525.Az

Səxavət Məmmədov-59 (VİDEO)


 

Səxavət Məmmədov-59<b style="color:red"> (VİDEO)</b> Bu gün müğənni Səxavət Məmmədovun anadan olmasından 59 il ötür.

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.

Beləcə Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirdi. Bəzən deyirlər, musiqi olan Qarabağda körpələr də "Segah" üstə ağlayırlar. Elə Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s. Səxavətin səsi ilə "Segah" muğamı qovuşmuşdu desək, yanılmarıq. Çünki o səsi seçilən, heç bir analoqu olmayan bir səsdir. O səsi nə qədər dinləsək, ruhumuz doymaz. Çünki bu səsdə sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətin itirməyəcək. Ona görə ki, bu adi səs deyil. Bu səsin ruhu var.

Bənzərsiz səsə malik, unudulmaz sənətkar Səxavət Məmmədovun vaxtsız ölümü hamını sarsıtdı. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Saysız-hesabsız insan axını onu doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola salırdı. Həmin vaxt göydən tək yağış yox, güllə də yağırdı. Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Wikipedia
 
 





23.10.2012    çap et  çap et