dəyişdirmir. Yalnız bu yolla beyinlərimizə qarşılıqlı nüfuz edə bilərik. Ədəbiyyatın birləşdirdiyi xalqları ən çirkin siyasətlər belə ayıra bilməz. Bunu  Vurğun Əyyub tələbələrinə  anlada  bilib. Sevirlər  tələbələr  Vurğun  hocanı. Zatən, onu  tanıyanlar  sevirlər. Məsələ də  bu  tanımaqdadı - gizlədir  özünü  nədənsə. Mən də elə-belə  bir  adamın  yanında  böyüdüyümdən anlaya  bilirəm çox hikmətləri. Susmaqları da, özünün  yazdığı  kimi  duyğular çarpışmasını da, qəlbindəki vurhavuru da... Tanışdı  mənə....

Və  həm də  bu  tələbələrə  baxıb fikirləşirəm ki, niyə  bu  müəllimlər  burda  olmasın ki... Niyə  bizim  övladlarımızı  yetişdirməsinlər ki... Əllidən sonrakı beş ilin bir parçası  burda  keçir - Qarsda. Təbii, başqa yerlərdə ölkəni təmsil edənlərin  millətə  çox bağlı olanlardan  oluşması gözəl də, amma çətindi qürbətdə yaşamaq. Çətindi.  Perspektivi olmayan  heç  nə  doğma gəlmir  mənə. Amma  Müəllim  sözünün  bütün  rənglərinə, bu  rənglərin  bütün  çalarlarına ehtiyacımız  var. Həyatımızdakı  bozluqdan  qurtulmaq  üçün... O  zaman  perspektiv də  yaranacaq... Xəyalların  gerçək  olma şansı  yaranacaq...  Arzuların doğulub -boğulmayacağına inam yaranacaq...

“Bir daha sübut olundu ki, qadağaların yaratdığı  nizam-intizamın alt qatlarında iyrənc bir riyakarlıq, yalançılıq, qadağan olunmuş şeylərə qarşı bəzən heyvani bir istək, bəzən isə bir uşaq öcəşkənliyi mürgüləməkdədir. Tabusu üzərindən götürülən bir çox şeylərin adiliyi, mənasızlığı insanı çox tez bezdirir və o, yenidən ülvi, davamlı, sabit, bəşəri fikirlər və duyğular aləminə qayıtmaq istəyi ilə yaşayır”. Bu da onun  gənclərin yaradıcılığı ilə bağlı yazısından bir  parçadı...

lll

...Parçalara  böldüm yazını. Ömür  kimi... Əllidən sonra gələn  beşlik bitdi. Əlli  beş ... Nə  olubsa  olub ,olacaqlar da olacaq ...  Yubiley sözünün deyəsən  birbaşa münasibəti  var ona. Özü  deyir  “Zamansızlıq içindəyəm elə bil, hiss  eləmirəm heç nəyi”.  Bəlkə belə  daha  yaxşıdı ...  Fərq  eləməz  əlli  olsun, ya  beş  olsun...Ya da  əlli beş  olsun ... Vurğun olmaqdan  əl cəkib yorğun və durğun  görünmək olmaz...  Sözlər  qaçdı  gizləndi  nəsə... Özünü  gizlətdiyi  kimi ... Amma “uşaq öcəşkənliyin” gizlədə  bilmir... Yenə  fərq  eləməz ...Təbriklər!!!

P.S. Mart  qasırğasından dərs almayan  Badam ağacı...
P.P.S.  El  üçün  ağlayan ...
P.P.P.S. Axır səni düzdə  qoydu bu düzlük...  

 





21.10.2012    çap et  çap et