525.Az

Laçına heç belə “Dolu” yağmamışdı


 

Laçına heç belə “Dolu” yağmamışdı<b style="color:red"></b>

RAMİZ CƏBRAYILOV: “BİZİ 20 İL ƏVVƏLƏ QAYTARDINIZ” 

Ağcabədidə bir ünvan var. Bir vaxtlar o ünvan sadəcə qış yataqları adlanırdı. Çünki burada əsasən təsərrüfatla, xüsusilə heyvandarlıqla məşğul olurdular. Bu torpaqlarda bağlardan, Laçın yaylaqlarından arana enən sürülər bəslənirdi. Və elə ona görə də bu əraziyə təkcə Taxtakörpü yox, həm də laçınlıların qışlaq yeri, qış yataqları deyirdilər.  Dağlıq Qarabağ hadisələri təkcə Qarabağın, yəni məhz Muxtar vilayətin ərazisini deyil, eləcə də ona bitişik torpaqları müharibə alovlarına bürüdü. Bunun nəticəsində laçınlılar da öz dədə-baba yurdlarından döyüşə-döyüşə didərgin düşdülər. Bu silah gücünə gerçəkləşən köçün ilk dayanacağı məhz həmin o qış yataqları oldu. Burada məskunlaşan laçınlıların böyük əksəriyyəti ilk illər primitiv və qəti komalar qurdular. Çünki onların ürəyində tezliklə geri qayıdacaqlarına böyük inam var idi. Həmin inam bu gün də yaşayır. Bu gün də onların vətən sevgisini, həyat eşqini alovlandırır.

Elə o namın işığında da Taxtakörpüdə yeni bir Laçın tikilməyə başladı. Ölkə rəhbərliyinin qayğısı ilə Taxtakörpüdə salınana qəsəbə, tikilən binalar, salınan parklar, ucaldılan abidə kompleksi. Bir sözlə buradakı yeni həyat göstərir ki, bu insanlar Laçından didərgin düşsələr də öz qurub-yaratmaq istəklərini unutmayıblar, əksinə bu həyata, bu torpağa onların qarantı olan dövlət başçısına olan inamdan çıxış edərək bir vaxtlar qış yatağı sayılan ərazidə yeni bir Laçın yaradıblar. Həmin Laçının bu günlərdə yaşadığı anları təsəvvür etmək son dərəcə çətindi. Çünki Laçına gələn “Dolu” laçınlıları ruhən Laçınlı günlərə qaytarmışdı. Laçın rayon İcra Hakimiyyətinin və ictimaiyyətinin dəvətini məmuniyyətlə qəbul edən “Azərbaycanfilm” kinostudiyasının çəkiliş qrupu tamaşaçılarla görüşdən əvvəl ənənəyə uyğun olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Daha sonra  çəkiliş qrupu rayon rəhbərliyi və ictimaiyyətlə birlikdə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdü. Yeni tikilən mədəniyyət sarayında yaradıcı heyətlə keçirilən görüşü açan rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov qonaqları  salamlayaraq onların dəvətlərini qəbul etdikləri üçün  çəkiliş qrupuna rayon ictimaiyyəti adından təşəkkürünü bildirdi. Daha sonra Ramiz müəllim bir gün əvvəl Ağcabədi rayonunda nümayiş etdirilən filmə baxdığını və hələ də filmin təsiri altında olduğunu bildirdi. O, qeyd etdi ki, film həqiqətən də gənclərimizin hərbi vətənpərvərlik ruhunu yüksəltmək üçün gözəl təbliğat vasitəsidi.  Filmin ssenari müəllifi, yazıçı-jurnalist, millət vəkili Aqil Abbas rayon icra hakimiyyətinin rəhbərlərinə və salona toplaşan tamaşaçılara möhtəşəm qəbul üçün çəkiliş qrupu adından təşəkkürünü bildirdikdən sonra filmin nümayişi başlandı.  

Filmin son kadrlarını bütün nümayişlərdə olduğu kimi, tamaşaçılar burada da ayaqüstə, sürəkli alqışlarla qarşıladılar. Filmin nümayişindən sonra tamaşaçılar  çəkiliş qrupunun rejissorunu və baş qəhrəmanların sürətini canlandıran aktyorları əhatəyə alaraq belə gözəl və müharibənin həqiqətlərini əks etdirən film ərsəyə gətirdikləri üçün təşəkkürlərini bildirdilər.  Filmin qurluşçu rejissoru Elxan Cəfərov dərindən nəfəs alaraq “deyəsən bu sınaqdan da üzüağ çıxdıq, ümidvaram ki, Ağdam ictimaiyyəti qarşısında da başımızı dik tuta biləcəyik” – deyə aktyorlara və çəkiliş qrupunun digər üzvlərinə təşəkkürünü bildirdi.

 





24.10.2012    çap et  çap et