525.Az

Yazıçı Elçin Hüseynbəyli ermənilərin oğurluğu ilə bağlı müraciət edib


 

Yazıçı Elçin Hüseynbəyli ermənilərin oğurluğu ilə bağlı müraciət edib<b style="color:red"></b>

«Ulduz» jurnalının baş redaktoru, yazısı Elçin Hüseynbəyli Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova müraciət edib.

 APA-nın xəbərinə görə, E. Hüseynbəylinin müraciəti ermənilərin onun «Gözünə gün düşür» hekayəsinin ideyası və süjet xətti əsasında film çəkmələrindən bəhs edir: “İnternetdən məlum olduğu kimi, ermənilər Qarabağ müharibəsi barədə «Əgər hamı...» adlı film çəkiblər və onu nüfuzlu Oskar mükafatına təqdim ediblər. Bu barədə məlumatı oxuyarkən məni heyrət bürüdü. Çünki süjet və ideya mənim «Gözünə gün düşür» hekayəmdən götürülüb”.

E. Hüseynbəyli qeyd edib ki, «Gözünə gün düşür» hekayəsi 2010-cu ilin əvvəllərində yazılıb və həmin il fevralın 27-də «525-ci qəzet»də çap edilib. Hekayə çıxan kimi onun barəsində bir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Telman Vəlixanlının məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib (druzhba-narodov.html). Jurnalın həmin sayında beş erməni müəllifinin də əsəri yer alıb. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ili iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub (www.azadliq.org). «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. Daha sonra hekayə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «525-ci qəzet» seriyasından işıq üzü görüb (mart 2010). 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub. Qeyd edim ki, «Yol» və «Əgər hamı...» filmində hər iki qəhrəman atasının vəsiyyətinə görə ağac əkir”.

Yazıçı daha sonra qeyd edib ki, ermənilərin çəkdiyi filmlə hekayənin və Azərbaycanın qısametrajlı filminin ideya və süjeti üst-üstə düşür: “Bu qədər yaxın düşüncə və paralellər nonsens kimi qəbul edilə bilər. Nəzərə alsaq ki, «Gözünə gün düşür» hekayəsi 2,5 il öncə Rusiyanın nüfuzlu jurnallarından birində çap olunub və saytlarda yerləşdirilib, onda «Əgər hamı...» filminin ssenaristləri Mikael Paqosyan və Tereza Vargepetyanın bu hekayədən bəhrələndiklərini güman etmək olar. Bir faktı da qeyd edim ki, filmin rejissoru Natalya Belyauskinedir. «Gözünə gün düşür» hekayəsinin Riqada da nəşr olunduğunu nəzərə alsaq, bu cür üstü-üstə düşmələr maraqlı və narahatedici görünür. Plagiat faktı o yana dursun, ermənilər Qarabağ müharibəsi barədə faktları da təhrif ediblər. Biz Azərbaycan dövlətinin dəstəyi və Müəllif Hüquqları Agentliyinin bilavasitə yardımı ilə bu iddianı dünya kino ictimaiyyəti və Oskar komitəsi qarşısında qaldırmağa borcluyuq. «Plagiat» iddiası hüquqi məsuliyyət daşıdığından, bu, sonralar beynəlxalq məhkəmədə də çözülə bilər”.

 





22.10.2012    çap et  çap et