525.Az

ABŞ-ın Cənubi Qafqazda prioritetləri


 

ABŞ-ın Cənubi Qafqazda prioritetləri<b style="color:red"></b>

iqtisadiyyat üzrə fəlsəfə doktoru

Tarixən Rusiya, Türkiyə və İran arasında nüfuz mübarizəsinin getdiyi Cənubi Qafqaz regionu müasir dövrümüzdə qlobal geosiyasi güclərin mübarizə meydanına çevrilmişdir.

XX əsr boyunca Qafqaz Qərb bloku üçün Sovetlər Birliyi ilə mübarizənin ön cəbhəsi olmuşdur. Bu regionda Qərb öz maraqlarını NATO üzvü olan Türkiyə üzərindən qurmuşdur.

Soyuq müharibənin başa çatmasından sonra yaranmış geosiyasi şəraitdə isə Qərb, ilk növbədə qlobal güc olaraq ABŞ üçün Cənubi Qafqaz iki böyük dövlətə qarşı rəqabət məkanı olmuşdur. ABŞ-ın bu regionda əsas geosiyasi hədəfləri Rusiya və İrana qarşı mübarizə və Xəzər- Mərkəzi Asiya regionunun enerji ehtiyatlarına çıxış olmuşdur. Yəni, bütün hallarda ABŞ-ın regionla bağlı strategiyasında region ölkələri ilə bağlı hədəflər yox, bu platformadan qlobal mübarizə üçün istifadə edilməsi nəzərdə tutulur. Belə olan halda isə ABŞ üçün region ölkələrinin milli maraqları arxa plana keçir. Son dövrlər İranla Qərb arasında münasibətlərin istiləşməsi, Türkiyədə baş verən siyasi təlatümlər, Gürcüstanda etimadın azalması və digər proseslər ABŞ-ın Cənubi Qafqaz siyasətində geostrateji hədəflərin qeyri-müəyyənliyinə səbəb olmuşdur. Belə bir şəraitdə isə tarix boyu hər zaman maşa kimi istifadə olunan Ermənistan və onun Türkiyə ilə sərhədləri məsələsi ABŞ rəsmi dairələrini daha çox narahat etməyə başlamışdır. Tanınmış beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hazırladığı "ABŞ-İran strateji rəqabəti: Türkiyə və Cənubi Qafqaz” adlı hesabatda da bu fikrə üstünlük verilir ki, "Region uğrunda mübarizədə qlobal güclərin qarşıdurmaya meylli olması risk amilini yüksəldir. Ermənistandan isə bu məqsədlə istifadə edilə bilinər”[i]. Beləliklə Ermənistana ABŞ siyasətində verilən rol aydındır.

Belə görünür ki, müstəqil xarici siyasət ABŞ-ın bu regionda prioritetləri ilə üst-üstə düşmür. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan isə beynəlxalq arenada milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirən ölkə kimi tanınmışdır. Ölkəmizin yerləşdiyi regionun geosiyasi əhəmiyyətini nəzərə aldıqda bütün tərəflərlə bərabər hüquqlu əsasda əməkdaşlığa söykənən bu müstəqilliyin olduqca çətin əldə edildiyini vurğulamaq lazımdır.

Azərbaycan – qlobal yolayrıcında etibarlı tərəfdaş

Şərqlə Qərbin, Şimalla Cənubun, islamla xristianlığın kəsişməsində yerləşən Azərbaycan bütün tarixi mərhələlərdə geosiyasi proseslərin diqqət mərkəzində olmuşdur. Azərbaycan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirir. Bütün bunlar Azərbaycanın həyat tərzində, inkişaf tarixində, siyasətində özünü göstərir. Buna görədir ki, ölkəmizdə bəşəri dəyərlər milli və dini dəyərlərlə paralel qorunub saxlanılır.

Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə yaşadığı ölkədir. Bir müsəlman ölkəsi olan ölkəmizdə xristianlar da, yəhudilər də heç bir problem olmadan uzun əsrlərdir yaşayırlar. Bu paytaxt Bakının arxitekturasında da öz əksini tapmışdır. Bakı dünyada çox azsaylı şəhərlərdəndir ki, burda məscid, kilsə və sinaqoq yan-yanadır. Bu gün Avropadan fərqli olaraq ölkəmizdə multikulturalizm böhran yaşamır. Çünki Azərbaycanda multikulturalizmə, tolerant yanaşmaya siyasət kimi yox, gündəlik həyat tərzi kimi baxılır. Çoxmədəniyyətlilik xalqımızın həyat fəlsəfəsidir.

Müstəqilliyimizin ilk illərindən ölkəmiz Qərb dövlətləri və şirkətləri ilə fəal əməkdaşlıq edir. Qərb ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır, ölkəmizdə əsas investorlar Qərb şirkətləridir. Azərbaycanın əsas ixrac marşrutları olaraq neft və qaz boru kəmərləri Avropaya doğru istiqamətlənmişdir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ikinci bir başqa dövlət tapmaq mümkün deyil ki, Qərblə bu qədər yaxından əməkdaşlıq etsin.

Azərbaycan antiterror çağırışlarına qoşulan ilk ölkələrdən biri olmuşdur. Azərbaycan hərbçiləri Əfqanıstanda, İraqda NATO komandanlığında xidmət etmişlər. Hazırda NATO-nun Əfqanıstana yükdaşımalarında Azərbaycan mühüm rol oynayır və ölkəmizin əhəmiyyətinin 2014-cü ildən sonra NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesi ilə əlaqədar daha da artacağı gözlənilir.

Lakin Azərbaycanın Qərblə fəal əməkdaşlığına baxmayaraq, çox təəssüflər olsun ki, heç də həmişə həm ABŞ, həm də Avropa ölkələrindən Azərbaycanın tərəfdaşlıq səylərinə adekvat addımlar atılmır. Bu Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşmada özünü daha dolğun göstərir. Qərb ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, bununla bağlı konkret addımlar atmırlar.

İkili standartların səbəb olduğu dünya ədalət böhranı

Bu günlərdə Qərbin Krımda baş verən proseslərlə bağlı göstərdiyi mövqeni Azərbaycana münasibətdə görmürük. Krımla bağlı BMT-nin, Avropa qurumlarının hər hansı bir qətnaməsi olmadan Qərb öz qəti mövqeyini açıq şəkildə ortaya qoydu. Halbuki, indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub. Bütün bu sənədlərdə dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Lakin dünya birliyi və Qərb öz qəti mövqeyini ortaya qoymadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir. Halbuki, Liviya ilə bağlı qətnamə qəbul olunduqdan cəmi 2 saat sonra bu qərarın icrası üçün fəaliyyətə başlandı. Yəni, beynəlxalq hüquq yalnız böyük güclərin maraqlarına lazım olduqda tətbiq mexanizmini işə salır. Bütün bunlar isə dünyada ədalətli yanaşmaya olan inamı azaldır, müxtəlif radikal qüvvələrin tərəfdarlarının artmasına səbəb olur. Belə demək mümkünsə beynəlxalq müstəvidə tətbiq olunan ikili standartlar dünyada ədalət böhranının yaranmasına səbəb olur.

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyir. Lakin görünən budur ki, BMT-nin Azərbaycan torpaqları ilə bağlı qətnamələrinin icra olunmaması ilə bağlı vəziyyət ABŞ-ı narahat etməsə də, Ermənistan-Türkiyə sərhədlərin bağlı olması ABŞ-da həm rəsmi, həm də ictimai dairələri ciddi narahat edir. ABŞ müxtəlif vasitələrlə bu prosesə dəstək verir. Məlum olduğu kimi, Qərbin siyasi sifarişi ilə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi "səssiz diplomatiya” vasitəsilə aparılır. Bu diplomatiyanın əsas aktorları olaraq isə qeyri-hökumət təşkilatları, araşdırma mərkəzləri və akademik dairələr seçilmişdir. ABŞ təkcə Ankara və İrəvandakı səfirlikləri vasitəsilə xalq diplomatiyası olaraq istifadə etdiyi QHT-lər arası əməkdaşlığı dəstəkləmək üçün 2010-cu ildən etibarən 4,7 milyon dollar vəsait ayırmışdır. ABŞ türk və erməni QHT-lərə İrəvandakı səfirliyi vasitəsilə 2,4 milyon dollar, Ankara səfirliyi vasitəsilə isə 2,3 milyon dollar həcmində qrant vermişdir.[ii]

Digər tərəfdən ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə hər il maliyyə yardımı ayırması, USAİD-in Dağlıq Qarabağda müxtəlif layihələr həyata keçirməsi humanitar məqsədlərin reallaşmasından daha çox separatçı rejimin iqtisadi cəhətdən güclənməsinə imkan yaradır. Separatçı rejimin rəhbərləri maliyyə vəsaiti toplamaq üçün sərbəst şəkildə ABŞ-a səfərlər edir, müxtəlif marafonlar təşkil edirlər. Bütün bunların fonunda , Azərbaycana münasibətdə qəbul edilmiş "Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş isə hələ də ləğv olunmayıb.

Soros Fondu – ABŞ geosiyasətinin aksioması

ABŞ-ın rəsmi dairələri ilə yanaşı beynəlxalq müstəvidə qeyri-rəsmi oyunçuları da Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasının əsas havadarlarıdır. Bu mənada Soros Fondunun xüsusi fəallığı müşayiət olunur. ABŞ-ın marağı olan dünyanın bütün regionlarında Soros Fondunun aktivliyi artıq "geosiyasi aksioma” kimi qəbul olunur. Corc Soros Türkiyədə yaratdığı "beşinci kolon” vasitəsilə proseslərə aktiv müdaxilə edir. Onun təsis etdiyi Açıq Cəmiyyət İnstitutunun Türkiyə bölməsi 2001-ci ildən fəaliyyət göstərir. Soros fondu Türkiyə İqtisadi və İctimai Etüdlər Fondu (TESEV), Açık Radyo, Açık Site, Bianet, Umut Vakfı, Anne Çocuk Eğitim Vakfı (AÇEV), Tarih Vakfı, Helsinki Yurttaşlar Derneği, Avropa Hərəkatı kimi təşkilatlara maddi dəstək göstərir. Bilgi, Boğaziçi, Sabancı Universitetləri də Corc Sorosun maliyyə yardımından faydalanların siyahısındadır.

Sorosun Türkiyədəki "beşinci kolonu” ilə bağlı bir məqamı da qeyd etmək istərdik ki, bu təşkilatlar irəli sürdükləri müxtəlif layihələrlə Azərbaycan cəmiyyətinin qeyd olunan prosesə sərt reaksiyasını yumşaltmağa çalışırlar. Bu mənada türk serialları vasitəsilə Azərbaycan cəmiyyətinə təsir etmək planları gündəmdədir. Türk İqtisadi və Sosial Tədqiqatlar Fondu (TESEV) və Avrasiya Əməkdaşlıq Fondunun 2012-ci ilin mart ayında Tiflisdə keçirdiyi tədbirdə türk seriallarının Azərbaycana təsir etmək planları müzakirə olunmuşdur. Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenneth Yalovitz, Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzerin qatıldığı tədbirdə türk seriallarının Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycanı sülhə yönləndirmək üçün istifadə edilməsi bir tələb olaraq ortaya qoyulmuşdur.[iii]

Beləliklə təhlillər göstərir ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində hazırkı mərhələdə ən mühüm prioritet Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. Bununla ABŞ-ın nə qazanacağı və ya Cənubi Qafqazda geosiyasi mənzərənin necə dəyişəcəyi dumanlı görünür. Lakin əsas fakt odur ki, ABŞ bu istiqamətdə həyata keçirdiyi siyasət zamanı regionda əsas müttəfiqləri ilə münasibətləri nəzərə almır. Birincisi, bu sərhədlərin regiona sülh gətirəcəyi və ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyi ilə bağlı iddialar real siyasi şəraitdən tamamilə kənardır. İkincisi, bu regionda ABŞ-ın əsas siyasi müttəfiqi Türkiyədir. Türkiyə Qafqaz və Mərkəzi Asiyaya açılan enerji və nəqliyyat qovşağı kimi geosiyasi əhəmiyyətə malikdir və bu mövqe qlobal rəqabətdə ABŞ üçün olduqca vacibdir. Hazırkı normallaşma prosesinin Azərbaycanın milli maraqlarının nəzərə alınmadan həyata keçirilməsi isə Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vura bilər. Bu isə daha geniş mənada qeyd etdiyimiz enerji və nəqliyyat dəhlizlərinin gələcəyi üçün təhlükədir.

Məlum olduğu kimi, Türkiyə-Ermənistan sərhədləri Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar bağlanmışdır. Bu işğal olunmuş ərazilər azad olunmayana qədər regionda mövcud münasibətlərin dəyişdirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmaqdır. ABŞ-ın bu geosiyasi oyunları yalnız Ermənistanın xeyrinə olan amillərdir. Türkiyə və Azərbaycan qardaş və strateji müttəfiq olaraq bu oyunların mahiyyətini gözəl başa düşür və birgə addımlayırlar. Ermənistan isə üçüncü bir ölkənin forpostu olaraq bu geosiyasi oyunlardan uduşlu çıxmaq istəyir. ABŞ-ın Cənubi Qafqazda prioritetinin nə olduğu isə ümumiyyətlə bəlli deyil. Qlobal məkanda əsas rəqibinin forpostu olan ölkəni öz nüfuz dairəsinə salmaq üçün regionda əsas müttəfiqi olan Türkiyəni və Qərblə bu qədər sıx əməkdaşlıq edən Azərbaycanı itirə bilmək belə ABŞ strateqlərini narahat etmir. Bu isə Cənubi Qafqazla bağlı ABŞ-ın strateji prioritetlərinin yanlışlığından və dövlət maraqlarının lobbi maraqlarına qurban verilməsindən xəbər verir. 

newtimes.az 

 





30.05.2014    çap et  çap et