525.Az

"Əbədi mahnı"nın unudulmaz müəllifi


 

ŞAİR TOFİQ MÜTƏLLİBOVUN 85 İLLİYİ YAZIÇILAR BİRLİYİNDƏ QEYD EDİLİB

"Əbədi mahnı"nın unudulmaz müəllifi <b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Tofiq Mütəllibovun 85 illik yubileyi qeyd olunub. Yubileyi giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açıb: "Dünən Təhsin müəllimin Tofiq Mütəllibovun kitabına yazdığı ön sözü oxuyanda gənclik illərimi xatırladım.  Tofiq Mütəllibov bizim nəslin yaddaşında çox isti duyğularla qalıb. O, “Azərbaycan gəncləri" qəzetində uzun müddət şöbə müdiri işləyib. 1981-ci ildə şeirlərimə Hüseyn Arif uğurlu yol yazmışdı. Hüseyn Arifin məqaləsi ilə şeirlərimi Tofiq müəllimə verdim bir neçə gündən sonra şeirlərim çap olundu. Tofiq Mütəllibovun müxtəlif dillərdən etdiyi tərcümələr çox dəyərlidir. qədər dəyərli əsərləri olsa da, o, yaddaşımızda məşhur "Cücələrim" mahnısının sözlərinin müəllifi kimi qalır qalacaq".

Xalq şairi Fikrət Qoca T.Mütəllibovun daim gənclərlə sıx ünsiyyətdə olduğunu deyib, onun gənclərə göstərdiyi diqqətdən danışıb:  "Tofiq müəllim gənclərlə gənc kimi davranmağı bacaran bir insan idi. Gənclərlə söhbət zamanı özünün böyük olduğunu hiss etdirməzdi. Tofiq Mütəllibovun səsindən sanki işıq gəlirdi. Onun şeirlərinə bir çox mahnılar yazılıb. "Cücələrim" mahnısı bir çox dillərə çevrilib. Bu mahnı bütün dünyanı gəzib öz müəlliflərinə böyük şöhrət gətirib".

"Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuş Yusif  Kərimov şairlə birlikdə işlədiyi vaxtlardan söhbət açıb:  "O zamanlar "Azərbaycan gəncləri" qəzetinə çoxlu şeir gəlirdi. O şeirləri oxumaq, saf-çürük etmək çətin məsələ idi. Tofiq Mütəllibov səbrlə şeirlərin hamısını oxuyurdu. Bir çox şairlərin yetişməsində Tofiq müəllimin böyük rolu olub. Tofiq Mütəllibovun çox ağayan bir görkəmi vardı. Qürurlu, ciddi insan idi. Xəstə olduğu zamanlarda belə mən onu heç vaxt bədbin görmədim".

Daha sonra Tofiq Mütəllibovun yubileyi ilə bağlı nəşr olunan kitabın redaktoru, şair Taleh Həmid öz fikirlərini bölüşüb:  "Tofiq müəllim "Azərbaycan gəncləri" qəzetində işlədiyi vaxtlarda yeni-yeni çap olunan gənclərə çox köməklik edib. Bu gün bizim onu yad etməyimiz ilk növbədə şairin dəyərli yaradıcılığından, gözəl poeziyasından xəbər verir".

Xalq şairi Nəriman Həsənzadə yubileyin keçirilməsində şairin qardaşı professor Təhsin Mütəllibovun böyük zəhməti olduğunu bildirib: "Təhsin özü bir obrazdır. O, həyatını anasına, qardaşına həsr etdi. İlk növbədə Təhsini təbrik etmək, onun haqqında danışmaq lazımdır. Təhsin Tofiqin kitabını çap edib. Tofiq bu kitabı sağlığında görsəydi, bəlkə heç xəstələnməzdi. Tofiqlə gəncliyimdən dostluq edirdim. Elə bir gün olmazdı ki, görüşməyək. Elə bil, insanlar yuxulu yaşayır. Qəfil ayılırsan ki, kimsə yoxdu...".        

Dramaturq Firuz Mustafa, AYB-nin katibi Arif Əmrahoğlu, alimlərdən Abdulla Abbasov, İfrat Əliyeva, Şamil Axundov başqaları Tofiq Mütəllibovun yaradıcılığından, şəxsi məziyyətlərindən söz açıblar.   Bakı Dövlət Universitetinin müəllimləri Almaz Məmmədova, Cəlil Nağıyev, Tofiq Hüseynoğlu, Nüşabə Sadıxlı şairin sözlərinə bəstələnən mahnılardan, şeirlərinin özünəməxsusluğundan danışıblar. 

Tədbirin sonunda çıxış edən Təhsin Mütəllibov Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib, göstərilən diqqətə görə minnətdarlığını bildirib.

RAMİL

 





30.04.2014    çap et  çap et